Sevindirici haldır ki, əyalət teatrlarımız var, onlar yeni-yeni tamaşalarla seyrçiləri sevindirməkdədirlər. Və “Ədəbiyyat və incəsənət” portalı olmaqla diqqətimizi həftəsonu oynanılan iki tamaşa cəlb etdi.
Füzuli teatrında “Molla Nəsrəddin”
Füzuli Dövlət Dram Teatrında 2023-cü ilin repertuar planı üzrə səhnələşdirilən Xaqani Əliyevin “Molla Nəsrəddin” tamaşasına ictimai baxış olub.
Bu tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Şən musiqilər və kütləvi rəqslərlə zəngin səhnə əsərində maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.
Rolları Sehran Xanlarov, Asif Şirinov, İntizar Quliyeva, Şəlalə Nəsirova, Qaçaq Qarayev, Əli Hüseynov, Elçin Məmmədov, Emin Abışov, Vüqar Babayev, Vüsal Həsənov və başqaları canlandırıblar.
Qax teatrında “Sehirli torba”
Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün maraqlı və əyləncəli proqram hazırlayır.
Uşaqlar əvvəlcə Novruzun personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə, Bahar qızının rəqsinə tamaşa edəcək, əylənəcəklər.
Sonra onlar Osman Abdullayevin “Sehrli torba” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya baxacaqlar. Novruz şənliyi kompozisiyasının quruluşçu rejissoru Rahib Məmmədov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Teatrın yaradıcı kollektivi, eyni zamanda, 2023-cü ilin repertuar planına daxil edilən O.Abdullayevin “Tülkü və quyruq” əsərinin səhnələşdirilməsi üçün də hazırlıq işlərinə başlayıb.
Digər teatrlarımızdan da bu sayaq xəbərləri vaxtaşırı dərc edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)