Super User
Bu gün milli teatrımız 150 illik yubileyini qeyd edir
Təqvimimizdə 10 Mart günü Milli Teatr Günü kimi qeyd edilib. Hər ilin bu gününü ölkənin teatr ictimaiyyəti təntənə ilə keçirir. Amma bu dəfə bir başqa büsat var. Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı qədim və zəngin yol keçən Azərbaycan teatrının tarixinə bir rakurs edir.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirildi. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynadılar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin də böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir. Danılmazdır ki, Azərbaycan teatrı bu gün tam dövlət qayğısı ilə əhatələnib.
“Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd olunması haqqında” Sərəncam buna bariz nümunədir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
Qayıdaq Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramına. Bu proqram öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib.
Dövlət proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Regionlarda teatrlarımızın inkişafı, xalq teatrlarının yaranmasını da bu yüksəliş siyahısına daxil etsək məsələ tam aydınlaşar.
İnanırıq ki, Azərbaycan teatrının uğurları hələ qarşıdadır. Biz bütün teatr cameəsini təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Heydər Əliyev və teatr
Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı builki Heydər Əliyev ilində ümummilli liderin Azərbaycan teatrına göstərdiyi diqqət və qayğıya nəzər salır.
Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Yeri gəlmişkən qeyd etməliyik ki, bu il ölkəmizdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmasının teatrımızın 150 illiyi ilə üst-üstə düşməsi də rəmzi xarakter daşıyır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir.
Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Onun premyeralara getməsi, prədə arxasında sənətçilərlə görüşməsi, ünsiyyət qurması əsla yaddan çıxmaz.
Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Rəsm qalereyası: Rafael Əsədov, “Mənzərə”
Günün fotosu: İsrail diktatura əleyhinə!
Günün fotosu: İsrail diktatura əleyhinə!
İsraildə Benyamin Netanyahu hökümətinin tətbiq etmək istədiyi məhkəmə islahatlarına qarşı kütləvi hərəkat başlayıb. İnsanlar bu islahatı diktatura ərəfəsi hesab edirlər.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Sabah “Ah, bu uzun sevda yolu” nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası sabah - martın 11-də nümayiş ediləcək.
Səhnə əsəri dramaturq Ə.Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edirlər.
Qeyd edək ki, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır. Tamaşada xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərindən bəhs edilir. Səhnə əsərində M.Müşfiqin nakam taleyi əks olunsa da, bu əsərdə repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Unudulmaz sevgi romanlarından parçalar
“Ədəbiyyat və incəsənət” portalı çox bəyənilən “Sevgi romanlarından parçalar” rubrikasında sizlərə Varisin “Qırmızı ləçəklər” romanından bir seçməni təqdim edir.
Əlbəttə, yüzlərlə tədqiqat var ki, sevənin halını xəstəlik halı ilə uzlaşdırır, ümumən sevgiyə düçar olmağı xəstəlik növü adlandırır. Amma mən həmişə "sevgi" sözünün "xəstəlik" sözü ilə müqayisəsindən çəkinmişəm, hətta diksinmişəm.
Xəstəlik — müalicəsinə çalışdığın, ondan qopmaq istədiyin anormal haldır. Sevgi isə daha şiddətlə mübtəla olmağı arzuladığın bir həzdir, bir gözəllikdir.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Sabah Xalça Muzeyində İnna Kostina mühazirə oxuyacaq
Martın 11-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın “Göyün yeddinci qatı” adlı fərdi yubiley sərgisi çərçivəsində batika üzrə mühazirə keçiriləcək.
Qeyd edək ki, mühazirə İnna Kostina tərəfindən rus dilində təqdim olunacaq.
İştirak üçün öncədən https://forms.gle/Sx6YeA2sWY7hhh7T7 linkinə müraciət edərək qeydiyyatdan keçmək olar.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
“Gəncliyə müraciət” – Muhterem Şahin
“Dərgi içində dərgi” bölməsində Türkiyədə çıxan “Gənc ürəklər” dərgisindən sizlərə Humay Yılmazın çevirimində Muhterem Şahinin “Gəncliyə müraciət”ini təqdim edəcəyik. Bu gün bu sayaq mövzuların çox aktual olmasını nəzərə almağınız vacibdir.
Muhterem ŞAHİN
GƏNCLİYƏ MÜRACİƏT
Ey gənc dost! Ey igid könüldaş! Ey təmiz vicdanlı, saf ürəkli insan!
Sözümüz sənədir. Hər canı can bildik. Sənin yanında olmaq üçün gəldik. Dostcasına salamlaşmağa, sevda bağçasından gül dərməyə, məhəbbət otağını bəzəməyə gəldik. Sözləri, hekayətləri təkcə nağıl kitabından oxumuruq. Dünyanın və əsrin qəlbindən keçənlərdən xəbər veririk. Səni özünə şahid tuturuq, sözə aid, gözə aid nə varsa, sənə şahid tuturuq.
Ey ür'yi mərhəmətli bahadır!
İnsanlıq bir böhran içindədir, bunu sən də bilirsən. Bu, sadəcə, bir böhran və çöküş deyil, həm də dəlilik və çirkinlikdir. Kirlənmiş, qatılaşmış, daşlaşmış bir dövrdür bu. Haqdan qaçan, həqiqətə düşmən bir dövrdür... Bəzi ölkələrdə müharibə, terror, zülm, aclıq və yoxsulluq baş alıb gedir. Yaxın Şərqdə, Asiyada, Afrikada qan su yerinə axır. Eyni adı daşıyanlar bir-birini boğazlayır. Bir tikə çörəyə, bir qurtum suya həsrət uşaqlar var. Hər gün gözümüzün içinə baxa-baxa həyatdan köçürlər. Bəzi ərazilər qıpqırmızı, qapqara, bombozdur...
Sən də bilirsən, ən işıqlı dövr qaranlığa qərq olur. Ölüm, aclıq, zülm, yoxsulluq çoxlarının axırına çıxıb. Amma əksinə, pulun, rahatlığın, var-dövlətin içində üzənlər, nəfslərinə korluq çəkdirməyənlər də az deyil. Əbu cəhllər qitə-qitə gəzir, əbu ləhəblər sürü-sürü dolaşırlar... Nuha, İbrahimə, Yusifə, Əhmədə rast gəldinmi? İrqlər arasında dava, savaş, dinlər arasında münaqişə aləmi qatıb-qarışdırıb. Və mən, sən, o – hər birimiz, sadəcə, tamaşa edirik. Sanki bir romandan quraşdırılmış filmi izləyirik. Necə də üzücü, qəribə, necə də böyük ziddiyət, həyasızlıq, dəhşətli bir səhnə...
Ey həqiqət yolçusu!
Kirlənməmiş, xarab olmamış və çürüməmiş bir sən qalmısan, bir də məsum uşaqlar. Hə, bir də heç bir zaman gerçəyin, yaxşılığın, doğrunun, ədalətin ətəyindən qopmamış geniş ürəklilər... Salam olsun insan olaraq doğulub insan olaraq qalanlara. Sionizm, kapitalizm, kommunizm, materializm, konformizm insanı, cəmiyyəti, ölkələri istismar edir, əridib yoxa çıxarır. Hər birinin ayrı-ayrı dəyirmanları var. Və bu dəyirmanlar məni, səni, onu üyüdüb sovurur. Ölürük, can veririk.
Ey müqəddəs əmanəti daşıyan can!
Zəng sənin üçün, mənim üçün, hamımız üçün çalınır. Müqavimət göstərməyəcəksənmi? Müdafiə etməyəcəksənmi? Qarşı çıxmayacaqsanmı? Bir hərəkətin, bir vuruşun olmayacaqmı? Pislərə və pisliyə qarşı hayqırmayacaqsanmı? Haqqı dəstəkləyib, onu yüksəklərə qaldırmayacaqsanmı? Bil ki, gözün, qulağın, dilin və əlin sənə xəyanət edəcək bir gün. O gün gəlmədən özünə gəl. Qalx, düzlən, dik dur və ağlınla, ürəyinlə düşün, fikirləş, mən kiməm, nəçiyəm, niyə gəldim, haraya gedirəm deyə. Özünə sual ver! Sorğu-sual et, bildiklərini, öyrəndiklərini və ya bilmədiklərini soruş! "Bilənlər bilməyənlərlə eyni ola bilərmi, səncə?" Hər şeyi bilən elə demirdimi?
Ey qiymətli can!
Bir çağırışımız var sənə, bir dəvətimiz, bir müjdəmiz var. Özündən qopub gələni sözə tökən, içindəki iztirabı dilə gətirən, tərtəmiz dillə yazılmış şanlı məktubumuz var. İnsanı, kitabı və həyatı oxu deyə, buyuran və qələmə and içən Qüdrətin, həqiqət sirrinə vaqif olmaq muradıyla yola çıxanlar adına arzumuz, sevdamız var. Bu müjdə, bu məktub, bu sevda gənc ürəklərdir. Ürəyini fəda edənlərə salam olsun!
Ey Anadolunun sinəsi dağlı övladı!
Gen ürəkləri şəhərin o biri ucundan qaçaraq gələn adamın hayqırışların bil! Hirada əks-səda qoparan və insanlığın vicdanına səslənən müqəddəs əmrin aydınlığına pərvanə olanları bil! Daşlara müqaviməti, hüzuru, birlik ruhunu həkk edən Bilgə Kağanın vəsiyyətini bil. Sultan Alparslanın duası, Şeyx Ədəbalinin yuxusu, Osman bəyin döyüşünü bil! İyirmi bir yaşındaykən çağ açıb çağ sonlandıran dədəmiz Fatihin cahangir ruhu və ağlı, dünyanı tutacağına inanan Yavuzun cəsarəti, qanunlar yazan Süleymanın ədalət sirri, aləmə diz çökdürən Mustafa Kamalın milli mücadiləsini bil! Gənc ürəkləri Yunisin misralarında əks olunan eşqi, sevgini və tolerantlığı bil. Qaracaoğlanın, Dadaloğlunun, Aşıq Veysəlin, Neşet Ertaşın sazından qopan sevgisin, hayqırışın, baxışın və üsyanın bil! Mehmet Akifin iztirabın, şikayətin, əzəmətin, şeirin bil! Sən də bizə qoşul!
Bura ölkəsi, milləti, dövləti, vətəni, bayrağı, dəyəri, prinsipi üçün döyünən ürəklərin elm və bilik otağıdır. Birlik, bərabərlik, qardaşlıq, dostluq ocağıdır. Mədəniyyət, sənət, ədəbiyyat, fikir, elm məktəbidir. Oxuyan, yazan, düşünən, danışan, müzakirə edən, ortaya bir şey qoyan, mübarizə aparan azad ruhların öz evidir. Ulu çinarın kölgəsində xəyallar quran və məmləkət türküləri oxuyan aşıqların dost məclisidir. Bulaqdan çağlayan tərtəmiz su ilə yaşıllaşmış, bərəkətli torpaqların bərəkətli qarışığıdır. Bayraq adamlara və onu yerə düşürtməyənlərə salam olsun!
Gəl, qardaşım! Bil, qardaşım!
Bu, millət və məmləkət üçün yaxşı işlər görmək uğrunda ümid, həyəcan, həvəs, sevgi hiss edən, elm, hikmət, qardaşlıq duyğusu ilə bağlanan yeni gənçlik çatısıdır. Cənnət kimi gözəl Türkiyəmizin hər bölgəsindən, hər şəhərindən, hər qəsəbə, hər kəndindən, hər məhəlləsindən ürəklə gəlib yığışdığı, hər cür işlərinin dəyərləndirildiyi bir gənclik məktəbidir. Atelye, salon, səhnə və kürsüdür. Gəl əl-ələ, yan-yana, çiyin-çiyinə verək. Kitabın, qələmin, sözün, yazının bağçasından, əsrlərdən o yana ətri yayılan bir qırmızı gül diləyirəm. Həqiqətə yetişmək arzusu ilə yola çıxanların ucalığına və müdrikliyinə çataq.
“Gelin tanış olalım,
İşi kolay kılalım,
Sevelim, sevilelim,
Dünya kimseye kalmaz.” (Yunus Emre)
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Firəngizi necə “yalanpışdan” öpdülər
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Firəngiz Mütəllimovadır.
FİRƏNGİZ MÜTƏLLİMOVA
(1959)
***
“Bəyin oğurlanması” filmində Nəsibə Zeynalovanın “yalanpışdan” sözü dillərə düşmüşdü. Bir dəfə qohumların arasında məclisdə idim, yaşlı qadınlardan biri məni görən kimi:
– Ay Firəngiz, çoxdandı səndən soruşmaq istəyirəm, – deyərək, sözə başlamaq istədi.
– Nəsibə xanım dedi də “yalanpışdandır”, – deyib, arvadı danışmağa qoymadım.
Qadın gözlərini döyə-döyə qaldı. Və dedi:
– Mən gördüm axı, o gədə səni traxtorda doğruçu öpdü.
Cavabında söylədim:
– Off, doğruçu öpdü, ancaq nə olsun, “yalanpışdan” öpdü.
Yazıq çiyinlərini çəkdi.
– Nə bilim…
Hamı gülüşdü.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti”
“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Sərvanə Dağtumasın ədəbi tənqidə aid yazılarının dərcini davam etdirir. Bu dəfə növbə görkəmli Azərbaycan Sovet yazıçısı İlyas Əfəndiyevindir.
Müəllif oxuculardan xahiş edir ki, rəylərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərsinlər.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İlyas Əfəndiyevin yaradıcılığında qadın azadlığı, qadınlıq duyğuları və onun daxilində baş qaldıran saf, pak sevgi hislərinin təsviri xüsusilə diqqəti çəkən məqamlardan biridir. Yazıçı oxucu düşüncələrini dilemma qarşısında qoyaraq, “əsərin baş qadın qəhrəmanı haqlıdırmı?” sualına yönləndirmiş, insan xislətində yaranmış spesifik cəhətlərə “Körpüsalanlar” romanında aydınlıq gətirmişdir. Əsərdə hadisələr əsasən, kənd mühitində cərəyan edir və 2 təhkiyəçinin dilindən verilir. Həmin təhkiyəçilər əsərin baş qəhrəmanları olan Səriyyə və Adildir. Yazıçı əsərin digər qəhrəmanı olan Qəribi də təhkiyəçi qismində verə bilərdi mi? Bəli, fəqət görünür, yazıçı Səriyyə-Adil xəttindəki konflikti daha qabarıq şəkildə təsvir etmək, onların daxili aləmini oxuculara açıq, aydın şəkildə çatdırmaq üçün belə bir mövqe tutur.
Səriyyənin qəlibləşmiş arzuları.
Əsərin baş qadın qəhrəmanı Səriyyə zavod çilingərinin bir qızı idi. O, kənd mühitində böyümüş, yol texnikumunu bitirmiş, ali təhsilə yiyələnməmişdi. 19 yaşında tale onu Adillə qarşılaşdırmış və bu iki gənc ailə həyatı qurmuşdu. Baxmayaraq ki Səriyyə Adili sevib evlənmişdi, (bəlkə də sevmirdi) bu birillik izdivac yenicə çiçəkləndiyi kimi çox erkən də soldu, Səriyyə özü də bilmədən, Qəribə qarşı qəlbində saf duyğular bəsləməyə başladı. Onun hər hərəkətinə diqqət yetirir, hətta paltarına da nəvaziş göstərirdi. Səriyyənin daxili aləmində azad hislər yaranmışdı, onun özü də azadlıqsevər idi. “Körpüsalanlar” romanında bu, onun dilindən açıq-aşkar şəkildə verilir.
Səriyyə Adilə öz xoşu ilə ərə gəlmişdi, öz həyatından maddi cəhətdən məmnun idi. Kübar ailə mühitinə düşmüş gənc qız ərinə qarşı sadiq və hörmətli olmağa çalışırdı, ərinin ona verdiyi tövsiyələrə əməl edirdi, çünki özünü bu yeni kübar mühitində necə aparmağı dərk edə bilməmişdi. Adil onun hər bir kiçik səhvini duyub dərhal ləğv edirdi. Onun aləmində “ər” anlayışı ərinə qulluq etmək onun hər bir ehtiyaclarını qarşılamaq, sözündən çıxmamaq ona lazımi dərəcədə hörmət göstərməkdir. Həyat yoldaşı ailə qurduğu qadından onun mövqeyinin tələb etdiyi yüksəklikdə dayanmasını istəyirdi, lakin Səriyyə bunu bacara bilmirdi. Adillə arasında əsl eşqdən əsər-əlamət yox idi, onun fikri, diqqəti sadəcə bütün deyilənlərə robot kimi əməl etməklə yekunlaşırdı, çünki bu həyatı özü seçmişdi. Bəzən seçdiyi bu həyata layiq olmadığını düşüncələrindən keçirir, yoldaşının ondan daha yüksək mövqedə durmasını dilə gətirirdi. Amma hər şey Səriyyənin istədiyi kimi davam etmədi. İkiüzlü davranmaq istəmirdi. Yoldaşından bir şeyi, hətta hislərini belə gizlətmək ona ağır gəlirdi. Fikrimizcə, Səriyyə öz duyğularını tez bir zamanda müəyyən edib həyat yolunu seçməliydi və seçdi də...
Təəssüf ki Səriyyə labirintlərlə aşıb-daşan ailə mühitinə düşmüşdü. O, arzuladığı həyatı yaşaya bilmədi,öz seçimində yanıldı və bunu anlayaraq, öz sevgisinin arxasınca getdi. Qəriblə qarşılaşmaq onun yalnız daxili aləminə ruhuna qəlbinə deyil, xarici görünüşünə də sirayət etmişdi. Səriyyənin qəlbinin ehtiyaclarını ödəyən onu ehtirasla, pak hislərlə sevən, qadınlığına dəyər verən, qayğı göstərən bir adamı seçməklə həyatını, eyni zamanda ruhunu dəyişdi. Bunu onun cismi deyil, ruhu, qəlbi arzulayır, tələb edirdi. Başqa sözlə desək, azad olmaq istəyi...
Azadlıq anlayışının 3 tipi məlumdur: cismani, hissi və ağıllı azadlıq. Səriyyə hissi azadlığına qovuşdu, onun qəlbi sanki buxovlanmışdı, heç kəsin girə bilməyəcəyi qalaya çevrilmişdi. Onun bu solmuş, tükənmiş hisləri Qəribi görəndən sonra canlandı və o bu arzuolunmaz sevginin qarşısını ala bilmədi. Səriyyə axtardığı sevgini Adildə deyil,adi bir buldozerçidə tapdı.
Səriyyə nə üçün ona “sən” deməyə ərk eləmirdi? Bu utancaqlığın, çəkingənliyin əlaməti idi mi? Yoxsa Səriyyəyə qarşı yaranan bu doğmalıq, bu istilik, ya da Qəribin “yad qadına” qarşı soyuq davranışı mı onların arasında sərhəd yaradırdı ? Yoxsa daha da yaxınlaşdırırdı ? Səriyyə özü də bu sualın çətinliyi qarşısında qalmışdı. Bəlkə də gizli doğmalıq buna səbəb olmuşdu. O, özündə yaranan cəsarətli, ülvi hisləri dəf edə bilmirdi, özünə bəraət qazandırır, haqlı hesab edirdi. İnsanın bəzən sevdikləri ilə arasında müəyyən sərhəd olur və həmin sərhədi qarşı tərəf də gözləyir. Bəlkə də qarşılıqlı hislərinin arasındakı süni sərhəddir?
Digər tərəfdən belə bir sual yaranır. Səriyyə nə üçün günlük yaşamını, xüsusilə də Qəribli dəqiqələrini ən çox gecələr düşünürdü? Gecələr insan qəlbilə baş-başa qalır, qəlb nə istəyir, ağıl hansı yolu göstərir, qəlbin istədiyi şeyi ağıl idarə edir. İnsan gecələr özü ilə baş-başa qalır və ünsiyyət qurur. Səriyyə qəlbinə doğru irəliləyir, onunla bacarmırdı. Həyat yoldaşının acı taleyi Səriyyəni çox qorxudurdu . O ərinin “əsarəti” altında sıxılırdı, zincirlərdən yaxa qurtarmaq istəyirdi. Adilin ona izah etdiyi “xoşbəxtlik məfhumu”nu anlaya bilmirdi. Səriyyənin arzuladığı həyat ,istəkləri, xəyalları tamamilə Adildən yad və kənar aləmə yönəlmişdi.
Səriyyəni yelbeyin, ağılsız hesab etmək olar mı? O, vicdanı qarşısında hesab verirdi mı? Fikrimizcə, Səriyyə ailə ocağına atılmış bir “körpə”dir. Onun düşüncələrini duyğularını Adil anlamırdı. Bəlkə də qarşılıqlı münasibətdə bu yaş fərqi rol oynamırdı deyil. Bu fərq düşüncə tərzinə, dünyagörünüşünə ,sözsüz, təsir göstərirdi. (Səriyyə 19 ,Adil 31 yaşında idi) Amma insanın ağıl yaşı böyük olarsa, bioloji yaş evlilikdə rol oynamaz. Səriyyənin də ağıl yaşı Adillə müqayisədə çox az idi, ərinin düşüncələri ,arzuları, istəkləri ilə Səriyyənin xəyalları tam təzadlıq təşkil edirdi. Səriyyə Adilə sadəcə hörmət edirdi, əri onun özü ilə hesablaşmasını istəyirdi, əgər yoldaşı səssizcə narazılıq edirdisə, xanımı bunu anlamalı, özü ilə hesablaşmalı idi. Burada əsl sevgidən söhbət gedə bilməzdi. Səriyyə qəlbindəki mənəvi boşluğunu, mənəvi ehtiyaclarını Qəriblə qarşılamağa can atdı. Qərib sanki onun gözünü açdı, onun yatmış qəlbini coşa, ehtirasa gətirdi. Xoşbəxtliyin, əsl sevginin 3 açarı- qayğı diqqət və hörmətdir.
Adilin ziddiyyətli mövqeyi.
Adil əsərdə ziddiyyətli mövqe tutan baş qəhrəmanlardan biridir. Ali təhsilli, ziyalı bir ailədə böyümüş, savadlı gəncdir. Səriyyəni sevib evlənmişdi. Həyatı boyu ideal bir ailə, müqəddəs həyat yoldaşı arzulayırdı. Adil istəsəydi, xanımından daha yaxşısı ilə evlənərdi, amma onun nəzərində “yaxşı” anlayışı Səriyyənin bütün varlığı ilə bağlıdır. Adilin fikrincə qızın oğlandan bir pillə aşağıda olması uğurlu evlilik həyatını şərtləndirən əsas amildir. Onun ailəsi bu izdivaca qarşı çıxsa da o öz sevgisinin arxasınca getmiş və məqsədinə nail olmuşdu. Lakin Adilin daxili aləmində yaranmış ziddiyyətli xarakter gənc mühəndisi ailə səadətindən tezliklə məhrum etdi. Adilin xarakterində müsbət keyfiyyətlər də vardı, amma onun xudpəsənd, şöhrətpərəst xüsusiyyətləri yaxşı cəhətlərini kölgədə qoyurdu. Onun bu xarakterini formalaşdıran, şübhəsiz, gördüyü ailə mühiti olub. Adildə olan neqativ keyfiyyətlər onu Səriyyədən daha da uzaqlaşdırırdı. Riyakar davranışlar, süni münasibət , məqsədli hərəkətlər Səriyyə üçün dözülməz oldu. Adilin aləmində xoşbəxtlik məfhumu tamamilə fərqli məna kəsb edirdi. O, Səriyyənin xırda “körpə” düşüncələrini cılızlaşdırır, önəmsəmirdi və ağılla, düşüncə ilə danışsa da xanımının ürəyindəki ehtiras qığılcımını alovlandırmağı bacarmırdı. Əksinə bu onda soyuq, anlaşılmaz bir hissə çevrilir və tezliklə hafizəsindən silinirdi.
Adilin ona qarşı qoyduğu qadağalar, qısqanclıq duyğuları, göstərdiyi diqqət və nəvaziş niyə Səriyyəni özündən çıxartdı? Onun axtardığı bu deyildi mi? Adilin Səriyyəyə münasibətində tutduğu mövqe düzgün deyildi. Onun ikiüzlü, saxtakar davranışları bu münasibəti uçuruma doğru gətirib çıxardı və ərinə qarşı Səriyyədə kin, nifrət yaranmağa başladı . O ,Qəribin sağlamlığı naminə Adili bağışlayacağını (onu müqəssir hesab edirdi) güman edirdi, lakin taleyin ona nələr vəd etdiyindən xəbərsiz idi.
Adil qorxaq idimi? Adil qorxurdu, Səriyyəni itirməkdən, öz sevgisinin, ailə həyatının faciə ilə bitməsindən daha çox şöhrətini, karyera həyatında tutduğu mövqeyini itirməkdən qorxurdu. Bu qorxu onun ruhuna da hakim kəsilmişdi və o manqurt, absurd düşüncələrindən xilas ola bilmədi, özü sanki öz taleyini yazdı. O sırf Səriyyəni əldən buraxmamaq üçün saxta və yalançı mövqedə dayanmışdı. Gözünün önündə baş verən hadisələrə nəzər salaraq, sanki ayıldı və yoldaşını itirmək qorxusu yaşadı. Onun sevgisi də, qısqanclığı da özü kimi eqoist idi, yoldaşını və buldozerçini öldürmək də ağlının ucundan keçmişdi, onun hər davranışının, atdığı hər addımın, ağlından keçən hər düşüncənin altında bir “mən” - eqo yatırdı. Səriyyə də bu eqoistik sevginin fərqində idi. Burada möhkəm və sevgi dolu ideal bir ailədən söhbət gedə bilməzdi. Adilin bu hərəkəti Səriyyəni daha da qəzəbləndirdi və o, öz kartlarını ortaya qoydu.
Adilin Səriyyəyə qarşı münasibətində bəslədiyi hislərin adı nə idi? Adil sevirdi, lakin qürursuz sevirdi. Səriyyəni heç vaxt onu itirməyəcəyini ağlının ucundan belə keçirməyərək, sevirdi. Səriyyəni sanki canlı bir əşya, özünü də sahibkar hesab edərək, sevirdi. Adil ona cismən yaxın, qəlbən uzaq idi. Adil Səriyyənin özü kimi düşünməsini istəyirdi, Adil özünə uyğun biriylə evlənməmişdi, həyat yoldaşı zavod çilingərinin qızı idi. Xanımından özünün istədiyi kimi davranmasını tələb edə bilməzdi. Buna haqqı yox idi. Fikrimizcə, Adil ilk növbədə Səriyyəyə azadlıq, sərbəstlik verməli idi. Digər tərəfdən, əgər özünə uyğun birini istəyirdisə, ziyalı ailənin qızı ilə ailə qura bilərdi. Özünün əvəzinə Qəribdə günah axtarır, çıxış yolu kimi onu işdən uzaqlaşdırmağa çalışırdı. Qəribin yerinə Səriyyənin qarşısını vaxtında almalı, sözlə deyil də, hansısa hərəkəti, atdığı addımı ilə yoldaşının səhvini başa salmalı idi. Adilin buldozerçinin yerini dəyişməsi hadisələrin daha da mürəkkəbləşməsinə gətirib çıxardı. Adil nə nəcib, nə də alicənabdır. Qadınına qarşı sevgi və sahiblənmək hissini özündən dəf edə bilmir, özü ilə bacarmırdı. Onun varlığından elə bil indi xəbər tutmuşdu. Gücsüzlüyünü acizliyini başa düşürdü. Kənardan gülünc və istehzalı görsənirdi, çıxış yolunun ayrılıqda axtarsa da, qısa müddətdə bu fikrindən vaz keçdi. Həm karyera həyatını fikirləşir, həm yoldaşını başqası ilə bölüşmək istəmirdi. Səriyyənin buldozerçilərə olan meylini dərk edirdi. Həm də ən əsası zəif iradəsi bu sevgidən imtina etməyə imkan vermirdi.
Gənc Adil iş həyatı ilə ailə həyatını qarışıq salır, bütün sevgisini işinə verir. Onu ən çox acıdan Qərib kimi özündən “aşağı” olan birinə qarşı sevgi hislərinin bəslənməsidir. O, insanlıqla vəzifəni səhv salırdı. Vəzifə cəhətdən Adil yüksəkdə dura bilər, yol rəisi ola bilərdi, amma əfsuslar olsun ki ailəsinin, evinin rəisi ola bilmədi, bacarmadı. Qəriblə müqayisədə əslində o aşağı pillədə dururdu. Qəribin varlığı belə Adildə nifrət yaratmışdı və o yalnız Qəribə deyil, öz xanımına da ölüm arzulayırdı, başqasına , əsas da Qərib kimi “aşağı pilləli” birinə sahib olmasını qəbul edə bilmirdi. Adilin etdiyi bir səhv bütün həyatını məhv edir. Onda olmayan saf, ülvi hislər, adicə bir təbəssüm belə Səriyyəyə əzab verirdi, onun əsəblərinə toxunurdu. Səriyyə,yoldaşı tennis oynamağa, ova gedəndə və hətta onun şərab içməsini biləndə heç bir irad bildirmədi. Adil Səriyyənin yanlışlarının özünün dərk etməsinin istəyirdi. Əldə etdiyi qazanc, gəlir Səriyyənin yalnız qarnını doyuzdurmağa, əynini geyindirməyə çalışırdı. Bəs qəlbdə yaranan ehtiyac? Adilin evə gətirdiyi qazanc mənəvi ehtiyacları qarşılamağa bəs etdi mi? Etmədi! Səriyyəyə nə ər, nə pul, nə geyim, nə yemək lazım idi.
Səriyyənin Qəribə qədər Adilə münasibəti necə idi? Səriyyə Adillə birillik evlilik həyatında ancaq ərinə xidmət edib onun yaşam və düşüncə tərzinə uyğunlaşmağa çalışırdı. Onun həyatı yoldaşına hörmət etmək, qayğısına qalmaq, ehtiyaclarını qarşılamaqla keçib. O, Adillə sevgi dolu məhəbbət macəraları yaşaya bilməyib. Həyatından məmnun qaldığını düşünən gənc texnik yeni bir aləmə daxil olur və əsl xoşbəxtliyin, əsl ailə səadətinin nə olduğunu indi anlayırdı. Qəribin onunla qarşılaşması, həyatına daxil olması Səriyyəni ərindən soyutmadı, əksinə bağlı gözlərinin açılmasında bir vasitə rolunu oynadı.
Adilin həyatındakı əsas planları nədən ibarət idi? Adil öz taleyindən razı idi, onun gözlərində qarşıdan gələn gələcək fəaliyyətin təntənəsi canlanmışdı. Eyni zamanda Adil üçün ön planda ilk növbədə uğurlu karyera həyatı dururdu. Digər tərəfdən iş və ailə həyatına düzgün vaxt ayıra bilmir, bu iki məfhumu qarışıq sanırdı.
Adilin seçimində etdiyi səhv nə idi ? Yoxsa özü bu səhvin meydana gəlməsində vasitəçi olmuşdu? Adil zaman keçdikcə seçiminin yanlış olduğu qənaətinə gəlirdi, anasının “yaxşı ailədən olan yaxşı təhsil görmüş qız ” fikirləri onun xatirələrində təzələnir, ona rahatlıq vermirdi. Adil düşünürdü ki, bəlkə də öz tipinə uyğun biri ilə ailə həyatı qursaydı, həyatın bu cür çətinlikləri ilə qarşılaşmazdı. Onun Səriyyə ilə eyni pillədə, mövqedə olmaması sanki Adil üçün bir avantaj ? oldu. Adil xanımına zor tətbiq edə bilməzdi , istəyirdi ki, hər şeyi onun özü anlasın, dərk etsin, başa düşsün. Xanımı həmişə onunla qürur duysun. Lakin gənc rəis ,kübar, təhsilli bir ailədə böyüsə də əslində öz qadınının nə istədiyini anlamır və öz sevgisində uduzur, əsl mənəvi itkini bu zaman yaşayır.
Buldozerçi sevgisi.
Əsərdə ön planda ikili mövqe tutaraq oxucu kütləsini öz gizli dünyası ilə təsir altına salan növbəti obraz Qəribdir. (Qəribcan da desək səhv etmərik) O, hərbi xidməti yenicə başa vurmuşdu, istefaya çıxmış kiçik leytenant idi. Kənddə buldozerçi kimi çalışırdı. Bu işdə də təkbaşına deyildi, onun çoxlu buldozerçi dostları vardı. Qəribin daxili dünyasını müşahidə etmək çətindir,ancaq hadisələrin inkişafında görürük ki, o, sevginin, sədaqətin daşıyıcısı kimi təmsil olunur. Qəribin dilindən təhkiyə verilməsə də onun baxışlarında bir vüqar, əzmkarlıq hissi, hər an öz sevgisinə sədaqət nümayiş etdirə biləcək gizli bir dünyanın mövcudluğunu görürük. Səriyyənin ona qarşı göstərdiyi diqqət, qayğı sanki Qəribdə də yeni hislər yaradır. Onun səmimi olması fədakarlıq göstərməsi (xəstəxanaya çatdırılması) Qəribə təsir etdi, amma Səriyyə bu cür davranmasa idi belə yenə də istədiyini əldə edəcəkdi, Qəribə qovuşacaqdı . Onun yerinə Adil olsa idi, Səriyyə ərinə qarşı bu cür fədakar davranmazdı. Adilin nə varlığı, nə də yoxluğu onun üçün bir önəm kəsb edirdi. Onun yaralanması bir kənara ona bir şey olsa idi ,bu, həyat yoldaşının umrunda belə olmazdı.?
Qəriblə yol rəisi Adil arasında tez-tez mübahisələr olurdu. Rəisin Qəribin yerini dəyişmək istəməsi onda Adilə qarşı nifrət hissi oyatdı, “bomba” kimi partladı. Qəribin nifrətinin artmasının əsas Adili bir kişi olaraq , aciz, qorxaq hesab etməsi idi , yəni Adil həyat yoldaşının qarşısını almaq əvəzinə, acığını Qəribdən çıxır, başqa sözlə desək, öz evinə rəislik edə bilmir, şəxsi münasibətlərlə ictimai münasibətləri qarışdırırdı. O, ilk tədbiri Səriyyəyə qarşı görməli idi. Fikrimizcə, buldozerçinin komandadan ayrılmaması, öz yerində qalması, briqada heyətinin ilk qələbəsi kimi insanları dəyərləndirilir, bundan sonra körpü sürətlə tikilməyə başladı. Yol rəisinin bu zəhmətinə laqeyd münasibəti , işçilərə əhəmiyyət verməməsi ən çox Səriyyəni üzürdü.
Qərib olmasaydı, Səriyyə bu nəvazişi, bu istiliyi başqasına göstərərdi mi ? Başqasını seçərdi mi? Qərib Səriyyənin qəlbində yatmış vulkanı oyatdı, ora nüfuz etdi. Səriyyə anladı ki, onun axtardığı əsl sevgi Qəribdədi, onda əsl cəsarəti gördü. Qəribin ağır daşı şücaətlə qaldırması Səriyyənin qəlbini daha da coşa gətirdi, sanki ona heyranlıqla baxan gənc qıza Qərib baxışları ilə cəsarətli olduğunu sübut etməyə çalışır, gözlərilə deyirdi ki, “yəni mən səni sevməyə də qadirəm, məndə səni sevmək cəsarəti də var”. Başqası olsa, eyni hisləri o da gənc qıza yaşatsa idi, Səriyyə yenə də eyni addımı atardı yenə də gedərdi. Amma əsla Adilə qarşı fədakarlıq etməz, onun cəfasını çəkməzdi. Qərib onu bəlkə də sevirdi ,lakin bu duyğularını açıq-aşkar ifadə edə bilmirdi. Bəlkə də evli bir qadınla bu cür münasibətin gerçəkləşməsi mümkün olmaz deyə düşünür, addım atmaq istəmirdi. Bəlkə də sevgisinə qarşılıq almamaqdan qorxurdu. Qərib istəsə, Səriyyə ilə gizlin eşq yaşayar, xanımının verdiyi dəyəri qiymətləndirər, sui-istifadə edərdi, amma Qərib daim baxışlarını ondan yayındırır, hislərini gizlədirdi.
Səriyyə Qəribi sevirdi, onun vüqarını, əzmkarlığını saf sevgi hislərini, onun həyat tərzini, gözlərindəki cəsarət dolu gizli baxışlarını sevirdi. Ona bəzən bu doğmalıq yaxın tanışı belə olmadığı halda gənc buldozerçiyə bəslədiyi qəribə münasibət təəccüblü gəlirdi. Qəribin çətin vəziyyətə düşməsi , ayağının kəsilməsinə dair həkimin qoyduğu diaqnoz onu narahat etdi. Səriyyə artıq səadət məfhumunu dərk etməyə başlayırdı. Onun əsl səadəti buldozerçinin ayağa qalxması idi. Qəribin ona yönəlmiş ötkəm baxışları Səriyyəni yuxudan oyatdı. Ona düşən bu sevgi payından hissə-hissə özünə pay götürdü və dünyaya başqa gözlə baxmağa başladı. Sanki gənc qız illərdir, bu sevginin arzusunda idi. Sanki həmişə onun yolunu gözləyirdi. Və nəticədə Səriyyə öz səadətinə qovuşdu. İnsan həyatında elə anlar yaşayır, gözünün önündə elə xatirələr canlanır ki, ömrü boyu o xatirələr ona əzab verir, qarşılaşdığı hər şirin, ləzzətli günə bir damla zəhər qatır. Səriyyənin elə bir xatirəsi yox idi . Adildən ona qalan yeganə xatirə yalnız qəlbində çəkdiyi iztirablardır. Onun həyatı süniliklə, yeknəsəkliklə zəngin idi. Ona görə də unudulmaz hesab etdiyi heç nə olmadığı üçün Adildən asanlıqla vaz keçə bilərdi və keçdi də.. Hər halda əsərin gənc qadın qəhrəmanı belə düşünürdü...
Qəriblə Səriyyənin aqibəti bəlli olmasa da, fikrimizcə Qərib ona sahib çıxdı. Səriyyə Qəribə qarşı fədakarlıq göstərmişdi. Onun Səriyyəyə hər şeydən öncə can borcu vardı. Qərib Səriyyəyə ilk növbədə azadlıq verə bilərdi. Səriyyə həm azadlıq ,həm də xoşbəxtlik axtarırdı.
Səriyyə haqlı idimi? İlyas Əfəndiyev Səriyyə obrazını yaratmaqla, ədəbiyyata yenilik gətirdi. Bu obraz sosialist tipli, kübar ailə mühitindən çıxmış vəzifəli ərindən imtina etdi. Bununla göstərməyə çalışdı ki, əsl ailə səadəti nə pulda, nə də vəzifədə deyil. Həqiqi sevgini bunların arasında deyil, qəlbdə axtarmaq lazımdır. Söhbət mental dəyərlərə vurulan zərbədən gedə bilməzdi. Səriyyə nə hislərini, nə də hərəkətlərini yoldaşından gizlədirdi. Hətta bunu etməkdən utanır, peşmançılıq çəkirdi. Əlbəttə, Səriyyənin seçimi mühiti üçün qəbuledilməz və yolverilməz idi. Səriyyə bütün Azərbaycan qadınlarının ümumiləşdirilmiş simasıdır. Səriyyə sırf parazit psixologiyası ilə yaşayan biri ilə yollarını əbədi birləşdirməyə, bu yolda addımlamağa davam gətirə bilməzdi. Ona yoldaşı nə azadlıq ,nə sərbəstlik verirdi. Digər tərəfdən o heç vaxt arzuladığı hisləri yaşaya bilmədi. Səriyyə yoldaşının daşlaşmış , patriarxal düşüncələrindən xilas olaraq, bu addımı atmaqda tamamilə və qismən HAQLI idi. Adilin səhvləri onu qismən haqlı çıxardır. Təbii ki, onun bu addımı Azərbaycan qadınlarına xas cəhət deyildi. Səriyyə işləmək istəyirdisə, əri onun körpüdə işləməsinə mane ola bilərdi. Yazıçı öz qəhrəmanını haqlı çıxardaraq, ona bəraət qazandırır və Səriyyənin daxili gizli psixologizmini, ona məxsus hər bir xarakterik cəhəti ustalıqla qələmə alır.
Əsərdə “müsbət qəhrəman”axtarışı və gənc qızın ikili mövqeyi.
Əsər boyu oxucuları daha çox düşündürən müsbət qəhrəman problemidir. Səriyyənin müsbət qəhrəman olması ziddiyyətlidir. Digər tərəfdən onun sevgi görməməsi, mənəvi azadlığının əlindən alınması, yoldaşına qarşı etdiyi hörmətsizlik və məcburi olaraq, alçaltmasıdır. Ona görə də İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında Səriyyəyə münasibətdə ikili vəziyyət yaranır. Bizim fikrimizcə, əsərdə əsas müsbət qəhrəman Adilin anasıdır. Adilin anası ali təhsilli ,dünyagörüşlü, təcrübəli qadındır, övladına bağlıdır və dünyagörmüş, müdrik qadın ilk günlərdən Adillə Səriyyə arasındakı uyğunsuzluğu hiss etmiş və iradını bildirmişdi. Onların bu yolda birlikdə addımlamağın mümkünsüzlüyünü və evliliyin uğursuz olacağını əvvəlcədən duyurdu. Məsəl var ki, ata-ana övlad üçündür, övlad da özü üçün. Adilin anası oğlunun seçiminə hörmətlə yanaşmalı oldu. O, övladının yaxşı təhsilli, namuslu ailənin qızı ilə ailə qurmasını arzulayırdı. Səriyyə ən azından yaxşı təhsil görsə idi, heç meşəyə getməyə- yoldaşı ilə çadırda yaşamağa belə razılıq verməzdi. Anası olacaqları qabaqcadan duyurdu, buna rəğmən oğlu sevgisini seçdi və nəticə artıq bəlli idi. Necə deyərlər, “anasız görülmüş iş danlaqsız bitməz”.
Burada iki manikürçü qadınları da müsbət qəhrəman hesab etmək olar.
Səriyyənin inqilabi “xəyanəti”.
Səriyyənin bu addımı “xəyanət” sayılır, lakin “inqilabi xəyanət”...“açıq-aşkar xəyanət”. Bu xəyanətin özəlliyi bundan ibarətdir ki, şəraiti öz əri yaradır və hətta bu “xəyanət”inə ərini də ortaq edir, motosikletin tərkinə minib Qəribi işə qaytarmağa can atması onun ərinə bir kişi kimi zərrə qədər hörmət etməməsinin dəlilidir, əri də bu “xəyanət”ə dəstək olur, şərik çıxır, Öz acizliyinə boyun əyir, Səriyyəyə deyil də, Qəribə qarşı yönəlir, yalnış tədbirlər görür. Buldozerçini öz işinin başına qaytararaq, Səriyyəyə rahat şərait yaradır .Adil hər şeyin fərqində idi və artıq o indi “hərəkətə keçmişdi”, Səriyyəni indi itirə biləcəyindən, onu əslində nə qədər çox sevdiyini anlaması və ondan vaz geçə bilməməsindən qorxurdu , onun doğru addımlar atmaması Səriyyəni ondan daha da uzaqlaşdırmağa gətirib çıxardı ,o öz xanımına mane olmaq əvəzinə Qəribi kənarlaşdırmaq istədi və bu da ona baha-başa gəldi.
Səriyyə-Adil kontrastı.
“Ailə”də yaranan soyuq münasibət Adilin sanki bütün damarlarına kimi işləmiş, qanını dondurmuşdu. Qəlbində küləklər əsir ,boranlar qopurdu, o indi əzab çəkirdi və bunu indi anlayırdı, ancaq hər şey üçün çox gec idi. Bu qəhrəmanın düşüncə tərzi, daxili təlatümləri, keçirdiyi böhranlı vəziyyəti onu Kareni (Tolstoy “Anna Karenina”)obrazı ilə yaxınlaşdırır: hər ikisi qadın xəyanətinin günahkarlarıdır; iztirab içərisində qıvrılır, əzab çəkirlər; öz sevdikləri qadına ölüm arzulayır; şan-şöhrət həvəskarı olur, karyera qurbanına çevrilir, nəticədə ailə həyatından məhrum olurlar.
Səriyyə heç vaxt işləməsə, yaxud Qəribcana rast gəlməsə, o zaman necə davranardı? Adili yenə də tərk edərdi? Gənc qız əgər eyni duyğuları yaşasaydı ,axtardığı xoşbəxtliyi ona bəxş edə biləcək biri ilə qarşılaşsaydı, o yenə də bu addımı atırdı . O bunun çıxış yolunu tapar və bu yalançı mühitdən uzaqlaşardı . Onun övladı belə olsa idi, o işləməsə idi, yenə də gedərdi. Ona nə ailə ,nə ər, nə övlad ,nə uğurlu karyera həyatı lazım idi. O Adilin maddi zənginliyinə aldanıb gəlmişdi , sonradan dərk etdi ki, hər şey pulda deyilmiş, Adilin mənəviyyatı kasıb idi və zaman keçdikcə pula, var-dövlətə olan sevgisi bitir, əsl zənginliyi anlayır. O ,sevgi qıtlığı, bolluq içərisində aclıq yaşayırdı, mənəvi ehtiyaclarını qarşılamağa can atan birini axtarırdı. Adil isə iş həyatı ilə ailə həyatını səhv saldı, sevgisinə nə vaxt ayıra bildi ,nə də bunu qadınına hiss elətdirə bildi. Bütün fikrini, enerjisini vəzifəsinə yönəltdi və bu da onun ailə faciəsinə gətirib çıxardı.
Səriyyənin Adili sevməsinə Adilin özü izn vermədi, o buna şərait yaratmadı, xanımını saymadı, onun varlığından xəbərsiz oldu. qoymadı Səriyyə onu sevə, ona qəlbi isinə ,xanımını pulun, vəzifənin əsirinə, oyuncağına çevirdi, onun robot, cansız bir əşya kimi davranmasını istədi, daim baxışları ilə hərəkətlərilə onu təqib etdi, ona sərbəstlik vermədi. Səriyyənin qəlbi əsarət altında idi. O, bu buxovdan azad olmaq istəyirdi. Səriyyə xəyallar aləminə qapılmışdı tələbəlik həyatından danışan zaman yoldaşının ona adi gülüşü absurd gəlmişdi, bəlkə də bunu qəlbində qəbul edə bilməmişdi, Adilin səhvi ilk növbədə özünə uyğun birini tapmaması , öz dəngində olmaması sevgisinə aldanıb onun arxasınca getməsi idi. Digər ən böyük səhvi Səriyyə kimi cavan, hələ püxtələşməmiş bir qadını meşədə 3 kişinin arasında buraxmağı idi. Qaçaq Nəbi-Həcər məhəbbəti dillər dastanıdır , baxmayaraq ki Həcər o qədər kişinin içərisində baş çıxardır, daim ərinə dəstək olurdu, ancaq Nəbi Adillə müqayisədə hər zaman yoldaşının yanında olub. Adil isə öz namusunu deyil, işini düşündü və bunun qurbanı oldu, qısqansa da bunu açıq şəkildə bildirmirdi, çünki o qətiyyətsiz idi, qadınını itirəndən sonra onun dəyərini anlayır ,çox peşman olurdu. O həmişə öz aləmində sağlam və möhkəm ailə yaratmağa çalışır, özünü düşünür, özünə haqq da qazandırır, günahının nə olduğunu anlaya bilmir və həmişə “niyə” sualları ilə baş-başa qalırdı. Öz dünyasında ailəsinin maddi vəziyyəti üçün çalışırdı. Digə tərəfdən mənəvi vəziyyətini kölgədə saxlayırdı. Sevgi və hörməti biz saxsı qabdakı dibçək güllərə bənzədirik, gül solmuşsa ,diqqət etmək lazımdır ki, bəlkə saxsı qab sınıb, suyu saxlaya bilmir .Eyni zamanda arada hörmət, pərdə qalmayandan sonra sevgidən söhbət gedə bilməzdi. Əgər sevgi tükənmişsə, qadını dörd divar arasında saxlasan da o gedəcək.
Epizodik qəhrəmanlar.
Qəribdən başqa çalışan digər buldozerçilər- Soltan və Kərəmxan da birlikdə çiyin-çiyinə verərək, isti havada tər tökür, əziyyətə qatlaşıb böyük bir körpününü tikintisini yekunlaşdırmağa səy göstərirdilər. Aralarında ara-sıra xırda konfliktlər də yaranırdı. Buna baxmayaraq, bu üç yoldaşı birləşdirən ortaq cəhətləri də vardı: zəhmətkeş, çalışqan, pul, şan-şöhrət həvəskarı olmamaq, əzmkarlıq. Öz halal zəhmətlərilə çalışan zəhmətkeş işçilər əsər boyu diqqəti çəkir. Bu mühitdə özünü rahat və xoşbəxt hiss edən Səriyyə də kollektivin bir hissəsinə çevrilir və çiyin-çiyinə “körpüsalanlar”- Soltan ,Kərəmxan, Qəribcan və Səriyyə Zoğallı körpüsünü salmağa müvəffəq olurlar.
Əsərdə digər qadın obrazları içərisində iki manikürçünü də qeyd edə bilərik. Ana-bala olan bu xanımlar əsərdə pozitiv davranışları ilə yadda qalır. Onlar humanist, müsbət mövqedə dayanırlar. Səriyyə onların yanında özünü rahat hiss edir ,onun düşdüyü bu yeni mühitdəki saflıq, dürüstlük həyatında yenilik yaradır. Onlarla yenicə tanış olmağına baxmayaraq, Səriyyə qısa müddətdə tanış olduğu xanımlara , alışır və dəyər verir. Səriyyədən fərqli olaraq, bu qadınlar onu xoşbəxt hesab edir, ərini tərifləyirlər, lakin Səriyyənin daxili iç dünyasından agah deyillər. Adilin belə “ucuz” insanlardan tərif eşitdiyini deməsi Səriyyəyə ağır gəlir, ona getdikcə nifrət etməyə başlayır.
Əsərin ideya xətti.
Qadınla incə rəftar etmək ,onun duyğularını anlamaq ,onu saymaq, hislərinə hörmətlə yanaşmaq və bunu düzgün qiymətləndirmək lazımdır, eyni zamanda kobud olmamaq və sevdiyin qadına xanımın, övladının anası kimi dəyər vermək gərəkdir. Qadın hər şeyi yoldaşına bağışlayar, hər şeyə güzəşt edər, ancaq yad ,soyuq münasibəti, diqqətsizliyi, sevgisizliyi əsla bağışlamaz.
Əsərin simvolikası.
Bizim fikrimizcə Səriyyə ilə buldozerçilərin, xüsusilə də Qəribin tikdiyi bu körpü, sanki onların münasibəti arasında bir “körpü” rolunu oynadı. Onlar bu körpünü tikməklə bərabər həm də aralarında möhkəm bir “körpü” yaratdılar və heç bir qüvvə bu “körpü”nü dağıtmağa müvəffəq ola bilmədi.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)