“Mübarək ədəbiyyat” – Edip Akkut Çiçəkli Featured

“Dərgi içində dərgi” bölməsində Türkiyədə çıxan “Gənc ürəklər” dərgisindən sizlərə Humay Yılmazın çevirimində Edip Akkut Çiçəklinin “Mübarək ədəbiyyat” yazısını təqdim edəcəyik.

 

 

Edip AYKUT ÇİÇƏKLİ

               

                                       

MÜBARƏK ƏBƏDİYYƏT

 

Əsrin xilasedici ideyasını təyin etmədən dövrə xilaskar oyunçular bəxş etmək istəyən saxta fikir cərəyanlarının belə xəyal edə bilməyəcəyi yeni insan – yeni sivilizasiya yaratmaq cəhdləri kimi xatırlanmağa və anlaşılmağa dəyər bir mübarək əbədiyyət düşüncəsi cücərməyə başlamışdır həqiqət zəmisində. Bu, insanın öz şəxsiyyətini kiçildən  yalancı bahar illüziyasından qurtulub, ona bir qurtuluş yolu göstərəcək, əsl xoşbəxtliyin düsturunu tapmağa kömək edəcək ülvi başlanğıca üz tutması deməkdir.

Bir insanın özünü dərk etmədən bir mədəniyyət layihəsindən danışması özünü aldatmaqdan başqa bir şey deyil və bunu başdan anlaması lazımdır. İnsanın özünü dərindən araşdırması, bəzən açması mümkün olmayan mətləblərin dərinliyinə varmağa cəhd etməsi xilasedici fikrin mübarək əbədiyyətin kandarında qaranlığa işıq saçaraq, dinc insanlıq aləminə atdığı ən vacib addım olacaqdır.

İnsanın özü üzərində düşünməsi, bu əsas məsələni düzgün bir şəkildə təhlil etməsi vacibdir. O, bədbəxtliyinin səbəbini müəyyən etməli və maneələri yolundan qaldırmağa çalışmalıdır. Müqəddəs əbədiyyət yolçusu üçün bu, başlıca şərtdir.

İnsanın özünü dərk etməsi, tanıması nədir? Yəni məsələnin özəyi insandakı əbədiyyət meylinin fani olana qurban verilməyəcək bir şəkildə müqəddəs olana çevrilməsinin ən önəmli xilas yolu olduğunu anlamaqdır. Bunu şüurumuzla, canımızla-qanımızla dərk etmək və mütləq həqiqətin bütün insanlığa çatdırılımasıdır başlıca məsələ. Əxlaq çöküşünün əsas səbəbi əbədiyyətin düzgün təhlil edilməməsidir. Acgöz mülkiyyət həvəsinin haqqı, ədaləti kölgədə qoyduğunun fərqindəyik. Dava-dalaşlar bunun nəticəsində  yaranır.

Əbədiyyət duyğusu hər bir insanda yaranışdan var və ruhunun nisbi yetkinləşməsilə güclənə bilər. Eləcə də hər bir insan bilərək, ya da bilməyərək, həyatını bu duyğunun üzərində qurmağa çalışır. Əbədi olmağa çalışmaq insan övladının yaşam uğrunda çırpıntısının başqa bir adıdır. İstər dindar olsun, istərsə də dinsiz,  əbədiyyətin qaynar odunu vicdanında hiss etməyən insan yox kimidir.

İnsanı cənnətdən sürgün edən həqiqət ilə insanın dünyasını cəhənnəmə çevirən həqiqət arasındaki paralelliyi görməyənlər əsrin xilasedici ideyasının nə məna daşıdığını əsla başa düşməyəcəklər. Əbədiyyətə köklənmiş bir ağacın meyvələrinin dadına baxmaq üçün insan ruhunda daşlaşmış olan bu dəyişməz qanunun, qaçılmaz yanaşmanın şüuraltı olaraq doğru istiqamətə yönəlib-yönəlmədiyi ilk növbədə təyin edilməli olan mühüm xüsusiyyətdir. Əks halda ruhun damarlarına qarışan zəhərli bir fikir insanı ölümsüzlüyə gedən yolda faniliyin əzablarına məhkum edəcəkdir. Beləliklə, mənəvi əzabın sonunda bir mədəniyyətin köklərini qurudacaq yeni sarmaşıqların yarana biləcəyi ehtimalını qəbul etməyə məcbur olacağıq.

Əbədiyyət duyğusunu fəallaşdırmaq və onu qüdsal çeşməyə çevirmək əsrin xilasedici ideyasının yollarını açmaq və o böyük xəyalı həyata keçirmək deməkdir. Kirli vicdanlıların əbədiyyət cəhdi bütün cahanı cəhənnəmə çevirər və insanları bədbəxtliyin girdabına itələyər ki, bəşəriyyət tarixində belə faktlar çoxdur. Öldürən də, məhv etmək istəyən də öz əbədiyyəti üçün çalışdığını düşünür, lakin qüdsallıqdan uzaq  əbədiyyət düşüncəsinin, sadəcə, faniliyə xidmət edəcəyini və insanın içindəki sonsuz susuzluğunu daha da artıracağını anlamamaqdadır.

Özlərini dərk etməkdə çətinlik çəkən cahil insanlar dünyanı lənətləməyi, nifrətlərinə hədəf etməyi ən böyük ibadət bilib, problemlərinin həllinə çalışdılar hər zaman. Beləcə, əbədiyyətin doğru yolunu çürük kəndirlərlə bağlamağın rəzalətini nümayiş etdirdilər. Hansı ki, əsrin xilasedici ideyasının əsas dialektik şəkli olan "aksioner  ruhçuluq" materiyanın inkarını və alçaldılmasını əbədiyyətin ən böyük itkisi olaraq görür və ruhu materiyanın qanununda axtararaq, müqəddəs əbədiyyətin tərtəmiz yolunda həqiqətə doğru getməyi  xoşbəxtlik bağçasında bütün insanlığa sevgilə gülümsəmək kimi görür.

Yer üzünə qənim kəsilənlər  materiyanın qanunlarına sitayiş edənlərlə maddiyyatın qanunlarını inkar edənlər arasında ortaya çıxmışdır daima. Müqəddəs bir damara bağlı əbədiyyət düşüncəsi korrupsiyanın bütün yollarını bağlayaraq, materiyanın gerçəkliyini qəbul etməyənlərlə ona pərəstiş edənlər arasında balanslaşdırılmış bir yolu  seçər, beləliklə, insanı, cəmiyyəti və yer üzünü yenidən qurmağa başlayar, xilasedici ideyanın bütün insanlığı əhatəsinə almasına nail olar.

İstehlakı heç bir əxlaqi əsasa söykənmədən qərarlaşdıran vəhşi kapitalizmin hegemon qüvvəyə çevrilməsində sərvət acgözlüyünün sonsuz yaşam instinktinə qalxan edilməsinin təsiri böyükdür. Kapitalizmin genişlənməsinin kökündə sonsuz yaşam instinktinin insafsızca zorlanması durur ki, bunun nəticəsində insanın və insanlığın degenerasiyası sürətlənməkdədir.  Əbədiləşmə arzusunu insani bir səviyyəyə gətirib, ruhçuluğun fəaliyyətinə başqa fikirlər əlavə etmək həqiqət şahidliyi üçün qərarlaşdırılmış ölümsüzlüyün  güzəştsiz əsgərlərinin başlıca vəzifələrindəndir.

Mübarək əbədiyyət ölümü dərk etməyi ilk vəzifə olaraq görən və onu əsla təmənna etməyən diri, canlı bir fikrin fəlsəfi və irfani adıdır.

Ölümü arzulamaq insanın öz həyat damarlarının qopmasına səbəb olacağından, təkcə bu səbəbdən ruhçuluğun aksioner gücüylə iqtidar olan həqiqətin hakimiyyəti gerçəkləşməyəcək və yer üzü fitnəkarların xəyanət və anarxiya yuvasına çevriləcəkdir. Qiyamət ruhunu yeniləməyən, mistik təcrübələrin arxasınca gedib itən bir əbədiyyətin həssas nəsilləri əbədiyyət arzusunu yenidən dəyərləndirməyə səy göstərərək, xilasımız üçün çıxış yolları axtaracaq və xilasedici ideyanın sayəsində həqiqi xoşbəxtliyi dadacaqlar.

 

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

                                                         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.