Onlayn platformalar vasitəsilə xidmətlər göstərmək üçün başlanğıc
Korona pandemiyası dünyanı tam olaraq onlayn platformalara yönəltdi. Ticarət bu müstəviyə keçdi, Amazon və onun sahibi Cef Bezos Forbes siyahısında dünyanın ən varlı şəxslərindən biri kimi önə yüksəldi. Baxın, indi az qala hər bir azərbaycanlı ailəsi Türkiyə ilə onlayn alış veriş edir, Trend yol sözü evlərdə ən çox işlənən sözlərdəndir.
Bu üzdən iclas, yığıncaq, toplantı, forum kimi insanların birgə müzakirə və qərarvermə mırasimləri də Zoom platformasına adladı. Digər sahələrdə də onlayn platformalar at oynatmağa başladılar. Bura həm də insanlara əsl qazanc yerinə çevrildi. Amma çoxları bu sahəyə baş vursalar da elementar bilgilərə belə malik deyillər.
“Ədəbiyyat və incəaənət” portalı bu yazıda “Onlayn platformalar vasitəsilə xidmətlər göstərmək üçün hansı addımlar atılmalıdır” sualına cavab vermək amacındadır. Məsələn, gəlin elə ən populyar sosial media növündən - İnstaqramdan başlayaq. İnstaqram üzərindən dizayn, menecerlik, izləyici satışı, instaqram səhifələrinin satışı və sair kimi xidmətlər göstərmək olarmı? Bu xidmətlərdən əldə olunan gəlirdən vergi necə ödənilməlidir? Məsələn, aylıq xidmətlər üçün xərclənən vəsait nəzərə alınmaqla min manat gəlir olarsa, bu zaman nə qədər vergi ödənməlidir?
Cavablar Dövlət Vergi Xidmətinin Vergi Məcəlləsindədir. Məcəlləyə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmaq olar. Uçotaalınma “ASAN xidmət” mərkəzlərində, mərkəzin olmadığı şəhər və rayonlarda isə vergiödəyicilərinə xidmət mərkəzlərində ödənişsiz həyata keçirilir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq.
Belə ki, fiziki şəxs sadələşdirilmiş vergitutma sistemini seçdiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə (sorğunuza əsasən gəliriniz rüb ərzində 3 min manat olarsa: 3.000 x 2% = 60 manat) sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduqda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olan və illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edilə bilər.
Yəni, qanunun tələblərinə riayət etməklə onlayn sahə üzrə xidmətlər göstərmək və gəlir qazanmaq mümkündür. Yetər ki, buna həvəs olsun.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)