Strasburqda Novruz bayramı muğam konserti və xeyriyyə aksiyası ilə qeyd olunacaq

Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Strasburqda muğam konserti keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, muğam konserti “Saint –Pierre –Le-Jeune” kilsəsində keçiriləcək. Tədbir çərçivəsində Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin qurbanlarına dəstək məqsədilə “A.A.P.I.I.” Assosiasiyası (Association d’aide aux personnes issue de l’immigration) tərəfindən könüllü xeyriyyə aksiyası təşkil olunacaq.

Xalqımızın ən əziz bayramlarından olan Novruz yazın gəlişini və təbiətin oyanışını bildirməklə yanaşı, xalqlar və icmalar arasında sülh, həmrəylik və qarşılıqlı hörmət dəyərlərinin möhkəmləndirilməsi ilə bağlı çoxəsrlik ənənələri özündə təcəssüm etdirir. 

Xatırladaq ki, BMT-nin Baş Assambleyası 2010-cu ildə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. 2016-cı ildə isə “Novruz” bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mədəni tədbir vasitəsilə Novruzun ruhu və idealları strasburqlularla bölüşüləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.