Super User

Super User

Bazar ertəsi, 13 Mart 2023 14:14

Bu məşhurlar əlifbanın son hərfini bilmədi

Ən çox oxunan həftəsonu xəbərini təqdiç edirik. “MTV maqazin" verilişi məşhurlar arasında sorğu keçirib. “Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, şou əhlindən "Əlifbanın sonuncu hərfi hansıdır?", - deyə soruşulub.

Maraqlısı isə odur ki, məşhurların əksəriyyəti bu suala cavab verməkdə çətinlik çəkib.

Belə ki, rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Kərim Abasov, Əkbər Əliyev, Şəbnəm Tovuzlu, Manaf Ağayev və Səidə Sultan cavabı bilməyib.

Aparıcı Elgiz Əkbər isə bu sualın ona ünvanlanmasını ayıb hesab edib. Və o da cavab verməyib. 

Xəbəri oxuyub utananlara xatırladaq: əlifbamızda sonuncu hərf Z hərfidir.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

“Azərbaycanın tanınmış tarzəni Mirzə Sadıqcanın Şuşada doğulub boya-başa çatdığı evi təmir olunacaq” 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu  “Report”un Şuşaya ezam olunmuş müxbirinə Şuşa Dövlət Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılov deyib.

 Onun sözlərinə görə, bu ildən təmir-bərpa işlərinə başlanılacaq.

Qeyd edək ki, Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqcanın (Mirzə Sadıqcan) yaşadığı ev XIX əsrə aiddir.

Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra erməni vandallar tərəfindən dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Bakı Musiqi Akademiyasının Opera studiyasında məşhur balerina Qəmər Almaszadənin doğum gününə və Azərbaycan milli teatrının 150 illiyinə həsr olunmuş “Primanın irsi” sənədli filminin premyerası olub. 

 

Filmdə Qəmər Almaszadənin misilsiz yetirmələrinin iştirakı ilə müxtəlif illərin nadir kadrları tamaşaçılara təqdim olunub. Qonaqlar arasında filmin qəhrəmanları vardı, onlar milli balet tarixinə qayğıkeş münasibətə görə müəllifə təşəkkürlərini bildiriblər. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Samir Səmədovdur. Qeyd edək ki, bu, S.Səmədovun artıq üçüncü müəllif işidir. 

Filmdə ilk milli balerina və xoreoqraf Qəmər Almaszadənin yaradıcılığından, onun ən istedadlı tələbələrindən, Azərbaycan baletinin əfsanəvi primalarından söhbət açılır. 

Qəmər Almaszadə Azərbaycan bəstəkarlarının əksər baletlərində, o cümlədən Qara Qarayevin “Yeddi gözəl” və Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletlərində ilk dəfə baş partiyaları ifa etməklə məşhurdur. 6 yaşından başlayaraq baletlə məşğul olan Q.Almaszadə Azərbaycan Opera və Balet Teatrının baş baletmeysteri və Bakı Xoreoqrafiya Məktəbinin müəllimi kimi Azərbaycan balet məktəbinin inkişafına böyük töhfə verib. Q.Almaszadə xoreoqrafiya ustadlarının böyük nəslini yetişdirib, onlar dünyanın müxtəlif şəhərlərinin səhnələrində çıxış edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Strasburqda muğam konserti keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, muğam konserti “Saint –Pierre –Le-Jeune” kilsəsində keçiriləcək. Tədbir çərçivəsində Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin qurbanlarına dəstək məqsədilə “A.A.P.I.I.” Assosiasiyası (Association d’aide aux personnes issue de l’immigration) tərəfindən könüllü xeyriyyə aksiyası təşkil olunacaq.

Xalqımızın ən əziz bayramlarından olan Novruz yazın gəlişini və təbiətin oyanışını bildirməklə yanaşı, xalqlar və icmalar arasında sülh, həmrəylik və qarşılıqlı hörmət dəyərlərinin möhkəmləndirilməsi ilə bağlı çoxəsrlik ənənələri özündə təcəssüm etdirir. 

Xatırladaq ki, BMT-nin Baş Assambleyası 2010-cu ildə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. 2016-cı ildə isə “Novruz” bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mədəni tədbir vasitəsilə Novruzun ruhu və idealları strasburqlularla bölüşüləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

“Güney Azərbaycan Hərəkatında qadınların rolu” adlı dəyirmi masa təşkil edilib

 

 

Cənub mövzusu daim gündəmdə saxlanılmaldır. Xüsusən bu həssas dönəmdə diqqətlər Təbrizdədir. Türk Ağsaqqalları Birliyinin (TAİB) mərkəzi ofisində “Güney Azərbaycan Hərəkatında qadınların rolu” adlı dəyirmi masa keçirilib. “Ədəbiyyat və incəsənət” portalı TAİB rəsmisi Elnur Eltürkə istinadən xəbər verir ki, tədbir kifayət qədər maraqlı və məhsuldar keçib. 

 

Tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini Eyvaz Hünbətov bildirib ki, Güney Azərbaycan gündəmdə olan bir mövzudur, Azərbaycanın ikiyə bölünməsi mövzusu təkcə Azərbaycanın deyil, eləcə də dünya azərbaycanlılarının və türk dünyasının da probleminə çevrilib. 

Eyvaz Hümbətov, həmçinin Prezident İlham Əliyevin bir neçə dəfə Cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajlar verdiyini deyib. 

“Hamımız bilirik ki, Güney Azərbaycanda insanların hüquqları pozulur. Orada-tarixi torpaqlarında yaşayan qədim türklər öz doğma dillərində danışa və yaza bilmirlər. Üstəlik fars şovinizminin Azərbaycana qarşı olan təzyiq və təhdidləri də birmənalı olaraq İranın düşmən mövqeyini ortaya qoyur. Azərbaycan qadınları cəsarətli ruhları ilə mübarizələrindən əl çəkməyərək bütöv Azərbaycan naminə bu gün də meydandadırlar. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın nümunəvi, əhatəli fəaliyyəti örnək olaraq bütün Azərbaycan xanımlarına güc verir. Güneydən gələn səsə Quzeydən minlərlə səs verən insanların birliyi bir gün mütləq Azərbaycanı bütövləşdirəcək. “Dəmir yumruq” hələ yerindədir”, - deyə E.Hünbətov vurğulayıb. 

Tədbirdə qonaq qismində iştirak edən, İsveçdə yaşayan tanınmış şairə, 30-dan çox kitabın müəllifi, jurnalist Eluca Atalı öz çıxışında qeyd edib ki, Azərbaycan qadını təkcə Güney Azərbaycan hərəkatında deyil, bütün işlərdə fəal və mübarizdirlər: “İsveçdə 16 ildir yaşayıram. Bu günə kimi 30-dan çox kitab yazmışam, kitablarım daha çox fəlsəfi, bədii, miniatür janrındadır, lakin müxtəlif janrlarda da yazıram. Əsas məqsədim uşaqlara, insanlara, dünyaya kamilliyi, insanlığı təbliğ etməkdir. Mən özümü daha çox Bütöv Azərbaycan yazarı olaraq görürəm. Ona görə ki, Azərbaycanın problemi ikiyə bölünəndən sonra başlayıb. Bu yaxınlarda “İran Hizbullah zindanında” adlı kitabımın təqdimatı keçirildi. Bu kitabda İranda islam inqilabının baş vermə səbəbləri, inqilabın İran cəmiyyətinə və bəşəriyyətə gətirdiyi fəlakəti yüksək bədii keyfiyyətlərlə təsvir etmişəm. Eyni zamanda, milli, taleyüklü dərdimiz olan Güney Azərbaycan mövzusu da əsərin mərkəzində durur. Bu gün Güney Azərbaycan şovinist farsların əlindədir. Xaricdə yaşayan bütün azərbaycanlıların ürəyi İranda əzilən insanlarımızın ürəyi ilə bir döyünür. Biz, Azərbaycan qadınları hər zaman olduğu kimi, yenə də, bu hərəkatın iştirakçısı olaraq, Azərbaycan həqiqətlərini və türk xalqlarının həqiqətlərini israrla dünyaya çatdırmaqda davam edəcəyik”. 

Daha sonra çıxış edənlər, TAİB-in Qadınlar Şurasının üzvləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya elmləri doktoru Xuraman Hümbətova, şairə Sara Göyçəli, Gənclər Təşkilatının sədr müavini Qadir Quliyev, İdarə Heyətinin üzvləri Nüsrət Paşayev, Zaməddin Həmişəyev, Elnur Eltürk, Şərafət Şəfa, hərbi ekspert Natiq Əlisoy da öz çıxışlarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nümunəvi fəaliyyətindən danışaraq, dövlətin qadın siyasətinin uğurlu davam etməsinin bəhrəsi olaraq qadınlarımızın hər sahədə geniş fəaliyyətindən, böyük arenalarda və meydan hərəkatındakı rolundan bəhs ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan qadını əxlaqı, zəkası, mədəniyyəti ilə dünya qadınlarına nümunədir. Qırx dörd günlük Vətən müharibəsində şəhid, qazi olanların analarının mətinliyi bunun bariz nümunəsidir.

Bir gün gələcək və ikiyə bölünmüş vətən hökmən birləşəcək!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

“Ədəbiyyat və incəsənət” portalı yenidən gələcəyimiz olan uşaqlar barədə mövzunu gündəmə gətirir.  Əməkdaşımız Malik Məmmədov əski həyatımızdan əsla fərqli olaraq günümüzdə uşaq oyunlarına münasibətin dəyişməsi mövzusu ilə bağlı apardığı araşdırmanı nəhəyət ki, uşaq psixoloqu Yasəmən Səfərzadəyə ünvanlanan suallarla yekunlaşdırıb və beləcə, bir çox suallara cavab tapılıb. Niyə bu gün uşaq oyunları yalnız kompüter və mobil telefonla məhdudlaşır?

 

Oyun fəaliyyəti yeni bir fəaliyyət növü deyildir. Oyun terapiyası uşağın problemlərini başa düşmək, onun hisslərini və rəftarlarını araşdırmaq və onlarla üzləşərək həll yollarını tapmağa imkan verən bir texnikadır. İlkin insanlar yaranan gündən elə oyun fəaliyyəti də yaranmışdır. Bəs oyun nədir?

Bir uşağın həyatında sevgi, diqqət, yuxu, qidalanma nə qədər əhəmiyyətlidirsə, oyun da bir o qədər əhəmiyyətlidir. Oyun oynarkən uşaqlar xoşbəxt olurlar.  Bəzən valideynlər övladlarının oyun oynaya bilmədiklərini, oyun oynarkən aqressivləşdiklərini və xoşbəxt olmadıqlarını düşünürlər.  Amma əslində uşaqlar oyun oynarkən öz hisslərini, düşüncələrini, yaşadıqlarını, söyləmək istədiklərini bizə göstərərlər. Və bir uşağın oyun oynarkən xoşbəxt olmaması, aqressivləşməsi, oyun oynaya bilməməsi elə onun həyatının, yaşadıqlarının bir göstəricisidir.

Oyun uşağın çətinliklərlə başa çıxma üsuludur. Biz uşağın oyununa fikir versək, əgər o öz oyununa münasibətlər sistemini, dostları, yoldaşları, valideynləri ilə olan münasibətini mütləq şəkildə yansıdır. Hər bir uşağın özünəməxsus sevgi dili olduğu kimi, bu sevgi dili də onların oyunlarına təsir edir.

Oyun uşaqların inkişafında xüsusilə əhəmiyyətlidir. Sadə bir oyun olan, hamımızın bildiyi amma uşaqlarımızın çoxunun unutduğu, oynamadığı "klas-klas" oyunundan nümunə gətirmək istəyirəm. Sadə görünən bu oyunda uşaq daş parçasını xanaya atdığı zaman, burada onun diqqəti, təfəkkürü, təxəyyülü inkişaf edir. Uşaq həm də sosial təsirə məruz qalır. Bir uşağın oyun prosesində dostları tərəfindən alqışlanması, ona ümid bəslənilməsi, qalib olmasının istənilməsi qədər məğlub olmasının gözlənilməsi də uşağın inkişafına çox müsbət təsir edir. Son zamanlar valideynlərin ən narahat olduğu məsələlərdən biri də "övladım paylaşa bilmir, mən nə etməliyəm". Uşağın paylaşmağını istəyiriksə, əgər oyun zamanı biz bunu ona aşılaya bilərik. Uşaq oyun zamanı daş parçasını dostları ilə paylaşdığı zaman, yaxud özü paylaşa bilməsə belə, başqa birinin paylaşdığını görməsi  uşagın davranışına mütləq şəkildə müsbət təsir göstərir.

Belə bir düşüncə tərzi mövcuddur ki, uşaqlar məktəbə gedənə qədər oyun oynaya bilər, artıq məktəb dövrü başladısa uşağın oyun prosesi də sonlanmalıdır. Oyunun yaşı yoxdur. Oyun uşağın həyatının ayrılmaz bir parçasıdır. Biz ona oyun zamanı öz hisslərini, düşüncələrini, yaşadıqlarını ifadə etməyə şərait yaradırıq. Və bir uşağın bundam məhrum olması öz hisslərini, yaşadıqlarını, düşüncələrini paylaşa bilməməsi deməkdir.

Bəzən oyuncaqlarla oynanılan oyunlarla inkişaf etdirici məşğələlər, əyləncə tipli məşğələlər səhv salınır. Oyuncaqlarla oynanılan oyunlar uşaqların hisslərini, düşüncələrini, yaşadıqlarını ifadə etməyə şərait yaradır. Uşaq burada istədiyi oyuncaqlardan istifadə edərək özünə  mühit yaradır. Ancaq əyləncə tipli məşğələlər də, inkişaf etdirici məşğələlər də uşağın valideynləri ilə vaxt keçirməsi baxımından çox əhəmiyyətlidir. Oyun uşaqların dili, oyuncaqlar isə söyləmək istədikləridir.

Demək, ən azından keçmişdəki oyunların bərpasına cəhd etməliyik!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

 

Laçın, Füzuli və Zəngilanda ailə və uşaq mərkəzləri yaradılacaq

 

 

Azad edilmiş üç rayonda - Laçın, Füzuli və Zəngilanda bu il icma əsaslı uşaq və ailə mərkəzlərinin yaradılması nəzərdə tutulub. 

Bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva "Fərqli Fərdlər" konqresində çıxışı zamanı deyib. 

 

K.Əliyeva bildirib ki, icma əsaslı xidmətlər və valideynlərə dəstək göstərmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 uşaq və ailələrə dəstək mərkəzi fəaliyyət göstərir. Mərkəzlər uşaqlıq dövrünə xas olan əlillik hallarına erkən müdaxiləyə dair xidmətlərə çıxış imkanlarının, xüsusilə kənd yerlərində təmin edilməsi məqsədilə aidiyyəti qurumlara yönləndirməklə yanaşı, mərkəzlər daxilində aktiv terapiya, psixoloji konsultasiya, inkişafetdirici, reproduktiv məşğələlər və digər xidmətlər də göstərilir. 

Komitənin nümayəndəsi Ermənistan təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstəyin göstərilməsi məqsədilə Goranboy, Ağdam, Tərtər rayonları və Gəncə şəhərində 1400 ailənin qiymətləndirilməsinin aparıldığını diqqətə çatdırıb. O, həmin vaxt 2 min 400 uşağa psixososial dəstək göstərildiyini qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

 

BMA-dan verilən məlumata görə, konsertdə Moskva Dövlət Konservatoriyası tərkibində Mərkəzi Musiqi Məktəbinin Fortepiano şöbəsinin müdiri, beynəlxalq müsabiqələr laureatı, pianoçu Mira Marçenko və tanınmış pianoçu Səidə Tağızadənin əsrarəngiz ifaları dinləyicilərdə xoş ovqat yaradıb. 

Konsert çərçivəsində Sergey Raxmaninovun fortepiano üçün suitaları (N.1 və N.2) və Qara Qarayevin "Don Kixot" simfonik qravürləri, "Yeddi gözəl" baletindən "Gözəllər gözəli" əsərləri pianoçuların ifası musiqisevərlərin könlünü oxşayıb, konsert proqramı maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Bazar ertəsi, 13 Mart 2023 15:00

Zemfira Nərimanova necə donmuşdu

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Zemfira Nərimanovadır.

 

ZEMFİRA NƏRİMANOVA

(1959)

***

20 yaşım olanda Sankt-Peterburqda filmə çəkilirdim. Qış idi, hava qarlı, soyuq. Donmuşam. Əynim də nazik. Mənim yerim çəkilir.

Rejissor:

– Zema, demək, ətrafa baxırsan, indi də yavaş-yavaş çantanı açıb güzgünü götürürsən… çantanı açırsan… götürürsən güzgünü… Zema! Çantanı! Güzgünü! Stop! Niyə yerində donub qalmısan?

– Çantanı aça bilmirəm!

– Niyə?

– Çünki yerimdə donub qalmışam… 

– Niyə də, niyə?

– Çünki bir az əvvəl mənfi 12 dərəcə şaxta göstərirdi… barmaqların donub.

Bakıya qayıdandan sonra xəstəxanaya düşdüm.

 

“Ədəbiyyat və incəsənət”

 (13.03.2023)

 

 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Qarabağ" adlı kolleksiyası yeddinci Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) təqdim olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Gülnarə Xəlilovaya istinadla məlumat verir.

 

Martın 12-də Grand Hotel Stockholmda keçirilən kolleksiyanın nümayişi Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə təşkil olunub. Bu, dizaynerin İsveçdəki kolleksiyalarının üçüncü nümayişidir. Stockholm International Fashion Fairdə dünyanın 45 ölkəsinin nümayəndələri iştirak edirlər. 

Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları bir çox digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Nümayiş barədə daha geniş növbəti buraxılışlarımızda. 

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.