İstəyərsinizmi ki, siz danışanda hamı sussun? Featured

Və yaxud, Mingəçevir qabaqcıl təcrübəyə necə ünvan oldu

 

Gənclik öz sözünü layiqincə deməkdədir. Bu dəfə sizə Mingəçevirdən olan gənc Anar Quliyev barədə danışmaq istəyirik. Daha doğrusu, onun “Natiqlik akademiyası” layihəsi barədə. Gənclərin İnkişaf və Karyera Mərkəzi bu layihə barədə bəhs edərək onu gənclərə nümunə gətirir. Bəs nədir bu layihədə diqqəti çəkən? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə çərçivəsində keçirilən təlimlər zamanı gənclər “natiqlik sənəti”, “natiqlik sənətinin incəlikləri”, “Karyerada uğur qazanmaqda natiqliyin rolu”, “Nitqin qurulması, jest və mimikalardan düzgün və yerində istifadə”, “Ünsiyyətin formaları, ünsiyyət prosesində bədən dilindən istifadənin əhəmiyyəti” mövzuları üzrə məlumat əldə edirlər. 

Sirr deyil ki, özünü cəmiyyətdə təqdim etmək, lider olmaq, ardıcıllar yetişdirmək üçün insanın nitq qabiliyyəti vacibdir. Natiqlər bu vərdişə yiyələnmək üçün illərini güzgü qarşısındakı məşqlərə sərf edirlər. 

“Natiqlik akademiyası” layihəsində gənclər 

öyrəndiklərini praktik olaraq tətbiq etməklə, onları maraqlandıran suallara cavab da tapırlar. Bu isə məsələnin ikinci tərəfi. 

Təlimin sonuncu günündə gənclər natiqlik bacarıqlarını nümayiş etdirir, komanda şəklində hazırladıqları təqdimatlarla çıxış edirlər. Təlimi uğurla bitirən gənclər sertifikatlarla təltif edilirlər. 

Çox gərəkli bir sahədir, demək, layihəni yalnız təqdir etmək qalır. 

Layihə Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir. Layihə Fondun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin tərəfdaşlığı ilə icra olunub. Adətən təşəbbüs mərkəzdən gəlir. Burda isə, necə deyərlər, əyalət mərkəzə pas ötürür. 

 

“Ədəbiyyat və incəsənət” portalı layihənin təlimçisi  Etiram Sadıqzadənin fikrini alıb. O, layihə barədə bunları deyib:

-Bizim layihə gənclərə natiqlik sənəti, natiqlik sənətinin incəlikləri, karyerada uğur qazanmaqda natiqliyin rolu, nitqin qurulması, jest və mimikalardan düzgün və yerində istifadə ilə bağlı məlumat verir. Təlim zamanı suallarına cavab tapan iştirakçılar komandalara bölünərək qrup işləri yerinə yetirir. Qrup işlərini təqdim edərkən natiqlik bacarıqlarını nümayiş etdirən gənclər sonda ilk günlə bağlı təəssüratlarını bölüşür.

Layihənin əsas məqsədi gənclərdə natiqlik bacarıqlarının formalaşdırmaq və inkişaf etdirmək, onların nitq mədəniyyətini zənginləşdirmək, gənclərdə peşəkar ünsiyyət qurma və özünü təqdimetmə bacarıqlarını inkişaf etdirməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.