Super User

Super User

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunacaq. Həm Azərbaycan, həm də rus dillərində mahnılar təqdim edən müğənninin “Ay gecikən məhəbbətim”, həmçinin “Yalqızam, yalqız”, “Sevgilim” və digər mahnıları dinləyicilər tərəfindən sevilir, bunu mübaliğəsiz deyə bilərik. 

 

Gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı repertuarındakı retro və müəllif mahnılarını, eləcə də Azərbaycanın korifey sənətkarlarının əsərlərindən olan ifaları ilə tamaşaçıların qarşısına çıxacaq. 

Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, həmçinin Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb, eləcə də bir neçə filmə çəkilib. 

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Çərşənbə, 21 Dekabr 2022 15:30

Bahəddin Salmandan “Qozbelin son duası”

 

Portalımız Bahəddin Salmanın “Qozbelin son duası” hekayəsini oxucularına təqdim edir. Gənc ədib məhz bu hekayəsi ilə oxucularımıza özünü tanıtmaq istəyir.

Bahəddin Salman Bahadur oğlu 1988-ci 17 nayabr tarixində Bakı şəhərində doğulub. 2009-cu ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivi rejissoru” bölümünə daxil olub. 2014 cü ildə ali məktəbi bitirib.

Universitet illərindən bədii yaradıcılıqla məşğul olan Bahəddin Salman 2017-ci ildən dövrü mətbuatda nəsr nümunələri ilə çıxış edir. Müəllifin “Səhlənkar vəd”, “Onun Tanrısı burdaymış”, “Qozbelin son duası”, “İzlər”, “İflicin nağılı”, “Oyanış”, “Özünü doğan adam” adlı hekayələri dövrü mətbuatımızda nəşr olunub. Bahəddin Salman “IV Gənc Ədiblər məktəbi”nin, “İLESAM”ın və “Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür. Müəllifin bu yaxınlarda hekayələr kitabı işıq üzü görəcək. O, həmçinin də “Atabəylər: Şəmsəddin Eldəniz” adlı yaxında tamaşaçıların ixtiyarına sunulacaq çoxseriyalı tarixi filmin ssenaristlərindən biridir.

 

 

QOZBELİN SON DUASI

 

hekayə

 

Aynadakı əksim mənə ötkəm, qətiyyətli adam kimi görünürdü.  Qorxu deyilən bir şeyi, elə bil, unutmuşdum. Həyatın dolanbac yollarının addımlarımı nə vaxtsa zəiflədəcəyi vecimə də deyildi. Uşaqlıqdan bəri daim mənəvi gücümü tükədən qış fəslinin yağışa bulaşmış həyasız tufanı, havanın tutqun rəngi ilk dəfəydi ki, məni yora bilmirdi. Barmaqlarımın arasında bıçaq kimi fırlatdığım məktubu burnuma yaxın tutub, dərindən qoxladım və sonra, - "İnsan özü üçün lazım olan hər şeyi öz gücünə etməlidir!"  - deyə inamla pıçıldadım. Bu sözlərdən gücüm bir az da artdı.

İxtsasca vəkiliydim və dövlət qulluğuna verdiyim imtahanın nəticəsinə əsasən işlə təmin olunmuşdum. Zərfin içindəki bu xəbər o qədər dəyərliydi ki, ömrüm boyu nifrət etdiyim eybəcər burnumun məktuba uğursuzluq qatacağını düşünüb, onları bir-birindən tez araladım. Axşamdan hazırladığım çemodanımı da götürüb, evdəkilərin xoş dualarıyla Bakı qatarına mindim və yola düzəldim. Yol boyu işimlə, onun mənə bəxş edəcəyi imkanlarla bağlı saysız-hesabsız xəyallar qururdum. Peşəmi o qədər çox sevirdim ki, hansısa kənar qüvvənin xoş ovqatımı poza biləcəyinə inanmırdım. Məsələn, biri elə uzundraz, yekəpər, sızanaqlı üzü, seyrək saqqalı, sarı bığı və səliqəsiz geyim-keçimi olan oğlan - yol yoldaşım.

Üstündən  artıq illər keçib, amma hər dəfə toyuq əti yeyəndə o  oğlanı  xatırlayıram. İlahi, siz təsəvvürünüzə gətirə bilməzsiniz ki, qatar bir-birinə söykənmiş dağların arasından keçdikcə tutqun səmanın rəngini bir anlığa dəyişərək içəri düşən günəş işığı onun soyutma toyuq tikələrini qurdalayan kobud əllərini, çirkli dırnaqlarını, üzündəki sızanaqları necə göstərirdi! Bütün bunlar azmış kimi, bu heyvərə qarnını doyurandan sonra adamı hövsələdən çıxaran murdar hərəkətlərə başladı: öncə yeməyini yarımçıq kəsib, baş barmaqlarını sümürdü;  sonra əlllərini dizlərinə sürtüb, üzünü pəncərəyə tutdu və dərindən ah çəkdi; lap axırda da  çənəsindəki sızanağı qəfildən qurdalamağa girişdi. Barmaqları çənəsində qurdalandıqca o gah gözlərini yumur, gah da əcayib səslər çıxarırdı. Fikrimcə, yol yoldaşım ya məni adam yerinə qoymur, ya da utanmaq hissindən məhrumuydu. Bu həyasızlığın, nəzakətsizliyin son həddiydi! Daha bundan o yanası yoxuydu! 

Yol boyu bir kəlmə də söhbət etmədik. Belə kobud rəftara görə, yəqin, ikimiz də günahkarıydıq. Qatar Bakı vağzalına çatanda dişlərini sümürərək çemodanını eşələyən yol yoldaşımı kupenin qapısı ağzında iki-üç saniyə süzüb, sağollaşmadan  çıxdım. Taksiyə oturanda artıq onu unutmuşdum, amma kəndli oğlan hədsiz iyrənc hərəkətləriylə ömrüm boyu unuda bilməyəcəyim portretini yaddaşıma həkk eləyə bilmişdi. Kaş biləsiz, cavanlığımın buxarlanıb havaya sovrulduğu sonrakı illərdə mən nə qədər iyrənc simalar gördüm! Odur ki, o heyvərəyə "sağ ol" demədiyim üçün indiyəcən peşmançılıq çəkirəm.

***

 

         Tələbə yoldaşlarımdan savayı Bakıda tanışlarım yoxuydu.  Taksi sürcüsünün köməyilə bir müddət kirayə qalacağım, əzazil kədərin lövbər saldığı o evi tapdım.  Paytaxtın ən ucqar rayonlarından birində yerləşən ikiotaqlı mənzilə ayaq basanda “Cəhənnəm, bu gecə qalım, səhər normal bir ev tapıb, burdan əkilərəm” deyə düşünürdüm. Köhnə tikili olan  dörddəhlizli, üçmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən bu evdə mən gələnə qədər səkkiz nəfər artıq yaşamaq uğrunda qətiyyətlə mübarizə aparırdı. Mən doqquzuncu oldum. Çünki yekəxanalıqla donquldansam da, ertəsi gün cibimə uyğun gələn normal ev tapa bilmədim.

 Kirayə qaldığım mənzili bütün incəliklərinəcən xatırlayıram. Darısqal otaqlardan dəhlizə, ordan da mətbəxə qədər üzlüyü çat vermiş tavanın hər tərəfindən kiçik, ağ qırıntılar qopub adamın üst-başına, ayağının altına düşürdi. Bəzən tavanda firavan yaşayan hörümçəklərin ən asta tərpənişi belə onları yerindən qoparmağa bəs eləyirdi. Az qala bir-birinə pərçimlənmiş otaqlar göy, ya da ağ başlıqlı, sovetdənqalma dəmir çarpayılarla doldurulmuşdu. Cır-cır cırıldayan bu çarpayılara qarşı nifrətim  hər gün bir az da güclənirdi.  Hətta mürgüləyən adamların dərindən nəfəs alması belə onların uzunmüddətli cırıltı çıxarmasına yetərliydi. Bu  çarpayılara uzandınmı, vəssəlam, gərək  tərpənməyəydin, yoxsa bütün gecəni onların vay-şivəninə qulaq asmalıydın.

Evdən həmişə pis qoxular gələr, mətbəx daim çirk içində olardı.  Təsəvvür edin ki, iyrəndiyimdən mən bu evdə bir dəfə də yemək yemədim. Evə gəlməzdən öncə şəhərin təmiz kafelərindən birində şam eləyər, sonra yatmaq üçün dəymədüşər çarpayıma tələsərdim.

Yox, o, çarpayı deyil, müəllim idi.  Hə, hə, gülüb eləməyin, düz eşitdniz - müəllim! Özü də  müəllim deyirəm a sizə, elə-belə yox e, lap belə kefin gələnindən. Elə bir müəllim ki, ən qısa müddətdə ta səhərəcən yalnız bir pozada yatmağı mənə öyrədə bilmişdi.  Amma, sən demə, onun şagirdlərinin mən ən pisiymişəm. Sonralar bildim ki, bu sərt, güzəştsiz müəllimin “mənim üstümdə necə yatmaq olar” adlı təhsil proqramını kirayənişinlər arasında ən gec mənimsəyən mənəm. Zavallı kirayənişinlər taleyin hökmünə boyun əyərək üstündə yatdıqları çarpayılara sözsüz itaət edirdilər. Deyəsən, içinin diribaşı yenə də özümüydüm. Məndən başqa burda yaşayanların hamısının həyat gözəlliklərini  duymaq baxımından ilhamı çoxdan sönmüşdü. Onlar yaşamır, ölməmək üçün vuruşurdular. Çəkdikləri həyat yükünün ağırlığına dizlərinin tab gətirmədiyi üz-gözlərindən aydın oxunurdu.

Bizdən bir mərtəbə aşağıda yaşayan ev sahibi adambaşına üç manat kirayə pulunu aylıq yox, gündəlik alırdı.  Haqqında dərin məlumatım olmasa da, mənə elə gəlirdi ki, o ahıl qoca çox tənhadır. Pul məsələsində biz onu incitməz, yatmazdan qabaq qapısını döyüb, kirayə haqqını ödəyər, bununla da öz çarpayımızın bir gecəlik sahibi olardıq. Qocanın həyatdakı yeganə rahatlığı, bəlkə də, bu pulu vaxtı-vaxtında almasıydı. Gündəlik kirayə haqqı çox deyildi, amma kirayənişinlərin bəziləri onu ödəməkdə çətinlik çəkirdi. Onlardan biri zibil qutularından dəmir pivə, şirə qabları yığan qozbel kişi, digəri isə yatanda da, ayıq vaxtı da öz-özünə deyinən xəstəhal yaşlı qadınıydı.

Qozbel ilk günlərdən diqqətimi çəkmişdi. Belinin ortasındakı donqar çox böyük olduğundan onun öz boynunu sola-sağa çevirməsi mümkünsüz görünürdü. Yeriyəndə güclü təngnəfəs olduğundan ağzı daim açıla qalar, dişsiz olduğu görünərdi. Bir də görürdün ki, gecənin bir aləmi yan-yörədəkilərə məhəl qoymadan uca səslə Allaha dua edir. Onun dualarının müddəti,  vaxtı,  səsinin tonu, tembri hər gün bir  cür olurdu.  

Kirayənişin həyatımın ikinci gecəsiydi. Nə evə, nə onun içindəki ab-havaya, nə də çarpayımın zəhlətökən cırıltısına öyrəşə biləcəyimə hələ inanmırdım. Nə qədər eləsəm də, gözümə yuxu getmir, bezgin, yorğun adamların qulaqbatırıcı xorultuları da yatmağıma bir yandan mane olurdu.

Hə, bunu deməyi unutmuşdum, evin qapısı daim açıq olurdu. Qəfildən bir mərtəbə aşağıda yaşayan ev sahibinin mənzilinin açıldığını və bir neçə saniyə sonra qulaqbatırıcı səslə çırpılaraq örtüldüyünü eşitdim. Ardınca pilləkənlərə döyəclənən dəmir səsləri bütün dəhlizi başına aldı. Səs anbaan yaxınlaşırdı. Bir dəqiqə keçməmişdi ki, əsəblərimi yerindən oynadan bu kobud səsi elə bil  kimsə var gücüylə dəhlizin döşəməsinə çırpdı. Özümdən asılı olmadan çarpayıda qəzəblə dikəldim! Lənət şeytana, indi də çarpayının həyasız şivəni baş qaldırmışdı! Hələki kimliyi bilinməyən birisi it ləhləməsini xatırladan təngnəfəslik içində, axsaq addımlarla mətbəxə gedirdi. Mən bunu onun addımlarının tonu və yönündən bilmişdim. Şüşə stəkana süzülən və hərisliklə içilən su şırıltısı qəzəbimi son həddə çatdırdı! Bu evdə qalanların hamısını guya tanıyırmış kimi mədəniyyətsiz adamın kimliyini bilmək üçün cəld otaqdakı çarpayılara göz gəzdirdim. Önümdəki çarpayı boş olsa da, mənə narahatlıq verən adamın yan otaqdakı dörd nəfərdən biri olması fikrindəydim. Əsəbimi bir təhər cilovlayıb,  yerimə uzandım - pusquya çəkilmişdim. Qəribədir, görəsən, mən onda niyə belə elədim? Əgər adamın kim olduğunu öyrənmək istəyirdimsə, mətbəxə keçib, hər şeyə aydınlıq gətirə, ya da alov püskürən şikayətimi son kəlməsinəcən onun üzünə deyə bilməzdimmi? İndi o anı yada salanda özümü qəzəblənib çarpayıya uzanan,  sus-pus oturan qorxağa bənzədirəm.

Az sonra dəhlizi bürüyən səs-küylə bərabər o adam da mən yatan otağa girdi. Özümü yuxulu göstərib, böyrü üstə çevrildim ki, içəri girənin kim olduğunu görə bilim. Ünvansız qəzəbimin ünvanı indi düz gözümün qabağındaydı. Mətbəxdən düşən işıq nə qədər zəif olsa da, onun üzünün bütün cizgilərini göstərirdi.  Birinci gecə evə çox gec gəldiyimdən və bu vaxt hamı yatdığından ona diqqət yetirməmişdim. Səhər saat 10-da mən işə gedəndə isə evdə artıq heç kim yoxuydu. Çünki kirayənişinlər arasında ən gec mənim işim başlayırdı.

Qısa boylu, ağlı-qaralı saçları boynunun dalına tökülən, az qala dodaqlarını görünməz edən sıx saqqallı, açıq alınlı,  indicə ağlayacaqmış kimi sulu, iri gözlü və öz sahibini çox sevimli göstərən xırda burunlu bu adam həqiqətən də it kimi ləhləyirdi. O içi dəmir qablarla dolu ağ torbanı çarpayısının altına bir təhər soxandan sonra çəkmələrini çıxarmağa başladı. Torbanın içindəkilərin dəmir qablar olduğunu mən tam dəqiqliyi ilə sonrakı dəqiqələrdə başa düşdüm. Bilirəm, inanmağınız gəlməyəcək, amma zərrə qədər də şişirdib eləmirəm, onun çəkmələrini çıxarması ən az on-on beş dəqiqə çəkdi. Zavallı kişi bilmirdi ki, nəfəsini dərsin, yoxsa çəkmələrinin düyün düşmüş bağını açsın. Elə bil, bir udumluq havanı da hardansa, kimdənsə oğurlayırdı. Düyün çəkmənin yuxarısında olsa da, o aşağını dartışdırır, dırnaqlarıyla didişdirirdi. Yalnız gözləri zəif görən adam özünü bu cür çətinə sala bilərdi. Axırı zülümlə də olsa, çəkmələrini çıxara bildi və yerinə uzanıb, böyrü üstə çevrildi. İndi biz üz-üzəydik.

O,  üzünə su vuracaqmış kimi əllərini ovuclayıb, sifətinə yaxınlaşdırdı. Bu hərəkətin nə demək olması ilk öncə məni düşündürmədi.  Sonrakı dəqiqələrdə bildim ki, sən demə, qoca dua etməyə hazırlaşırmış.  Zavallı bir qocanın daxili sarsıntılarından doğan dualarına qulaq asacağımdan xəbərsiz, başıma çəkdiyim yoğanın arasından onu izləyirdim. Xırıltılı səslə dua edən kişinin gözlərində qəribə bir məmunluq vardı:

-Allahım, sənə hədsiz minnətdaram. Doğrudan da,  sən mənim dualarımdan xoşhal olursan. Bu gün məndən ötrü zibil qutularına qoyduğun, küçələrə səpdiyin ruzinin hamısını yığdım. Sən məni bu gün də ac qoymadın. Çox sağ ol ki, topladığım dəmir qabları baha qiymətə satacağım yeri mənə deyən o cavan oğlanı qabağıma çıxardın. Şükür olsun, şükür olsun sənə!!!

     Yalvarıram, yarəbbim, keçmiş günahlarımı bağışla. Mən səni çox istəyirəm! Mən nə edirəmsə, səni başımın üstündə görürəm. Yalvarıram məni tək qoyma. Hərəkətsizlik adamın axırıdır. Hərəkət etmək üçün mənə güc ver,  İlahi! Mənim qəddar adamlardan mərhəmət umacaq qədər zəifləməyimə imkan vermə. Məni şirin kətəyə, avtobus puluna, ev puluna görə heç kimə möhtac qoyma - anidən baxışlarını ayaqlarına tərəf yönəltdi - Allahım, nə olar, ona da güc ver, yalvarıram. Amin! Amin!! Amin!!! -  deyib  gözlərini yumdu.

    Elə bildim ki, qoca yuxuya gedib, amma o, beş-altı saniyə sonra gözlərini açıb, təkar dua edirdi:

- Şükr olsun, şükür olsun, şükür olsun ki, sən bu gün o maşının məni vurmasına imkan vermədin. Çox sağ ol, Rəbbim! – dedi və gözlərini təkrar yumdu.

      Bir neçə saniyə sonra gözlərini açıb, əllərini təkrar birləşdirdi. Elə bil, yatdığı yerdə kimsə onu silkələyirdi ki, "Dur, yaddan çıxardığın bir-iki məsələ barədə Allaha şükr elə" və o da itaətlə gözlərini açır, əllərini birləşdirib, yarımçıq qalan duasını tamamlamağa çalışırdı:

-Şükür olsun, şükür olsun ki, Rəbbim, məni soyuqdəymədən, qızdırmadan qoruyursan. Yoxsa, mən neyləyərəm?! Mənə kim baxar?! Həqiqətən də, məni sən yaratmısan. Gücümün haracan çatdığını da hamıdan yaxşı sən bilirsən. Allahım, çox sağ ol, şükr olsun - dedi və əllərini sinəsinə sıxıb, gözlərini yumub axır ki, yuxuya getdi

       Özümdən aslı deyildi, qocanın səmimi dualarından sərməst olmuşdum. Onun şükranlıq dolu dualarının ahənginə qapılıb, axır ki, mən yuxuya getdim.

 

***

         Çalışdığım məhkəmədə yeni olsam da, ertəsi gün bir neçə möhürlənmiş sənədin Gəncə şəhər məhkəməsinə çatdırılmasıyla bağlı tapşırıq aldım. Mənə bəslənən ümid, güvən əhvalımı xeyli  yüksəltmişdi. İstəyirdim ki, mənimlə qürur duysunlar. Dəstəyi götürüb, evimizə sevincək  zəng vurdum. Telefona atam cavab verdi. Xırda uğurum barəsində hər şeyi ona birnəfəsə danışdım. Bəlkə də, kişi bu xəbərə bərk sevinmişdi. Amma tövlənin qapısını açıq qoyan qardaşımın baçısoyuqluğu üzündən kişinin anama bağıraraq dediyi  "Görmürsən, inək daraşıb ot tayasına?!” sözündən başqa heç nə eşitmədim. Yox,  adamın başının üstündə Allah var, axırda “Böyük uğurdur, amma pıs vaxtda zəng eləmisən, sonra danışarıq” da dedi. Amma daldan-dala deyilən bu sözlər pərtliyimi aradan qaldıra bilmədi.

   "Yəqin o qədər də böyük uğur deyil” deyə düşünüb, üz-gözümdə zəhrimar evə yollandım. Günortaydı, evdə heç kəs yoxuydu. Ən xoşladığım qara rəngli kostyumumu geyindim. Bu an tavandan qopan qırıntı qara pencəyimi ağ günə çıxarmaq üçün ilk həmləsini elədi. Olan olmuşdu, təmizləsəydim də, ürəyimə yatmayacaqdı. İşdəki böyük uğurdan sonra elə bil pis gözə gəlmiş, qara zolağa düşmüşdüm, qanqaraldıcı olaylar bir-birini dabanqırma əvəz eləyirdi. Seçimim azıydı. Qara kostyumu dəyişməyib, ev sahibinin yanına tələsdim. Olmayacağım iki günün pulunu artıqlamasıyla ödəyib,  boş qalan çarpayıma heç kimi buraxmaması, əşyalarımdan göz-qulaq olmasıyla bağlı  xahiş edəndən sonra yola düşdüm. Geri qayıdanda kefim köküydü. Karyerama müsbət təsir göstərəcək adamlarla tanış olmuşdum. Məni savadım və dərin mədəniyyətimə görə xeyli tərifləmişdilər. Başlanğıc üçün bu, böyük uğuruydu.

 

***

 

Bakıya çatanda səhər saat təxminən saat altının yarısıydı. Evə bir az qalmış ayaqla getmək istədiyimdən yol haqqını ödəyib, taksidən düşdüm. Hava çox sakitiydi. Məhəllələrin arasıyla addımlayırdım. Sakitlikdən ayağım altında qalan qum zərrələrinin xışıltısı eşidilirdi. Hələ göyüzünü demirəm... Səmada bircə bulud parçası belə yoxuydu. Ətrafa səpələnmiş ulduzların ayın nuruyla birləşməsinə baxanda mənə elə gəlirdi ki, onlar Allahın  danışdığı hansısa nağıldan məst olublar...

 Yerdəki kölgəmə baxa-baxa gedirdim ki, səssizliyin qəfildən pozulduğunu eşidib, ixtiyarsız səs gələn tərəfə çevrildim. Beşmərtəbəli binaların ortasındakı mağazanın qabağında gördüyüm iki nəfərdən biri qaranlıq da olsa, mənə tanış gəldi. Hə, hə, özüdür ki, var, o ikigünlük işgüzarlığımla bağlı unutduğum qoca qozbeliydi. İkincini - yaşlı qadını isə tanımırdım. Aramızda xeyli məsafə olsa da,  sakitlik olduğundan qadının qəribə hərəkətlərindən  vahimələnirdim. Məni görməsinlər deyə onları yaxından izləyə biləcəyim binalardan birinin dəhlizinə qısıldım. Yaxşı mövqe tutmuşdum. Mağazanın qapısı üstündə yanan böyük lampanın işığı onları rahatca görməyimə kömək edirdi.  Ayağındakı qaloşları, gen, qara donu, qısa, boz gödəkçəsi, belinə doladığı sarı şərfi, qulaqlarını, saçlarını gizlədən qara papağı və yeri süpürən Qozbelə  – "o  uşağı da süpür, bax, bax,  o alçaq gör necə gizlənib,  onu da süpür, süpür, süpür! - deyə tez-tez əcayib göstərişlər verməsi qadının nəsə qeyri-adiliyindən xəbər verirdi.  Bütün bunların nə demək olduğunu qətiyyən anlamırdım. Vahimədən düşüncəm keyimişdi. Qozbel  yeri ağır-ağır süpürdükcə qadın barmaqlarını ağzına yaxın tutub, tez-tez süpürgəyə tərəf gedir, sonra təkrar geriyə çəkilir, - "Ha, ha, ha, ha, bax gör,  necə gizləniblər,  onları da süpür, onları da süpür" - deyə gülür, dalınca da – "Ay,  ay,  ay,  onu yavaş süpür! Gör,  necə qorxur, uşaqdır hə  o ?!" - deyə ağlamsınırdı. Təngənəfəs olmuş Qozbeldən cavab gəlmədiyini görən qadın yumruqlarıyla onun belinin donqarına həyasızcasına  zərbələr endirib -"Sən nə tərbiyəsiz adamsan?! Axı,  niyə cavab vermirsən ?!  Cavab ver də!!!" - deyə qəzəblənirdi.

Qadının hərəkətlərinə məhəl qoymadan öz işinə davam edən qocanın üzünü görə bilmirdim. Qozbeli yaxşıca əzişdirən qadın sakitcə mağazanın qapısı ağzına çəkildi, barmaqlarını bir-birinə keçirdi, indiyəcən eşitmədiyim hansısa mahnını zümzümə edərək şıltaq qızlar kimi özünü sağa-sola yelləməyə başladı, 

Birdən nəsə oldu, qadın zümzüməni qəfildən kəsib, yaxınlıqdakı zibil qutusuna tərəf döndü, əlini qutuya soxdu və ordan ağzı bağlı şüşə qab çıxardı. O, qabın qapağını açmağa nə qədər çalışsa da bacarmır,  ağız-burnunu əyib, əcayib səslər çıxarırdı. Bu vaxt Qozbelin ona tərəf çevrildiyini gördüm.  Kişi əlindəki süpürgəni səliqəylə səkiyə söykəyib, ağır addımlarla qadına yaxınlaşdı, heç nə demədən qabı ondan alıb, qapağını asanlıqla açdı, sonra qabı qadına qaytarıb, öz süpürgəsinə sarı  yönəldi.  Qadın qabı başına çəkdi...

       Hərisliklə izlədiyim adamları gecənin sehrli sükutu və Allahla baş-başa qoyub, ordan uzaqlaşdım. İşə getməyimə hələ dörd saat vardı. Kirayənişinlər  əsnəyə-əsnəyə işə tələsirdilər. Fikrimdə bəzi suallar baş qaldırmışdı. Görəsən, Qozbel nəyə görə yer süpürürdü? Yoxsa, o, süpürgəçilik eləyir?  Bəlkə, süpürgəçi qadındır, Qozbel sadəcə ona kömək eləyir? Qadının “O uşağı da süpür. Qorxur, hə? Bax, o alçaq necə gizlənib” sözləri onun xəstə şüurunun məhsuluydumu? Qozbel nəyə görə qadına, onun hərəkətlərinə qarşı sözsüz itaət göstərirdi? Qadının zərbələrindən onun beli ağrımırdımı? Qozbellərin belinə bərk toxunanda, görəsən, onlara ağrı verir?.. Bu suallar içində nə vaxt yuxuya getməyimdən xəbərim olmadı. Yuxudan oyanıb işə tələsəndə beynimdə yalnız bir fikir dolaşırdı - bütün bu suallara cavabı Qozbelin Allaha dualarında tapa bilərəm...

 

***

         O gün axşam evə həmişəkindən iki saat tez getməyi qərarlaşdırmışdım. Saat on birin yarısı olardı. Evdə təkcə mətbəxin işığı yanırdı. Ayaqqabılarımı çıxarıb, səliqəylə dəhlizin bir kənarına qoydum. İlk addımda ayağım altında nəyinsə xışıltısını eşitdim. Yenə tavandan döşəməyə "qar" yağmışdı. Otağa keçməyə hazırlaşırdım ki, mətbəxdən gələn səsləri  eşitdim. Bu qadın səsiydi, özü də görünüşü və danışığının qəribəliyi ilə məni vahimələndirən o qadının səsini xatırladırdı. Dəqiqləşdirmək üçün qulağımı səs gələn tərəfə şəklədim. Hə, düz tapmışdım, özüydü ki vardı,  həmin qadınıın səsiydi. Bu əcayib səsi lap yaxından, axşam vaxtı, yaşadığın evin mətbəxindən eşitmək necə də vahiməliydi! Qadın öz-özünə nəsə danışır, arada astadan gülür, sonra yenə danışır, ağlamsınırdı. Qozbelin evdə olduğunu bilmək üçün barmaqlarımın ucunda dəhlizdən keçib, onun çarpayısına tərəf boylandım. Otaq qaranlıq olduğundan heç nə görə bilmirdim. Əslində, dəhlizin işığını yandıra bilərdim. Amma qadının mətbəxdən çıxıb, mənə tərəf cumacağını, onun qorxunc sifətiylə üz-üzə qalacağımı düşünür və buna ürək eləmirdim. Anidən içimdə bir istək baş qaldırdı - ayaqlarımı var gücümlə döşəməyə çırpıram, əşyalarımı da götürüb bu evdən uzaqlaşıram! "Axı, mənim bu xarabada nə ölümüm var? Adını belə bilmədiyim bir adama qarşı iki günün içində yaranan bu maraq mənə çoxmu lazımdır? Bir də ki mən bura geridəqalmış adamların həyatını araşdırmağa gəlməmişəm, axı!" -  deyə qorxu hissimi  yalançı bəraətlər içində gizləməyə çalışırdım.

       Hər nəsə! Kişiyə yox, uşağa yaraşan qorxumu son nəfəsinə qədər boğub öldürmək istəsəm də, mətbəxə çatanda onun hələ də ölmədiyini hiss edirdim. Lənət şeytana, Qozbelin yanında gördüyüm qadınla üz-üzə durmuşdum. İlahi, xırda qara gözləri anbaan dəhşət saçan bu qadının baxışları necə də nifrəfətəlayiq idi! Təkcə elə nazik üst dodağı bəs eləyirdi ki, adamı özündən çıxarsın. Kaş, o danışanda  üst dodağının necə eybəcər şəklə düşdüyünü öz gözlərinizlə görəydiniz! Hələ indiyəcən məndə ikrah hissi doğuran ikinci belə dodaq görməmişəm.

         Qadın qabağında donub qalmış gəncin qorxuya düşdüyünü anlayırdı. Məntiqsiz, rabitəsiz sözləri, əlindəki toyuq pəncələri, tez-tez gah mənə,  gah da qazın üstündəki qazana tərəf çevrilməsi adamı lap çaş-baş salırdı. Deyirdin ki, ya qorxutmaq istəyir, ya da qaynar suyla dolu qazanı bu dəqiqə adamın başına keçirəcək. Nə qədər çalışsam da, onun dediklərindən heç nə anlaya bilmirdim. O birdən bir neçə toyuq pəncəsini bir-birinin dalınca kobud şəkildə qaynar qazana atmağa başladı. Hələ də anlamıram ki,  o, toyuq pəncələrini, özü də dırnaqları üstündə necə yeyə bilirdi? Sonrakı günlərdə bazarda toyuq pəncəsinin su qiymətinə olduğunu öyrəndim. Halbuki, o qazana vur-tut bir neçə pəncə atmışdı. Bu dəri və nazik sümük yığınına qadın yəqin ki, qəpik-quruş ödəyir, ya da kimsə bunları ona sədəqə verirdi. Baxanda adamın bağır-övkəsini ağzına gətirən dırnaqlı toyuq pəncələrini suya atandan sonra qadın daha anlaşıqlı danışmağa başlamışdı:

-Kül onun başına! Axı, dedim tut əlimdən, səni dağa qaldırım. Sözümə baxmadı, özü çıxdı, axırı da yıxılıb öldü. Görmürsən, elə dirənib ki, mənimdir, mənimdir! Ay sarsaq, axı, bu qəbrə görə pul vermək lazımdır. Sarsağın biri sarsaq gedib girib qəbrə ki, öləndə orda basdırsınlar. Gəl, indi iki-üç manata görə qəbrdə gizlən ki, öləndə pulun çıxmasın. Ay camaat, görün bu sarsağın ağlı var?

     O bütün bu cəfəngiyyatı düz gözlərimin içinə baxaraq danışırdı. Kənardan izləyən olsa, güman eləyərdi ki, arvad dərdini mənə danışır. İndi onun bütün mənasız sözlərinin mənası mənə aydın olmuşdu -  bu qadın dəli idi! Hə, hə, dəli idi, özü də lap əməlli-başlısından! Mən onun uzun-uzadı sərsəmləmələrini də, Qozbelin dualarını da unudub çarpayıma uzanmaq, yatmaq istəyirdim. Bu yəqin ki, qadına qarşı duyduğum qorxunun zəifləməsindən irəli gəlirdi.  O isə qazın sağ tərəfindəki taxta şkafa söykənib danışmağındaydı. Mən başımı gah qaldırıb, gah da endirməklə qadının dediklərini təsdiq etməyə başladım və göstərdiyim bu anlayışdan onun necə xoşhal olduğunu dərhal hiss elədim. Guya dedikləri mənə çox maraqlıydı. Ayaqları laxlayan taxta oturacaqlardan birini çəkib oturdum və qollarımı sinəmdə çarpazlayıb, onu dinləməyə davam elədim. İnanın, qətiyyən  onu ələ salmaq fikrim yoxuydu. Amma özüm də bilmirdim ki, niyə belə eləyirəm. Qadın indi sözlərin yerini dəyişməklə eyni fikri dayanmadan təkrar edirdi:

-Sığal çəkib cırmaqlayır. Cırmaqlayıb sığal çəkir. Çəkir sığal cırmaqlayır.

Eyni sözlərin təkrarından təngə gəlmişdim. İmkan tapıb gözlərimi ondan ayırdım və buğlanan qazana baxdım. Tavandan qopan qırıntılar qazanın içinə düşmüşdü. Bu dəfə diqqətim özüm də bilmədən tavana yönəldi. Sən demə, dəli qadının yeməyindən məndən başqa da xoşlanmayan varmış. Tavanda yuva qurmuş hörümçək öz nazik ayaqlarıyla qırıntıları qazana tullayandan sonra bir göz qırpımında yoxa çıxdı. Həşəratın bu  operativliyi əhvalımı yüksəltdi.

      ...Qadın öz işindəydi - pörşələnmiş pəncələri boşqaba düzüb, həvəslə danışırdı. Onun arxası mənə tərəfiydi. Bu imkan verdi ki, hörümçək kimi mən də bir anda onun gözündən itim.  Artıq çarpayıma uzanmışdım, amma o, gözəgörünməz həmsöhbətiylə hələ də danışırdı...

      Yaxşı xatırlayıram ki, o gün hava çox soyuğuydu. Külək pəncərənin çərçivəsi arasından fit çala-çala evin ayağından başına dolanırdı. Tərslikdən buxar qızdırıcıları da işləmirdi. Bir sözlə, xəstələnmək üçün evdə hər cür şərait varıydı.  Çox üşüdüyümdən özümü yorğanın altında bərk-bərk basdırdım. Belə soyuq havada Qozbelin harda qalması, xəstə canıyla buz kəsmiş evdə necə qızışacağı barədə düşünürdüm. Bu fikirlər içində yuxuya getdim...

Qozbelin dəmir qablarla dolu torbanı döşəməyə tullaması məni yuxudan oyatdı.  Yorğanı azca aralayıb, onun hərərkətini izləməyə başladım. Keçən dəfəki kimi təngnəfəs halda çəkmələrini çıxarmağa indi də xeyli vaxtı getdi.  Sifətindəki qəzəb qarışıq bezginlik göstəriridi ki, iki gün öncəki xöşbəxtliyindən əsər-əlamət qalmayıb. Deyəsən, o da bərk üşüyürdü. Qalın gödəkçəsini, dizləri qaranlıqda belə parıldayan qara cins şalvarını, torba papağını çıxarmadan böyrü üstə uzanıb, yorğanı üstünə çəkdi.  Dünənki kimi əllərini yenə də birləşdirdi.  Hər iki otaqdan eşidilən xorultu onun təntik, xırıltılı nəfəsiylə müqayisədə daha incə səslənirdi. Nədənsə bir anlığa  səssiz qaldı. Mən onun ürəyində dua etdiyini düşünür, nə vaxt dilə gələcəyini səbirsizliklə gözləyirdim.  Qozbelin əlləri əsirdi. "Görəsən, o xəstələnib? - deyə öz-özümə sual etdim.  Bu vaxt o, əllərini yorğanın altına soxub, gözlərini yumdu və xırıldayan səslə duaya başladı:

- İlahi, mən çox yorğunam. Sənə artıq  dərəcədə yalvarıram,  məni qüvvətləndir. Nədənsə işlər heç düz getmir. Bəlkə, bilmədən səni qəzəbləndirmişəm? Sən mənim tək sirdaşım olduğundan bunu gərək boynuma alam. Bilirəm ki, mənim həyatdan hədsiz qorxum xoşuna gəlmir. Axı,  mən neynəyim? Qorxuram da... Yığdığım dəmir qablar neçə gündür ki, əlimdə qalır. İşinə qarışmaq olmasın, amma çox maraqlıdır - məndən nə istəyirsən? İki gün əvvəl qabağıma çıxardığın oğlanın dediyi yerdən bir şey çıxmadı. Hara getdimsə, dəmir qabları o deyən qiymətə alan olmadı. Məni ələ saldılar, dedilər sən o alıcıları başqa planetdə tapa bilərsən. Cəhənnəm deyib qabları əvvəllər satdığım adamın yanına getdim, amma o da qiyməti birə-beş aşağı saldı.  Əlacsız qalıb, hamısını havayı qiymətə verdim getdi. Məni səhf başa düşmə. Yenə də sağ ol,  buna da şükür olsun. Sən qabağıma çoxlu dəmir qablar çıxarır, məni gündə iki dəfə şirin kətəyə qonaq edir, maşın altına düşməkdən qoruyur, gecə bu evdə yatmağıma imkan yaradırsan. Bunlara görə sənə şükür edirəm! Amma elə bil ki, mənə verdiyin birgünlük rahatlığa görə beş gün özünü bağışlaya bilmirsən. Məni sevmədiyinə yavaş-yavaş inanmağa başlayıram. Əslində,  bu yükü belimə qoyduğun uşaqlıq vaxtlarımdan sənə güvənməyə bilərdim. Amma həmişə güvənmişəm,  hələ də güvənirəm və sənə şükür edirəm. Şükür olsun, Allahım, şükür olsun, şükür olsun sənə!

         Qoca duasını bitirib, üzünü divara çevirdi.  İndi sıra onun təkrar nələrəsə görə şükür etməsindəydi. Mən Qozbelin duasından  təsirlənmiş halda onun hər kəlməsini təhlil edir, bunu əlini hər yerdən üzmüş, heç kimə güvəni qalmayan bir adamın Allahla səmimi söhbəti kimi dərk edirdim. Bir neçə dəqiqə keçsə də,  ondan səs çıxmadı. Onun Allahdan küsdüyünü yaxşı anlayırdım. Nəsə eləyib, bu adamı Allahla barışdırmaq lazımıydı. Belə qərara gəldim ki, işlədiyim yerdə onun üçün nəsə bir iş tapım.  “Bəlkə, iş yoldaşlarıma onun haqqında danışsam, kömək eləyərlər” deyə fikirləşib, ümid və sevinc içində xəyala daldım. Yalnız iş məsələsi düzələndən sonra ona bu haqda məlumat vermək fikrindəydim. Ehtiyac içində çabalayan birini sevindirmək bir yana, bu barədə düşünmək özü artıq adamın ruhunu göyün yeddinci qatına qaldırırdı...

 

***

    Ertəsi gün nahar fasiləsi vaxtı iş yoldaşlarıma Qozbeldən danışdım. Amma gözlədiyimin əksinə olaraq, onun dözülməz həyat tərzi heç  kimi mütəəssir etmədi. Hamısı nə vaxtsa qarşılaşdıqları bu cür adamlardan danışıb,  nahardan sonra iş başına döndülər. Yaxşı  xatırlayıram ki, adamların başqalarının taleyinə qarşı bu cür laqeydliyi məndə onlara qarşı necə bir nifrət oyatmışdı. İllər keçəcək, bu nifrət qığılcımı böyük kin alovuna çevriləcəkdi.

         Həmin gün həmişə olduğu kimi işdən çıxıb, kafelərdən birində şam elədim. Dənizkənarı bulvarda xeyli gəzib, sıxılan ruhuma azacıq da olsa rahatlıq verəndən sonra  evə yollandım. Otağa daxil olanda Qozbel artıq öz çarpayısında xoruldayırdı. Haqqında heç nə bilmədiyim digər otaq yoldaşım da şirin yuxudaydı. Xəstəhal qadının da yeri boş deyildi,  lakin o yorğanın altında pıçıltıyla yenə nəsə danışırdı.

         Əl-üzümü yuyub, yerimə uzandım. Ev dünənki kimi soyuq idi. Qozbelin tez yatması, dəli qadının susmaq bilməyən pıçıltısı məni dilxor eləmişdi. Əsəblərimi cilovlayıb, qadının yorğan altında nə dediyini başa düşməyə çalışırdım. Öncə onun pıçıltıları - "Gər, gər, gər" - kimi eşidilirdi. Əgər xorultu səsləri olmasaydı, onun təkrar-təkrar dediyi sözü dərhal ayırd edərdim. Hansı mənada işlətdiyini bilməsəm də, axır ki onun yorulmadan dediyi sözün - "Gəlir, gəlir, gəlir" - demək olduğunu anladım...

 

***

      Səhər iş yerimə çatanda mühafizəçilərin öz aralarında danışığından belə anladım ki, məhkəmənin qazanxanasına işçi lazımdır. Məsələni dəqiqləşdirmək üçün təsərrüfat müdirinin otağına yaxınlaşdım. Həyəcandan  az qalırdı ki, ürəyim dayana. Görəsən, iş baş tutacaqdımı? Özümü illər sonra səfil atasını tapmış və ona gün ağlamaq istəyən yetim cavan kimi hiss edirdim. Qapını döyüb, içəri girdim. Yeni olsam da, müdir məni tanıdı, amma mən onu ilk dəfəydi ki,  görürdüm. Dedim ki, guya iş yeriylə çox yaxın dostumun əmisinə görə maraqlanıram. Qozbelin yaşını soruşan müdirə ağlıma gələn ilk rəqəmi dedim- əlli.

- Olar - dedi və ani sükutdan sonra əlavə etdi - Əsas odur  ki, pensiya yaşını keçməsin. O adamı da götür, sabah gəl yanıma.

     Birdən-birə Qozbelin fiziki çatışmazlığı yadıma düşdü və mənə elə gəldi ki, iş baş tutmayacaq, amma bu barədə heç nə demədim. Güclə nəfəs alan ümidimi diriykən basdırmaq ağılsızlıq olardı. İş gününün axırına yaxın məsələnin alınacağıyla bağlı qəribə bir inama qapıldım, əhvalım yaxşılaşmağa başladı.

      Gözəl hava vardı. Şad xəbəri yiyəsinə çatdırmaq üçün hələ tələsmək lazım gəlmədiyini düşünüb,  xeyli piyada gəzdim. Sonra həmişə şam etdiyim kafeyə daxil olub,  bir neçə şiş tikə kababı əla gürcü çaxırıyla nuş elədim və təxminən saat yarım sonra evə yollandım. Məhləyə çatmağa az qalmış qol saatıma baxdım - saat düz on iki tamam idi.  Nədənsə əminiydim ki, Qozbel evdədir.

       Dəhlizin ağzında dayanmış təcili yardım maşını və etinasızcasına siqaret sümürən sürücünü ötüb, pilləkənlərlə  yuxarı qalxdım. Qapı taybatay açığıydı. Hamı bizim otağa toplaşmışdı. Sualedici nəzərlərlə ətrafdakılara baxaraq otağa girdim. Kirayənişinlər Qozbelin başına yığışmışdı. Onu kürəyi üstə çarpayıya uzatmışdılar.  Qəribə görünürdü - elə bil, belinin altına paltar yüklü çemodan qoyulmuşdu. Çox çətinliklə nəfəs alırdı. İlahi, onun bu cür sakit nəfəs almasındansa,  həmişəki səs-küylü təngnəfəsliyini o anda necə arzulayırdım!  Gözləri açıq şəkildə tavana zillənmişdi. İstər-istəməz yuxarı baxdım - tavanın qopub düşməyə hazır qırıntıları hörümçək toruna ilişib qalmışdı, hörümçəyin özü isə ağır-ağır o baş-bu başa gedib gəlirdi...

     Hiss olunurdu ki, Qozbel getdikcə çətin nəfəs alır. Deyingən çarpayı o anlarda nə qədər xoşbəxt görünürdü! Elə bil,  öz qoynunda ancaq ölü arzulayırmış. Olduqca iri cüssəsi, girdə sifəti, iri burnu və çal qaşlarıyla diqqətimi çəkən həkim qeyri-adi laqeydliklə soruşdu:

-Xəstənin adı, soyadı nədir?

Hamı bir-birinin üzünə baxır, həkimin verdiyi sadə sualı heç kim cavablandıra bilmirdi.

- Burda heç kim otaq yoldaşının adını bilmir? - deyə həkim təkrar,  lakin bu dəfə ucadan soruşdu.

     Nəhayət ki, ev sahibi dilləndi:

- Məndə onun şəxsiyyət vəsiqəsinin surəti var, gətirim, həkim?

- Əlbəttə, ağsaqqal, özü    mümkün qədər tez! - deyə həkim narazı ədayla başını yırğaladı.

         Ev sahibi sənədi gətirmək üçün otaqdan çıxan kimi bayaqdan öz çarpayısının üstündə dinməz-söyləməz oturan qadın qəfildən əllərini dizlərinə çırpıb ayağa qalxdı və  cəld Qozbelin yanına gəldi. Hamı, hətta soyuqqanlı həkim də onun bu ani hərəkətindən diksindi. Qadının taxta döşəməyə döyəclənən ayaqları ona qorxunc bir görkəm verirdi. O, əllərini belinə qoyub, başını aşağı elə əydi ki, burnu az qala Qozbelin gözünə girəcəkdi.  Sonra yavaş-yavaş qəddini düzəldib, mənə tərəf çevrildi, əllərini çənəsində yumrulayıb, asta, lakin hamının eşidəcəyi səslə gözlərimin içinə baxdı və dedi:

- Gəlib, gəlib, gəlib. Demişdim, hə?! Gəlib! Ölümdür, bax! - sonra əliylə Qozbelə işarə edib, sözünə davam etdi:

- Ölüm, ölüm. Ölüm onun bədəninə sığal çəkəndə cırmaqlamağı da unutmur! - qadın bunları deyib, asta addımlarla yenidən öz çarpayısına qayıtdı. Mən dəhşət içində ona baxırdım.  Çarpayısında oturub gözlərini döşəməyə zilləyən, özünü yırğalayan qadın pıçıltılı səslə “ölüm, ölüm, ölüm, ölüm sığal çəkib, cırmaq vurur” deyə eyni sözləri təkrarlayır, çarpayı da özünün həmişəki  cırıltısıyla onun bu iztirabı, ağrısını təsdiqləyirdi.

   Çaş qalmışdım. Bir gün əvvəl “gəlir, gəlir, gəlir” -  deyə pıçıltıyla yorğanın altında boş-boş deyindiyini sandığım qadın ölümün bu evə gələcəyindən, mənim onun nə danışdığını müəyyənləşdirməyə çalışdığımdan, doğrudanmı,  xəbərdarıydı?! Məndən savayı bu qadının sözlərinin cəfəngiyyat olmadığını kim anlaya bilərdi?!

     Gözümü qadından ayırıb, Qozbelə baxdım. Onun hələ də yaşadığını göstərən iki fakt vardı - xırıltısı və enib qalxan qarnı. Donmuş baxışlarımın o üzündə kəndimizdəki evimizdən iki tin aşağıda yerləşən qəssab dükanı, kəsilən heyvanların qanı axıb qurtarıncaya qədər xırıltı içində enib-qalxan qarınları canlanırdı. Özümə gələndə xırıltı kəsilmişdi. Qozbelin qarnı artıq enib qalxmırdı...

     Ev sahibi axır ki, otağa girdi, eynəyini taxıb, titrək əlində tutduğu şəxsiyyət vəsiqəsini gözünə yaxınlaşdırdı və oxudu:

-Hacıyev Ruxbər Məsud oğlu.

    Otaqdakıların hamısı kimi mən də Qozbelin əsl adını onun cəsədi önündə öyrəndim. Az sonra sahə polisləri gəldi. Meyit ekspertiza üçün morqa aparılmalıydı. Mən Qozbelin hörümçək toruna zillənmiş gözünü bağladım və qulaqlarına pıçıldadım:

-Salam. Mənim adım Turqutdur. Yəqin siz indi bütün şükranlıqlarınızı birbaşa Allahın üzünə deyirsiniz. Bəlkə də, Onunla artıq barışmısınız. Mən sizi tanıdığıma çox şadam. İnanıram ki, artıq yaxşısız.

         Gecə saat üçün yarısıydı. Bir kəlmə belə söhbət edə bilmədiyim Qozbel üçün,  onun dualarını dinləmək üçün  hədsiz darıxmağa başlamışdım. Hər dəfə yerimdə sağa-sola çevrildikcə onun yoxluğunu göstərən boş çarpayısından ürəyimə ifadəolunmaz bir sıxıntı çökürdü.  Qəribəliyinə şahid olduğum bir adam üçün belə xiffət duymağım, görəsən,  nəylə bağlıydı?..

     Bu sıxıntıdan çıxmağın bircə yolu vardı. Çarpayımdan qalxıb,   əynimi geyindim, əşyalarımı çemodanıma yığıb, evdən sakitcə çıxdım. Çöldə bərk tufan başlasa da, məhəllənin mərkəzindəki mağazanın işığı hələ də yanırdı. İçəri girib, dəmir qabda pivə aldım. Pivədən bir neçə qurtum içib, qalanını yerə boşaltdım və boş qabı var gücümlə göyə tolazladım. Külək onu sağa-sola çəkib, asfalta çırpdı. Boş pivə qabı məhəllə boyu yerlə süründükcə Qozbelin səs-küyünü eşidir, onun Allaha indi bu cür dua etdiyini xəyal edirdim. Bu, onun son duasıydı. Mən Qozbeli indinin özünəcən də belə xatırlayıram...

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

 

 

 

 

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. 

 

 

LÜTFƏLİ ABDULLAYEV

(1914-1973)

***

Bir gün teatra attestasiya komissiyası gəldi, cavan aktyorları çıxdaş eləmək istəyirdilər. Birinci girən 3 dəqiqə sonra suyu süzülə-süzülə çıxdı. Soruşduq nə xəbər alırlar dedi:

– Soruşur, tamaşada istini göstərmək üçün neyləyərsən? Cavab verdim ki, dekorasiyaya uyğun olaraq pəncərəni açaram. Bəs pəncərədən gələn sərin havanı necə göstərərsən? Çaşıb qaldım… dedi səndən artist olmaz.

İkinci aktyor da girib eynən suyu süzülə-süzülə çıxdı. Başına toplaşdıq, dedi ki, mən də sərin havanı göstərə bilmədim.

Beləcə, 4-5 nəfər içəri girib “sərin hava”nın zibilinə düşdü. Hamısını kəsdilər. Növbə mənə çatdı. İçəri girdim, sədr üzündən zəhrimar yağan bir kişi idi. Hər kəsə verdiyi sualı mənə də verdi.

– Tamaşada istini göstərmək üçün neyləyərsən?

– Bir şey tapıb özümü yelpikləyərəm.  

– Yelpikləməyə heç nə tapmasan neyləyərsən?

– Paltarımı yüngülləşdirərəm.

– Belə, lap isti olsa, onda neyləyərsən?

– Dünya da dağılsa pəncərəni açmaram, sonra da istidən yıxılıb ölərəm.

Komissiya üzvləri gülüşdülər. Sədr:

– Get, bala, səndən artist çıxar, – deyib, məni teatrda saxladılar. 

 

***

Axşamların birində teatrdan çıxıb gəzə-gəzə evə gəlirdim. Bir neçə gün əvvəl həyat yoldaşım Sevda xanım mənə ad günü hədiyyəsi olaraq bir bahalı papaq bağışlamışdı. Açığı papağı çox bəyənmişdim. 

Sevda xanım adəti üzrə yenə eyvanda dayanıb, çiyninə şal ataraq məni gözləyirdi. Uzaqdan məni görəndə əl elədi. Elə bu vaxt kimsə arxadan qaça-qaça gəlib başımdakı papağı götürüb qaçdı. Halımı pozmadan yoluma davam etdim.

Evə gələndə Sevda xanımın qaşqabağını sallayıb mənə baxdığını gördüm.

– Adam sənin başındakı bahalı papağı götürüb qaçdı, səninsə vecinə deyil, – dedi.

Paltonun yaxasını aça-aça sakitcə dedim:

– O adamın ehtiyacı olmasaydı, mənim başımdan papaq oğurlamazdı.

Ayaqqabılarımı soyunub dikələndə Sevda xanımın gülümsədiyini gördüm.

 

 

 

 

 “Ədəbiyyat və incəsənət” 

(21.12.2022) 

 

 

 

Azərbaycanda istehsal olunmuş “COVID–19” bədii-sənədli filmi daha bir uğura imza atıb. Belə ki, ekran əsəri 14 ildir keçirilən ABŞ-ın “Shockfest” Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb. 

Filmin qapaq şəklindəki posterində sevilən aktyorumuz, xalq artisti Sabir Məmmədovu görürsünüz. O, filmdə baş rolu oynayır. Və filmin uğurunda aktyor ifası da böyük yer tutur. 

 

“Ədəbiyyat və incəsınət” portalı filmin  ssenari müəllifi, rejissoru və baş prodüseri Cəlaləddin Qasımova istinadən xəbər verir ki, ekran əsəri dekabrın 27-də beynəlxalq festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək.

Qeyd eləyək ki, rejissorun digər işi olan “Acı xatirə” bədii-sənədli filmi İtaliyada “Naples Film Awards” Festivalının seçilmiş filmləri siyahısında yer alıb. Ekran əsəri dekabrın 31-də nümayiş olunacaq. 

Ölkəmizi beynəlxalq festivalda təmsil edəcək daha bir ekran əsəri isə “Şollerin arxivi” bədii filmidir. Bu film “Bolivia Black Cat Award International Film” Festivalının seçilmiş filmləri siyahısında yer alıb.

Beynəlxalq aləmdə marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Rubrikanı Varis aparır

 

İlin ən qısa günü

Təqvim üzrə gecənin ən uzun, gündüzünsə ən qısa olduğu bu 21 dekabr günü insan özünü nə qədər kədərli hesab etsə də bir təsəllisi də var, sabahdan etibarən gündüzlər uzanacaq, gecələr qısalacaq. Üzü bahara doğru gedəcəyik.

Krossvordun yaranışı günü

1913-cü ilin 21 dekabr günündə Nyu-Yorka Liverpuldan mühacirət etmiş jurnalist Artur Uinn tarixdə ilk dəfə sözləri damalara salaraq onları horizontal və vertikal yerləşdirməklə uzlaşmalarını təmin etmiş, kəşf etdiyi nəsnəyə “cross word puzzle” adını qoymuşdur, 32 sözlük ilk krossvord “Nyu-York uorld” qəzetində dərc edilmişdir. Sirr deyil ki, indi krossvord ən maraqlı məşğuliyyətlərdən hesab olunur, onun skanvord növünün Azərbaycanda necə populyar olmasını təsəvvür etmək üçün bir yolunuzu Binə və Sədərək yarmarkalarına salın, mallarını satanların əksəriyyətini qəzetə sarı əyilib baş sındıran görəcəksiniz. Onları təbrik etməyəkmi?

Fənər günü

Qaranlıqda irəliləmək üçün olduqca lazımlı bir vasitə olan fənərin də ayrıca günü varmış. Amma ağıllı telefonlar həm kompüteri, telefonu, televizoru, radionu, həm kinoteatrı, yaddaş kitabçasını, kalkulyatoru, həm kitabı, fotoaparatı, videokameranı əvəzlədikləri kimi fənərin də funksiyalarının götürüblər, indi bircə dənə ayfon görün bir nələrə qadirdir. Güman ki, tədricən adlarını çəkdiyimiz cihaz və əşyalar büsbütün arxaikləşəcəklər. Bax onda insanlar Fənər günündə qaranlığa işıq saçmaq üşün ulu babalarının gəzdirdikləri əl fənərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər.

Və digər əlamətdar hadisələr

Bu gün Şərqi Asiyada Dunçji festivalına start veriləcək, ilin ən uzun gecəsi münasibəti ilə düzənlənir bu festival. Farsdilli ölkələrdə - İran, Tacikistan və Əfqanıstanda isə Şəb-e Yalda festivalı başlayacaq, bu festival da “ən uzun və ən zülmət gecənin” şəninə həsr edilir. Türkmənlər öz mərhum ataları Saparmurat Atayeviç Niyazovun xatirə gününü qeyd edəcəklər. Məmurlara əlini öpdürən, özünü türkmənlərin atası adlandıran bu şəxs tarixin ən avtokrat rəhbərləri sırasında layiqli yer tutmaqdadır. O ki qaldı amerikalılara, onlar Milli qızardılmış krevetka gününü bayram edəcəklər.

2012-ci ilin bu günündə YouTube-da ilk dəfə hansısa videoklipə baxış sayı 1 milyard dəfəyə çatmışdı, bu, cənubi koreyalı ifaçı PSY-nin “Gangnam Style” klipi idi. 2007-ci ildə postsovet ölkələrindən xoşbəxt üçlük – Latviya, Litva və Estoniya Şengen zonasına daxil olmuşlar. 1991-ci ilin bu günündə Azərbaycan Ukraynanın müstəqilliyini tanımışdır. Demokratiya sevənlər, xəbəriniz olsun ki, 1967-ci ilin bu günündə gürcülərin 3-cü prezidenti olmuş və hazırda həbsdə yatan Mixail Saakaşvili dünyaya gəlib. 1937-ci ildə Hollivudda ilk tammetrajlı cizgi filminin premyerası baş tutub, “Ağbəniz və yeddi qnom” filmini düz 750 rəssam ərsəyə gətirmişdi. 1846-cı ildə şotland cərrah Robert Liston tarixdə ilk dəfə əməliyyat zamanı narkozdan istifadə edib. 1824-cü ildə isə Parkinson xəstəliyini kəşf etmiş ingilis həkim Ceyms Parkinson dünyadan köçüb.

Talesiz rəssamın və bəxtsiz şairin elegiyası

Bu gün mərhum şair və rəssam Adil Mirseyidin 70 illiyidir. Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub,  onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Onun barəsində bir azdan ayrıca yazı təqdim edəcəyəm.

Bu gün yazıçı Süleyman Vəliyevin doğum günüdür

Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyev 24 yaşında xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifa­qının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsini qazanıb, ikinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak etdikdən sonra 1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil alıb, 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalış­ıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işlə­yib. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azər­baycanlı döyüşçülərin Avropa müqa­vimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mə­nə “sən” de”, “Çörək” kimi məşhur əsərlərin müəllifidir. Müasir nəsrimizdə müharibə möv­zusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub.  Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsər­lərdəndir. 1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olan yazıçı 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub.

Süleyman Vəliyev 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

Məşhur opera müğənnisi Əlövsət Sadıqovun da doğum günüdür

Gərək bu cür sənətkarlar əsla unudulmasın. Əliövsət Şirəli oğlu Sadıqov 1906-cı il dekabr ayının 21-də Şəkidə anadan olub, mədrəsədə təhsil aldıqdan sonra atası ilə birgə Şəki İpək fabrikində çalışıb. 1926-cı ildə məşhur xanəndə Hüseynqulu Sarabski Şəki ipək fabrikində zəhmətkeşlərin qonağı olarkən fabrikin rəhbərliyi 20 yaşlı usta Əliövsəti ona təqdim edib, Əlövsər “Bəh-bəh” xalq mahnısını necə oxuyubsa Sarabski onu Bakıya dəvət edib. Bu hadisə Əliövsətin həyatında önəmli dönüş yaradıb, Bakıya gələn Əliövsət ustad sənətkarlar M.Maqomayev və C.Qaryağdıoğlunun rəyi ilə Opera və Balet Teatrına qəbul olunub, Azərbaycan Dövlət Konservatoriyasında da vokal dərsi alıb. 1930-cu ildən muğam operalarında baş rolların mahir ifaçısına çevrilmiş Əlövsətə şöhrəti M.Maqomayevin “Şah İsmayıl” operasında oynadığı Şah İsmayıl obrazı gətirib. Tamaşadan sonra böyük Maqomayev “Mən əsl Şah İsmayılı tapdım” deyərək Əlövsəti ürəkdən təbrik edib. 1963-cü ilə qədər Əliövsət Sadıqov Azərbaycan operasının səhnəsində görkəmli sənətkarlarımız Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova və başqaları ilə çiyin-çiyinə çalışaraq opera sənətimizi inkişaf etdirib, gənc nəslə örnək olub. Ə.Sadıqovun oxuduğu parçaların lent yazıları Azərbaycan radiosunun Qızıl Fondunda, Azərbaycan Dövlət Səs Yazıları Arxivində mühafizə edilir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, 1940-cı ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2 dəfə “Şərəf nişanı”ordeni və medallarla təltif edilib. 1971-ci il noyabr ayının 17-də vəfat etmiş müğənni II Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Varis yazır

 

Bəlkə də bu gün onu ailəsindən, qohumlarından və dostlarından başqa anan tapılmayacaq. Axı nomenklaturada onun adı olmayıb vaxtı ilə.

Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub,  onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında – düz 70 il öncə Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Və biz bu gün Adil Mirseyidi böyük hörmətlə anır, quruluşların, hakimiyyətlərin fövqündə dayanan bu fövqəlinsana Allahdan rəhmət diləyirik. Ruhunuzu hönkürdəcək bir şeirini də sizlərə ərməğan edirik:

Bəzən vağzallarda qatar gecikir

hardasa dağlarda bahar gecikir

gecikmiş məhəbbət romanları var

aynada xatirə dumanları var

 

mən şeir yazıram gecə yarısı

sancır ürəyimi bir bal arısı

ağlama gözünün yaşlarını sil

gecəyə qar yağır umrumda deyil

 

hanı rahatlığım dincliyim hanı

o qafası sərxoş gəncliyim hanı

mən sənin ömründən çıxıb gedərəm

alnıma bir güllə sıxıb gedərəm

 

pəncərə önündən bir kölgə keçir

mənim gümanımdan bir bəlkə keçir

çox uzun bir gecə dekabr ayı

sanki gülümsəyir oyuncaq ayı

 

gəl otur yanımda səssiz sədasız

ayrılaq bu gecə qansız qadasız

son dəfə bir şeir oxuyum sənə

hər şeyi təzədən başlayaq yenə.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

 

Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

İntiqam Yaşar oğlu Cavanşir (İntiqam Yaşar) 



Bir udum vətən

 

Bu sərçələr yem dalınca
Tanrının yanından eniblər yanıma.
Son ümid, son güman kimi
Qonublar eyvanıma.

 

Hamı bir vaxt sərçə olur,
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.

 

Düşür özündən xəbərsiz,
Lələk-lələk qanadları.
Yolur yağış qanadları,
Yolur külək qanadları.

 

Ürəyimə daman kimi,
Nə yaxşı ki, dən səpmişəm.
Məni görüb uçardılar,
Dəni dünəndən səpmişəm.

 

Hamı bir vaxt sərçə olur.
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.

 

 

Torpaqların vətən olan tərəfi

 

Torpaqların vətən olan tərəfi,

qan azlığından əziyyət çəkir həmişə.
Qanını torpağa verir övladlar,
son cümləsinəcən...
Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür.
Taqətsiz vətənin üstünü örtməksə,
buluda düşür, ağaca düşür, yarpağa düşür...
Yoxsa...

 

Şəkil

Sən ey başdaşından boylanan şəkil,

Dünyaya baxmaqdan yorulmadınmı?

Burdan gəlib-keçən haqqa çatmaza,

Dişini sıxmaqdan yorulmadınmı?

 

Bir gəlib tozunu silənin də, yox.

Sən kimdin, nəçiydin - bundan kimə nə?

Bəlkə, bir istəyin, bəlkə, arzun var,

Utanma, çəkinmə, buyur, de mənə.

 

Əvvəllər bir qadın görərdim hərdən,

Gəlib dayanardı sənlə üzbəüz.

Deyəsən, heç o da baş çəkmir daha,

Nə dedin, xətrinə dəydi hansı söz?

 

Bəlkə, o qadın da köçüb dünyadan,

Köçübsə, görəsən, hardan boylanır?

Yəqin, başqa yerdə dəfn eləyiblər,

Yəqin, bir şəkil də ordan boylanır.


***

 

Yenə yağış yağır bu boş şəhərə,

Yenə ağacların duası çindir.

Adamsız şəhərdə bir ağac olmaq

Susuz səhralardan daha çətindir.

 

Meyvəsi kölgədir, kölgəsi meyvə,

Uduzur ömrünü gündə bir yoxa.

Bu ağac bəxtindən haçan yarıya?

Öyrənib ümidi hey boşa çıxa.

 

Göylər... ümid yeri... son güman yeri,

Göylər əl uzadar yerdəkilərə...

Yarı yolda qalmaz göydən gələnlər,

Gec də olsa çatar yerdəkilərə.

 

 

Üşüyən heykəl

 

Üşüyən heykələm yağışın altda,

Sinəmdə ürək yox, isinə canım.

Kim ayaq saxlayar, kim hal soruşar,

Adamsız şəhərdə adam dörd yanım.

 

Gözümdən min sual tuşlanıb göyə,

Sual yağışıyla cavab verirəm.

Yağış altda qalmaq bilirəm nədir,

Tanrı, mən sənə çox əzab verirəm.

 

Mənim bağışlanmaq istəyim yoxdur.

Son nöqtə torpaqdı, daşdı uzağı.

Bir gün biri çıxıb soruşacaq ki,

Niyə yağış altda qoydun uşağı?

 

 

 “Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

 

 

Çərşənbə, 21 Dekabr 2022 12:00

Şuşanın Mamayı məhəlləsi vəsf olunub

 

Şuşanın əsas ünvanlarından sayılan, Mir Mövsün Nəvvabın doğulub, boya-başa çatdığı Mamayı məhəlləsi haqqında videoçarx hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin yaydığı məlumatda bildirilir ki, videoçarxı hazırlamaqda əsas məqsədlərdən biri Şuşa ilə bağlı tarixi, mədəni abidələr, şəxsiyyətlər və məhəllələr haqqında bilgi verməkdir.

Bizsə onu əlavə edək ki, sözügedən məhəllə 

şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid bulaq, kiçik meydan və hamam olmuşdur. Məhəllə Mamay bəyin adı ilə bağlıdır. Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamaqabağı məhəllələri yaşayış və inzibati binalar, küçələr biri-birini tamamlayır.

Mamayı məhəlləsinin kiçik düzbucaqlı sahəsi qonşu küçənin şimal tərəfindəki kurdener tərəfindən formalaşaraq, bulağın yerləşdiyi qovşağın bir az yuxarısında yerləşir. Meydanın içəri tərəflərində əsas fasadı meydana baxan və cənuba istiqamətlənmiş məhəllə məscid var.

Şuşa qalasının aşağı məhəlləri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqli idi. Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənir. Qalanın aşağı ərazisində su quyuları,çarhovuzlar,çeşmələr, kəhrizlər çoxluq təşkil edir. Küçələrin və məhəllə meydanlarının genişliyi, yaşayış binalarının, xana və xanın övladlarına, tacirlərə, din xadimlərinə məxsus olan binalar məhəllənin əzəmətini daha da artırır.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Çərşənbə, 21 Dekabr 2022 11:30

Prezident Ömər Eldarovu təltif edib

 

Prezident İlham Əliyev tanınmış heykəltaraş Ömər Həsən oğlu Eldarovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, Ö.Eldarov Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. 

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Moskvadakı VDNX adı ilə tanınan bir ünvan hələ də MDB məkanında mədəniyyətin cazibə nöqtəsi olmaqda qalır. Baxmayaraq ki, Rusiya Ukraynaya təcavüzkar müharibəyə başlamaqla mədəniyyət sözünü kölgəyə salıb. Növbəti xəbərimiz həmin o məkan barədədir. 

Belə ki, Türkiyənin Rusiyadakı səfirliyi VDNX-kı (Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisindəki) “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Lenta.ru-ya istinadən xəbər verir ki, Türkiyənin Rusiyadakı səfirliyinin əməkdaşları mədəniyyət və turizm attaşesi İlker Özkanın başçılığı ilə sərgidəki “Azərbaycan” pavilyonunu ziyarət edəcəklər. Səfər çərçivəsində qonaqlar TEDA layihəsinin dəstəyi ilə türkiyəli müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş kitablarını səfirliyin arxivindən pavilyona hədiyyə etməyi planlaşdırırlar.

“Bunun sayəsində Moskvadakı türk ədəbiyyatı həvəskarları məşhur yazarların əsərləri ilə yaxından tanış ola, onları ana dillərində oxuya biləcəklər. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Poliqrafiya və Kitabxanalar Departamenti uzun illərdir ki, TEDA layihəsini həyata keçirir. Bu layihə çərçivəsində əcnəbi mütəxəssislərə türk ədəbiyyatının yaşadıqları ölkələrdə ana dilinə tərcüməsinə görə maliyyə dəstəyi göstərilir”, - pavilyonun mətbuat xidmətindən bildirilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.