“Ədəbiyyat və incəsənət” portalı bu dəfə sizə Kulinariya bölümündə yemək resepti təqdim etməyəcək, maraqlı məsləhətlər verəcək.
Yanmış və ötmüş yeməklər qəbul etmək xərçəng şişi əmələ gətirə bilər. Bunu illərdir dadlı yeməklər bişirən evdar qadın, Sumqayıt şəhər sakini Göyçək Nəsirova söyləyir.
Onun sözlərinə görə, yanmış və ötmüş yeməklər qəti qadağandır. Məsələn, tavada kartof qızardarkən yanmış kartof onkoloji prosesləri tətikləyir deyə bilərik.
Əlbəttə ki, Göyçək xanım təcrübəsinə və eşitdiklərinə əsaslanır. Amma portal olaraq bunun elmi əsaslarını da araşdırıb tapdıq. Məsələn, rus dietoloqu Nadejda Solomatina deyir ki, qızartma prosesində poliaromatik karbohidrogenlər ayrılır. Bu birləşmələr hüceyrələrin bütövlüyünü poza və şiş prosesinin inkişafına səbəb ola bilər. Qızardılmış kartofda əmələ gələn eyni qəhvəyi qabığın tərkibində kanserogen akrilamid var.
Həm də yanmış və çox qızarmış qidalar daha tez qocalmaya və qırışların çoxalmasına səbəb olur. Ona görə də ətin, kartofun yanmış, çox qızarmış hissəsini yemək olmaz.
Amma gəlin razılaşaq ki, elə ən çox yediyimiz və bəyəndiyimiz də bunlardır.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)