Super User

Super User

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Müasir gəncliyi narkotik vasitələrə meyillilikdən qoruyaq" adlı müzakirə təşkil edilib. 

 

Kitabxananın məlumatına görə, kitabxana direktoru Aslan Cəfərov müasir gəncliyin Azərbaycanın sabahı, gələcəyi olduğunu, eləcə də dövlətin, millətin, xalqın gələcəyinin sağlam və etibarlı gənclikdən asılı olduğunu bildirib. O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin narkomanlığa, həmçinin narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan etməsindən və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, eyni zamanda narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar təşkil edilən mədəni-kütləvi tədbirlərdən, sosial aksiyalardan və onların müstəsna əhəmiyyətindən danışıb. Müasir gəncliyi pis vərdişlərdən, narkotik vasitələrdən istifadədən çəkinməyə, sağlam həyat tərzinə, elmə, maarifə meyil etməyə çağırıb.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniyanın müasir dövrün ən ağrılı problemlərindən biri olduğunu söyləyib. O, gənc nəslin sağlam ruhda tərbiyəsinin dövlətin və cəmiyyətin əsas vəzifəsi olduğunu bildirərək, Respublika Gənclər Kitabxanasında bu mövzuda həyata keçirilən tədbirlər, layihələr, hazırlanan materiallar, eləcə də kitabxananın fondunda narkomaniya və onun faciəvi nəticələri mövzusunda qələmə alınan bədii ədəbiyyat nümunələri haqqında geniş məlumat verib. 

Tədbirdə iştirak edən tələbələr narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və digər mövzularda çıxış ediblər. Narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyi, ailə və çevrənin məsələyə məsuliyyətli yanaşmasının zəruriliyi kimi mövzular da müzakirə edilib.

Tədbirin sonunda kitabxanada açılan “Narkomaniya-dövrün bəlası” adlı ənənəvi kitab sərgisinə baxış keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

 

Bahəddin Salman

 

Bahəddin Bahadur oğlu Salman 1988-ci ilin 11 noyabrında Bakıda doğulub. Ali təhsillidir. İxtisası Teatr rejissorluğudur. Dövri mətbuatda – “Ədəbiyyat qəzeti”, “Ulduz” jurnalı,” Kaspi” qəzeti, “Kaspi”, “Manera.az”,”AYB.az” saytlarında, “Ədəbiyyat və İncəsənət” portalında hekayələri çap olunub.

 

 

OZBELİN SON DUASI  

 

hekayə

 

 

Aynadakı əksim mənə ötkəm, qətiyyətli adam kimi görünürdü.  Qorxu deyilən bir şeyi, elə bil, unutmuşdum. Həyatın dolanbac yollarının addımlarımı nə vaxtsa zəiflədəcəyi vecimə də deyildi. Uşaqlıqdan bəri daim mənəvi gücümü tükədən qış fəslinin yağışa bulaşmış həyasız tufanı, havanın tutqun rəngi ilk dəfəydi ki, məni yora bilmirdi. Barmaqlarımın arasında bıçaq kimi fırlatdığım məktubu burnuma yaxın tutub dərindən qoxladım və sonra, - "İnsan özü üçün lazım olan hər şeyi öz gücünə etməlidir!"  - deyə inamla pıçıldadım. Bu sözlərdən gücüm bir az da artdı. İxtsasca vəkiliydim və dövlət qulluğuna verdiyim imtahanın nəticəsinə əsasən işlə təmin olunmuşdum. Zərfin içindəki bu xəbər o qədər dəyərliydi ki, ömrüm boyu nifrət etdiyim eybəcər burnumun məktuba uğursuzluq qatacağını düşünüb, onları bir-birindən tez araladım. Axşamdan hazırladığım çemodanımı da götürüb, evdəkilərin xoş dualarıyla Bakı qatarına mindim və yola düzəldim. Yol boyu işimlə, onun mənə bəxş edəcəyi imkanlarla bağlı saysız-hesabsız xəyallar qururdum. Peşəmi o qədər çox sevirdim ki, hansısa kənar qüvvənin xoş ovqatımı poza biləcəyinə inanmırdım. Məsələn, biri elə uzundraz, yekəpər, sızanaqlı üzü, seyrək saqqalı, sarı bığı və səliqəsiz geyim-keçimi olan oğlan - yol yoldaşım. Üstündən  artıq illər keçib, amma hər dəfə toyuq əti yeyəndə o oğlanı xatırlayıram. İlahi, siz təsəvvürünüzə gətirə bilməzsiniz ki, qatar bir-birinə söykənmiş dağların arasından keçdikcə tutqun səmanın rəngini bir anlığa dəyişərək içəri düşən günəş işığı onun soyutma toyuq tikələrini qurdalayan kobud əllərini, çirkli dırnaqlarını, üzündəki sızanaqları necə göstərirdi! Bütün bunlar azmış kimi, bu heyvərə qarnını doyurandan sonra adamı hövsələdən çıxaran murdar hərəkətlərə başladı: öncə yeməyini yarımçıq kəsib, baş barmaqlarını sümürdü;  sonra əlllərini dizlərinə sürtüb, üzünü pəncərəyə tutdu və dərindən ah çəkdi; lap axırda da çənəsindəki sızanağı qəfildən qurdalamağa girişdi. Barmaqları çənəsində qurdalandıqca o gah gözlərini yumur, gah da əcayib səslər çıxarırdı. Fikrimcə, yol yoldaşım ya məni adam yerinə qoymurdu, ya da utanmaq hissindən məhrumuydu. Bu, həyasızlığın, nəzakətsizliyin son həddiydi! Daha bundan o yanası yoxuydu!

Yol boyu bir kəlmə də söhbət etmədik. Belə kobud rəftara görə, yəqin, ikimiz də günahkarıydıq. Qatar Bakı vağzalına çatanda dişlərini sümürərək çemodanını eşələyən yol yoldaşımı kupenin qapısı ağzında iki-üç saniyə süzüb, sağollaşmadan çıxdım. Taksiyə oturanda artıq onu unutmuşdum, amma kəndli oğlan hədsiz iyrənc hərəkətləriylə ömrüm boyu unuda bilməyəcəyim portretini yaddaşıma həkk eləyə bilmişdi. Kaş biləsiz, cavanlığımın buxarlanıb havaya sovrulduğu sonrakı illərdə mən nə qədər iyrənc simalar gördüm! Odur ki, o heyvərəyə "sağ ol" demədiyim üçün indiyəcən peşmançılıq çəkirəm.

 

***  

Tələbə yoldaşlarımdan savayı Bakıda tanışlarım yoxuydu. Taksi sürcüsünün köməyilə bir müddət kirayə qalacağım, əzazil kədərin lövbər saldığı o evi tapdım. Paytaxtın ən ucqar rayonlarından birində yerləşən ikiotaqlı mənzilə ayaq basanda “Cəhənnəm, bu gecə qalım, səhər normal bir ev tapıb burdan əkilərəm” deyə düşünürdüm. Köhnə tikili olan dörddəhlizli, üçmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən bu evdə mən gələnə qədər səkkiz nəfər artıq yaşamaq uğrunda qətiyyətlə mübarizə aparırdı. Mən doqquzuncu oldum. Çünki yekəxanalıqla donquldansam da, ertəsi gün cibimə uyğun gələn normal ev tapa bilmədim.

Kirayə qaldığım mənzili bütün incəliklərinəcən xatırlayıram. Darısqal otaqlardan dəhlizə, ordan da mətbəxə qədər üzlüyü çat vermiş tavanın hər tərəfindən kiçik, ağ qırıntılar qopub adamın üst-başına, ayağının altına düşürdi. Bəzən tavanda firavan yaşayan hörümçəklərin ən asta tərpənişi belə onları yerindən qoparmağa bəs eləyirdi. Az qala bir-birinə pərçimlənmiş otaqlar göy, ya da ağ başlıqlı, sovetdənqalma dəmir çarpayılarla doldurulmuşdu. Cır-cır cırıldayan bu çarpayılara qarşı nifrətim  hər gün bir az da güclənirdi. Hətta mürgüləyən adamların dərindən nəfəs alması belə onların uzunmüddətli cırıltı çıxarmasına yetərliydi. Bu  çarpayılara uzandınmı, vəssəlam, gərək tərpənməyəydin, yoxsa bütün gecəni onların vay-şivəninə qulaq asmalıydın.

Evdən həmişə pis qoxular gələr, mətbəx daim çirk içində olardı. Təsəvvür edin ki, iyrəndiyimdən mən bu evdə bir dəfə də yemək yemədim. Evə gəlməzdən öncə şəhərin təmiz kafelərindən birində şam eləyər, sonra yatmaq üçün dəymədüşər çarpayıma tələsərdim. Yox, o, çarpayı deyil, müəllim idi.  Hə, hə, gülüb eləməyin, düz eşitdiniz - müəllim! Özü də  müəllim deyirəm a sizə, elə-belə yox e, lap belə kefin gələnindən. Elə bir müəllim ki, ən qısa müddətdə ta səhərəcən yalnız bir pozada yatmağı mənə öyrədə bilmişdi. Amma, sən demə, onun şagirdlərinin mən ən pisiymişəm. Sonralar bildim ki, bu sərt, güzəştsiz müəllimin “mənim üstümdə necə yatmaq olar” adlı təhsil proqramını kirayənişinlər arasında ən gec mənimsəyən mənəm. Zavallı kirayənişinlər taleyin hökmünə boyun əyərək üstündə yatdıqları çarpayılara sözsüz itaət edirdilər. Deyəsən, içinin diribaşı yenə də özümüydüm. Məndən başqa burda yaşayanların hamısının həyat gözəlliklərini duymaq baxımından ilhamı çoxdan sönmüşdü. Onlar yaşamır, ölməmək üçün vuruşurdular. Çəkdikləri həyat yükünün ağırlığına dizlərinin tab gətirmədiyi üz-gözlərindən aydın oxunurdu. Bizdən bir mərtəbə aşağıda yaşayan ev sahibi adambaşına üç manat kirayə pulunu aylıq yox, gündəlik alırdı.  Haqqında dərin məlumatım olmasa da, mənə elə gəlirdi ki, o ahıl qoca çox tənhadır. Pul məsələsində biz onu incitməz, yatmazdan qabaq qapısını döyüb, kirayə haqqını ödəyər, bununla da öz çarpayımızın bir gecəlik sahibi olardıq. Qocanın həyatdakı yeganə rahatlığı, bəlkə də, bu pulu vaxtı-vaxtında almasıydı. Gündəlik kirayə haqqı çox deyildi, amma kirayənişinlərin bəziləri onu ödəməkdə çətinlik çəkirdi. Onlardan biri zibil qutularından dəmir pivə, şirə qabları yığan qozbel kişi, digəri isə yatanda da, ayıq vaxtı da öz-özünə deyinən xəstəhal yaşlı qadınıydı. Qozbel ilk günlərdən diqqətimi çəkmişdi. Belinin ortasındakı donqar çox böyük olduğundan onun öz boynunu sola-sağa çevirməsi mümkünsüz görünürdü. Yeriyəndə təngnəfəs olduğundan ağzı daim açıla qalar, dişsiz olduğu görünərdi. Bir də görürdün ki, gecənin bir aləmi yan-yörədəkilərə məhəl qoymadan uca səslə Allaha dua edir. Onun dualarının müddəti, vaxtı, səsinin tonu, tembri hər gün bir cür olurdu. Kirayənişin həyatımın ikinci gecəsiydi. Nə evə, nə onun içindəki ab-havaya, nə də çarpayımın zəhlətökən cırıltısına öyrəşə biləcəyimə hələ inanmırdım. Nə qədər eləsəm də, gözümə yuxu getmir, bezgin, yorğun adamların qulaqbatırıcı xorultuları da yatmağıma bir yandan mane olurdu.

Hə, bunu deməyi unutmuşdum, evin qapısı daim açıq olurdu. Qəfildən bir mərtəbə aşağıda yaşayan ev sahibinin mənzilinin açıldığını və bir neçə saniyə sonra qulaqbatırıcı səslə çırpılaraq örtüldüyünü eşitdim. Ardınca pilləkənlərə döyəclənən dəmir səsləri bütün dəhlizi başına aldı. Səs anbaan yaxınlaşırdı. Bir dəqiqə keçməmişdi ki, əsəblərimi yerindən oynadan bu kobud səsi elə bil  kimsə var gücüylə dəhlizin döşəməsinə çırpdı. Özümdən asılı olmadan çarpayıda qəzəblə dikəldim! Lənət şeytana, indi də çarpayının həyasız şivəni baş qaldırmışdı! Hələki kimliyi bilinməyən birisi it ləhləməsini xatırladan təngnəfəslik içində, axsaq addımlarla mətbəxə gedirdi. Mən bunu onun addımlarının tonu və yönündən bilmişdim.

Şüşə stəkana süzülən və hərisliklə içilən su şırıltısı qəzəbimi son həddə çatdırdı! Bu evdə qalanların hamısını guya tanıyırmış kimi mədəniyyətsiz adamın kimliyini bilmək üçün cəld otaqdakı çarpayılara göz gəzdirdim. Önümdəki çarpayı boş olsa da, mənə narahatlıq verən adamın yan otaqdakı dörd nəfərdən biri olması fikrindəydim. Əsəbimi bir təhər cilovlayıb,  yerimə uzandım - pusquya çəkilmişdim. Qəribədir, görəsən, mən onda niyə belə elədim? Əgər adamın kim olduğunu öyrənmək istəyirdimsə, mətbəxə keçib, hər şeyə aydınlıq gətirə, ya da alov püskürən şikayətimi son kəlməsinəcən onun üzünə deyə bilməzdimmi? İndi o anı yada salanda özümü qəzəblənib çarpayıya uzanan, sus-pus oturan qorxağa bənzədirəm.

Az sonra dəhlizi bürüyən səs-küylə bərabər o adam da mən yatan otağa girdi. Özümü yuxulu göstərib, böyrü üstə çevrildim ki, içəri girənin kim olduğunu görə bilim. Ünvansız qəzəbimin ünvanı indi düz gözümün qabağındaydı. Mətbəxdən düşən işıq nə qədər zəif olsa da, onun üzünün bütün cizgilərini göstərirdi. Birinci gecə evə çox gec gəldiyimdən və bu vaxt hamı yatdığından ona diqqət yetirməmişdim. Səhər saat 10-da mən işə gedəndə isə evdə artıq heç kim yoxuydu. Çünki kirayənişinlər arasında ən gec mənim işim başlayırdı. Qısa boylu, ağlı-qaralı saçları boynunun dalına tökülən, az qala dodaqlarını görünməz edən sıx saqqallı, açıq alınlı,  indicə ağlayacaqmış kimi sulu, iri gözlü və öz sahibini çox sevimli göstərən xırda burunlu bu adam həqiqətən də it kimi ləhləyirdi. O, içi dəmir qablarla dolu ağ torbanı çarpayısının altına birtəhər soxandan sonra çəkmələrini çıxarmağa başladı. Torbanın içindəkilərin dəmir qablar olduğunu mən tam dəqiqliyi ilə sonrakı dəqiqələrdə başa düşdüm. Bilirəm, inanmağınız gəlməyəcək, amma zərrə qədər də şişirdib eləmirəm, onun çəkmələrini çıxarması ən az on-on beş dəqiqə çəkdi. Zavallı kişi bilmirdi ki, nəfəsini dərsin, yoxsa çəkmələrinin düyün düşmüş bağını açsın. Elə bil, bir udumluq havanı da hardansa, kimdənsə oğurlayırdı. Düyün çəkmənin yuxarısında olsa da, o aşağını dartışdırır, dırnaqlarıyla didişdirirdi. Yalnız gözləri zəif görən adam özünü bu cür çətinə sala bilərdi. Axırı zülümlə də olsa, çəkmələrini çıxara bildi və yerinə uzanıb, böyrü üstə çevrildi.

İndi biz üz-üzəydik. O, üzünə su vuracaqmış kimi əllərini ovuclayıb, sifətinə yaxınlaşdırdı. Bu hərəkətin nə demək olması ilk öncə məni düşündürmədi. Sonrakı dəqiqələrdə bildim ki, sən demə, qoca dua etməyə hazırlaşırmış.  Zavallı bir qocanın daxili sarsıntılarından doğan dualarına qulaq asacağımdan xəbərsiz, başıma çəkdiyim yorğanın arasından onu izləyirdim. Xırıltılı səslə dua edən kişinin gözlərində qəribə bir məmunluq vardı:

 -Allahım, sənə hədsiz minnətdaram. Doğrudan da, sən mənim dualarımdan xoşhal olursan. Bu gün məndən ötrü zibil qutularına qoyduğun, küçələrə səpdiyin ruzinin hamısını yığdım. Sən məni bu gün də ac qoymadın. Çox sağ ol ki, topladığım dəmir qabları baha qiymətə satacağım yeri mənə deyən o cavan oğlanı qabağıma çıxardın. Şükür olsun, şükür olsun sənə!!! Yalvarıram, yarəbbim, keçmiş günahlarımı bağışla. Mən səni çox istəyirəm! Mən nə edirəmsə, səni başımın üstündə görürəm. Yalvarıram məni tək qoyma. Hərəkətsizlik adamın axırıdır. Hərəkət etmək üçün mənə güc ver,  İlahi! Mənim qəddar adamlardan mərhəmət umacaq qədər zəifləməyimə imkan vermə. Məni şirin kətəyə, avtobus puluna, ev puluna görə heç kimə möhtac qoyma.

Anidən baxışlarını ayaqlarına tərəf yönəltdi:

- Allahım, nə olar, ona da güc ver, yalvarıram. Amin! Amin!! Amin!!! -  deyib  gözlərini yumdu. Elə bildim ki, qoca yuxuya gedib, amma o, beş-altı saniyə sonra gözlərini açıb, təkrar dua etdi:

 - Şükür olsun, şükür olsun, şükür olsun ki, sən bu gün o maşının məni vurmasına imkan vermədin. Çox sağ ol, Rəbbim! – dedi və gözlərini təkrar yumdu.

Bir neçə saniyə sonra gözlərini açıb, əllərini təkrar birləşdirdi. Elə bil, yatdığı yerdə kimsə onu silkələyirdi ki, "Dur, yaddan çıxardığın bir-iki məsələ barədə Allaha şükr elə" və o da itaətlə gözlərini açır, əllərini birləşdirib, yarımçıq qalan duasını tamamlamağa çalışırdı:

-Şükür olsun, şükür olsun ki, Rəbbim, məni soyuqdəymədən, qızdırmadan qoruyursan. Yoxsa, mən neyləyərəm?! Mənə kim baxar?! Həqiqətən də, məni sən yaratmısan. Gücümün haracan çatdığını da hamıdan yaxşı sən bilirsən. Allahım, çox sağ ol, şükr olsun - dedi və əllərini sinəsinə sıxıb, gözlərini yumub axır ki, yuxuya getdi.

Özümdən aslı deyildi, qocanın səmimi dualarından sərməst olmuşdum. Onun şükranlıq dolu dualarının ahənginə qapılıb, axır ki, mən yuxuya getdim.  

 

***

 

Çalışdığım məhkəmədə yeni olsam da, ertəsi gün bir neçə möhürlənmiş sənədin Gəncə şəhər məhkəməsinə çatdırılmasıyla bağlı tapşırıq aldım. Mənə bəslənən ümid, güvən əhvalımı xeyli yüksəltmişdi. İstəyirdim ki, mənimlə qürur duysunlar.

Dəstəyi götürüb, evimizə sevincək zəng vurdum. Telefona atam cavab verdi. Xırda uğurum barəsində hər şeyi ona birnəfəsə danışdım. Bəlkə də, kişi bu xəbərə bərk sevinmişdi. Amma tövlənin qapısını açıq qoyan qardaşımın baçısoyuqluğu üzündən kişinin anama bağıraraq dediyi  "Görmürsən, inək daraşıb ot tayasına?!” sözündən başqa heç nə eşitmədim. Yox, adamın başının üstündə Allah var, axırda “Böyük uğurdur, amma pıs vaxtda zəng eləmisən, sonra danışarıq” da dedi. Amma daldan-dala deyilən bu sözlər pərtliyimi aradan qaldıra bilmədi.   "Yəqin o qədər də böyük uğur deyil” deyə düşünüb, üz-gözümdə zəhrimar evə yollandım. Günortaydı, evdə heç kəs yoxuydu. Ən xoşladığım qara rəngli kostyumumu geyindim. Bu an tavandan qopan qırıntı qara pencəyimi ağ günə çıxarmaq üçün ilk həmləsini elədi. Olan olmuşdu, təmizləsəydim də, ürəyimə yatmayacaqdı. İşdəki böyük uğurdan sonra elə bil, pis gözə gəlmiş, qara zolağa düşmüşdüm, qanqaraldıcı olaylar bir-birini dabanqırma əvəz eləyirdi. Seçimim azıydı. Qara kostyumu dəyişməyib, ev sahibinin yanına tələsdim. Olmayacağım iki günün pulunu artıqlamasıyla ödəyib, boş qalan çarpayıma heç kimi buraxmaması, əşyalarımdan göz-qulaq olmasıyla bağlı xahiş edəndən sonra yola düşdüm.

Geri qayıdanda kefim köküydü. Karyerama müsbət təsir göstərəcək adamlarla tanış olmuşdum. Məni savadım və dərin mədəniyyətimə görə xeyli tərifləmişdilər. Başlanğıc üçün bu, böyük uğuruydu.  

 

 ***

 

Bakıya çatanda səhər saat təxminən altının yarısıydı. Evə bir az qalmış ayaqla getmək istədiyimdən yol haqqını ödəyib, taksidən düşdüm. Hava çox sakitiydi. Məhəllələrin arasıyla addımlayırdım. Sakitlikdən ayağım altında qalan qum zərrələrinin xışıltısı eşidilirdi.

Hələ göyüzünü demirəm... Səmada bircə bulud parçası belə yoxuydu. Ətrafa səpələnmiş ulduzların ayın nuruyla birləşməsinə baxanda mənə elə gəlirdi ki, onlar Allahın  danışdığı hansısa nağıldan məst olublar...

Yerdəki kölgəmə baxa-baxa gedirdim ki, səssizliyin qəfildən pozulduğunu eşidib, ixtiyarsız səs gələn tərəfə çevrildim. Qaranlıq da olsa, beşmərtəbəli binaların ortasındakı mağazanın qabağında gördüyüm iki nəfərdən biri mənə tanış gəldi. Hə, hə, özüdür ki, var, o ikigünlük işgüzarlığımla bağlı unutduğum qoca qozbeliydi. İkincini - yaşlı qadını isə tanımırdım. Aramızda xeyli məsafə olsa da, sakitlik olduğundan qadının qəribə hərəkətlərindən  vahimələnirdim. Məni görməsinlər deyə onları yaxından izləyə biləcəyim binalardan birinin dəhlizinə qısıldım. Yaxşı mövqe tutmuşdum. Mağazanın qapısı üstündə yanan böyük lampanın işığı onları rahatca görməyimə kömək edirdi. Ayağındakı qaloşları, gen, qara donu, qısa, boz gödəkçəsi, belinə doladığı sarı şərfi, qulaqlarını, saçlarını gizlədən qara papağı və yeri süpürən Qozbelə  – "O  uşağı da süpür, bax, bax,  o alçaq gör necə gizlənib, onu da süpür, süpür, süpür! - deyə tez-tez əcayib göstərişlər verməsi qadının nəsə qeyri-adiliyindən xəbər verirdi. Bütün bunların nə demək olduğunu qətiyyən anlamırdım. Vahimədən düşüncəm keyimişdi. Qozbel yeri ağır-ağır süpürdükcə qadın barmaqlarını ağzına yaxın tutub, tez-tez süpürgəyə tərəf gedir, sonra təkrar geriyə çəkilir, - "Ha, ha, ha, ha, bax gör,  necə gizləniblər,  onları da süpür, onları da süpür" - deyə gülür, dalınca da – "Ay,  ay,  ay,  onu yavaş süpür! Gör, necə qorxur, uşaqdır hə  o ?!" - deyə ağlamsınırdı. Təngənəfəs olmuş Qozbeldən cavab gəlmədiyini görən qadın yumruqlarıyla onun belinin donqarına həyasızcasına  zərbələr endirib -"Sən nə tərbiyəsiz adamsan?! Axı,  niyə cavab vermirsən ?! Cavab ver də!!!" - deyə qəzəblənirdi.

Qadının hərəkətlərinə məhəl qoymadan öz işinə davam edən qocanın üzünü görə bilmirdim. Qozbeli yaxşıca əzişdirən qadın sakitcə mağazanın qapısı ağzına çəkildi, barmaqlarını bir-birinə keçirdi, indiyəcən eşitmədiyim hansısa mahnını zümzümə edərək şıltaq qızlar kimi özünü sağa-sola yelləməyə başladı.

Birdən nəsə oldu, qadın zümzüməni qəfildən kəsib, yaxınlıqdakı zibil qutusuna tərəf döndü, əlini qutuya soxdu və ordan ağzı bağlı şüşə qab çıxardı. O, qabın qapağını açmağa nə qədər çalışsa da bacarmır, ağız-burnunu əyib, əcayib səslər çıxarırdı. Bu vaxt Qozbelin ona tərəf çevrildiyini gördüm. Kişi əlindəki süpürgəni səliqəylə səkiyə söykəyib ağır addımlarla qadına yaxınlaşdı, heç nə demədən qabı ondan alıb qapağını asanlıqla açdı, sonra qabı qadına qaytarıb öz süpürgəsinə sarı  yönəldi.

Qadın qabı başına çəkdi... Hərisliklə izlədiyim adamları gecənin sehrli sükutuyla və Allahla baş-başa qoyub ordan uzaqlaşdım. İşə getməyimə hələ dörd saat vardı. Kirayənişinlər əsnəyə-əsnəyə işə tələsirdilər. Fikrimdə bəzi suallar baş qaldırmışdı. Görəsən, Qozbel nəyə görə yer süpürürdü? Yoxsa, o, süpürgəçilik eləyir?  Bəlkə, süpürgəçi qadındır, Qozbel sadəcə ona kömək eləyir? Qadının “O uşağı da süpür. Qorxur, hə? Bax, o alçaq necə gizlənib” sözləri onun xəstə şüurunun məhsuluydumu? Qozbel nəyə görə qadına, onun hərəkətlərinə qarşı sözsüz itaət göstərirdi? Qadının zərbələrindən onun beli ağrımırdımı? Qozbellərin belinə bərk toxunanda, görəsən, onlara ağrı verir?

Bu suallar içində nə vaxt yuxuya getməyimdən xəbərim olmadı. Yuxudan oyanıb işə tələsəndə beynimdə yalnız bir fikir dolaşırdı - bütün bu suallara cavabı Qozbelin Allaha dualarında tapa bilərəm...

 

***

 

O gün axşam evə həmişəkindən iki saat tez getməyi qərarlaşdırmışdım. Saat on birin yarısı olardı. Evdə təkcə mətbəxin işığı yanırdı. Ayaqqabılarımı çıxarıb səliqəylə dəhlizin bir kənarına qoydum. İlk addımda ayağım altında nəyinsə xışıltısını eşitdim. Yenə tavandan döşəməyə "qar" yağmışdı. Otağa keçməyə hazırlaşırdım ki, mətbəxdən gələn səsləri eşitdim. Bu, qadın səsiydi, özü də görünüşü və danışığının qəribəliyi ilə məni vahimələndirən həmin qadının səsini xatırladırdı.

Dəqiqləşdirmək üçün qulağımı səs gələn tərəfə şəklədim. Hə, düz tapmışdım, özüydü ki vardı,  həmin qadının səsiydi. Bu əcayib səsi lap yaxından, axşam vaxtı, yaşadığın evin mətbəxindən eşitmək necə də vahiməliydi! Qadın öz-özünə nəsə danışır, arada astadan gülür, sonra yenə danışır, ağlamsınırdı.

Qozbelin evdə olub-olmadığını bilmək üçün barmaqlarımın ucunda dəhlizdən keçib onun çarpayısına tərəf boylandım. Otaq qaranlıq olduğundan heç nə görə bilmirdim. Əslində, dəhlizin işığını yandıra bilərdim. Amma qadının mətbəxdən çıxıb mənə tərəf cumacağını, onun qorxunc sifətiylə üz-üzə qalacağımı düşünür və buna ürək eləmirdim.

Anidən içimdə bir istək baş qaldırdı - ayaqlarımı var gücümlə döşəməyə çırpıram, əşyalarımı da götürüb bu evdən uzaqlaşıram!

"Axı, mənim bu xarabada nə ölümüm var? Adını belə bilmədiyim bir adama qarşı iki günün içində yaranan bu maraq mənə çoxmu lazımdır? Bir də ki, mən bura geridəqalmış adamların həyatını araşdırmağa gəlməmişəm, axı!" -  deyə qorxu hissimi  yalançı bəraətlər içində gizləməyə çalışırdım.

Hər nəsə! Kişiyə yox, uşağa yaraşan qorxumu son nəfəsinə qədər boğub öldürmək istəsəm də  mətbəxə çatanda onun hələ də ölmədiyini hiss edirdim. Lənət şeytana, Qozbelin yanında gördüyüm qadınla üz-üzə durmuşdum. İlahi, xırda qara gözləri anbaan dəhşət saçan bu qadının baxışları necə də nifrətəlayiq idi! Təkcə elə nazik üst dodağı bəs eləyirdi ki, adamı özündən çıxarsın. Kaş, o danışanda  üst dodağının necə eybəcər şəklə düşdüyünü öz gözlərinizlə görəydiniz! Hələ indiyəcən məndə ikrah hissi doğuran ikinci belə dodaq görməmişəm.

Qadın qabağında donub qalmış gəncin qorxuya düşdüyünü anlayırdı. Məntiqsiz, rabitəsiz sözləri, əlindəki toyuq pəncələri, tez-tez gah mənə, gah da qazın üstündəki qazana tərəf çevrilməsi adamı lap çaş-baş salırdı. Deyirdin ki, ya qorxutmaq istəyir, ya da qaynar suyla dolu qazanı bu dəqiqə adamın başına keçirəcək. Nə qədər çalışsam da, onun dediklərindən heç nə anlaya bilmirdim.

O, birdən bir neçə toyuq pəncəsini bir-birinin dalınca kobud şəkildə qaynar qazana atmağa başladı. Hələ də anlamıram ki, o, toyuq pəncələrini, özü də kirli dırnaqları üstündə necə yeyə bilirdi?

Sonrakı günlərdə bazarda toyuq pəncəsinin su qiymətinə olduğunu öyrəndim. Bu dəri və nazik sümük yığınına qadın yəqin ki, qəpik-quruş ödəyir, ya da kimsə bunları ona sədəqə verirdi.

Baxanda adamın bağır-övkəsini ağzına gətirən dırnaqlı toyuq pəncələrini suya atandan sonra qadın daha anlaşıqlı danışmağa başlamışdı:

 -Kül onun başına! Axı, dedim, tut əlimdən, səni dağa qaldırım. Sözümə baxmadı, özü çıxdı, axırı da yıxılıb öldü. Görmürsən, elə dirənib ki, mənimdir, mənimdir! Ay sarsaq, axı, bu qəbrə görə pul vermək lazımdır. Sarsağın biri sarsaq gedib girib qəbrə ki, öləndə orda basdırsınlar. Gəl, indi iki-üç manata görə qəbirdə gizlən ki, öləndə pulun çıxmasın. Ay camaat, görün bu sarsağın ağlı var?

O bütün bu cəfəngiyyatı düz gözlərimin içinə baxaraq danışırdı. Kənardan izləyən olsa, güman eləyərdi ki, arvad dərdini mənə danışır. İndi onun bütün mənasız sözlərinin mənası mənə aydın olmuşdu -  bu qadın dəli idi! Hə, hə, dəli idi, özü də lap əməlli-başlısından! Mən onun uzun-uzadı sərsəmləmələrini də, Qozbelin dualarını da unudub çarpayıma uzanmaq, yatmaq istəyirdim. Bu, yəqin ki, qadına qarşı duyduğum qorxunun zəifləməsindən irəli gəlirdi. O isə qazın sağ tərəfindəki taxta şkafa söykənib danışmağındaydı.

Mən başımı gah qaldırıb, gah da endirməklə qadının dediklərini təsdiq etməyə başladım və göstərdiyim bu anlayışdan onun necə xoşhal olduğunu dərhal hiss elədim. Guya dedikləri mənə çox maraqlıydı. Ayaqları laxlayan taxta oturacaqlardan birini çəkib oturdum və qollarımı sinəmdə çarpazlayıb, onu dinləməyə davam elədim. İnanın, qətiyyən onu ələ salmaq fikrim yoxuydu. Amma özüm də bilmirdim ki, niyə belə eləyirəm.

Qadın indi sözlərin yerini dəyişməklə eyni fikri dayanmadan təkrar edirdi:

-Sığal çəkib cırmaqlayır. Cırmaqlayıb sığal çəkir. Çəkir sığal cırmaqlayır.

Eyni sözlərin təkrarından təngə gəlmişdim. İmkan tapıb gözlərimi ondan ayırdım və buğlanan qazana baxdım. Tavandan qopan qırıntılar qazanın içinə düşmüşdü. Bu dəfə diqqətim özüm də bilmədən tavana yönəldi. Sən demə, dəli qadının yeməyindən məndən başqa da xoşlanmayan varmış. Tavanda yuva qurmuş hörümçək öz nazik ayaqlarıyla qırıntıları qazana tullayandan sonra bir göz qırpımında yoxa çıxdı. Həşəratın bu dəqiqliyi əhvalımı yüksəltdi.

...Qadın öz işindəydi - pörşələnmiş pəncələri boşqaba düzüb həvəslə danışırdı. Onun arxası mənə tərəfiydi. Bu imkan verdi ki, hörümçək kimi mən də bir anda onun gözündən itim.  Artıq çarpayıma uzanmışdım, amma o, gözəgörünməz həmsöhbətiylə hələ də danışırdı...     Yaxşı xatırlayıram ki, o gün hava çox soyuğuydu. Külək pəncərənin çərçivəsi arasından fit çala-çala evin ayağından başına dolanırdı. Tərslikdən buxar qızdırıcıları da işləmirdi. Bir sözlə, xəstələnmək üçün evdə hər cür şərait varıydı.  Çox üşüdüyümdən özümü yorğanın altında bərk-bərk basdırdım. Belə soyuq havada Qozbelin harda qalması, xəstə canıyla buz kəsmiş evdə necə qızışacağı barədə düşünürdüm. Bu fikirlər içində yuxuya getdim...

Qozbelin dəmir qablarla dolu torbanı döşəməyə tullaması məni yuxudan oyatdı. Yorğanı azca aralayıb, onun hərərkətini izləməyə başladım. Keçən dəfəki kimi təngnəfəs halda çəkmələrini çıxarmağa indi də xeyli vaxtı getdi. Sifətindəki qəzəb qarışıq bezginlik göstəriridi ki, iki gün öncəki xöşbəxtliyindən əsər-əlamət qalmayıb. Deyəsən, o da bərk üşüyürdü. Qalın gödəkçəsini, dizləri qaranlıqda belə parıldayan qara cins şalvarını, torba papağını çıxarmadan böyrü üstə uzanıb, yorğanı üstünə çəkdi. Dünənki kimi əllərini yenə də birləşdirdi. Hər iki otaqdan eşidilən xorultu onun təntik, xırıltılı nəfəsiylə müqayisədə daha incə səslənirdi.

Nədənsə bir anlığa səssiz qaldı. Mən onun ürəyində dua etdiyini düşünür, nə vaxt dillənəcəyini səbirsizliklə gözləyirdim.

Qozbelin əlləri əsirdi. "Görəsən, o xəstələnib? - deyə öz-özümə sual etdim. Bu vaxt o, əllərini yorğanın altına soxub gözlərini yumdu və xırıldayan səslə duaya başladı:

- İlahi, mən çox yorğunam. Sənə artıq dərəcədə yalvarıram, məni qüvvətləndir. Nədənsə işlər heç düz getmir. Bəlkə, bilmədən səni qəzəbləndirmişəm? Sən mənim tək sirdaşım olduğundan bunu gərək boynuma alam. Bilirəm ki, mənim həyatdan hədsiz qorxum xoşuna gəlmir. Axı, mən neynəyim? Qorxuram da... Yığdığım dəmir qablar neçə gündür ki, əlimdə qalır. İşinə qarışmaq olmasın, amma çox maraqlıdır - məndən nə istəyirsən? İki gün əvvəl qabağıma çıxardığın oğlanın dediyi yerdən bir şey çıxmadı. Hara getdimsə, dəmir qabları o deyən qiymətə alan olmadı. Məni ələ saldılar, dedilər, sən o alıcıları başqa planetdə tapa bilərsən. “Cəhənnəməmə ki” deyib, qabları əvvəllər satdığım adamın yanına getdim, amma o da qiyməti birə-beş aşağı saldı. Əlacsız qalıb, hamısını havayı qiymətə verdim getdi. Məni səhv başa düşmə. Yenə də sağ ol, buna da şükür olsun. Sən qabağıma çoxlu dəmir qablar çıxarır, məni gündə iki dəfə şirin kətəyə qonaq edir, maşın altına düşməkdən qoruyur, gecə bu evdə yatmağıma imkan yaradırsan. Bunlara görə sənə şükür edirəm! Amma elə bil ki, mənə verdiyin birgünlük rahatlığa görə beş gün özünü bağışlaya bilmirsən. Məni sevmədiyinə yavaş-yavaş inanmağa başlayıram. Əslində, bu yükü belimə qoyduğun uşaqlıq vaxtlarımdan sənə güvənməyə bilərdim. Amma həmişə güvənmişəm, hələ də güvənirəm və sənə şükür edirəm. Şükür olsun, Allahım, şükür olsun, şükür olsun sənə!

Qoca duasını bitirib üzünü divara çevirdi. İndi sıra onun təkrar nələrəsə görə şükür etməsindəydi. Mən Qozbelin duasından  təsirlənmiş halda onun hər kəlməsini təhlil edir, bunu əlini hər yerdən üzmüş, heç kimə güvəni qalmayan bir adamın Allahla səmimi söhbəti kimi dərk edirdim. Bir neçə dəqiqə keçsə də, ondan səs çıxmadı. Onun Allahdan küsdüyünü yaxşı anlayırdım. Nəsə eləyib, bu adamı Allahla barışdırmaq lazımıydı. Belə qərara gəldim ki, işlədiyim yerdə onun üçün nəsə bir iş tapım. “Bəlkə, iş yoldaşlarıma onun haqqında danışsam, kömək eləyərlər” deyə fikirləşib, ümid və sevinc içində xəyala daldım. Yalnız iş məsələsi düzələndən sonra ona bu haqda məlumat vermək fikrindəydim. Ehtiyac içində çabalayan birini sevindirmək bir yana, bu barədə düşünmək özü artıq adamın ruhunu göyün yeddinci qatına qaldırırdı...

 

***

 

Ertəsi gün nahar fasiləsi vaxtı iş yoldaşlarıma Qozbeldən danışdım. Amma gözlədiyimin əksinə olaraq, onun dözülməz həyat tərzi heç kimi mütəəssir etmədi. Hamısı nə vaxtsa qarşılaşdıqları bu cür adamlardan danışıb, nahardan sonra iş başına döndülər. Yaxşı xatırlayıram ki, adamların başqalarının taleyinə qarşı bu cür laqeydliyi məndə onlara qarşı necə bir nifrət oyatmışdı. İllər keçəcək, bu nifrət qığılcımı böyük kin alovuna çevriləcəkdi. Həmin gün həmişə olduğu kimi işdən çıxıb, kafelərdən birində şam elədim. Dənizkənarı bulvarda xeyli gəzib, sıxılan ruhuma azacıq da olsa rahatlıq verəndən sonra evə yollandım. Otağa daxil olanda Qozbel artıq öz çarpayısında xoruldayırdı. Haqqında heç nə bilmədiyim digər otaq yoldaşım da şirin yuxudaydı. Xəstəhal qadının da yeri boş deyildi, lakin o, yorğanın altında pıçıltıyla yenə nəsə danışırdı.

Əl-üzümü yuyub yerimə uzandım. Ev dünənki kimi soyuq idi. Qozbelin tez yatması, dəli qadının susmaq bilməyən pıçıltısı məni dilxor eləmişdi. Əsəblərimi cilovlayıb qadının yorğan altında nə dediyini başa düşməyə çalışırdım. Öncə onun pıçıltıları - "Gər, gər, gər" - kimi eşidilirdi. Əgər xorultu səsləri olmasaydı, onun təkrar-təkrar dediyi sözü dərhal ayırd edərdim. Hansı mənada işlətdiyini bilməsəm də, axır ki onun yorulmadan dediyi sözün - "Gəlir, gəlir, gəlir" - demək olduğunu anladım...

 

***

 

Səhər iş yerimə çatanda mühafizəçilərin öz aralarında danışığından belə anladım ki, məhkəmənin qazanxanasına işçi lazımdır. Məsələni dəqiqləşdirmək üçün təsərrüfat müdirinin otağına yaxınlaşdım. Həyəcandan  az qalırdı ki, ürəyim dayana. Görəsən, iş baş tutacaqdımı? Özümü illər sonra səfil atasını tapmış və ona gün ağlamaq istəyən yetim cavan kimi hiss edirdim. Qapını döyüb, içəri girdim. Yeni olsam da, müdir məni tanıdı, amma mən onu ilk dəfəydi ki,  görürdüm. Dedim ki, guya iş yeriylə çox yaxın dostumun əmisinə görə maraqlanıram. Qozbelin yaşını soruşan müdirə ağlıma gələn ilk rəqəmi dedim- əlli. - Olar - dedi və ani sükutdan sonra əlavə etdi - Əsas odur  ki, pensiya yaşını keçməsin. O adamı da götür, sabah gəl yanıma.

Birdən-birə Qozbelin fiziki çatışmazlığı yadıma düşdü və mənə elə gəldi ki, iş baş tutmayacaq, amma bu barədə heç nə demədim. Güclə nəfəs alan ümidimi diriykən basdırmaq ağılsızlıq olardı. İş gününün axırına yaxın məsələnin alınacağıyla bağlı qəribə bir inama qapıldım, əhvalım yaxşılaşmağa başladı.

Gözəl hava vardı. Şad xəbəri yiyəsinə çatdırmaq üçün hələ tələsmək lazım gəlmədiyini düşünüb xeyli piyada gəzdim. Sonra həmişə şam etdiyim kafeyə daxil olub iki şiş tikə kababı əla turş çaxırla nuş elədim və təxminən saat yarım sonra evə yollandım. Məhləyə çatmağa az qalmış qol saatıma baxdım - saat düz on iki tamam idi.

Nədənsə əminiydim ki, Qozbel evdədir. Dəhlizin ağzında dayanmış təcili yardım maşını və etinasızcasına siqaret sümürən sürücünü ötüb, pilləkənlərlə  yuxarı qalxdım. Qapı taybatay açığıydı. Hamı bizim otağa toplaşmışdı. Sualedici nəzərlərlə ətrafdakılara baxaraq otağa girdim. Kirayənişinlər Qozbelin başına yığışmışdı. Onu kürəyi üstə çarpayıya uzatmışdılar. Qəribə görünürdü - elə bil, belinin altına paltar yüklü çemodan qoyulmuşdu. Çox çətinliklə nəfəs alırdı. İlahi, onun bu cür sakit nəfəs almasındansa, həmişəki səs-küylü təngnəfəsliyini o anda necə arzulayırdım!

Gözləri açıq şəkildə tavana zillənmişdi. İstər-istəməz yuxarı baxdım - tavanın qopub düşməyə hazır qırıntıları hörümçək toruna ilişib qalmışdı, hörümçəyin özü isə ağır-ağır o baş-bu başa gedib gəlirdi...

Hiss olunurdu ki, Qozbel getdikcə çətin nəfəs alır. Deyingən çarpayı o anlarda nə qədər xoşbəxt görünürdü! Elə bil, öz qoynunda ancaq ölü arzulayırmış. Olduqca iri cüssəsi, girdə sifəti, iri burnu və çal qaşlarıyla diqqətimi çəkən həkim qeyri-adi laqeydliklə soruşdu:

-Xəstənin adı, soyadı nədir?

Hamı bir-birinin üzünə baxır, həkimin verdiyi sadə sualı heç kim cavablandıra bilmirdi.

- Burda heç kim otaq yoldaşının adını bilmir? - deyə həkim təkrar, lakin bu dəfə ucadan soruşdu.

Nəhayət ki, ev sahibi dilləndi: - Məndə onun şəxsiyyət vəsiqəsinin surəti var, gətirim, həkim? - Əlbəttə, ağsaqqal, özü  də  mümkün qədər tez! - deyə həkim narazı ədayla başını yırğaladı. Ev sahibi sənədi gətirmək üçün otaqdan çıxan kimi bayaqdan öz çarpayısının üstündə dinməz-söyləməz oturan qadın qəfildən əllərini dizlərinə çırpıb ayağa qalxdı və cəld Qozbelin yanına gəldi. Hamı, hətta soyuqqanlı həkim də onun bu ani hərəkətindən diksindi. Qadının taxta döşəməyə döyəclənən ayaqları ona qorxunc bir görkəm verirdi. O, əllərini belinə qoyub, başını aşağı elə əydi ki, burnu az qala Qozbelin gözünə girəcəkdi. Sonra yavaş-yavaş qəddini düzəldib, mənə tərəf çevrildi, əllərini çənəsində yumrulayıb asta, lakin hamının eşidəcəyi səslə gözlərimin içinə baxdı və dedi:

 - Gəlib, gəlib, gəlib. Demişdim, hə?! Gəlib! Ölümdür, bax! - sonra əliylə Qozbelə işarə edib, sözünə davam etdi:

 - Ölüm, ölüm. Ölüm onun bədəninə sığal çəkəndə cırmaqlamağı da unutmur! - qadın bunları deyib, asta addımlarla yenidən öz çarpayısına qayıtdı.

Mən dəhşət içində ona baxırdım.  Çarpayısında oturub gözlərini döşəməyə zilləyən, özünü yırğalayan qadın pıçıltılı səslə “ölüm, ölüm, ölüm, ölüm sığal çəkib, cırmaq vurur” deyə eyni sözləri təkrarlayır, çarpayı da özünün həmişəki cırıltısıyla onun bu iztirabını, ağrısını təsdiqləyirdi.

Çaş qalmışdım. Bir gün əvvəl “gəlir, gəlir, gəlir” -  deyə pıçıltıyla yorğanın altında boş-boş deyindiyini sandığım qadın ölümün bu evə gələcəyindən, mənim onun nə danışdığını müəyyənləşdirməyə çalışdığımdan, doğrudanmı, xəbərdarıydı?! Məndən savayı bu qadının sözlərinin cəfəngiyyat olmadığını kim anlaya bilərdi?!

Gözümü qadından ayırıb Qozbelə baxdım. Onun hələ də yaşadığını göstərən iki bilgi vardı - xırıltısı və enib qalxan qarnı. Donmuş baxışlarımın o üzündə kəndimizdəki evimizdən iki tin aşağıda yerləşən qəssab dükanı, kəsilən heyvanların qanı axıb qurtarıncaya qədər xırıltı içində enib-qalxan qarınları canlanırdı.

Özümə gələndə xırıltı kəsilmişdi. Qozbelin qarnı artıq enib qalxmırdı...

Ev sahibi axır ki, otağa girdi, eynəyini taxıb, titrək əlində tutduğu şəxsiyyət vəsiqəsini gözünə yaxınlaşdırdı və oxudu: -Hacıyev Ruxbər Məsud oğlu.

Otaqdakıların hamısı kimi mən də Qozbelin əsl adını onun cəsədi önündə öyrəndim.

Az sonra sahə polisləri gəldi. Meyit ekspertiza üçün morqa aparılmalıydı. Mən Qozbelin hörümçək toruna zillənmiş gözünü bağladım və qulaqlarına pıçıldadım:

-Salam. Mənim adım Turqutdur. Yəqin siz indi bütün şükranlıqlarınızı birbaşa Allahın üzünə deyirsiniz. Bəlkə də, Onunla artıq barışmısınız. Mən sizi tanıdığıma çox şadam. İnanıram ki, artıq yaxşısız.

 

***

 

Gecə saat üçün yarısıydı. Bir kəlmə belə söhbət edə bilmədiyim Qozbel üçün, onun dualarını dinləmək üçün  hədsiz darıxmağa başlamışdım. Hər dəfə yerimdə sağa-sola çevrildikcə onun yoxluğunu göstərən boş çarpayısından ürəyimə ifadəolunmaz bir sıxıntı çökürdü.

Qəribəliyinə şahid olduğum bir adam üçün belə xiffət duymağım, görəsən, nəylə bağlıydı?.. Bu sıxıntıdan çıxmağın bircə yolu vardı.

Çarpayımdan qalxıb əynimi geyindim, əşyalarımı çemodanıma yığıb evdən sakitcə çıxdım. Çöldə bərk tufan başlasa da məhəllənin mərkəzindəki mağazanın işığı hələ də yanırdı. İçəri girib dəmir qabda pivə aldım. Pivədən bir neçə qurtum içib qalanını yerə boşaltdım və boş qabı var gücümlə göyə tolazladım. Külək onu sağa-sola çəkib, asfalta çırpdı. Boş pivə qabı məhəllə boyu yerlə süründükcə Qozbelin səs-küyünü eşidir, onun Allaha indi bu cür dua etdiyini xəyal edirdim. Bu, onun son duasıydı. Mən Qozbeli indinin özünəcən də belə xatırlayıram...

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

 

 

 

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.

 

Beləliklə 7-ci qayda.

 

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

Əvvəlki qaydalar bunlar idi:

Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

8-ci qayda  “Öz pullarınızdan düzgün istifadə edin” olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

 

 

Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədova həsr olunmuş xatirə gecəsi təşkil olunacaq.

 

Konsert proqramı Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı və Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Səbuhi Ibayev, eləcə də digər xanəndələrin ifası ilə davam edəcək. Gecəni tarzən Rüstəm Müslümovun müşayiəti ilə ansambl idarə edəcək. 

Qeyd edək ki, Bakının Maştağa kəndində anadan olan Əlibaba Məmmədov musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Filarmoniyanın nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı alətləri ansamblını yaratmış və ömrünün sonuna kimi həmin ansambla rəhbərlik etmişdir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnərək, muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səs yazıları AzTv-nin fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar bir çox xanəndələrin repertuarlarına daxil edilib. M.Füzuli, Ə.Vahid, M.Müşviq, S.Rüstəm, B.Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış "Yaşa məhəbbətim, yaşa ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" və bir çox digər mahnılar AzTv-nin fondunda görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. O, 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs deyərək, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf etmişdir. Görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də 92 yaşında vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Məşhur bir filmdə sual edilir, Vətən haradan başlayır? Bizsə sual edirik, teatr hardan başlayır? Yox, qarderobdan başlamır. Teatr rejissorun verdiyi və üzərində rolun mətni yazılmış kağız parçasından başlayır. 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Səid Rüstəmovun “Beş manatlıq gəlin” musiqili komediyasının budəfəki nümayişi tam fərqli idi, çünki tamaşa teatrın tanınmış aktrisası, Prezident mükafatçısı Gülcahan Salamovanın 60 illik yubileyi münasibətilə təqdim olunurdu. Şərəflidir, deyilmi, aktrisa yibileyini səhnədə qeyd edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gülcahan Salamova 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-cı ildə Nərimanov rayonu 82 saylı orta məktəbi bitirib. 1988-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist vəzifəsində işləyib. Çalışdığı müddətdə teatrın səhnəsində çoxsaylı obraz yaradıb. 1995-ci ildə "Bəşir" teatrında fəaliyyət göstərib. Çoxsaylı intermediya və səhnəciklərdə iştirak edib.

G.Salamova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. 

O, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülüb. 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əsas rolları bunlar olub:

1. Qızıl toy (R.Heydər) — Aygün

2. 5 manatlıq gəlin (M.S.Ordubadi) — Naznaz

3. Hərənin öz ulduzu (İ.Məlikzadə) — Məleykə

4. Məsmə xala dayımdır (C.Məmmədov) — Sənubər

5. Milyonçunun dilənçi oğlu (Ş.Qurbanov) — xanım

6. Yeddi məhbusə anası (Ə.Əmirli) — Həcər

7. Şeytanın yubileyi (A.Babayev) — Şamiyə

8. Hələlik (R.Əhmədzadə) — Qənirə

9. Ər və arvad (Ü.Hacıbəyov) — Gülpəri

10. Bankir adaxlı (T.Vəliyeva) — Gülbikə

11. Məhəbbət oyunu (Q.Rəsulov) — Qəmər

12. Qısqanc ürəklər (M.Haqverdiyev) — Zema

13. O olmasın, bu olsun (Ü.Hacıbəyov) — Gülnaz

14. Hicran (ikinci quruluş (1993); S.Rəhman) — Hicran

15. Özümüz bilərik (Ş.Qurbanov) — Lalə

16. Subaylarınızdan görəsiniz (İ.Məlikzadə) — Qəndab

17. Lotoreya (V.Səmədoğlu) — Sona

18. Xanuma (A.Saqarelli) — Kabato

19. Toya bir gün qalmış (Ə.Səmədli) — Toma

Bəşir Teatrında əsas rolları bunlar olub: 

1. İtkin ər (Ə.Əmirli) — Bikə

2. Olmadı elə, oldu belə (Ş.Qurbanov)

3. Özümüz bilərik (Ş.Qurbanov)

4. Hələlik (R.Əhmədzadə)

5. Bankir adaxlı (T.Vəliyeva) — Gülbikə

Filmoqrafiyasında 5 film var:

1. Zəncirbənd (film, 1989)

2. Bağdada putyovka var... (film, 2000)

3. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Mərdanın anası)

4. Qayınanamız (serial, 2015)

5. Niyə? (serial, 2018-)

 

İndi də tamaşaya qayıdaq. Beləliklə, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının budəfəki nümayişi teatrın tanınmış aktrisası, Prezident mükafatçısı Gülcahan Salamovanın 60 illik yubileyi münasibətilə təqdim olunub. 

Və ötamaşadan əvvəl teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktrisanın səhnə fəaliyyətindən danışıb. 

Vaxtı ilə bu tamaşanın Naz-nazı olan Gülcahan xanım bu dəfə onu sevənləri Səlbi (Naznazın anası) obrazı ilə qarşılayıb. 

Rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda ərsəyə gələn "Beş manatlıq gəlin" tamaşasında Gülcahan Salamova ilə yanaşı, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları da eyni səhnəni bölüşürlər.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

 

Əvvəlcə xatirə fotosu çəkdirildi.

X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dedi:

- Sabahınız xeyir, Zati-aliləri. 

Xanımlar və cənablar.

Mən böyük şərəf hissi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin adından həmsədr kimi Qlobal Bakı Forumunun açılışını elan edirəm. 

Biz ağır bir zəmanədə yaşayırıq. Bu gün görürük ki, müharibələr daha da artır və burada müxtəlif siyasətlər, siyasi həllər zəruri xarakter daşıyır. Buna görə də lazımdır ki, insanlar bir araya gəlsin, icmalar bu işdə iştirak etsin və əslində tarixdən götürülmüş dərslər bundan sonra da bir daha nəzərdən keçirilsin. Biz bir-birimizi ayıran xətləri aşaraq, etnik, irqi və digər cəhətlərə baxmayaraq, ümumbəşəri məqsədlər üçün çalışmalı, mübarizə aparmalıyıq. Çünki hamımız bu fikirdəyik. Bildiyiniz kimi, BMT 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərini, 2015-ci ildə isə Dayanıqlı İnkişaf Məqsədlərini qəbul edərək hamımız üçün, bütün bəşəriyyət üçün ümumi bir gündəlik müəyyənləşdirmişdir. 

İndi bizim qarşımızda ümumi çağırışlar var. Biz bilirik ki, pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Görürük ki, bu gün dünyada nə qədər insan aclıqdan əziyyət çəkir. Bu cür çağırışların həlli yolları tapılmalıdır.

Qlobal Bakı Forumunun məqsədindən danışan İsmail Serageldin bildirdi: Biz düşünməliyik və necə etməliyik ki, yeni ümidlər yaradaq və gələcəyə – sabaha baxaq. Biz bu yolda addımlayaraq bilməliyik ki, səhv və doğru addımlar nədən ibarətdir və necə etməliyik ki, daha müqavimətli şəkildə irəliyə gedək. Biz belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün buraya toplaşmışıq. 

Mən böyük məmnuniyyətlə, hörmətli cənab Prezident, Zati-aliləri, sözü Sizə vermək istəyirəm.

 

x x x

 

Dövlətimizin başçısı Forumun açılış mərasimində çıxış etdi.

 

Prezident İlham Əliyevin

çıxışı

- Sabahınız xeyir xanımlar və cənablar.

Zati-aliləri.

Hörmətli qonaqlar.

Sizin hər birinizi Bakıda salamlayıram, X Qlobal Bakı Forumunda iştirakınıza görə təşəkkür edirəm. Əvvəlcə mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) İdarə Heyətinin üzvlərini nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqa və cənab Serageldinə liderlik keyfiyyətlərinə, Mərkəzin inkişafına töhfələrinə və Qlobal Bakı Forumunun aparıcı beynəlxalq forumlardan birinə çevrilməsi ilə bağlı mühüm nailiyyətlərinə görə xüsusi minnətdarlığımı bildirirəm. Mən bu ilin yanvar ayında Davos Dünya İqtisadi Forumunda, fevralda Münxen Təhlükəsizlik Konfransında iştirak etmişəm, indi isə mart ayında Bakıda Qlobal Forumda iştirak edirəm. 

Onu deyə bilərəm ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır. 

Eyni zamanda, mən Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. 

Mən burada müzakirə ediləcək bəzi mövzularla bağlı öz fikirlərimi və bəzi məlumatlarla bölüşmək istərdim. Panellərdən birinin multilateralizmə həsr olunması məni məmnun etdi. Xüsusilə ona görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, - əgər belə demək olarsa, - canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik. 

Eyni zamanda, biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. Biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük. 

Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

Münaqişələrin həllinə gəldikdə, bu mövzu Forum çərçivəsində geniş şəkildə müzakirə ediləcəkdir. Mən isə öz təcrübəmizlə bağlı fikirlərimi bölüşə bilərəm. Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.

Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. 1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda bizə belə görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Lakin biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi.

Beləliklə, çalışdıq ki, dinc yolla həll edək. Bizdə alınmadı, ona görə ki, erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Biz isə güc tətbiq etdik və öz ərazimizi azad etdik. Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik. Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də barbarlıq, urbisid, kultursid, ekosid əlamətidir. Bunu edən bizim qonşularımız olub. Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi.

Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq. Beləliklə, hazırda sülh üçün vaxt yetişib. Bununla belə, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar.

Beləliklə, hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. 

Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik. 

Panel müzakirələrdən biri enerji və daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunub. Sonuncu görüşümüzdən sonra mən qonaqlarımızı məlumatlandırmaq istərdim. Ötən ilin iyunundan etibarən xeyli hadisələr baş verib. Əvvəlcə, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən imzalandı. Bu Memorandum hazırda icra olunur. Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər biz 2021-ci ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək.

Bu, hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək. Biz qaz yataqlarımıza sərmayələrimizi artırmışıq. Hazırda isə görürük və nəinki görürük, biz hətta ixrac boru kəmərlərinin genişləndirilməsi üzərində işləyirik. Cənub Qaz Dəhlizi istismara verildi. Boru kəmərinin sonuncu hissəsi 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik - TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlıdır. Belə olmasaydı, biz sərmayə qoymazdıq. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq.

Biz nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edirik. Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Hazırda biz texniki əsaslandırma prosesini aparırıq. 

Həmin layihə ilə bağlı rəhbər komitənin ilk iclası fevral ayında Bakıda təşkil edilib və bu, Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq. Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. Məlumat vermək istəyirəm ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar. 

Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir. Enerji sahəsində keçid olduqca sürətli gedir. Qeyd etdiyim kimi, iyun ayında sonuncu görüşümüzdən sonra bütün sadaladıqlarımı həyata keçirdik. Burada nəqliyyat dəhlizləri ilə bağlı müzakirələr olacaq. 

Məlumat üçün bildirim ki, ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bizim müasir daşımalar infrastrukturumuza tələbat heç vaxt olmadığı qədər böyükdür - dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir. Əminəm ki, proqrama daxil olan bu və ya digər mövzularla bağlı kifayət qədər maraqlı müzakirələr olacaq, hər zaman olduğu kimi, qonaqlarımız gələcəyimizi planlaşdırmaq üçün dəyərli ideyalarını və tövsiyələrini verəcəklər. Habelə dünya liderləri üçün də yaxşı tövsiyələr olacaq. 

Beləliklə, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq. Sizə maraqlı müzakirələr arzulayıram. Diqqətinizə görə sağ olun.

 

x x x

 

Sonra Latviya Respublikasının Prezidenti Egils Levits çıxış edərək Forumun mövzusunun müzakirə baxımından əhəmiyyətli olduğunu bildirdi. Latviya ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışan Egils Levits ölkəmizin son illər ərzində beynəlxalq münasibətlərdə oynadığı mühüm rolu vurğulayaraq dedi:

- Prezident Əliyevin məhz burada çıxışından sonra qeyd etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatında aparıcı rol oynayır. Bu, sözün əsl mənasında, 120 üzv dövlətdən ibarət olan yaxşı bir platformadır və onların əksəriyyəti BMT-nin üzvləridir. Azərbaycanın son illər ərzində oynadığı mühüm rol əslində beynəlxalq münasibətlərdə etiraf olunub. Əslində Azərbaycan siyasi baxımdan, yəni, sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb. 

Azərbaycan COVID-19 pandemiyasından sonrakı qlobal diskussiyalara aparıcılıq edir. Xüsusən, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun bu yaxınlarda keçirilən Zirvə görüşünü qeyd edərdim. 

Azərbaycan ilə əməkdaşlığa, xüsusən də onun BMT ilə işbirliyinə gəldikdə, bu, həmçinin Latviya üçün vacibdir. Çünki burada beynəlxalq hüquqa hörmətlə yanaşılması və ərazi bütövlüyünə riayət edilməsi çox mühüm məsələdir. Əslində bu, bizim Latviyanın da xarici siyasətinin mühüm bir hissəsidir. Bu, ümumiyyətlə, Azərbaycanın ümumi siyasətinin vacib bir hissəsidir. Təbii ki, bu da ölkələrimiz arasında yaxşı münasibətlərdən irəli gəlir. 

Latviya Prezidenti Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında da fikirlərini bildirərək dedi: 

- Dahi Azərbaycan şairi Nizami Gəncəvi Azərbaycanın hazırkı hüdudlarından xeyli kənarda insanları şövqləndirirdi. Onun söylədiyi fikirlər məhz həmin qədim dövrdən bu günə qədər dünyadakı xalqlar arasında qarşılıqlı anlaşmanı və həmrəyliyi təşviq edirdi.

 

x x x

 

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlərdən, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlərdən danışmağın vacibliyini vurğulayaraq dedi:

- Biz bu gün dünyamızın üzləşdiyi çağırışların müzakirəsi üçün X Qlobal Bakı Forumunda bir araya gəlmişik. Forumun təşkilinə və burada iştirak etməyə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

 

x x x

 

Forumda iştirak etmək üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəyə çevirdiyi bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək vurğuladı:

- Əvvəlcə, icazə verin, məni bu tədbirə dəvət etdiyinə, Bakıda keçirilən X Qlobal Bakı Forumunda yaratdığı şəraitə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirim. 

Zati-aliləri Prezident İlham Əliyev, bildirmək istəyirəm ki, gözəl Bakı şəhərində, Azərbaycanda, Odlar Yurdunda, - necə ki siz adlandırırsınız, - olmaqdan çox şadam. Çünki bu ölkə bizə enerji verir, bizi ilhamlandırır. Necə ki, biz bunu dahi şair və filosof Nizami Gəncəvinin yaradıcılığında görmüşük. Təbii ki, Sizinlə keçirilmiş dünənki görüş bizdə böyük təəssürat yaratdı. Bundan sonra da Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın genişləndirilməsini səmimiyyətlə arzulayıram. Hörmətli dostlar, belə bir mötəbər auditoriyada olmaqdan çox şadam. Burada dünyanın ən təcrübəli insanları toplaşıblar.

 

x x x

 

BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima pandemiyadan sonrakı dövrdə beynəlxalq səviyyədə inteqrasiyanı gücləndirməyin və əməkdaşlığı genişləndirməyin vacibliyini vurğuladı. Belə bir platformada və müzakirələrdə iştirakdan şad olduğunu ifadə edən Vinni Byanyima dedi: 

- X Qlobal Bakı Forumunun açılış mərasimində sizə qoşulmaqdan olduqca məmnunam. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzini “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunu təşkil etdiyinə görə səmimi-qəlbdən təbrik edirəm.

 

x x x

 

Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti dinlənildi, həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubları oxundu.

 

x x x

 

Sonda Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike–Freyberqa çıxış edərək, dünyada hazırkı geosiyasi vəziyyət haqqında danışdı, müharibə və təhdidlərin beynəlxalq səviyyədə bir sıra ciddi problemlər doğurduğunu bildirdi. Həmsədr bir çox münaqişələrin həlli yollarının tapılması baxımından Forumun işini yüksək qiymətləndirərək dedi: 

- Artıq onuncu dəfədir Bakı Forumu toplaşır və ilbəil biz məmnunluqla görürük ki, onun inandırıcı qüvvəsi, onun müxtəlifliyi və müstəsna keyfiyyətli təcrübəsi, intellektual potensialı baxımından əhəmiyyəti artır. Biz sizin hamınızı burada görməkdən çox şadıq. 

Bakı Forumu, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi. Prezident lap ilk günlərdən bizə öz dəstəyini verdi. Qlobal Bakı Forumunu dünyanı narahat edən çağırışların həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli hesab edirik.

 

x x x

 

Forum işini panel iclaslarla davam etdirdi.

 

x x x

 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisinin açılışı olub

 

Xəbər verdiyimiz kimi Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycanda rəsmi səfərdədir. Daha çox mədəniyyət səpkili görüşlər keçirən Latviya prezidentinin İçərişəhər gəzintisi barədə “Ədəbiyyat və incəsənət” portalı olaraq sizlərə ətraflı məlumat vermişdik. Martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı oldu. Latviya Respublikasının Prezidenti Egils Levits də

sərginin açılışında iştirak edirdi. 

 

Latviya prezidentindən başqa açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Latviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Viya Buşa və digər rəsmi qonaqlar iştirak edirdilər. 

Təəccüblənəcəksiniz: Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Xatırlayırsınızsa sərginin geniş anonsunu sozlərə çatdırmışdıq. Sərgidə Latviya fotoqrafı və rəssamı İeva Krumina və azərbaycanlı fotoqraf Reza Deqatinin əsərləri nümayiş olunur. 

Egils Levis və Anar Ələkbərov qırmızı lenti kəsərək sərgini açıq elan etdilər. 

İndi isə açılış mərasimindəki çıxışlara diqqət edək. 

 

Latviya Respublikasının Prezidenti Egils Levits:

-Dünyadakı müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirmək üçün sərginin adı çox  düşünülmüşdür, düzgün seçilib. Bu gün heç kim yeknəsəq, qlobal mədəni şəraitdə yaşamaq istəməz. Hər bir xalqın özünəməxsus mədəniyyəti qorunub saxlanmalıdır. Milli mədəniyyətlər ənənələrə söykənir, lakin bu ənənələr inkişaf etdirilməlidir. Milli mədəniyyətlər digər mədəniyyətlərin irəli sürdüyü ideyalara açıq olmalıdır. Bu sərgi ölkələrimiz arasındakı körpülərin çox bariz nümunəsidir. Mən tədbirin təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığımı bildirirəm. Qeyd etməliyəm ki, Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl nümunələrindən biridir. Bu cür birgə mədəni tədbirləri keçirməklə biz bir-birimizi daha da yaxın, bağlı edirik.”

 

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa:

-Bu tədbir mənim ölkəm üçün önəmli hadisədir. Bu sərginin hər iki ölkənin birgə səyləri nəticəsidir baş tutduğunu xüsusi

qeyd edim. Sərgidə xalqlarımız arasında olan oxşarlıq nümayiş olunur. Latviyanın Azərbaycandakı səfirliyi incəsənət sahəsindəki layihələrə xüsusi önəm verir. Eyni zamanda, səfirlik Latviya ilə Azərbaycan arasında mədəniyyət sahəsində münasibətlərə, bu istiqamətdə dialoqa öz töhfəsini verir. Və bu cür tədbirlərin keçirilməsi sayəsində Latviyanın təsviri incəsənəti Azərbaycanda təşviq edilir. Bu sərginin açılışı ilə biz mədəni əməkdaşlıq sahəsində növbəti addımı atmış olacağıq. 

 

Sərgidə əsərləri nümayiş olunan müəllif İeva Krumina:

-Bu möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində sərginin açılışında iştirak etməkdən və əsərlərimin nümayiş olunmasından məmnunluq ifadə edirəm. Şərq üslubunda miniatür ənənələrini mümkün qədər yüksək səviyyədə qoruyub saxlayaraq 43 illüstrasiya yaratmışam. Hər iki xalqın düşüncələrində bir çox oxşarlıqlar var. İncəsənət bizi bir birimizə yaxınlaşdırır. Bu o deməkdir ki, bizim bölüşdüyümüz ideyalar bir-birimiz tərəfindən qavranıla bilər”.

 

Qeyd edək ki, tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır və hər bir sənət əsərinə baxanda insan özünü o sənət əsərində görür. Onun sənət əsərləri insanlara dünyanı sevgi sapları ilə təmir etmək mesajını çatdırır. 

Dünya şöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb (Sərginin afişasında yer alıb). O, Fransanın “Xidmətlərə görə” kavaler ordeni və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.

Sonda bir fikri səsləndirmək istəyirik: xristian dünyasının islam dininə sayğısı artmaqdadır və bu, bir çağırışdır. 

Heydər Əliyev Mərkəzindəki sərgi aprelin 3-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Nəhayət ki, tale onlara xoşbəxtlik vəd etdi

 

 

Xəbər verdiyimiz kimi, “Avroviziya-2023” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək. Azərbaycan nümayəndə heyətinin rəhbəri Vasif Məmmədovun açıqlamasına görə, müsabiqədə ölkəmizi təmsil etmək üçün 200-dən çox müraciət qəbul edilmişdi və deyək ki, musiqisevərlər və iddiaçılar arasında ən az inanılan şəxslər birincilik əldə etdilər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Avroviziya-2023 Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək TuralTuranX dueti Zaqatala rayonundan olan iki qardaşdan - Tural və Turan Bağmanovlardan ibarətdir.

Tural və Turan Bağmanovlar barədə informasiya o qəddər də bol deyil. Bunların içində ən diqqətçəkən bunlardır:

 

-Qardaşlar əkizdirlər;

-Evin sonbeşiyidirlər;

-Ailədə 4 qardaş olublar. Tural, Turan, onlardan 6 yaş böyük Camal və 5 yaş böyük Emin;

-23 yaşları var, 2000-ci ildə Zaqatala şəhərində anadan olublar;

-Musiqi təhsili almayıblar;

-Piano ilə ilk tanışlıqları orta məktəbdə olub;

-Dərslərdən yayınaraq gizlində akt zalına gedib pianinoda mahnı çalmağı öyrəniblər;

-Atalarından təkidlə onlara piano, yaxud sintezator almağı tələb ediblər, o da görəndə ki, oğulları əl çəkmirlər, onlara “ikinci əl” sintezator almağa məcbur olub;

-Sonradan qardaşlar gitarada da ifa etməyi öyrəniblər;

-Erkən yaşda atalarını itiriblər;

-15 yaşlarında daha bir itki yaşayıblar. Zaqatalanın Yuxarı Tala kəndində baş verən avtomobil qəzasında hər iki qardaşları -həm Emin, həm də Camal həlak olublar;

-Turalla Turan analarının himayəsində böyüyüblər;

-Ekiz qardaşlar həm ifaçıdılar, həm də bəstəkardırlar, ifa etdikləri mahnıların müəllifləridirlər;

-Ən maraqlısı, yazdıqları mahnını Avroviziya müsabiqənin seçim turunun bitməsinə cəmi 3-4 gün qalmış göndəriblər, heç cavab alacaqlarını belə gözləməyiblər;

-Azərbaycanı Avroviziyada təmsil edəcəklərini öyrəndikdə qalib seçilməkləri o qədər gözlənilməz olub ki, şok yaşayıblar.

-Ətraflarındakı insanlar üçün, anaları üçün bu xəbər əsil toy-bayram olub. 

-Ekiz qardaşlar xəbəri alanda sevinclərini ölkəmizi müsabiqədə uğurla təmsil etmək üçün var gücləri ilə çalışacaqlarını söyləməklə izhar ediblər.

 

Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Cümə axşamı, 09 Mart 2023 16:45

İlon Mask haqqında film çəkiləcək

 

Hazırda Forbesin siyahısında dünyanın ən varlı insanları arasında qərarlaşan Amerikalı biznesmen İlon Mask haqqında film çəkilməsi ötən günün ən çox oxunan xəbəri olaraq diqqətimizi çəkdi. 

“Ədəbiyyat və incəsənət” portalı ivi.tv saytına istinadən xəbər verir ki, əvvəllər də haqqında bir neçə sənədli film çəkilmiş İlon Mask “Taxi to the dark side” adlı sənədli filminə görə “Oskar” mükafatı laureatı və onlarla yüksək səviyyəli filmlərin müəllifi kimi tanınan amerikalı rejissor Aleks Gibninin film qəhrəmanına çevrilir. Qibni dünyaca məşhur sahibkar, multimilyarder İlon Mask haqqında indiyədək çəkilən filmlərin ən güclüsünü çəkməkdə iddialıdır.

Bu filmdə “Tesla”, “SpaceX” və “Twitter” şirkətlərinin direktoru İlon Maskdan tək biznesmen kimi yox, həm də hissiyyatlı, duyğulu bir insan kimi bəhs ediləcək.

Sənədli film “Jigsaw Productions” kinokompaniyası tərəfindən “Closer Media”, “Anonymous Content” və “Double Agent”lə müştərək istehsal olunacaq. Layihənin prodüserləri Cessi Diter, Steysi Offman və Riçard Perellodur.

“Mən xeyli müddətdir ki, film üzərində işləyirəm və bundan çox həyəcanlanıram. Mənimlə işləyən bu qeyri-adi qrupa heyranam", -deyə Aleks Gibni bildirir.

Aleks Gibni həmçinin Mixail Xodorkovski haqqında “Vətəndaş X”, “Apple” şirkətinin yaradıcısı haqqında “Stiv Cobs: maşındakı adam”, velosipedçi Lens Armstronq haqqında “Armstronqun yalanı” kimi sənədli filmlər çəkib və bu işdə püxtələşib. Onun İlon Maskı da möhtəşəm olacaq. 

 

Şəkildə: Yox, bu İlon Çask deyil, Aleks Gibnidir.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Günün fotosu: qanunsuz miqrant daşıyan gəmiçi 3 əsrlik həbs cəzası aldı

Misirli balıqçı N. Elfallax ötən gün kontrabandayla - qanunsuz miqrant daşınması ilə məşğul olduğu üçün məhkəmə

qarşısında dayanmalı oldu. O, icarəyə götürdüyü balıqçı gəmisi ilə Liviyadan Yunanıstana 336 kişi, 10 qadın, 128 oğlan və 9 qız uşağı daşıdığına görə 280 il həbs cəzası aldı. 

Bəli, miqrantların Avropa üçün necə arzuolunmaz olmaları bir daha öz təsdiqini tapdı.

 

Fotonun hüququ: AP

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.