Super User

Super User

 

Əməkdar artist Elza Seyidcahan dodaqqaçıran çıxışları ilə daim diqqət mərkəzində olmurmu, olur. Səhər-səhər ekstravaqant müğənninin nöbvəti “Gülüş klubu” zəfəri. 

 

Fəlakət kimi tanınan və "Fəlidən doğru xəbər" verilişini aparan komik aktyor Elşən Orucovun proqramında qonaq olarkən Elza xanım məktəbdə oğlanları döydüyünü etiraf edib.

"4 bacıyıq, qardaşımız yoxdur. Acığım gəlirdi, oğlanlar nəsə deyəndə döyürdüm onları. Uşaq idim, istəyirdim oğlan kimi bacılarımı müdafiə edim. Mənə məktəbdə boksçu deyirdilər", - deyə, E. Seyidcahan qeyd edib.

Müğənni, bəstəkar, şair - Elza xanımın bu məşğuliyyətləri anlaşılandır, eynicinslidir. Siyasət, millət vəkilliyinə namizədlik - bu tam əks istiqamətdir. İdman isə bu dəfə tamamdan betər əks istiqamətdir. 

Hansı sahə qaldı ki, Elza Seyidcahan orda olmasın? 

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim keçirilib. 

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə ilk öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək narkomaniya, onun fəsadları, insanlara, xüsusən də gənclərə, cəmiyyətə vurduğu zərərlər barədə məlumat verib. Daha sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş informasiya verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi çərçivəsində cari ilin dekabr ayında Bakı şəhərində Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Kürdəmir regional mədəniyyət idarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin kamança, nağara, violin, akademik və estrada vokal, fortepiano müəllimləri üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən ustad dərsləri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması, UMİM-də təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.

Ustad dərsləri kamança ixtisası üzrə (12 dekabr) Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Arif Əsədullayev, nağara ixtisası üzrə (13 dekabr) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Təhmasib Məmmədov, violin ixtisası üzrə (14 dekabr)  Bakı şəhər Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva, akademik və estrada vokal ixtisası üzrə (15 dekabr) Bakı Musiqi Akademiyasının vokal kafedrasının baş müəllimi, Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi Dmitriy Babayev və fortepiano ixtisası üzrə (16 dekabr) isə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi, Əməkdar müəllim Kamilla Əmirova tərəfindən aparılıb. UMİM və UMM-nin kamança, nağara, violin, akademik və estrada vokal və fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərində müvafiq ixtisaslar üzrə tədris metodikası nümayiş etdirilib, ixtisasın spesifik xüsusiyyətləri peşəkar müəllimlər tərəfindən əyani şəkildə şagirdlərin üzərində göstərilib.

 

Qeyd edək ki, ustad dərslərdə kamança ixtisası üzrə 24 nəfər, nağara ixtisası üzrə 24, violin ixtisası üzrə  25,  akademik və estrada vokal üzrə 15 nəfər, fortepiano ixtisası üzrə isə 108 nəfər müəllim iştirak edib. Bundan başqa aparıcı bədii təhsil müəssisələrinin  istedadlı şagirdləri də ustad dərslərində çıxışlar ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Mədəniyyət naziri Anar Kərimov dekabrın 20-də ölkəmizdə səfərdə olan Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qonağı səmimi salamlayan Anar Kərimov Azərbaycanda keçirilən Türk kinosu günlərinin əhəmiyyətini qeyd edib, nümayiş olunan filmlərin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını bildirib. Nazir bu kimi layihələrin, festivalların ənənə halını almasının mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Nazir dekabrın 19-da Bakıda Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclasının keçirilməsi və mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıqla bağlı əhəmiyyətli müzakirələrin aparılmasından məmnunluğunu bildirib. Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasına iki ölkənin mədəni əməkdaşlığı kontekstində böyük önəm verdiklərini deyib. Türkiyəli qonaq komissiyanın iclaslarının il ərzində iki dəfə keçirilməsi təklifini səsləndirib. Bildirib ki, konkret sahələr üzrə sıx şəkildə fikir mübadiləsi aparılması əməkdaşlığın dinamik inkişafına daha yaxşı töhfə verə bilər.

Söhbət zamanı birgə komissiya çərçivəsində muzey, kitabxana, mədəni irs və onun qorunması, təbliği ilə bağlı əməkdaşlıq məsələlərinə də toxunulub. Anar Kərimov qeyd edib ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarix-mədəniyyət abidələrinin bərpası və yenidən qurulması sahəsində Türkiyənin təcrübəsinə ehtiyac var. Bu sahədə fəaliyyət göstərən insanlar üçün qardaş ölkənin mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi faydalı olardı. Nazir qeyd edib ki, muzey əşyalarının bərpa və konservasiyası, mədəni irsin ixracı və idxalı, bu prosesin tənzimlənməsi mexanizmi və digər məsələlərlə əlaqədar Türkiyə ilə əməkdaşlıqda maraqlıyıq.

Görüşdə Azərbaycanda yaradıcı sənayelərin inkişafı, eləcə də Yaradıcı Sənayelər Assosiasiyasının fəaliyyəti barədə söz açılıb, mədəni turizm sahələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Anar Kərimov hazırda işğaldan azad olunan ərazilərdə, eləcə də digər regionlarımızda aparılan arxeoloji qazıntılara türkiyəli mütəxəssislərin də cəlb olunduğunu bildirib. Deyib ki, bu sahədə ölkəmizdə insan resursları yetərli olsa da, müvafiq laboratoriyaların azlığı müşahidə olunur. Türkiyədə isə bu sahədə 10 laboratoriya mövcuddur və ölkəmizdə aparılan araşdırmaların nəticələrinin müəyyənləşdirilməsində qardaş ölkənin imkanlarından istifadə edilir.

Dədə Qorqud Türk Dünyası Film Festivalından danışan Anar Kərimov festivala gənclərin daha çox maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib. Deyib ki, bu festival Türk dünyası kinosunun ölkələrimiz arasında daha yaxşı təbliği baxımından diqqətəlayiq layihədir.

Ahmet Misbah Demircan da sözügedən festivalı yüksək dəyərləndirib, gələcəkdə “Dədə Qorqud Kino Akademiyası”nın yaradılması ilə bağlı təşəbbüslə çıxış edib. Bildirib ki, türk dövlətlərində kino nümayişinin vahid bir platforma üzərindən həyata keçirilməsi əhəmiyyətli olar. Nazir müavini, həmçinin Türk dünyası ölkələrini və xalqlarını əhatə edən kino məktəbinin açılması məsələsini də gündəmə gətirib. O, Azərbaycan və Türkiyənin bu layihənin əsas təşəbbüskarı kimi çıxış etməsinin önəmini vurğulayıb.

Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

 

 “Ədəbiyyat və incəsənət”

(21.12.2022)

İzləyicilərini daim sevindirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki gün ardıcıl nümayiş olunan “Kod adı V.X.A” tamaşasının premyerası anşlaqla keçib. 

Tamaşanı mədəniyyət naziri Anar Kərimov da izləyib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tanınmış maarifçi və ictimai xadim, istiqlalçı şair Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş yeni tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.

Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edib.

Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən yeni səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır. 

Premyeradan sonra nazir Anar Kərimov səhnəarxası görüş keçirərək, yaradıcı heyəti təbrik edib və onlarla xoş təəssüratlarını bölüşüb.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Xalq yazıçısı Elçin Əfəndiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Akademik Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrşünas-tənqidçi, professorlar İlham Rəhimli, Aydın Talıbzadə, yazıçı-dramaturq Əli Əmirli, tarix elmləri doktoru, professor Solmaz Tohidi, Əhməd Cavad və Qayıbovlar nəslinin nümayəndələri, Dilbər Axundzadənin nəvəsi Leyla Axundzadə, eləcə də digər tanınmış teatr xadimləri və incəsənət adamları da premyeranı izləyiblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – klassik ədəbiyyatlarda, qədim yunan əsatirlərində yer alan söz və ifadələrin, məkan, tanrı və bədii əsər qəhrəmanı adlarının toplandığı irihəcmli “Mifoloji lüğət” kitabı işıq üzü görüb.

 

Tərcümə Mərkəzinin məlumatına görə, kitabın tərtibçiləri Mərkəzin dil və tərcümə mütəxəssisləri Bəhlul Abbasov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, redaktorları Rəbiqə Nazimqızı və Şəfiqə Quliyeva, “Ön söz” müəllifi Etimad Başkeçiddir.

Qeyd edək ki, lüğət humanitar sahələrdə çalışan elm adamları, müəllimlər, bilavasitə əlaqədar ədəbiyyatların tədrisi və tədqiqatı ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Çərşənbə, 21 Dekabr 2022 08:00

Yasəvinin “Divani-hikmət”i

 

“Yasəvidən başlayan kamillik yolu” - Beynəlxalq Muğam Mərkəzində düzənlənən növbəti tədbiri belə adlanırdı. Tədbirdə Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə Əhməd Yəsəvinin Azərbaycan dilinə tərcümə edilmiş "Divani-hikmət" kitabının təqdimat mərasimi baş tutdu. 

Təqdimat mərasimində ölkənin mədəni-ictimai xadimləri, ədəbiyyatşünaslar, yazıçı və şairlər iştirak edirdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin aparıcısı, şair, Milli Məclisin eksperti Əkbər Qoşalı Əhməd Yasəvi şəxsiyyəti barədə qısa məlumat verdikdən sonra sözü Milli Məclisin deputatı Qənirə Paşayevaya verib. Qənirə xanım Əhməd Yəsəvinin dini görüşləri barədə söz açıb: 

"İslamın əsl dəyərlərini dərindən öyrənmədikcə, İslam adından hansısa başqa məqsədlər üçün istifadə edənlərin təsirləri genişlənəcək və nəticədə gənclərimiz, eləcə də əksər adamlar bu təsirə düşə bilər. Biz bilməliyik ki, dədələrimizin İslam anlayışı necə olub. Əhməd Yəsəvinin İslam anlayışında məzhəb ayrılığı, düşmənçiliyi yoxdur".

Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli kitabın Azərbaycan dilində nəşrinin vacibliyini diqqətə çatdırıb: 

“Əhməd Yəsəvinin kitabının nəşri ilə bağlı Nazirliyə müraciət edildikdə dərhal razılaşdıq. Çünki Əhməd Yəsəvi dünyası mütləq Azərbaycan dilində, Azərbaycan oxucusuna çatdırılmalı idi. Yanvarın ilk ongünlüyündə artıq oxucular kitabı kitabxanalardan əldə edə biləcəklər".

Daha sonra digər qonaqlar da kitab haqqında fikirlərini bölüşüblər.

Çıxışlar bitdikdən sonra tədbir bədii hissə ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət” 

(21.12.2022)

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük türk şairi Nazim Hikmətin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı APA-ya istinadla xəbər verir ki, konfransda ölkənin tanınmış ədəbiyyatşünas alimləri, universitet müəllimləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib.

 

Konfransı giriş sözü ilə açan muzeyin baş direktoru akademik Rafael Hüseynov "Azərbaycanın, Türkiyənin və dünyanın Nazim Hikməti" mövzusunda geniş məruzə ilə çıxış edib. Akademik böyük şairin Azərbaycana olan sevgi və bağlarına xüsusi diqqət çəkib.

Daha sonra konfrans plenar iclasla öz işinə davam edib.

İclasda professor Şəfəq Əlibəyli, professor Tofiq Məlikli, elmlər doktoru Tahirə Həsənzadə, filologiya üzdə fəlsəfə doktoru Əsmətxanım Məmmədova və Gəncə Dövlət Universitetinin baş müəllimi Cahan Ağamirov məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, türk inqilabi şeirinin banisi Nazim Hikmət 1902-ci ildə zadəgan ailəsində anadan olub. Onun "835 sətir", "Baron-3", "1+1=1", "Səsini itirmiş şəhər" kimi kitablarında xalqın ağır həyatı və inqilabi mübarizəyə çağırışlar öz əksini tapıb. Nazim Hikmət 1963-cü ilin 3 iyununda, 61 yaşında Moskvada vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Dekabrın 20-də Azərbaycan Turizm Bürosu (ATB) ilə Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb. 

 

“Ədəbiyyat və incəsənət”portalı AzərTAC-a istinadən bildirilir ki, memorandum sənədini ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və “Flynas” aviaşirkətinin beynəlxalq satış üzrə vitse-prezidenti Abdulilah Aleidi imzalayıb.

Sənəd özündə qarşılıqlı təcrübə mübadiləsi, hər iki ölkə arasında turizmin inkişafı üçün potensial fəaliyyətlərin təşviqi, eləcə də turist axınına təkan verəcək birgə layihələrin işlənib hazırlanmasını ehtiva edir. 

Florian Zenqstşmid müxtəlif turist təcrübələri, sadələşdirilmiş elektron viza prosesi və birbaşa uçuşlarla daha çox Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycana cəlb edilməsinin hədəfləndiyini qeyd edib.

O bildirib ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 93 min 611 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 dəfə artım deməkdir. Həmçinin bu rəqəm pandemiyadan sonrakı dövrdə bərpanın 91 faizini təşkil edir. 

“Flynas” rəsmisi Abdulilah Aleidi təmsil etdiyi şirkətin 2018-ci ildən etibarən Səudiyyə Ərəbistanından Azərbaycana uçuşlar həyata keçirən ilk hava yolları şirkəti olduğunu və imzalanan memorandumun Azərbaycana ediləcək səfərlərə öz müsbət töhfələrini verəcəyini qeyd edib.

 

(21.12.2022)

Çərşənbə, 21 Dekabr 2022 09:00

2023-cü ildə qiymət siyasəti tənzimlənəcək

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Gəlmə Turizm Komissiyasının üzvləri ilin yekunlarına dair iclas keçirib.

 

ATAA-dan mediaya yayılan məlumata görə, görüşdə 2022-ci il üzrə ATAA tərəfindən qaldırılan bir sıra məsələlər, problemlər və onların həllinə dair görülən işlərin nəticələri müzakirə edilib, bu istiqamətdə dövlət qurumları və təşkilatlarla aparılan ikitərəfli görüşlərə və səsləndirilən təkliflərə dair fikir mübadiləsi aparılıb.

Toplantı çərçivəsində komissiya üzvləri tərəfindən qaldırılan əsas məsələlərdən biri hotellərlə turizm şirkətləri arasında əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsinə həsr olunub.

Görüşdə qarşılıqlı biznes əlaqələrinin sağlamlaşdırılması və rəqabət mühitinin yaxşılaşdırılması məqsədi ilə 2023-cü ildə qiymət siyasətinin tənzimlənməsi, birgə iş birliyinin yaradılması və gəlmə turizmin stimullaşdırılması üçün dövlət qurumları, təşkilatlar və assosiasiyalarla, eləcə də hotellərlə yeni görüşlərin keçirilməsi imkanları müzakirə olunub. 

İclasda həmçinin beynəlxalq sərgilərdə ölkə turizminin təşviqi, xarici tərəfdaşlarla kommunikasiya əlaqələrinin və B2B (biznesdən-biznesə) formatlı görüşlərin genişləndirilməsi və qarşılıqlı infoturların təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.