Bakı Musiqi Akademiyasının Opera studiyasında məşhur balerina Qəmər Almaszadənin doğum gününə və Azərbaycan milli teatrının 150 illiyinə həsr olunmuş “Primanın irsi” sənədli filminin premyerası olub.
Filmdə Qəmər Almaszadənin misilsiz yetirmələrinin iştirakı ilə müxtəlif illərin nadir kadrları tamaşaçılara təqdim olunub. Qonaqlar arasında filmin qəhrəmanları vardı, onlar milli balet tarixinə qayğıkeş münasibətə görə müəllifə təşəkkürlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Samir Səmədovdur. Qeyd edək ki, bu, S.Səmədovun artıq üçüncü müəllif işidir.
Filmdə ilk milli balerina və xoreoqraf Qəmər Almaszadənin yaradıcılığından, onun ən istedadlı tələbələrindən, Azərbaycan baletinin əfsanəvi primalarından söhbət açılır.
Qəmər Almaszadə Azərbaycan bəstəkarlarının əksər baletlərində, o cümlədən Qara Qarayevin “Yeddi gözəl” və Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletlərində ilk dəfə baş partiyaları ifa etməklə məşhurdur. 6 yaşından başlayaraq baletlə məşğul olan Q.Almaszadə Azərbaycan Opera və Balet Teatrının baş baletmeysteri və Bakı Xoreoqrafiya Məktəbinin müəllimi kimi Azərbaycan balet məktəbinin inkişafına böyük töhfə verib. Q.Almaszadə xoreoqrafiya ustadlarının böyük nəslini yetişdirib, onlar dünyanın müxtəlif şəhərlərinin səhnələrində çıxış edirlər.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)