Super User

Super User

 

Hazırda amerikalı məşhur rejissor Devid Linçin “Göy məxmər” filmi kassa gəlirlərinə görə öncül mövqelər tutur. Nədir filmə uğur gətirən? Nəfəskəsici süjet xətti. 

 

Tələbə Ceff atasının insult keçirdiyini eşidərək, doğma Lumberton şəhərinə qayıdır. Xəstəxanadan evə gedərkən Ceff boş bir ərazidə kəsilmiş insan qulağı tapır. O, polis bölməsinə yollanaraq, bu barədə xəbər verir. Bölmədə uşaqlıq dostu, polis zabitinin qızı Sendi ilə də rastlaşır və ondan öyrənir ki, ilk baxışdan sakit, təhlükəsiz görünən şəhərdə gizli cinayətkar dəstə fəaliyyət göstərir. O, Ceffə deyir ki, launc-müğənnisi Doroti Vallensin həmin cinayətlə əlaqəsi ola bilər. Ceff öz araşdırmasına başlayır. Araşdırmanın izləri gözəl, müəmmalı qadın Dorotiyə və onun sevgilisi olan narkotik ticarətçisinə gedib çıxır.

 

Dekabrın 22-də paytaxtımızda - “Artım” layihə məkanında “Göy məxmər” filmi nümayiş olunacaq. “SAFEZONE” qrup sərgisi çərçivəsində göstəriləcək film ingilis dilində Azərbaycan subtitrləri ilə təqdim ediləcək. 

Müddəti 120 dəqiqə olan ekran əsərinə hər kəsin baxa bilmək imkanı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

 

Bu il görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə ilidir, il boyu müxtəlif tədbirlər keçirilib. Sevindirici haldır ki, bölgələr də bu sayaq tədbirlərə qucaq açırlar. Növbəti ünvan Şəki olub. 

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki şəhər Uşaq İncəsənət Məktəbi ilə birgə yubileyə həsr edilmiş "Azərbaycan ətirli bəstəkar" adlı tədbir keçirib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən mediaya verilən məlumata görə, məktəbin müəllimi, musiqişünas Nərgiz Kərimova tədbir boyunca Fikrət Əmirovun yaradıcılığını işıqlandıraraq, bəstəkarın sehrli musiqi dünyasından söhbət açıb. 

Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri, “Zirvə” folklor instrumental ansamblı (bədii rəhbər Şəki şəhər Uşaq İncəsənət məktəbinin direktoru Eldar Rəcəbov) və Şəki şəhər Uşaq İncəsənət məktəbinin orkestri tərəfindən səsləndirilən bir-birindən gözəl ifalar dinləyicilərə musiqi bayramı yaşadıb. 

Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifliyə və Şəki şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbova, eyni zamanda bütün tədbir iştirakçılarına belə bir möhtəşəm konsertə görə öz minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Rəsm qalereyası: Fərhad İbrahimli, “Bakı etüdləri” silsiləsindən

 

 

Qarşıdan Yeni il bayramı gəlir. Bu isə ölkəmizə turist axını olacağı deməkdir. Bu ilin sonunadək Azərbaycana gələn turistlərin sayı 1,5 milyonu keçəcək.

 

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyir ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib. Pandemiyanı nəzərə alsaq bu, müsbət rəqəmdir. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çox olsa da, 2019-cu illə müqayisədə 2 dəfə azdır. Məqsədimiz pandemiyadan əvvəlki ilə qayıdıb, ondan bir addım da irəli getməkdir. Planlarımıza görə, yaxın 4 ildə Azərbaycana 4 milyon turist axını olacaq.

Onun sözlərinə görə, Turizm Agentliyi bu ilin yay aylarından yeni paketlər hazırlayır, Azərbaycanın tanıtım işlərini aparır: “Daha çox Asiyadan turistləri cəlb etməyə çalışırıq. Regionda geosiyasi dəyişiklər baş verdiyi üçün Rusiyadan gələnlərin sayı kəskin azalıb. Qış turizmi ilə bağlı təbliğat işini ənənəvi bazardan kənar - Avropa, ən çox da almandilli ölkələrdə aparmışıq”.

Turizm büdcəyə əlavə vəsait deməkdir. Bu vəsait də nə qədər çox olsa o qədər yaxşıdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Bazar ertəsi, 19 Dekabr 2022 15:30

Özbək mədəniyyəti günləri davam edir

 

Ölkəmizdə Özbəkistan mədəniyyəti günləri davam edir və oxucularımızı iki maraqlı tədbir barədə bilgiləndirmək istəyirik. 

Dekabrın 17-də Sumqayıtda - Heydər Əliyev Mərkəzində “Daşkənddən Qarabağa könül körpüsü” proqramı təşkil olunub. 

Dekabrın 19-da - bu gün isə bu dəfə paytaxtda - Beynəlxalq Muğam Mərkəzində Yəsəvi Divanının təqdimatı baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Aida Eyvazlı yazır

 

Yenə də əzəli türk torpaqları olan Saxa - Yakutiya barədə yazıram. Yakutiyanı fəth etməyə gələn missionerlər 1634-cü ildə  I rus çarı Mixail Fedoroviç Romanova yazırdılar: “Yakol torpağı çox genişdir, intəhasızdır. Burada əhali çoxdur, atlarının sayı bilinmir”.

                                                                

Tarixi mənbələrdə yakut atları eramızdan 30 min əvvəl də mövcud oluğu yazılır. Tayqada, Sibirdə  qədim buzlaqlar əriyib, yerin alt qatında saxladıqlarını üzə çıxaranda, mütləq oradan at sümüklərini də insan oğlunun  qarşısına çıxarır. Qışın oğlan çağında Yakutiyanın şimalında şaxtalar mənfi -60 dərəcədən də aşağını, yayda isə müsbət +40 dərəcədən yuxarını göstərəndə, yakut atları dözümlülük nümayiş etdirirlər. Buna görə də yakut atları dünyada ən güclü atlar  sayılır. Tanrı  bir  canlıya yaraşa biləcək bütün gözəllikləri bu heyvanın simasında cəmləşdirib. Gözlərinin üstündən uzanan birçəkləri də başqa bir aləmdir. Dərilərinin üstündə olan  qalın yun örtüyünə görə şaxtalı-ayazlı qış günlərində böyük məsafələri problemsiz qət edə bilirlər. Qalın dərilərinin altında çoxlu piy qatı yığılır. Piy qatı, isti yun qatı  onları soyuqdan qoruyur.

Bu atların yunlarının uzunluğu 15 santimə çatır. Yakut atları dırnaqları ilə buz qatını yarıb, qidalanırlar.Buna görə də onlara yarımvəhşi atlar deyirlər. Çünki yakutlar qışda atı tövləyə bağlamır, elə ana təbiətin ixtiyarına verirlər. Bu atlar yaz aylarına qədər  mənsub olduğu kəndin və ya ulusun ətrafında özləri üçün yem axtara-axtara dolaşırlar. Yazda isə sahibinin həyətinə qayıdırlar. Öz ünvanlarını itirməz, sahibini unutmaz, verilən əmri yerinə yetirərlər.  

Hər bir ilxıda, at sürüsündə  adətən 25 baş, çox olanda isə 5 mindən çox ayğır və dayça at olur. Onlar həm də uzun zaman bir ailə kimi yaşayırlar. Yakut atları insanlara qarşı aqressiv deyillər. Onlar özləri insana qarşı mehribanlıq nümayiş etdirir, insandan məhəbbət və sevgi umurlar. Çox davamlı və qalın dırnaqları ilə buz qatının üstündə heç bir maneəsiz gəzə bilirlər. 3000 metr məsafəni çaparaq 5 dəqiqəyə qət etməyi bacarırlar. Öz sahibinə 20-25 il xidmət edəndən sonra, atlar qoca sayılırlar. Qocaldıqdan sonra onları ağır iş görməyə götürmürlər. Qocalıqda istirahət edilər.

At əti ekoloji təmiz ət sayılır, özünün müalicəvi əhəmiyyəti vardır. Atın əti qaraciyər, mədəaltı vəzi və mədə-bağırsaq xəstələrinə məsləhət görülür. Atın südü isə şəkərlə ,  C vitamini ilə zəngindir. Ona görə də at südündən hazırlanan kumıs həm də antibiotik sayılır. Kumısdan və at südündən dizenteriya, tif, vərəm xəstəliyinin müalicəsində istifadə olunur. Çünki atın  südündə olan  yod, kalsii və askorbin turşusu isə anemiya və zob xəstəliyində istifadə olunur.  

Yemək üçün istifadə edilən atları bir qayda olaraq heç vaxt minmirlər, işlətmirlər. Kəsimə ancaq 2 yaşlı dayçaları verirlər.

Yakutların təqvimindəki  mart ayı  atın adına hörmətlə “Kulun tutar”, yəni dayça doğulan ay  adlanır.

Bütün türkdilli xalqlarda olduğu kimi, yakutlar da atlarının çulunu, yəhərini ən gözəl işləmələr, parçalar, örtüklər və gümşlə bəzərdilər. Çula “Çeprak”, böyürlərindən asılan muncuqlar və gümüşlə tikilən bəzəkili xurcuna isə “Kıçımı” deyirlər.  Atın yəhərinə isə müxtəlif  rəngli  at dərilərindən  toplanıb tikilən “dalabara” ilə bəzəyərlər.  

Beləliklə bütün bunlardan da belə nəticəyə gəlinir ki, yakutların öz dini inanclarına görə göyün yuxarı qatında hər bir insanın taleyini , özünü qoruyan at ruhu dolaşır.  Başqa bir dünyanın olduğuna inanan və yakut türkləri belə hesab edirlər ki, insan öldükdən sonra  yeni dünyaya köçür, o biri dünyada isə, insanın atı onun yanında olmalıdır ki, ruhu rahat gəzə bilsin.

 

“Ədəbiyyat və incəsənət”

(19. 12.2022)

 

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin (İB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şuşa İli”nə həsr olunan “270-ci səhifə” adlı sənədli filminin növbəti təqdimatı Şuşa Dövlət Musiqili Dram Teatrında olub.

 

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filmin ssenari müəllifi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev tədbirdə film barədə məlumat verib.

O vurğulayıb ki, ekran əsərində Şuşanın yarandığı gündən bu günə qədər olan tarix göstərilir: “Şuşanı dünyaca məşhur edən yaradıcı insanlar, ictimai xadimlər haqqında ətraflı məlumat verilir. Filmdə Şuşanın üzləşdiyi ağır dövrlərə də ekskursiya edilir. Şuşa şəhərinin yaradıcıları azərbaycanlılar olub. Məqsədimiz Şuşa haqqında həm yerli, həm də xarici auditoriyaya doğru və dolğun məlumatları çatdırmaqdır. Filmin adı Qarabağımızın mirvarisi Şuşa şəhəri bu il 270 yaşını qeyd etdiyinə görə rəmzi olaraq “270-ci səhifə“ adlanır. Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır. Yaradıcı heyət film boyu sanki bu kitabı vərəqləyir”.

Filmin aparıcısı, araşdırmaçı Müsəllim Həsənov qeyd edib ki, bu ekran əsərində Şuşanın keçdiyi yol haqqında ətraflı məlumat verilir. Güman edirəm ki, film hamının xoşuna gələcək.

Ekran əsərinin prodüseri Kəmalə Cahidqızı bildirib ki, filmdə azad olunandan sonra gözəl Şuşanın artıq dirçəldilməsindən də bəhs edilir.

Sonra film təqdim olunub.

Qeyd edək ki, ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

 

YARAT Müasir İncəsənət Mərkəzi növbəti dəfə musiqisevərləri sevindirəcək.

 “Pianoçu ilə görüş” layihəsi çərçivəsində müzakirə dekabrın 23-də keçiriləcək. 

Yeni il ərəfəsində layihənin budəfəki qonağı istedadlı pianoçu Riad Məmmədov olacaq. 

Müzakirə rus dilində aparılacaq. 

 

Riad Məmmədov öz yaradıcılıq fəaliyyətində müxtəlif janrları və musiqi istiqamətlərini bir araya gətirir.

Moskva Konservatoriyasını, habelə fortepiano ixtisası üzrə aspiranturanı, eləcə də musiqişünas kimi nəzəri aspiranturanı bitirdikdən sonra, o, akademik ifaçı kimi qalmaqla yanaşı, dünyada muğam və caz-muğam meyillərini inkişaf etdirib. Özünü ifa tərzində, aşkarlanan intonasiyalarda və motivlərdə ifadə etməklə, Şərq məfhumu musiqiçinin proqramlarına həm bilavasitə, həm də alleqorik şəkildə nüfuz edib. Riad Məmmədov ictimaiyyətə dirijor Teodor Kurentzis və onun “musicAeterna” orkestri ilə solo konsertləri və birgə layihələri, eləcə də öz klassik, caz və müəllif repertuarı olan albomları ilə tanışdır.

Hazırda musiqiçi “Cənnətdən Şərqə” adlı albomu üzərində çalışır. Bu alboma onun yeni bəstələri daxil olacaq.

 

 “Ədəbiyyat və incəsənət”

(19.12.2022)

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Rauf Hacıyev-100” musiqi festivalı çərçivəsində estrada mahnılarından ibarət konsert proqramı təqdim olunub. 

 

Konsert  Mədəniyyət Nazirliyinin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Konsertdən əvvəl Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək, görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb. 

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyevaya Rauf Hacıyevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edib. 

Musiqi axşamının proqramı Xalq artisti Rafayel Bayramovun idarə etdiyi kamera orkestri və Şəhriyar Tağıyevin rəhbərlik etdiyi “Xəmsə” estrada ansamblı tərəfindən hazırlanıb. Konsertin iştirakçıları, solistlər –Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, ansamblın solistləri Əli Məmmədov, Rüstəm Cəfərov, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, müğənnilər Leyla Məmmədova, Elmir Pişnamazzadə, Vasif Bayramov Rauf Hacıyevin məşhur mahnı və instrumental kompozisiyalarını ifa ediblər. Proqram çərçivəsində bəstəkarın “Qızlar rəqsi” adlı əsəri də ilk dəfə səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

ABŞ-ın Florida ştatının Mayami şəhərində gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılış mərasimi olub. Azərbaycanın ABŞ-dakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi dekabrın 21-dək ziyarətçilər üçün açıq olacaq. Sərgi Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

 

Açılış mərasimi Mayami və ətraf şəhərdə yaşayan soydaşlarımızın, o cümlədən burada akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və yerli rəsmilərin iştirakı ilə keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir. 

Tədbirdə çıxış edən səfirliyin ikinci katibi Mahmud Mahmudov Azərbaycanın zəngin mədəniyyətindən, ölkəmizdə incəsənətin tarixindən bəhs edib, rəssamlara dövlət səviyyəsində qayğı və dəstəyin olduğunu bildirib. O, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə qonaqları təbrik edib və bu günün elan olunmasında Ümummilli Lider Heydər Əliyevin mühüm rolunu vurğulayıb.

Daha sonra çıxış edən “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev göstərilən dəstəyə görə təşəkkürünü bildirib, rəsm əsərləri və mərkəzin fəaliyyəti barədə məlumat verib. Bu sərginin gənc rəssamların iştirakı ilə təşkil olunan 22-ci beynəlxalq sərgi olduğu diqqətə çatdırılıb. 

Sonda rəssamlara sertifikatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.