Super User
TÜRKSOY BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun 159-cu üzvü olub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) Dostlar Qrupunun 159-cu üzvü olub.
Bu barədə TÜRKSOY-un rəsmi saytında xəbər verilir və bildirilir ki, bununla əlaqədar BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi TÜRKSOY-a məktub göndərib.
Baş katib Sultan Rayev TÜRKSOY-un BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupuna üzvlüyü ilə bağlı bəyanatında TÜRKSOY-a üzv ölkələr ilə UNAOC arasında sıx əlaqələr olduğunu vurğulayıb. O, 2023-cü ildə 30 illik yubileyini qeyd edəcək TÜRKSOY-un UNAOC ilə əməkdaşlıq çərçivəsində, rəhbəri olduğu təşkilatın dünyanın ayri-ayri ölkələrində tanıdılması üçün müxtəlif layihələr həyata keçirməyə hazır olduqlarını bildirib. Qeyd edilib ki, TÜRKSOY və UNAOC indiyədək milli və beynəlxalq səviyyədə həyata keçirdikləri fəaliyyətlərlə mədəni diplomatiyanın tərəfdarları kimi güclərini birləşdirəcəklər.
Xatırladaq ki, 2022-ci ildə TÜRKSOY-un baş katibi Sultan Rayev və UNAOC-nin Ali Nümayəndəsi Migel Angel Moratinos arasında BMT Sivilizasiyalar Alyansı Təşəbbüsü Forumunda əməkdaşlıq protokolu imzalanıb.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Ürəkdən ürəyə görünən yollar
Tanınmış şair, publisit, türkçü Əkbər Qoşalının bu il 50 yaşı tamam olur. 50 illik yubileyi ilə bağlı şair türk dünyasının ən müxtəlif ünvanlarından təbrik məktubları alır. “Ədəbiyyat və incəsənət” portalına ünvanlanan bir təbrik məktubunun da müəllifi Başqırdıstan Yazıçılar Birliyinin başqanı, Başqırdıstanın Əməkdar mədəniyyət işçisi, Şeyxzadə Babiç adına Dövlət Gənclər Mükafatı laureatı Aygiz Baymuxammetdir. “Yubileyiniz mübarək, dostluq səfiri!” başlığı ilə yazılmış məktubda hər şeydən əvvəl gözə çarpan bilirsinizmi nədir? Əkbər Qoşalının Azərbaycanı türk arealında necə gözəl təmsil etməsi, xalqımıza sevgi formalaşdırması. Oxuduqca özünüz də buna şahid olacaqsınız.
Əkbər Qoşalı... Bu adı eşidəndə dərhal günəşli Azərbaycanı, onun xeyirxah xalqını xatırlayıram. Və əksinə, Azərbaycandan söhbət düşəndə dərhal ağlıma nurlu şəxsiyyət, geniş ruhlu şair Əkbər Qoşalının adı gəlir. Şairin vətəninin adının başqalarının ruhunda ancaq hərarət hissi doğurması sevinc deyilmi?! Əkbər Qoşalı tanınmış Azərbaycan şairi, publisisti, ictimai xadimidir. Türk xalqlarının yazıçılarının birləşməsində böyük işlər görmüşdür. Bu heyrətamiz insanla mənim dostluğum 2016-cı ildə başladı. Sonra başqurd ədəbiyyatının nümayəndəsi kimi Türk Dünyası Gənc Yazarlarının Forumunda iştirak etmək üçün Bakıya dəvət olundum. Çox mənalı, genişmiqyaslı tədbir idi. Bakı bir neçə gün türk ədəbiyyatının mərkəzinə çevrildi. Məhz bu səfərdən sonra yaradıcılıq üfüqlərim genişləndi, bir çox ölkələrdə qardaşlarım oldu. Hər kəsə bəllidir ki, Əkbər Qoşalının uzun müddət başqanlıq etdiyi Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ildə yaradılıb. Bu illər ərzində qurum bir çox layihələr həyata keçirib, kitablar nəşr edib, qələm ustalarını bir araya gətirməyə yönəlmiş bir çox tədbirlər gerçəkləşdirib. Azərbaycan dilində “Getmə, ana!” kitabımın nəşrinə görə də ona sonsuz minnətdarlığımı bildirirəm. (“Getmә, ana!”-Bakı, 2020).
Biz hörmətli Əkbər Qoşalını Dostluq Səfiri adlandırırıq. Və bunlar adi sözlər deyil. Bu gün bir çox xalqlar üçün dostluq və qarşılıqlı anlaşma yetərli deyil. Sanki bütün dünya parçalanmağa, düşmənçiliyə can atanda onun fəaliyyətinin dəyəri daha aydın görünür. O, həmfikirlərini bir ocaq başına toplayır ki, hamı isinsin, sonra da öz istiliklərini başqaları ilə bölüşsün. Bundan əlavə, Əkbər Qoşalı öz ölkəsinin, xalqının böyük vətənpərvəridir. Bu, onun şeirlərində, internetdəki yazılarında, paylaşımlarında aydın ifadə olunur. Buna görə ona daha çox hörmət edirəm. Axı xalqını sevməyən insan çətin ki, başqalarını da sevsin.
Əkbər ağanın ürəyi genişdir, orada türklərin hər birinin - başqurdun, tatarın, saxanın, çuvaşın, qazaxın, qırğızın… yeri var. Ona görə də Türk dünyamızın geniş ərazilərində o həmişə böyük sayğı ilə qarşılanır. Təsadüfi deyil ki, Əkbər Qoşalının əsərləri bir çox dillərə çevrilib. Şairimizin təşkilatçılıq qabiliyyətini də yüksək dəyərləndirmək istərdim. Onun ətrafında Azərbaycan ədəbiyyatının ümidi olan - sadiq, istedadlı, səmimi, mehriban silahdaşları var. İntiqam Yaşar, Tural Turan, Taleh Mansur, Aygün Yaşar, Əfsanə Ələsgərli, Nofəl Ümid, Ümid Nəccari, Sərvər Karmanlı və b. gənc istedadlarla Əkbər Qoşalı sayəsində dost oldum. Başqurdların bir atalar sözü var: “Айырылғанды – айыу ашар, бүленгәнде – бүре ашар”- “Bölünəndə canavar yeyər, ayrılanda ayı parçalayar”. İndi çətin vaxtdır. Məhz yazıçılar bu zəmanədə bizim birləşməyimizin, dostluğumuzun möhkəmlənməsinə öz qələmi və sözü ilə xidmət etməlidirlər. Bunun üçün də Əkbər Qoşalı kimi Dostluq Səfirlərimiz olmalıdır. Yubileyiniz mübarək, əziz qardaş!Sizə dəyər verən Başqurd qardaşlarından, uca Ural dağlarından və dolğun Agidel (Ағиҙел) vadilərindən böyük salam!
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Siz niyə Cef Bezos olmayasınız?
Onlayn platformalar vasitəsilə xidmətlər göstərmək üçün başlanğıc
Korona pandemiyası dünyanı tam olaraq onlayn platformalara yönəltdi. Ticarət bu müstəviyə keçdi, Amazon və onun sahibi Cef Bezos Forbes siyahısında dünyanın ən varlı şəxslərindən biri kimi önə yüksəldi. Baxın, indi az qala hər bir azərbaycanlı ailəsi Türkiyə ilə onlayn alış veriş edir, Trend yol sözü evlərdə ən çox işlənən sözlərdəndir.
Bu üzdən iclas, yığıncaq, toplantı, forum kimi insanların birgə müzakirə və qərarvermə mırasimləri də Zoom platformasına adladı. Digər sahələrdə də onlayn platformalar at oynatmağa başladılar. Bura həm də insanlara əsl qazanc yerinə çevrildi. Amma çoxları bu sahəyə baş vursalar da elementar bilgilərə belə malik deyillər.
“Ədəbiyyat və incəaənət” portalı bu yazıda “Onlayn platformalar vasitəsilə xidmətlər göstərmək üçün hansı addımlar atılmalıdır” sualına cavab vermək amacındadır. Məsələn, gəlin elə ən populyar sosial media növündən - İnstaqramdan başlayaq. İnstaqram üzərindən dizayn, menecerlik, izləyici satışı, instaqram səhifələrinin satışı və sair kimi xidmətlər göstərmək olarmı? Bu xidmətlərdən əldə olunan gəlirdən vergi necə ödənilməlidir? Məsələn, aylıq xidmətlər üçün xərclənən vəsait nəzərə alınmaqla min manat gəlir olarsa, bu zaman nə qədər vergi ödənməlidir?
Cavablar Dövlət Vergi Xidmətinin Vergi Məcəlləsindədir. Məcəlləyə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmaq olar. Uçotaalınma “ASAN xidmət” mərkəzlərində, mərkəzin olmadığı şəhər və rayonlarda isə vergiödəyicilərinə xidmət mərkəzlərində ödənişsiz həyata keçirilir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq.
Belə ki, fiziki şəxs sadələşdirilmiş vergitutma sistemini seçdiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə (sorğunuza əsasən gəliriniz rüb ərzində 3 min manat olarsa: 3.000 x 2% = 60 manat) sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduqda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olan və illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edilə bilər.
Yəni, qanunun tələblərinə riayət etməklə onlayn sahə üzrə xidmətlər göstərmək və gəlir qazanmaq mümkündür. Yetər ki, buna həvəs olsun.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Əlizadə Nuri necə Səhra ömrü yaşadı…
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında yenidən Əlizadə Nuri yaradıcılığına müraciət edir. Bu dəfə sizə sevilən şairin “Səhra ömrü yaşadım” şeiri təqdim olunur.
Gətirdiyin havadan,
Son dəfə udum, ölüm.
Sən baxınca ölmərəm-
Gözlərini yum… ölüm.
O nəğməni oxuma-
Qar yağacaq yuxuma…
Mən boyda bir toxuma,
Olarsanmı şum, ölüm?..
Könül verdim ahlara,
Aldandım sabahlara…
Girdim bu günahlara-
Özümü yudum…ölüm.
Susuz mənə susan da…
Son şeirsən masamda.
Özüm ovunmasam da,
Səni ovudum, ölüm.
Şeytan qoşa- qoşadı,
Mən hansına daş atım?!
…Səhra ömrü yaşadım-
Qoy, indi qum-qum ölüm…
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Azərbaycan Düşənbədə keçirilən Beynəlxalq Xəttatlar Forumunda təmsil olunub
Tacikistanın paytaxtı Düşənbədə “Mədəniyyət sahəsində əməkdaşlıq” ictimai təşkilatının təşkil etdiyi “Tacik xalqının xəttatlıq sənəti və Şərqin yazılı irsi” mövzusunda beynəlxalq forum keçirilib.
“Azərbaycan xalçaçıları” İctimai Birliyində AzərTAC-a bildiriblər ki, forumun keçirilməsindən əsas məqsəd Tacikistanın və Şərq xalqlarının xəttatlıq sənətinin və dünyanın muzey, kitabxana və elm müəssisələrində saxlanılan şedevrlərin təbliği olub.
Forum çərçivəsində dəyirmi masa arxasında diskussiyalar aparılıb, xəttatlıq sənəti nümunələrinin sərgisi təşkil olunub. Sərgidə Tacikistan, Azərbaycan, Əfqanıstan, Çin, Yaponiya, Koreya Respublikası və İrandan olan müasir xəttatların əl işləri nümayiş etdirilib.
Dəyirmi masa iştirakçıları, həmçinin tədbirə onlayn formatda qoşulan Azərbaycan, Rusiya, Fransa, Böyük Britaniya və Qazaxıstan alimləri xəttatlıq sənətinin tarixindən və bugünündən bəhs ediblər.
Forumda Azərbaycanı tanınmış xəttat, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının və “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, beynəlxalq müsabiqələrin laureatı, Bakı Dövlət Universitetinin müəllimi Yavər Əsədov təmsil edib. O, “İslam dininin xəttatlıq sənətinin inkişafında rolu” adlı məruzə oxuyub.
Dəyirmi masanın materialları və diskussiyaların nəticələri forumun təşkilatçılarının culcooperation-tj.com. saytında yerləşdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
İki əyalət teatrının iki tamaşası
Sevindirici haldır ki, əyalət teatrlarımız var, onlar yeni-yeni tamaşalarla seyrçiləri sevindirməkdədirlər. Və “Ədəbiyyat və incəsənət” portalı olmaqla diqqətimizi həftəsonu oynanılan iki tamaşa cəlb etdi.
Füzuli teatrında “Molla Nəsrəddin”
Füzuli Dövlət Dram Teatrında 2023-cü ilin repertuar planı üzrə səhnələşdirilən Xaqani Əliyevin “Molla Nəsrəddin” tamaşasına ictimai baxış olub.
Bu tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Şən musiqilər və kütləvi rəqslərlə zəngin səhnə əsərində maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.
Rolları Sehran Xanlarov, Asif Şirinov, İntizar Quliyeva, Şəlalə Nəsirova, Qaçaq Qarayev, Əli Hüseynov, Elçin Məmmədov, Emin Abışov, Vüqar Babayev, Vüsal Həsənov və başqaları canlandırıblar.
Qax teatrında “Sehirli torba”
Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün maraqlı və əyləncəli proqram hazırlayır.
Uşaqlar əvvəlcə Novruzun personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə, Bahar qızının rəqsinə tamaşa edəcək, əylənəcəklər.
Sonra onlar Osman Abdullayevin “Sehrli torba” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya baxacaqlar. Novruz şənliyi kompozisiyasının quruluşçu rejissoru Rahib Məmmədov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Teatrın yaradıcı kollektivi, eyni zamanda, 2023-cü ilin repertuar planına daxil edilən O.Abdullayevin “Tülkü və quyruq” əsərinin səhnələşdirilməsi üçün də hazırlıq işlərinə başlayıb.
Digər teatrlarımızdan da bu sayaq xəbərləri vaxtaşırı dərc edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Həmin gün mədəniyyətsiz köçərilər hesab edilən türklərin qədim yazı mədəniyyətinə malik olduğu meydana çıxdı...
Türk dünyasının tanınmış oğlu, uzun illər Beynəlxalq Türk Akademiyasına başçılıq etmiş, hazırda Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri Darxan Kıdıralının fəaliyyəti “Ədəbiyyat və incəsənət” portalının oxucularına yaxşı tanışdır. Akademya barədə ilk mənbədən mütəmadi yazılar dərc etmişik. Türk xalqlarının birləşməsi amalına xidmət edən, onları daha da gücləndirən nəzəriyyələr bizə qol-qanad verib. Amma bu dəfə onu şəxsiyyət kimi tanımağımız gərəkiyir. Əməkdaşımız Aida Eyvazlının “Onun adı Darxan” adlı yazısının dərcinə başlayırıq. Bu gün sizə yazının ikinci hissəsini təqdim edirik
TWESCO prezidentliyi
Türk dünyasının birliyi yolunda yeni təməllər yeni fikir adamları ilə qoyulur. Azərbaycan da təməlində türkçülük ideyaları yaşadan bir dövlət kimi bu Birliyin qurulması üçün beynəlxalq müzakirələrə və iş birliyinə hər zaman meydan verib. 2009-cu ilin oktyabr ayının 3-də Naxçıvanda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının IX cammitində Nursultan Nazarbayev tərəfindən Türk Akademiyasının yaradılması haqqında təşəbbüs irəli sürüldü. 2014-cü ildə Akademiyaya Beynəlxalq status verildi - TWESCO adlandırıldı. Elə həmin il Darxan Kuandık oğlu Kıdıralı Akademiyanın prezidenti təyin edildi.
Darxan Kıdıralı Türkiyədə ali təhsil aldığı, doktorluq dissertasiyası müdafiə etdiyi dönəmlərdə, Türküstanda Xoca Əhməd Yassəvi ocağında dərs dediyi dönəmlərdə kilidi açılmayan bir çox bağlı qapılarımızın açarını axtarmaqdaydı. Beynəlxalq Türk Akademiyası- TWESCO-da rəhbər kimi fəaliyyətə başlayanda isə, bu qapının açarını tapmaq üçün əvvəlcə qardaş madyarlar ölkəsinə- Macarıstana rəsmi səfər etdi. Bundan bir az sonra isə babalarımızın, dədələrimizin moğol çöllərində yazıb qoyduğu daş kitabələrini yenidən oxutmaq üçün yola çıxdı.
Tanrı sizin bütün istəklərinizi yerinə yetirəcək
Beynəlxalq Türk Akademiyası- TWESCO-da rəhbər kimi fəaliyyətə başlayandan bir az sonra babalarımızın, dədələrimizin moğol çöllərində yazıb qoyduğu daş kitabələrini yenidən oxutmaq üçün yola çıxdı. Professor Darxan Kıdıralı ilə söhbətlərimizdən birində o müqəddəs səfərini belə xatırlamışdı:
-Görüşlərin ən gözəli, səfərlərin ən müqəddəsi idi. Beynəlxalq Türk Akademiyasının (BTA) elmi əməkdaşı Akedil Toyşanolu da mənimlə idi. Akedil Monqolustan doğumlusu olduğundan, monqol dilində sərbəst danışır. Gəlib Ulan-Batordan 50 kilometr uzaqda, Bayan Çokto bölgəsində yerləşən Tonyukük babamızdan qalan daş abidəyə çatdıq. Sürücüyə və Akedilə dedim ki, Tonyukük babamız üçün Quran oxuyacağam. Təəccüblə soruşdular ki, belə olurmu? Dedim ki, nədən olmasın ki, əlbəttə olur. Tonyukük də bir övliya, bir peyğəmbər kimi adam. Allahın kəlamını onun üçün oxuyuram. Babamızdan qalan daş məktubu qucaqladıq. İçimizə bir duru rahatlıq doldu. Dirsəklənib daşın yanında oturduq. Ətrafda uzanan boz çöllərə, yaşıl yamaclara, balbal daşlarına baxdıq. Nə qədər sirr yatırdı bu yurdlarda... Bir qədər zaman keçəndən sonra, yolumuza davam etmək üçün maşına mindik. 20 metr getmişdik ki, arabanın təkərləri partladı. Birdən xatırladım ki, axı mən Quran oxumağı unutmuşam. Tonyukük, Bilgə Xaqan, Kül Tekin, bizdən yüz illər əvvəl buraya ayaqları dəyən bütün babalarımızın, adları anılmayan, unudulan övliyalarımızın ruhuna ehtiram olaraq Quran oxudum. Uzun-uzadı alqış etdim, dua etdim Tanrıya.
Daha sonra arabamızın təkərini dəyişib, yolumuza davam etdik. Ertəsi gün Kül Tekin və Bilgə Xaqan abidələri kompleksini ziyarət etməli idik. Gecədən yağan yağış hələ kəsmək bilmirdi. Akedil dedi ki, burada Öge Noour - (Ana Göl) deyilən bir yer var. Oraları da mütləq ziyarət etməliyik. Səhər tezdən yola çıxdıq. Yağan yağış hər tərəfi palçıq etmişdi. Palçıq dolu yolla bir təhər arabaya mindik. Öge Nooura çatmaq üçün iki görünən təpəni aşmalı idik. Təpənin başına çatanda, arabamız yenə xarab oldu. Bu yolları çox yaxşı tanıyan sürücü də naəlac qalıb. Bir də baxdıq ki, bizdən qabaqda bir adam gedir. Elə bu vaxt yağmur da dayandı. Kişinin əlində şlyapası vardı, bizdən fərqli olaraq onun ayaqları palçığa da batmamışdı, əynindəki plaşında da bir damcı olsun yağış damcısı yox idi. Sürücüyə dedim ki, yolçunu yolda qoymayaq, arabamıza mindirək. Akedil onu arabaya dəvət etdi. Gəlib oturdu. Bir kilometr getmişdik ki, araba yenə pozuldu. Adam dedi ki, arabanın akkumlyatoruna baxın. Sürücü akkumlyatora baxıb, nasazlığı aradan götürdü. Gülə-gülə dedi ki, yağmur məni elə çaşdırıb ki, heç ağlıma da gəlməzdi ki, burada akkumlyatorumuz pozula bilər. Araba işə düşəndən sonra, naməlum adam dedi ki, mən burada enəcəm. Akedildən onun kim olduğunu soruşdum. Akedil dedi ki, Öge Noourun qoruyucusudur. Təəccüblə yenə dedim: bu gölü bu boyda səhrada kimdən qoruyacaqmış ki?..
Akedil də təəccüblə: “Doğurdan da, bu böyük çöllərdə bu gölü tək bir kişi necə və kimdən qoruya bilər?” təkrarladı. Bir də ətrafa baxdıq ki, naməlum adam gözə görünmür. Naməlum adamı görməyəndə Akedil belə dedi:
-Heç bilmədim ki, bu kişi bizim gəlişimizin məqsədini haradan bilir. Ayrılanda dedi ki, siz gözəl niyyətlə gəlmisiniz. Sizin bütün istəkləriniz qəbul olacaq. Yanındakı o ağbəniz oğlan (məni deyirmiş) çox gözəl niyyətli bir adam. Burada bütün muradınız hasil olacaq. Tanrının burada bir xəzinəsi var. Geniş bir ərazidə o görünən obalıqda böyük bir xəzinə tapacaqsınız. Monqolustandakı bütün istəkləriniz yerinə gələcək. Tanrı sizin bütün istəklərinizi yerinə yetirəcək”.
Bu xatirəsini danışandan sonra, Darxan onu da əlavə etmişdi: “Bəlkə də hardasa bir məclisdə, şəhərdə, kənddə kimsə bizə belə xəbər söyləsəydi, inanmazdıq. Ancaq böyük bir çöllükdə, ins-cinsin gözə dəymədiyi bir yerdə üç nəfər kişinin yanında peyda olan o naməlum adamın xəbəri məni hər zaman düşündürdü... Çünki bu torpaqların, bu yurdun müqəddəs olduğuna qəlbimin dərinliyində güclü bir inam var idi. O yerlər bizi çoxdan gözləyirdi”.
Kutluq Xaqanın iqamətgahının tapılması çox böyük bir iş oldu
2016-cı ilin avqust ayında BTA Monqolustan Milli Elmlər Akademiyası Arxeologiya və Tarix İnstitutu “Tyan-Şandan-Ötükenə qədər: Böyük çöl xalqlarının tarixi-mədəni dəyərləri”- adlı beynəlxalq ekspedisiyanın tərkibində 50-dən artıq arxeoloq, ictimai xadim, alim və jurnalistləri də bu müqəddəs yerlərə ziyarətə və səyahətə gətirdi. O sehirli günlərdə bizimlə eyni ekspedisiyada yol yoldaşı olmuş, Napil Bazılxan da bizimlə idi. Napil Bazılxan Monqolustandakı çöllərdə başsız qalan daş yazıları oxuyan tək-tək alimlərdəndir. Napil ağa Darxan Kıdıralı şəxsiyyətini və onun BTA-da çalışdığı illər ərzində gördüyü işləri belə xatırlayır:
“2014-cü ildə Darxan Kıdıralının Monqolustan Elmlər Akademiyası ilə əməkdaşlıq etmək fikrindən xəbər tutdum. Mən özüm Monqolustanda doğulmuşam. Atam Bazılxan Buqat oğlu da qədim türk yazılarını oxuyurdu, dilçi alim idi. Türk dünyasının bizə qalan miraslarını araşdırmaq üçün ən doğru yol Monqolustan Elmlər Akademiyasından keçir. TWESCO-da əməkdaşlığa başladığım gündən Darxan Kıdıralının rəhbərliyi ilə Monqolustan Elmlər Akademiyası, Arxeoloji İnstitutu, Milli Muzeyi və digər elm mərkəzləri ilə 10-dan çox Bəyannamə imzalandı. Göy türklərin ikinci dəfə Xaqanlıq qurduğu Şvieet Ulaan, Koşotsaydam, Gunbürd, Qaya qudag, Nomgon anıt külliyələrində araşdırmalar başlandı.
Qədim türk abidələrini sətir-sətir, daş-daş kitaba çevirən Napil Bazılxan 2022-ci ildə BTA-nın imza atdığı o möhtəşəm tapıntıdan -İltəriş Xaqanın külliyəsinin tapılmasından danışır:
-Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində ötən il 2022-ci ilin yazında Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edildi. Kutluq Xaqanın iqamətgahının tapılması çox böyük bir iş oldu. Hələ 2015-ci ildə professor Darxan Kıdıralı ilə Nomonqon düzündə gəzərkən hocamız deyirdi ki, biz burada axtardığımızı tapacağıq. 2019-cu ildə gəlib bir yerdə dayandı. Dedi ki, buradan başlarsınız. Bir neçə ay arxeoloji qazıntılarımızı davam etdirdik. Avqust ayının əvvəlində bir yazılı daş tapdıq. Bu daş kitab Kutluq xaqan adına yazılmışdı. Monqolustanın Arxanqay bölgəsindən Darxan Kıdıralıya telefon açdıq. Yeni daş kitabə tapdığımızı bildirdik. Bərk-bərk tapşırdı ki, sirr kimi saxlayın, kimsəyə deməyin. Bilirsiniz də o yerlər necə gözəl və təbiəti, havası dəyişkəndir. Adətən avqust ayında buralara yağış yağmaz. Lakin həmin gün ki, Darxan bəyi qarşılayacaqdıq, göydən yağışı elə bil ki, xəlbir ilə tökürdülər. BTA rəhbəri , professor Darxan Kıdıralı maşını ekspedisiyanın yerləşdiyi çadırın yanında saxlatdı. Gəlib bizim dayandığımız yerə yetişəndə soruşdum ki, niyə arabanı buraya sürdürmədiniz? Dedi ki, Böyük Xaqanın hüzuruna ayaqla gəlmək lazım idi. Tapdığığımız daş kitabəyə çatanda dayandı. Onun ruh halını görmək lazım idi. Bu kəşf etmək, tapmaq sevinci idi. İnsanın bu ruh halını yalnız həmin sevinci yaşayanlar bilər. Yağmur elə yağır ki... Darxan bəy dedi ki, mən qurban kəsməliyəm. Özü Kutluq Xaqanın adına bir qurban kəsdi. Yağış həmən dayandı. Ətrafdakı bütün dolu buludlar çəkildi. Ənginliklər sanki öz qollarını açıb bizi qucaqlamışdı. Uzaqlardakı Arxanqay dağları da sevinirdi.
Böyük alim Napil Bazılxan bu hadisəni danışdıqda Ziya Göyalpı xatırlayıram. Ziya Göyalp dədəmiz “Altın destan” –“Qızıl dasan” şerində yazır ki:
Uca dağlar çökmüş, belləri qalmış,
Coşqun irmakların seləri qalmış,
Xanlar yox meydanda, elləri qalmış,
Düşənlər çox , amma qalxan nerədə?
Gedəyim arayım: Xaqan nerədə?
Arxanqaya qanadlanıb getmişdim
Göy türk iqamətgahımızı, daş yaddaşımızı arayıb tapan Darxan Kıdıralı həmin günü belə xatırlayır:
-Mən Arxanqaya qanadlanıb getmişdim. Monqolustanda o qədər etibarlı, bizi sevən dostlarımız var ki... Bu arxeoloji sirrlərin açılmasında onlar məhz TWESCO-ya üstünlük verdilər. BTA büdcəsində olan vəsaitlə biz əslində Qarabağdakı türk izlərini araşdırmaq fikrindəydik. Sonra qardaş Azərbaycandan dedilər ki, hələ mümkün deyil, azad edilmiş torpaqların əksər hissələri minalarla doludur. Ona göə də həmin vəsaiti Monqolustandakı xaqanlar kompleksinin araşdırmasına sərf etməyi qərara aldıq. Və seçib ekspedisiyaya yığdığımız 40-a yaxın Monqolustandan olan əməkdaşlar, Türk Akademiyasının elmi işçilərinin araşdırmaları sayəsində hədəfimizə yetişdik. Türk yazı tarixini yeniləmişdik. Bildiyiniz kimi, ilk dəfə 1893-cü ildə Vilhelm Tomsen və Vasiliy Rodlov Orhon abidələrini deşifrə edərək , Ötükəndə "Tengri”, "Türk" kəlmələrini oxumuşdu. Həmin gün özünü sivil adlandıran xalqların mədəniyyətsiz köçərilər hesab etdiyi türklərin, qədim yazı mədəniyyətinə malik olduğu meydana çıxmışdı. TWESCO və Monqolustan Elmlər Akademiyası alimlərinin çalışmaları nəticəsində 130 il sonra biz Ötükəndə Kutluq Xaqana aid daş kitabədə “Tanrı oğlu” “Kutluq xaqan” “türk” “tümən”... kəlmələrini oxuduq.
Yazı yazmaq bir Tanrı ruzisidir. Bütün dövrlərin Müqəddəs kitablarında həm qələm, həm kitab, həm də yazı haqqında danışılır. Yazı insana Tanrı tərtəfindən verilən ən böyük istedad və hədiyyədir. Yazı adamı, könül adamı, Türk ellərinin dillərini, elmi cameəsini bir yerə yığan, bir elə terən Darxan Kıdıralı yazı haqqında söhbət düşəndə deyir ki, dünyadakı bütün mədəniyyətlər yazı ilə, qələmlə başlar. Qələm sahibi olmaq insanın ən böyük xoşbəxtliyidir. Qələmi olan insan daha azad, daha uzaqgörən olur, düşüncələrini ayazlaşdırır, bəyazlaşdırır. Nə mutluyuq ki, ilk yazılarımız da daş yazılar olub. Diriliyimiz onunla başlayıb. Dünyada bir çox dövlətlərin yazısı- əlifbası olmayanda, dünyadakı ilk millətlərdən biri olan türklərin , bizim əcdadlarımızın yazıları var idi. Bizim babalarımız həm tarix yaratdı, həm də tarix yazdı. Əbədi dövlət qurmaq üçün bu tarixləri əbədi daşlara qazaraq yazdı. Məngu El yaratdı. Həmin daş kitabələrdəki yazılarda bir istək var: əbədi güc olan, Tanrıdan mədət alan türklərin həm yazsını, həm dövlətinin, həm bütün mirasının əbədi olmaq arzusu. O baxımdan bu yazılar bozkırlarda – səhralarda dayandı. Küləklər, çovğunlar, boranlar, leysanlar o yazıları poza bilmədi. Çünki Tanrı xəbəri olan yazılar idilər. İndi deyə bilərik ki, yazı çoxdur, yazan da hər zaman olub. Lakin hər yazı tarixdə daş yazıları qədər qalmayıb. O qədər yazılar unudulub gedir ki... Biz bozkırlarda, boz şöllərdə babalarımızdan qalan o müqəddəs yazıları oxumaq üçün minlərlə kilometr yol qət etdik. Və o məkanları arayıb-araşdırdıq. Məqsədimizə çatdıq.
Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kül Tegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır. Arxanqay vadisində 51 məbəd, xanlıq iqamətgahı, kompleksi vardır. Burada alimlərimiz, arxeoloqlarımız üçün 100 ilə çatacaq axtarış yerləri, daş kitabələr, nadir yazılar, sirrlər vardır... Buralar sözün həqiqi mənasında Xaqanların Pantionudur. Ömür istər, oğul istər, dövlət istər ki, bu sirrləri açan olsun!!!
- Bu Xaqanlar Pantionunu dünya nə vaxt görəcək, tanıyacaq?
- Böyük işlər səssiz yapılar, səssiz görülər... O daşları sadəcə bir yazı kimi deyil, informasiya, kodlarımıza işləyən bir yazı kimi dəyərləndirməliyik. Bu il türk yazıları üçün önəmli bir ildir. Yəni bu da türklərə yazının Tanrı tərəfindən verilməsinin gözəl bir göstəricisidir.
-Kutluq Xaqanın adından qalan müqəddəs daş yazısının başı üstündə dayanıb Tanrı şükr etdiyiniz həmin o anda, Qazaxıstanın dövlət başçısından bir telefon zəngi aldınız. Bu məqamı danışın, Darxan bəy...
- Hələ 2022-ci iln mart ayından dövlətimizin başçısı hörmətli Kasım Comərd Tokayev məni iqamətgahına dəvət edib dedi ki, TWESCO rəhbərliyindən ayrılım və dövlətdə mənə yeni bir vəzifə etibar etmək istəyir. Mən Qazaxıstan Respublikasının Prezidentindən vaxt-vədə istəyib dedim ki, yarımçıq qalan işlərim var. Kutluq Xaqanın abidəsini, yeni türk yazılarını axtarışını yekunlaşdırmalı və beş dövlətin xarici işlər nazirlərinin iştirakı ilə Akademiyanın yığılıb qalan problemlərini həll etmək üçün görüş keçirməliyəm. Rica etdim ki, bu işləri tamamlamağa mənə möhlət versin. Payıza qədər vaxt istədim. razılaşdıq. 22 avqust 2022-ci ildə günəş Monqolustandakı Arxanqay dağlarını, vadisini işıqlandırdığı o günorta vaxtı dövlət rəhbərimiz mənə telefon açıb, harada olduğumu soruşdu. Sevincək dedim ki, elə bu dəqiqə yeni tapılmış Kutluq Xaqan kitabının başı üzərində dayanmışam. Orada “Tanrı”. “Türk oğlu” sözləri yazılıb. Cənab prezident verdiyim xəbərdən çox sevindi, ekspedisiya üzvlərinə təbrikni çadırmağımı söylədi. Sonra isə əlavə etdi ki, verdiyin vədənin vaxtı tamamdır, mən də səni Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri təyin edirəm.
Niyyət insanı mənzilə yetirməzmi? Xalqa xidmət etmək, türkçülüyə xidmət etmək amacında olan bir şəxs kimi bu boyda meydanın verilməsi axı çox gözəldir.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” sərgisi açılacaq
Martın 9-da Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq.
Mərkəzdən verilən məlumata görə, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək. Sərgi həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaqla bərabər, ümumən təsviri sənət nümunələrinə ictimai marağın artırılmasına xidmət etmək məqsədi daşıyır. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq. Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Nurəddin Mehdixanlıdan əxlaq dərsi
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Nurəddin Mehdixanlıdır.
NURƏDDİN MEHDİXANLI
(1956)
***
Şəkidə “Cavad xan” filminin çəkilişləri gedirdi. Çox yorulmuşdum. Qrupun cavan işçiləri musiqiyə səs verib əylənirdilər. Nə qədər eləsəm də gözümə yuxu getmirdi. Cavanları pərt də eləmək istəmirdim. Axırda yerimdən qalxıb onlara yaxınlaşdım.
– Əla musiqidir, – dedim.
– Hə, Nurəddin müəllim, bu ilin hitlərindəndir.
– Deyirəm, hər şey icad edə bilirlər, nə olardı, bir qurğu da icad edəydilər, adam musiqiyə səs verəydi, amma kim istəmirsə onu eşitməyəydi, hə, nə deyirsiz? Əla olardı, düz demirəm?
Cavanlar bir-birlərinə baxıb, tez musiqini kəsdilər.
“Ədəbiyyat və incəsənət”
(06.03.2022)
Azərbaycanın tanınmış ifaçıları Brüsseldə konsert proqramı ilə çıxış ediblər
Ölkəmizin mədəniyyətinin xarici ölkələrdə tanıdılması məqsədilə Azərbaycanın Belçika Krallığındakı səfirliyi mədəni diplomatiya fəaliyyəti vasitəsilə müxtəlif tədbirlər keçirməyə davam edir.
“Ədəbiyyat və incəsənət”
AzərTAC-a istinadən xəbər verir ki, bu dəfə Brüsselin “Wolubilis” Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” qrupunun və Əməkdar artist Emil Əfrasiyabın “Təəssürat” adlı konserti təşkil edilib. Konsertdə virtuoz musiqiçilərimizin ifasında Azərbaycanın rəqs havaları, xalq və bəstəkar mahnıları, dünya bəstəkarlarının tanınmış əsərləri etno-caz üslubunda ifa olunub.
Açılış nitqi ilə çıxış etmiş səfirliyin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Talehə Həsənli konsertin iştirakçılarını zəngin və müxtəlif Azərbaycan mədəniyyəti, onun əsas istiqamətlərindən biri olan milli musiqimizin bir zamanlar Qobustan daşlarında ifa olunmasından, aşıq havalarına, muğam təsniflərinə, milli klassik musiqi və operalara, müasir estrada və caz janrına qədər keçdiyi yol haqqında bəhs edib.
Konsertdə iştirak etmiş diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın dövlət qurumlarının, mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və digərləri tərəfindən musiqiçilərimizin ifası böyük maraqla və alqışlarla qarşılandı. Yerli KİV-lər Ənvər Sadıqov və Emil Əfrasiyabdan müsahibə aldılar.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)