Super User

Super User

 

Qırğızıstanın Karakol şəhərində Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtının estafetinin Sankt-Peterburq şəhərinə ötürülməsinə həsr olunan "Karakol 2022" təntənəli mərasim keçirilib.

Azərbaycan, Qazaxıstan, Rusiya, Belarusiya və Qırğızıstandan olan 50-dən artıq bədii və musiqi kollektivlərinin iştirak etdiyi tədbirdə ölkəmizi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı uğurla təmsil edib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. “Karakol 2022 - Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı” ilinə yekun vuran Karakol şəhərinin meri Ermat Cumayev öz çıxışında son bir il ərzində şəhərdə 20-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirildiyini qeyd edib.  

Təntənəli hissədən sonra kollektivlərin hazırladıqları bədii proqram təqdim olunub. Konsertdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı öz rəngarəng proqramını tamaşaçılara təqdim edib. Bəstəkar və xalq mahnılarından ibarət maraqlı proqramla bərabər zəngin Azərbaycan rəqs nümunələri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

 

Tədbirin sonunda Qırğızıstan Prezidentinin İssık-Kul vilayətindəki səlahiyyətli nümayəndəsi Azərbaycan nümayəndə heyətinə fəal iştiraka görə öz dərin minnətdarlığını bildirərək Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinə “Təşəkkürnamə” təqdim edib.

 

 “Ədəbiyyat və incəsənət”

(16.12.2022)

Cümə, 16 Dekabr 2022 08:07

Mədəniyyətimizə ağır itki

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, tanınmış bəstəkar Oqtay Məmmədağa oğlu Rəcəbov ömrünün 81-ci ilində vəfat etmişdir.

 

Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb. 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Bəstəkarın çoxşaxəli yaradıcılığı, əksər musiqi janrlarını əhatə edən əsərləri mədəniyyətimizin xəzinəsini bəzəyən nadir nümunələrdəndir. Qələmindən çıxan simfoniyalar, kamera və vokal-simfonik əsərlər, musiqili-səhnə əsərləri, habelə kinofilmlərə yazdığı musiqi yüksək tamaşaçı rəğbəti qazanmışdır.

Ölkəmizin mədəni irsinin, dəyər və sərvətlərinin, o cümlədən uzun illər ərzində vətənin ən ağrılı dərdi olan torpaqlarımızın, bu yolda canından keçmiş qəhrəmanlarımızın yaddaşlara həkk olunması məqsədilə incəsənətə verdiyi töhfə danılmazdır. Qələmə aldığı “Xocalı avazları”, “Çingiz oratoriyası”, “Xocalı” simfoniyası və digər əsərlər xalqımızın qan yaddaşının mədəni aləmə yansımış təzahürüdür.

Bəstəkarın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi əzəmətli “Heydər” oratoriyası, fortepiano üçün “Ulu öndər” əsəri yaradıcılığının ölməz nümunələri kimi daim qəlblərdə yaşayacaqdır.

Oqtay Rəcəbovun əziz xatirəsi musiqisevərlərin yaddaşında daima yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2022)

 

Dekabrın 15-də Səttar Bəhlulzadənin ev-muzeyində “Səttar Bəhlulzadə fotolarda” adlı sərgi və sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovanın “Səttar Bəhlulzadə. Gözəlliyə həsr edilmiş həyat” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbir görkəmli rəssamın anadan olmasının 113-cü ildönümünə həsr edilib.

 

Səttar Bəhlulzadənin ev-muzeyinin yaydığı məlumata görə, fotosərgidə böyük rəssamın sənətsevərlərə tanış olmayan, əksəriyyəti ilk dəfə nümayiş olunan, rəssamın ailəsinə məxsus nadir fotoları nümayiş edilir. Fotoların bir qismi Səttar Bəhlulzadənin gənclik dövrünə, Moskvada keçirdiyi tələbəlik illərinə aiddir. Digər fotolarda S.Bəhlulzadə məşhur Meksika rəssamı David Sikeyros, həmkarları Xalq rəssamları Toğrul Nərimanbəyov, Tağı Tağıyev, Kamil Xanlarov, Xalq artisti Gülağa Məmmədov və digər tanınmış şəxsiyyətlərlə birlikdədir.

Pərzad Abdinovanın “Səttar Bəhlulzadə. Gözəlliyə həsr edilmiş həyat” monoqrafiyasında görkəmli rəssamın həyat və yaradıcılığı janr və mövzu baxımından sistemli təhlil edilib, onun indiyə qədər araşdırılmadığı gündəliklərindəki məlumatların (mətn və rəsmlər) ilk dəfə olaraq rəssamın rəngkarlıq və qrafik əsərləri ilə müqayisəsi verilib.

Tədbirdə “Səttar Bəhlulzadənin yaradıcılığında Qarabağ” adlı video da nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2022)

 

Dekabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin Ağalarov ənənəvi qış konsertini pərəstişkarlarına təqdim edib.

Konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxıb

 

Musiqidə özünəməxsus dəst-xəti olan Emin Ağalarov dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi dühalardan ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri yer alıb. Daha sonra Eminin 2007-ci ildə “İncredible” adlı albomu işıq üzü görüb və albomdakı “Don't cry” mahnısı sevilən mahnılar sırasında yer alaraq, eyni zamanda, film musiqisi kimi də tanınıb. Daha sonra isə dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, həmçinin “Devotion” albomlarını buraxıb.

Qeyd edək ki, müğənninin növbəti konserti bu gün də eyni məkanda təşkil olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2022)

 

Praqada Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə böyük mütəfəkkir və şair Nizami Gəncəvinin ədəbi irsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şairin 880 illiyi ilə əlaqədar səfirliyin təşəbbüsü və dəstəyi ilə Çex dilində işıq üzü görən Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Çex Respublikasının Mədəniyyət Nazirliyinin, elm, mədəniyyət və təhsil ocaqlarının nümayəndələri, ölkədə akkreditə olunmuş bir sıra səfirlər və diplomatlar, eləcə də həmvətənlərimiz iştirak ediblər.

Ümumilikdə 100-dək qonağın qatıldığı tədbirdə çıxış edən səfir Adış Məmmədov Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Şair Gəncədə doğulub və bütün ömrünü bu şəhərdə yaşayıb, ərəb və fars dillərini mükəmməl bilib, yunan tarixi və fəlsəfəsi, astronomiya haqqında müfəssəl məlumata malik olub. A.Məmmədov, Nizami Gəncəvinin poemalarının onlarla dilə tərcümə edildiyini, orta əsrlərdən üzü bu yana Şərqin müxtəlif söz ustalarının şairin əsərlərinə oxşar əsərlər yaratdıqlarını bildirib. Şərqin və Avropanın böyük mütəfəkkirlərinin Nizami haqqındakı fikirlərindən sitatlar gətirən sədr onun dünya ədəbiyyatının sönməz günəşi olduğunu vurğulayıb. 

Azərbaycan xalqının öz doğma övladının irsinə həmişə hörmətlə yanaşdığını qeyd edən səfir ölkəmizdə Nizaminin adı və irsinin yaşadılması üçün müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyi bildirilib. 

Səfir “Böyük Azərbaycan şairi Nizami” kitabı vasitəsilə Çexiya oxucularının böyük şairin həyat və yaradıcılığı haqqında daha ətraflı məlumatlarla tanış olacağına, habelə bu kitabın akademik dairələrdə də daha çox araşdırmaları təşviq edəcəyinə ümidvar olduğunu bildirib.

Kitab Azərbaycanda Çex dili üzrə mütəxəssislərdən biri hesab olunan Şəbnəm Əsədova tərəfindən tərcümə edilib. Kitabın redaktoru isə tanınmış dilçi-alim Aleksandra Qonçarenkadır.

Tədbirdə digər çıxış edənlər də dahi Nizaminin Azərbaycan və dünya ədəbiyyatına verdiyi töhfələrdən danışıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunublar. 

Sonra çexiyalı aktyorlar tərəfindən Nizaminin şeirləri səsləndirilib. Gənc xanəndə Gunay İmamverdiyevanın rəhbərliyi ilə muğam üçlüyü Nizami irsinə müraciət etmiş Azərbaycan bəstəkarlarının əsərlərini, muğam və təsniflərimizi ifa edib.

Tədbirin sonunda kitabın nüsxələri iştirakçılara paylanılıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

 

Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Yaponiyanın 45 aparıcı tur operatoru və turizm agentliyi üçün seminar təşkil edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, beş yerli tərəfdaşın və ATB-nin əməkdaşlarının iştirak etdiyi seminar təkbətək görüşlərlə başlayıb. Sonra ölkəmizin turizm potensialı və müxtəlif turizm məhsulları iştirakçılara təqdim edilib. Təqdimatlarda ATB, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Paşa Travel, Vahid Azərbaycan Turizm Agentliyi və ENC Tours şirkətlərinin nümayəndələri yapon qonaqlara ölkəmizin turizm potensialı barədə ətraflı məlumat veriblər.

Seminardan sonra Azərbaycan mədəniyyətinin təbliğ edilməsi məqsədilə qala gecəsi təşkil edilib. 

Gecədə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu xatırladıb. Qeyd edib ki, ötən dövr ərzində ölkələrimiz həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələri qurub. 

Gecədə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yapon turizm şirkətlərinin nümayəndələrini Tokioda salamlamaqdan məmnun olduğunu bildirib. Son iki gündə keçirilən tədbirlərin iki ölkənin turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə edib.

Gecədə dünyaca məşhur pianoçu İsfar Sarabski, o cümlədən tanınmış tarzən, Azərbaycanın Əməkdar artisti Şəhriyar Qəribov öz triosu ilə çıxış ediblər. 

Nümayəndə heyətinin Yaponiya səfəri davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Mədəniyyət naziri Anar Kərimov Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebici qəbul edib. Görüşdə Xorvatiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında söhbət açılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, nazir Anar Kərimov iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan və Xorvatiyanın sənət adamları, musiqi kollektivləri  arasında birbaşa təmasın yaradılması mədəni əməkdaşlıq üçün vacib əhəmiyyət  daşıyır.

Səfir Barnko Zebic qəbul üçün nazirə minnətdarlığını bildirərək bu görüşün ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı baxımından uğurlu bir addım olduğunu diqqətə çatdırıb.

Diplomat xorvat şairi və diplomatı Draqo Stambukun Azərbaycan dilində çap olunan “Zefir” şeirlər kitabını Anar Kərimova hədiyyə edib.

Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq, beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

 

Azərbaycan Nəşriyyatları Assosiasiyası ilin son möhtəşəm sərgisi ilə Sumqayıta gedəcək. Sumqayıt Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə həyata keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalına sərginin Təçkilat Komitəsindən daxil olan məlumata görə, ötən il birincisi keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanmışdı, ikinci sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq. Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək .

Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, sadəcə uşaqlar üçün nəzərdə tutulmuş "kids zone"da mütəmadi və əyləncəli fəaliyyətlərlə bu sərgi daha möhtəşəm olacaq.

Bir sözlə, sumqayıtlılara ilin son kitab bayramından zövq almaq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

 

 

Təşkilat Türk dünyasının mədəni irsinin qorunması sahəsində növbəti əməkdaşlıq projesinə imza atıb

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Uludağ Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb. 

Fondun mediaya açıqlamasına görə, protokolu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Bursa Uludağ Universitetinin rektoru Ahmet Saim Kılavuz imzalayıblar.

 

Sənəd Fond və Universitet arasında birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirərək, Türk dövlətlərinin mədəni irsinin təbliğ edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, Universitetin bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin göstərilməsi, Fondun beynəlxalq tədbirlərinə Universitetin akademik heyətinin qatılması kimi maddələri özündə ehtiva edir. 

Protokol gələcəkdə Fond və Universitet arasında Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması və tanıdılması sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, 1975-ci ildə əsası qoyulan Bursa Uludağ Universiteti Türkiyənin ən böyük universitetlərindən biridir. Universitet nəzdində 4 institut, 15 fakültə, 3 kollec, 15 peşə məktəbi fəaliyyət göstərir və təhsil müəssisəsinin 61 000-dən artıq tələbəsi vardı.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

 

İraqda “Şuşa – Qarabağın incisi” adlı kitab çap edilib.

Professor Mutəz Muhi Əbdülhəmidin ərəb dilində yazdığı bu kitab "Şuşa İli" ilə bağlı tədbirlər planı çərçivəsində Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi ilə nəşr olunub.

 

Kitab “Qarabağ xanlığının paytaxtı Şuşa” və “Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı iki fəsildən ibarətdir. 

Kitabın giriş hissəsində 44 günlük Vətən müharibəsi haqqında ümumi məlumatlar verən müəllif, bu müharibənin baş verməsinin tarixi və siyasi səbəblərinə toxunub, həmçinin müharibə dövründə Azərbaycan Respublikasının Prezidentinin çıxış və müsahibələrindən sitatlar gətirməklə bir sıra mübahisəli məqamlara aydınlıq gətirib. Bu hissədə BMT-nin dörd məlum qətnaməsi, müxtəlif beynəlxalq təşkilatların bəyanatları haqqında məlumatları da qeyd edilib. 

Birinci fəsildə qədim dövrləri əhatə etməklə müasir dövrə qədər Şuşa şəhərinin tarixindən bəhs olunur. Müəllif tarixi mənbələrə və Avropa şərqşünaslarının rəylərinə istinad edərək bu şəhərin qədim Azərbaycan şəhəri olduğunu əsaslandırır. Şuşa şəhərində insan məskunlaşmasının tarixinin tunc dövrünə qədər gedib çıxdığı, sonrakı dövrlərdə isə bu şəhərin əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğu mötəbər faktlarla sübuta yetirir. 

“Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı ikinci fəsil Şuşa şəhərinin mədəniyyətinə dair mövzuları əhatə edən bir neçə yarımfəsildən ibarətdir. Müəllif Şuşa şəhərinin zəngin mədəni irsi və görkəmli şəxsiyyətləri haqqında məlumatları qeyd edib. Şuşalıların yaratdığı mədəniyyətin nəinki Azərbaycan xalqının, həmçinin İslam dünyasının mədəni irsi baxımından unikal bir nümunə olduğu vurğulanıb. Bu hissədə müəllif Şuşa şəhərində inşa edilmiş maddi-mədəni abidələr, məscid, kilsə və ziyarətgahlar, karvansara və bazarlar, saraylar, muzey və kitabxanalar barədə, onların özünəməxsus memarlıq üslubu və tarixi əhəmiyyəti haqqında ətraflı məlumatlar verib.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.