Super User

Super User

Mədəniyyət Nazirliyinin dəstəyi ilə daha bir elitar incəsənət nümunəsi tamaşaçıların ixtiyarına veriləcək. Sabah - martın 11-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Cakomo Puççinin “Toska” operası nümayiş olunacaq. 

 

Toska partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artist Viktoriya Çenskaya və Skarpia Belarus Respublikasının Milli Akademik Böyük Teatrının solisti, Belarusun Xalq artisti Vladimir Qromov dəvət olunublar. Əsas partiyalardan biri olan Kavaradossi rolunu isə Əməkdar artist Azər Rza, Rizniçiy partiyasını isə Xalq artist Əkrəm Poladov ifa edəcəklər.

Səhnə əsərində, həmçinin Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə və başqaları iştirak edəcəklər.

Opera sənət ocağının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq. 

Xatırladaq ki, premyerası 1900-cü ildə Milanda baş tutan bu səhnə əsəri klassik opera sənətinin ən dəyərli nümunələrindən hesab olunur.

 

«Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı milli teatrımızın yaranmasının 150 illiyi münasibətilə “Premyeralar paradı” layihəsi çərçivəsində üç yeni tamaşasını təqdim edəcətini sizlərə bildirmişdik. 

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, layihə çərçivəsində mart ayının 8-də "Nəğməmə inan" (rus dilində), 9-da "Kimyagər (Azərbaycan dilində) tamaşaları təqdim olunmuşdu. Bu gün  “Anamın kitabı” (ingiliscə) nümayiş olunacaq. Sabah isə "Nəğməmə inan" yenidən tamaşaçıların ixtiyarına veriləcək. 

Tamaşalar axşam saat 19:00-da başlayacaq. 

Xatırladaq ki, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

“Kimyagər” tamaşası görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsəri əsasında hazırlanıb. Tamaşanın musiqisi Xalq artisti, bəstəkar Səyavuş Kərimiyə məxsusdur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnəyə qoyulan bu tamaşanın ikinci rejissoru Elməddin Dadaşov, quruluşçu rəssamı Sevinc Həsənova, xormeysteri Əməkdar artist Vaqıf Məstanov, rejissor assistenti Tamilla Aslanovadır. 

Musiqili Teatrda Mədəniyyət Nazirliyinin layihəsi olan “Anamın kitabı" tamaşası isə Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir. 

 

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə sizə Kulinariya bölümündə yemək resepti təqdim etməyəcək, maraqlı məsləhətlər verəcək. 

 

Yanmış və ötmüş yeməklər qəbul etmək xərçəng şişi əmələ gətirə bilər. Bunu illərdir dadlı yeməklər bişirən evdar qadın, Sumqayıt şəhər sakini Göyçək Nəsirova söyləyir. 

Onun sözlərinə görə, yanmış və ötmüş yeməklər qəti qadağandır. Məsələn, tavada kartof qızardarkən yanmış kartof onkoloji prosesləri tətikləyir deyə bilərik.

 

Əlbəttə ki, Göyçək xanım təcrübəsinə və eşitdiklərinə əsaslanır. Amma portal olaraq bunun elmi əsaslarını da araşdırıb tapdıq. Məsələn, rus dietoloqu Nadejda Solomatina deyir ki, qızartma prosesində poliaromatik karbohidrogenlər ayrılır. Bu birləşmələr hüceyrələrin bütövlüyünü poza və şiş prosesinin inkişafına səbəb ola bilər. Qızardılmış kartofda əmələ gələn eyni qəhvəyi qabığın tərkibində kanserogen akrilamid var.

Həm də yanmış və çox qızarmış qidalar daha tez qocalmaya və qırışların çoxalmasına səbəb olur. Ona görə də ətin, kartofun yanmış, çox qızarmış hissəsini yemək olmaz.

Amma gəlin razılaşaq ki, elə ən çox yediyimiz və bəyəndiyimiz də bunlardır.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

“Ədəbiyyat və incəsənət” portalı dünyada tanınmış azərbaycanlıları özümüzə tanıtmaq missiyasını davam etdirir. Bu dəfə sizə “Google" şirkətində şöbə müdiri vəzifəsində çalışan Rüstəm Həşimov barədə söz açmaq istəyirik. 

 

Rüstəm Həşimov 1991-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.

Lənkəran özəl türk liseyini bitirən Rüstəm Həşimov Ankaranın Orta Şərq Texniki Universitetində kompyuter mühəndisliyi üzrə təhsilini davam etdirib.

Rüstəm hələ tələbə olarkən “Microsoft”un baş ofisində işləmək üçün təklif alıb və təhsilini başa vurduqdan sonra ABŞ-a köçüb.

Bir müddət “Microsoft”da işləyib, daha sonra “Facebook”da proqram təminatı üzrə baş mühəndis vəzifəsində çalışıb.

Hazırda “Google" şirkətində (Kaliforniya ştatının San Fransisko şəhərində) Bulud texnologiyaları departamentində şöbə müdiri vəzifəsində işləyir.

Başı həmişə uca olsun Vətənin başını uca edənlərin!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Və yaxud, Mingəçevir qabaqcıl təcrübəyə necə ünvan oldu

 

Gənclik öz sözünü layiqincə deməkdədir. Bu dəfə sizə Mingəçevirdən olan gənc Anar Quliyev barədə danışmaq istəyirik. Daha doğrusu, onun “Natiqlik akademiyası” layihəsi barədə. Gənclərin İnkişaf və Karyera Mərkəzi bu layihə barədə bəhs edərək onu gənclərə nümunə gətirir. Bəs nədir bu layihədə diqqəti çəkən? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə çərçivəsində keçirilən təlimlər zamanı gənclər “natiqlik sənəti”, “natiqlik sənətinin incəlikləri”, “Karyerada uğur qazanmaqda natiqliyin rolu”, “Nitqin qurulması, jest və mimikalardan düzgün və yerində istifadə”, “Ünsiyyətin formaları, ünsiyyət prosesində bədən dilindən istifadənin əhəmiyyəti” mövzuları üzrə məlumat əldə edirlər. 

Sirr deyil ki, özünü cəmiyyətdə təqdim etmək, lider olmaq, ardıcıllar yetişdirmək üçün insanın nitq qabiliyyəti vacibdir. Natiqlər bu vərdişə yiyələnmək üçün illərini güzgü qarşısındakı məşqlərə sərf edirlər. 

“Natiqlik akademiyası” layihəsində gənclər 

öyrəndiklərini praktik olaraq tətbiq etməklə, onları maraqlandıran suallara cavab da tapırlar. Bu isə məsələnin ikinci tərəfi. 

Təlimin sonuncu günündə gənclər natiqlik bacarıqlarını nümayiş etdirir, komanda şəklində hazırladıqları təqdimatlarla çıxış edirlər. Təlimi uğurla bitirən gənclər sertifikatlarla təltif edilirlər. 

Çox gərəkli bir sahədir, demək, layihəni yalnız təqdir etmək qalır. 

Layihə Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir. Layihə Fondun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin tərəfdaşlığı ilə icra olunub. Adətən təşəbbüs mərkəzdən gəlir. Burda isə, necə deyərlər, əyalət mərkəzə pas ötürür. 

 

“Ədəbiyyat və incəsənət” portalı layihənin təlimçisi  Etiram Sadıqzadənin fikrini alıb. O, layihə barədə bunları deyib:

-Bizim layihə gənclərə natiqlik sənəti, natiqlik sənətinin incəlikləri, karyerada uğur qazanmaqda natiqliyin rolu, nitqin qurulması, jest və mimikalardan düzgün və yerində istifadə ilə bağlı məlumat verir. Təlim zamanı suallarına cavab tapan iştirakçılar komandalara bölünərək qrup işləri yerinə yetirir. Qrup işlərini təqdim edərkən natiqlik bacarıqlarını nümayiş etdirən gənclər sonda ilk günlə bağlı təəssüratlarını bölüşür.

Layihənin əsas məqsədi gənclərdə natiqlik bacarıqlarının formalaşdırmaq və inkişaf etdirmək, onların nitq mədəniyyətini zənginləşdirmək, gənclərdə peşəkar ünsiyyət qurma və özünü təqdimetmə bacarıqlarını inkişaf etdirməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Cümə, 10 Mart 2023 12:00

Hümbət Həsənoğlunun aforizmləri

“Ədəbiyyat və incəsənət” portalına statusman Hümbət Həsənoğlu yeni 

aforizmlərini təqdim edib. Buyurun, tanış olun:

 

1)“Boş şeydir” dediklərimizin çoxu sonradan “dolu” çıxır.

 

2)Xoşbəxtlik sözləri yalnız iki addan ibarət olan romandır.

 

3)Həyat həndəsə deyil, iki nöqtə arasındakı ən qısa məsafə düz xətt olmaya da bilər.

 

4)İnsana hamı kimi olduğunu yadına salan ən yaxşı yer növbədir.

 

5)Bekarçılıq bədbəxtliyin giriş qapısıdır.

 

6)Bağrına basıb öldürmək insanların qədim adətidir.

 

7)Keçmişi xatırladığın zamanlara “indinin” vaxtını sərf etdiyini unutma.

 

8)Xarakter paltarlı bədən kimidir, paltarı göstərməyiniz adətən kifayət etməlidir.

 

9)Kasıb olmaq qəbahət deyil, ucuz olmaq qəbahətdir.

 

10)Pulun varsa, fəsillərin ardıcıllığını özün müəyyənləş­dirə bilirsən.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını təcəssüm etdirən “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” tarixi dramı Özbəkistan Respublikasının ən qədim şəhərlərindən olan Səmərqəndin Vilayət Musiqili Dram Teatrının səhnəsində Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevin quruluşunda tamaşaya qoyulub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı Bəhram Safoyev, baletmeysteri Mədinəxan Erqaşeva, rejissor assistenti Anabibi Mardiyevadır.

Tamaşada əsasən Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin və Müslüm Maqomayevin musiqi əsərlərindən istifadə olunub.

Şeyx Nizami Gəncəvinin obrazını Özbəkistanın Əməkdar artisti Baxtiyar Rahimov canlandırır. Ümumilikdə səhnə sərindən (Əlişir Nəvai – Fərid Rəsulov, Afət – Gözəl Qurbanova, Memar Əcəmi – Özbəkistanın Əməkdar artisti Bəhram Rəhimov, Qızıl Arslan –İsgəndər Sultanov, Dərbənd əmiri Bəybars – Özbəkistanın Əməkdar artisti Solican Xakimov, Gəncə əmiri Fəxrəddin – Hayat Həmidov, Nüşabə –Gülüstan Cabbarova, İsgəndər Rumi – Azad Qurbanov, Şirin – Çəraz Mardanova, Xosrov – Curabek Yarkulov, Sultan Səncər - Abdulaziz Toştemirov, Qarı - Özbəkistanın Əməkdar artisti Zuxra Turğunbayeva, Leyli – Farangiz Narbayeva, Məcnun – Xurşid Baratov, İsgəndər (Nizami Gəncəvinin şagirdi) – Turdımurad Xudayberdiyev, Müzəffəri – Əlican Həsənov) 35 nəfərlik bir heyət iştirak edir. 

Səmərqənd Vilayəti Musiqili Drama Teatrının səhnəsində təmir işlərinin tamamlanma müddəti növbəti aya qədər uzadıldığına görə tamaşaya martın 8-də Kattakurqan Şəhər Dram Teatrının səhnəsində daxili baxış keçirilin. Daxili baxışda müəllif və teatrın bədii şura üzvləri iştirak ediblər.

Nizami Gəncəvi dühasını təcəssüm etdirən bu maraqlı səhnə əsərinin özbək tamaşaçıları üçün böyük töhfə olduğunu dilə gətirən mütəxəssislər müəllifə və yaradıcı heyətə minnətdarlıq bildirib, bu uğurlu sənət nümunəsi üçün onları təbrik ediblər.

Tamaşanın premyerasının martın 11-12-də keçiriləcəyi gözlənilir. Səhnə sərinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində də nümayişi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Tribuna rubrikasıdır,Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı mərhum şairimiz Akif Səməd yaradıcılığından bəhs edəcək.

 

 

TRİBUNA

 

 

Aygün BAĞIRLI

 

                  

“ŞAİRDƏN ADAMA QUL OLMAZ AXI”

        

Akif Səməd özü seçmə şeirlərindən ibarət kitablarının birində şeirlərinin mövzu və janrı haqqında yazır: “Bütün mövzuların sərhədləri şərtidir. Ən saf sevgi şeiri elə Şuşa şeiridir. Təbiət şeiri də məhəbbət mehidir. Əsgərə güllədən oxumazlar, gözələ güldən...

         Janr üzrə də çinləmədim: qoşmalar, gəraylılar, divanilər... məncə, qoşmanın qoşma, gəraylının gəraylı olduğunu saz bilər, siz bilərsiniz”. Amma Akif Səmədin özünün janr və mövzu baxımından təsnif etmədiyi şeirlərində bir ana xətt, bir hakim mövzu mövcuddur – ağrı mövzusu. Bu ağrı nədən qaynaqlanırdı, səbəbi nə idi? Əgər  bir səbəbi müstəqilliyini yeni əldə etmiş Azərbaycanın keçid dövrünə xas ictimai-siyasi, sosial çətinlikləri, xüsusilə Qarabağ nisgili, Təbriz  və Savalan ayrılığı, dövrün poeziyasında dəb olan kədər və ölüm mövzusuna meyillilik  idisə, bir səbəb də şairin narahat daxili aləmi, bir nigaran ovqata sahib olması idi.  Onun şair obrazını bu qədər kədərli və ələmli edən, eyni zamanda cavan ikən müdrikləşdirən, şeirlərinə bədbinlik və nisgil yükləyən dərdlərinin çoxluğudur.

        

Dərdlərimiz qatar-qatar,

         Fil çəkəmməz, dəvə yatar,

         Nə əl yetər, nə ün çatar,

         Tanrının yeri ucada.

        

Akif Səməd üçün şair olmaq şeir yazmaq deyil, şair olmaq “ölüb dirilməkdir”, “ürəyi oymaqdır”, “günləri saymaqdır”.

                  

Öz dərdimi bölürəm,

         Öz dərdimə gülürəm.

         “Araz” – deyib, ölürəm,

         Qardaş, mən şeir yazmıram.

        

Akif Səmədin lirik “mən”i dərdlərinə güləcək qədər böyükdür, özünə şair deməyəcək qədər təvazökardır. O, dərdlərindən şikayət etmir, tikanı güldən, dərdi dərmanından gözəl hesab edir. Bu artıq şeirdə sufi mərtəbəsidir, şairliyin dərviş cilvəsidir. Ölümü dərdinə dərman bilən şairin maddi olanı heç saymasıdır.

                                              

Yaşamaq gor əzabıdır,

Ölüm, qurtar gordan məni.

 

...Fağır ölümün adı var,

Qardaş, ölüm nəmənədir.

 

Şairin sırf təbiət, yaxud sevgi və vətənpərvərlik mövzusunda yazılmış şeirini tapmaq çətindir. O, hansısa təbiət hadisəsindən danışanda da ona fəlsəfi-psixoloji anlam yükləyir. Vətənin hər daşı, çiçəyi, çeşməsi nəinki onun üçün dəyərlidir, əzizdir, həm də müqəddəsdir, sirlidir. Yovşan ətrinin izi onu tarixə, türkün keçmişinə aparıb çıxara bilir.

Şair özü şeirlərini janr və mövzu baxımından təsnif etməsə də, şeirlərinin özündə poetik dünyasının çərçivələrini, haradan yola çıxdığını, sözünün haradan, hansı qaynaqlardan şirə çəkdiyini açıqlayır:

 

Sən kövrəlmə, ay atam,

Dözümə yol gedirəm.

Nə vaxtdı itib-batan

İzimə yol gedirəm.

 

Yanmaq yaraşır ömrə,

Qulam Allahdan əmrə.

Nəsimi, Yunus Əmrə

Sözümə yol gedirəm.

 

Daşda bitən kolmuşam,

Öz-özümü yormuşam.

Özümdən yol almışam,

Özümə yol gedirəm.

 

Yaxud:

 

Quşdum, dimdiyimdə təzə dən gəlləm,

Füzuli istəyən sözə tən gəlləm,

Gedib bu dünyaya təzədən gəlləm,

Onun açığına,

Sənin xətrinə.

        

Göründüyü kimi, “özümə yol gedirəm” – deyən şair bu yolun başında Yunis Əmrənin, Nəsiminin, Füzulinin dayandığını bəyan edir. Uzun yol keçən, XX əsr Azərbaycan poeziyasında öz ozan-aşıq-şair obrazını yaradan Akif Səməd dahi sələflərinin yaradıcılığından hikməti, müdrikliyi, ali kədəri, sözə ehtiramı əxz etmişdir. Onun üçün sözün dəyəri böyükdür.

Akif Səmədin yaradıcılığında folklordan, xalq ədəbiyyatından gələn ifadə və ibarələr, bədii təsvir vasitələri onun şeirlərinə məna dərinliyi, xüsusi lirizm və poetiklik, bəzən də yumor hissi yükləyirdi. “Korun-korun tüstülədim”, “göy kösöyü yelpikləyən küləklər”, “Ərzurumun gədiyi”, “isinməz oduna”, “aç qapını, ört qapını”, “od olmasa, tüstü çıxmaz” kimi xalq deyimləri şairin yaradıcılığına bir rəng qatırdı. O, folklor elementlərindən  yaradıcı şəkildə istifadə edir, onları öz mətninin içində əridərək yeni funksionallıq aşılayırdı. Həm ümumtürk və Azərbaycan folkloruna, həm klassik şərq şeirinə yaxşı bələd olan şairin əsərlərində bəzən ozan və sufi şair obrazı da görünür. “Bəlli və sirr olanlar”, “qırxıncı qapı”, “yetmiş yeddinci qat”, “Mən məni harda itirdim?” kimi ifadələr şairin poetik leksikonuna məhz sufi ədəbiyyatından gəlirdi.

                  

Çox odlara bir qurulu binəyəm,

Gələn oxa tuş dayanan sinəyəm,

         Füzuliyəm, Vidadiyəm, ya nəyəm,

         Hardan tapdım dürlü-dürlü odları –

 

deməklə şair, dərdli  sələflərini də yad edir, ağrı və iztirabların ona sanki həmin söz  ustadlarından  yadigar qaldığını xatırladırdı.

         “Şuşaya gedə bilmirəm” şeiri müəllifin Qarabağ acısını, torpaq itkisini, Vətən həsrətini ifadə edən  ən yaxşı əsəridir. Evimə gedə bilirəm, Şuşaya gedə bilmirəm – deyib səssiz fəryad edən şair “Şuşasız evim ev deyil” – deyirdi.

                           

Türk olmaq günahmı oldu?

         Günahkar Segahmı oldu?

         Təbrizdən uzaqmı oldu?

         Şuşaya gedə bilmirəm.

 

Şair bu böyüklükdə dərdi çəkənin, ağrılara dözənin özünün, yoxsa divin olduğunu sual edir. Türkün kimliyinin tarixə görk, dözümünün möhkəm, səbrinin bol olduğunu söyləsə də, sonda “Şuşaya gedə bilmirəm” – deməklə şeirə qüssə dolu nöqtə qoyur.

         “Kəlbəcər qayıtsın” şeiri də şairin Qarabağ mövzusunda yazdığı şeirdir. “Kəlbəcər qayıtsın” – deyənlərə “Kəlbəcər hara qayıtsın, Kəlbəcərə biz qayıdaq”- deyərək sinələrdə köz sönməmiş, ruhumuz köləyə, qula çevrilməmiş, qaraçıya dönməmiş, şorana öyrəşməmiş bacardıqca yurd yerinə tez qayıtmağı vacib sayırdı.

Akif Səmədin nəfsi tox olan poetik “mən”i mövqe, vəzifə, yüksəlmək üçün dava edənlərdən, bir-birinə tor quranlardan uzaq dururdu. Hətta yüksəlmək üçün xəyanət edən “dostlar”ı anlamır, belələrinin sayəsində həyatdan inciyirdi.

         Kənddən arzularının arxasınca “könlü havalı” gələn bir çox söz adamları kimi, Akif Səməd də əsərlərində şəhərlə kəndi müqayisə edirdi. Səməd Vurğunun “Of... bu şəhər bir bəla, Ruha zəhərli bir su...” misralarını epiqraf seçən şair divarları qara, adamları boz, gəlmə ağacları il boyu yaşıl, saxta çiçəkləri qoxusuz, çilçıraqların əlindən səmasında ayı, ulduzu görünməyən şəhərdən şikayət edir, kənddə hər quşun yuvası olduğu halda, burada insanların yuvasızlığını ürək ağrısı ilə vurğulayır, özünü, “havalı könlü”nü hər işi ütülü, əndazəli şəhərə yaraşdırmadığını, baş götürüb yurd yerinə – İncəliyə  getmək istəyini də gizlətmirdi. Şairin bir şeirində kənddə bir gözəlin arzusu, “bir qom bənövşə”nin ümidi olan  bulud su olub hopmağa torpaq tapa bilmir. “Tanıdım o buludu” – deyən şair, əslində, buludun simasında özünü təsvir edir və mələklərin şəhərə gətirdiyi o buludu küləklərin  heç vaxt kəndə apara bilməyəcəyinə təəssüflənir. Şəhərdə qəlbi gözdən oxuyanların yoxluğundan şikayətlənən şair bir vaxtlar otlu cığırlardan dəmir yollara boylandığı üçün özünü qınayır.

                                     

Burda oxudullar quşu qəfəsdə,

         Sənin bu yerlərdə nə ölümün var?

         Burda ki satılır bənövşə qomla,

         Sənin bu yerlərdə nə ölümün var?

        

Bütün yaradıcılığı boyu İncəli şairin əsərlərində gözünü yolda qoyduğu, həsrətiylə yaşadığı, ayrılığı nisgilə çevrilən bir yurd yerinin obrazı  kimi görünür. Onun üçün hansısa kürsülərə layiq görülməmək faciə deyildi, şair üçün qorxulu olan doğma İncəlinin onu unutması, bir gün xatırlamaması olardı.

         Akif Səməd “40 yaşın qıfılbəndi”, “40 yaşın qoşması”, “Ömrün bayatısı”, “45 yaşın şeiri” kimi avtobioqrafik şeirlərində, bir çox əsərlərində olduğu kimi, öz poetik dünyasını təqdim edir. “40 yaşın qoşması”nda sirlər gözəl, gizlinlər gözəl, qonşu bağındakı alma gözəl, “gedə bilmədiyim o yerlər gözəl” – deyib görmədiklərinin sehrli və sirli olduğunu düşünürsə, sonuncu şeirlərindən olan “45 yaşın şeiri”ndə hələ çox şeyi – quruyub adam gözləyən dar ağacını, göy vələsi, dağdağanı, dağ başında “qara xaçı” təzə gördüyünü yazır.

         Şairdən adama qul olmaz axı, – deyən şair sözdən başqa, haqdan başqa heç nəyə, heç kimə qul olmadı. Dərd var – bayatı dedirdər, dərd var – söz eləmək olmur. Bayatı dedirdən dərd miqyasca böyük olandır, əslində. Amma bundan böyük dərd də var ki, şair susur onun qarşısında, əlində qələm, qarşısında kağız olsa da, ondan söz etmir.  Başqa bir şeirində yazır: "Dərd deyərəm, dilə gəlməz, sözlük deyil". Akif Səmədin sözə gəlməyən dərdlərinin çoxluğu idi şeirlərinə sirrqarışıq kədər çökdürən.

         Müəllifin dünya haqqında şeirləri də çoxdur. Şeirlərinin birində dünyanın hər üzünü yaşadığını, sandığın da, sirrin də onun olduğunu söyləyir. Amma şair dünyanın nə qədər acı üzünü görsə də, ondan şikayət etmir. Sanki dünya özü bu ərki vermir şairə. Hər yerdə yerini bilən lirik “mən” – atan deyil, anan deyil, dünya sənin nəyindi ki? – məşhur sualı ilə, mənəvi toxluq və zənginliklə dünyanın onun üçün yad olduğunu qəbul edir. “Kasıbı yorğun, yolçusu fağır, bəyi atlı” olan dünyaya söz deməyə lüzum görmür. Amma bir şeirində, əslində, dünyanın da özünün kim olduğunu, aşiqlərin mərtəbəsində dəyərinin qədərini gözəl bildiyini yazır:

                           

Qəlbində baş əyir ulu sevgiyə,

         Baxma ki, özünü əyməz bu dünya.

         Məcnunun gözündə, özü də bilir,

         Leylinin telinə dəyməz bu dünya.

 

... Çox da ki, şimşəklər haqqa şığıdı,

         Bu qanlar, qadalar haqq yaraşığıdı,

         Akifə oxşayıb, haqq aşığıdı,

         Ulu sevgiləri söyməz bu dünya.

 

Sevgi Akif Səməd üçün dəyərli mövzudur. Çox az – bir neçə şeirində konkret bu mövzudan yazsa da, ümumi yaradıcılığında sevgi şair üçün müqəddəs və ülvi duyğudur. "Sevgidə Tanrı var, Tanrıda mən varam" – deyən,  Sevgilisi işıq olan, qaranlığa uduzarmı? – yazan şair üçün eşq Tanrının, işığın özü deməkdir. Bu mövqe əsrin əvvəlində, – Mənim Tanrım gözəllikdir, sevgidir – deyən Hüseyn Cavid fəlsəfəsinin əsrin sonunda  başqa cilvədə qarşımıza çıxmasıdır. Sevməkdi günahım, vallah, büsbütün "Siz məni elə bu günaha bükün" – deyib özünün bu müqəddəs günaha bükülməyini vəsiyyət edir şair.

         “Hər kəsə qismətmi düyməsi yanmaq?”, “Qardaş, ölüm nəmənədi?”, “Dünya sənin nəyindi ki?”, “Gəlməyəsən, neyniyəsən?”, “Sənin bu yerlərdə nə ölümün var?”, “Gördüyün hansı Süleyman?” – kimi bədii suallar Akif Səməd poeziyasına fəlsəfi dərinlik və məna yükləməklə yanaşı, eyni zamanda leksikonunu zənginləşdirmiş,  ifadə tərzinə və üslubuna xalq şeirinə xas şirinlik gətirmişdir. “Akif Səmədin şeirləri öz dilinin saflığı, heyrətamiz təmizliyi ilə də seçilir. Xalqdan gələn təbii yumor, idiomatik ifadələr, atalar sözləri və məsəllər, inanclar və hər şeydən əvvəl klassik aşıq şeirinin solmayan, saralmayan bədii təsvir vasitələrinin yeni məzmunla qaynayıb-qovuşması onun şeirlərində duru çeşmədir. Əgər belə demək mümkünsə, burada ozan şeiri mədəniyyətini  və estetikasını bütünlüklə izləmək olar”.

         Arzularına əlinin çatmadığını, öz durna qatarına, istəklərinə həmişə  gecikdiyini, əyri işlərdə əli olmadığından zəmanə adamlarının onu heç saydıqlarını şair şikayət etmədən, bədbinliyə qapılmadan, həm dərdin, həm ölümün üzünə gülümsəyə-gülümsəyə, “şahanə dərvişlik”lə oxucusuna ərz edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)  

Bu gün Bakı Musiqi Akademiyasının Opera studiyasında “Primanın irsi” sənədli filminin ilk nümayişi olacaq. 

 

Tədbir Azərbaycanın birinci balerinası Qəmər Almaszadənin anadan olmasının ildönümünə və Azərbaycan Milli Teatrının 100 illiyinə həsr olunub. Ekran əsərinin ssenari müəllifi və rejissoru Samir Səmədovdur. 

Sənədli film ilk milli balerina və xoreoqraf Qəmər Almaszadənin yaradıcılığı, onun ən istedadlı yetirmələri, Azərbaycan baletinin əfsanəvi primalarından bəhs edir. Tamaşaçılar ilk dəfə Almaszadənin yetirmələri – təkrarolunmaz balerinaların iştirakı ilə müxtəlif illərə aid unikal kadrları görəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı növbəti biblioqrafiya ictimai-siyasi xadim, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyevin anadan olmasının 70 illiyinə həsr edilib.

 

Təqdim edilən biblioqrafiyada 1969-2022-ci illəri əhatə edən zəngin material toplanıb. Vəsaitdə “Vilayət Quliyevin həyat və yaradıcılığının əsas tarixləri”, “Vilayət Quliyevin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Vilayət Quliyev haqqında” bölmələri, siyasətçinin elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, həmçinin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.