150 ilin işığında - milli teatrımızın 150 illiyinə 4 baxış

Ölkəmizdə milli teatrın 150 illiyi təntənə ilə qeyd olundu. Bəs maraqlıdır, ünlülər buna necə reaksiya verdilər? “Ədəbiyyat və incəsənət”in növbəti yazısı bu barədədir.

 

1-ci baxış

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov:

-Milli Teatrımızın 150 illik yubileyinin qeyd olunması böyük mədəniyyət hadisəsidir. Mən öz adımdan, teatr xadimləri adından bu böyük tarixi qeyd etmək üçün Sərəncam imzaladığına görə dövlətimizin başçısına təşəkkürümü bildirirəm. Hamımız bu Sərəncamı böyük sevinclə qarşıladıq. 

Azərbaycan teatrı ağır, amma şərəfli yol keçib. Bu yolda itkilərimiz də çox olub, uğurlarımız da. Əsas odur, teatr sənəti bu gün yaşayır, uğurla inkişaf edir. Gənclərə həmişə qayğı göstərilir. Azərbaycan teatrının gələcəyi əmin əllərdə olacaq. Çünki dövlətimiz bu sahəyə həmişə diqqət və qayğı göstərib. Bu qayğı, bu uğurlar təkcə hazırlanan tamaşalarla olmayıb. Biz Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi diqqət-qayğısını həmişə hiss etmişik. Məsələn, aktyorlara, rejissorlara fəxri adlar verilib, onlara təqaüd ayrılıb, onlar mənzillə təmin olunublar. Bu qayğı, teatra bu böyük məhəbbət Ulu Öndər Heydər Əliyevin unudulmaz mirasıdır ki, bu gün də davam edir.

 

2-ci baxış

Əməkdar artist Şövqi Hüseynov:

-Əsası 1873-cü il martın 10-da Bakıda “Lənkəran xanının vəziri” komediyası ilə qoyulan Azərbaycan teatrı bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin Milli Teatr Gününün təsis edilməsi və teatrın 150 illiyinin qeyd olunması ilə bağlı sərəncamları bu yeni mərhələnin əsasını təşkil edir. Azərbaycan teatrı həmişə cəmiyyətin mədəni tərəqqisinə xidmət edib və buna nail ola bilib. Milli teatrımız uzun və şərəfli tarixi yol keçib, postsovet məkanında ən yaxşılardan olub. Azərbaycan teatrının yetirmələri müstəqillik illərində qonşu dövlətlərin, xüsusilə qardaş Türkiyənin teatrlarının inkişafında və teatr tədrisində müstəsna rol oynayıblar. 

Qürurla demək istəyirəm ki, mən də bir aktyor kimi milli teatrınızı dünya səhnələrində, beynəlxalq festivallarda şərəflə təmsil edirəm və hər bir alqışla, təriflə, mükafatla ölkəmin adını ucaltdığıma görə fəxr edirəm. Fəxr edirəm ki, mən məhz Azərbaycan səhnəsinin yetirməsiyəm. Bu gün ölkəmizdə 20-dən çox dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda yüzlərlə aktyor çalışır. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bu sənətə sayğının və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin göstərişi ilə teatr binaları təmir və bərpa etdirilir, onların dünya teatr səhnəsinə uyğun fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır. Teatrın inkişafı üçün Dövlət Proqramı uğurla həyata keçirilib. Bir ay əvvəl dövlətimizin başçısının Azərbaycan peşəkar milli teatrın yaradılmasının 150 illik yubileyi ilə bağlı imzaladığı müvafiq Sərəncam da dövlətin teatr sənətinə olan diqqətinin ifadəsidir. Eyni zamanda, inanıram ki, son vaxtlarda Mədəniyyət Nazirliyində aparılan islahatlar da teatr sənətimizin daha da irəli getməsinə şərait yaradacaq, Azərbaycan teatrı dünya səhnəsində daha intensiv təmsil olunacaq. Mən də bir aktyor kimi bu sahədə öz yaradıcı potensialımdan tam gücü ilə istifadə etməyə daim hazıram. Teatrımızın 150 illiyi münasibətilə bütün həmkarlarımı və teatrsevərləri təbrik edirəm, daha böyük səhnə uğurları arzu edirəm.

 

3-cü baxış

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadə:

-“Teatr məbəddir” deyirlər. İnsanın həyatda görmək istədiklərinin səhnədə rəmzləşdirilməsi, insanların arzularına doğru ümidlə getmələrində teatrın əhəmiyyəti böyükdür. Teatr ümumiyyətlə, bütün xalqların həyatında müstəsna rol oynayıb. Eləcə də bizim xalqımızın. Azərbaycan peşəkar milli teatrı 150 illik yubileyinin qeyd edir. Bu bir əsr yarımlıq tarixi dövr ərzində Azərbaycan teatrı çox böyü inkişaf yolu keçib. Sevindirici haldır ki, bu yubiley Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə geniş şəkildə qeyd olunmaqdadır.

“Teatr müqəddəs yerdir! İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır”,- kəlamı Ulu Öndər Heydər Əliyevə məxsusdur. 

Ümummilli Liderimiz Heydər Əliyevin bu sözləri mədəniyyət və incəsənətimizin böyük hamisi olan fenomen bir şəxsiyyətin teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə əks etdirir. O, tamaşaların premyeralarına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla, rejissorla, rəssamla, ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət edər, fikirlərini bildirərdi. Ulu Öndərimiz ömrünün son günlərinə qədər bu ənənəni davam etdirdi. Bilirsiniz ki, bu il ölkəmizdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir. Bütün bunlar çox sevindiricidir. Hazırda ölkəmizdə yaradıcı insanlar üçün hər cür böyük imkanlar yaradılıb.

 

4-cü baxış

Əməkdar artist Rəhman Rəhmanov:

-Peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkə başçısının teatra və teatr fədailərinə sevgi və diqqətinin təzahürüdür.

Sözsüz ki, bu qayğı, teatrda çalışanların sevincinə şərik olmaq bizləri stimullaşdırmaqla yanaşı, yaradıcılıq əzmimizi də artırır. 

Ömrümün 40 ildən artıq bir dövrünü kukla sənətinə həsr etmişəm və heç vaxt ondan ayrı düşməmişəm. Çünki kuklaçı aktyor olmaq, balaca tamaşaçılar qarşısında çıxış etmək mənim üçün, ümumən biz kuklaçılar üçün hər zaman maraqlı və sevinclidir. Axı balaca balaların saf gülüşləri, məsum baxışları, təmənnasız sevgiləri var. Onu da nəzərə alın ki, onlar həm də çox diqqətli və tələbkar tamaşaçılardır. Sevinirəm ki, hər zaman olduğu kimi bu gün də kukla teatrına, kukla səhnə sənəti nümunələrinə belə böyük tamaşaçı marağı var və zəngin milli teatr tariximizin 90 ilindən atıq bir dönəmində təmsilçisi olduğum Azərbaycan Dövlət Kukla Teatrının öz xüsusi yeri var. Son 30 il təkcə onlar üçün yox, ümumən milli teatrımızın inkişafında xüsusi yer tutur. Çünki bu müddətdə Azərbaycanda teatr sənəti daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub, saysız beynəlxalq teatr festivallarına qatılaraq milli səhnə sənətimizin şöhrətini ölkəmizin sərhədlərindən kənarda da göstərib. Dünyada daha çox tanınıb, beynəlxalq səhnələri fəth edib. Bu işdə teatrın inkişafı ilə bağlı müvafiq Dövlət proqramının böyük rolu oldu. Təsadüfi deyil ki, proqram sayəsində əksər teatr binaları əsaslı təmir-bərpa olundu, onların maddi-texniki bazaları möhkəmləndirildi, dünya standartları səviyyəsinə qalxdı.

Bu müddət ərzində biz dövlət başçımızın daimi diqqət və qayğısı ilə əhatə olunduq. Ümumən teatrın mədəniyyət siyasətimizin vacib istiqaməti kimi daim ön planda olması biz teatr təmsilçilərini çox sevindirir. Bunun davamı olaraq dövlətimizin başçısının Azərbaycan peşəkar milli teatrın yaradılmasının 150 illik yubileyi ilə bağlı Sərəncam imzaladı. Bu özlüyündə teatrımızın gələcək inkişaf strategiyasını müəyyən etməklə yanaşı, teatrın dövlətimizin mədəniyyət siyasətində tutduğu əhəmiyyətli yerin göstəricisinə çevrildi.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.