Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını təcəssüm etdirən “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” tarixi dramı Özbəkistan Respublikasının ən qədim şəhərlərindən olan Səmərqəndin Vilayət Musiqili Dram Teatrının səhnəsində Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevin quruluşunda tamaşaya qoyulub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı Bəhram Safoyev, baletmeysteri Mədinəxan Erqaşeva, rejissor assistenti Anabibi Mardiyevadır.
Tamaşada əsasən Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin və Müslüm Maqomayevin musiqi əsərlərindən istifadə olunub.
Şeyx Nizami Gəncəvinin obrazını Özbəkistanın Əməkdar artisti Baxtiyar Rahimov canlandırır. Ümumilikdə səhnə sərindən (Əlişir Nəvai – Fərid Rəsulov, Afət – Gözəl Qurbanova, Memar Əcəmi – Özbəkistanın Əməkdar artisti Bəhram Rəhimov, Qızıl Arslan –İsgəndər Sultanov, Dərbənd əmiri Bəybars – Özbəkistanın Əməkdar artisti Solican Xakimov, Gəncə əmiri Fəxrəddin – Hayat Həmidov, Nüşabə –Gülüstan Cabbarova, İsgəndər Rumi – Azad Qurbanov, Şirin – Çəraz Mardanova, Xosrov – Curabek Yarkulov, Sultan Səncər - Abdulaziz Toştemirov, Qarı - Özbəkistanın Əməkdar artisti Zuxra Turğunbayeva, Leyli – Farangiz Narbayeva, Məcnun – Xurşid Baratov, İsgəndər (Nizami Gəncəvinin şagirdi) – Turdımurad Xudayberdiyev, Müzəffəri – Əlican Həsənov) 35 nəfərlik bir heyət iştirak edir.
Səmərqənd Vilayəti Musiqili Drama Teatrının səhnəsində təmir işlərinin tamamlanma müddəti növbəti aya qədər uzadıldığına görə tamaşaya martın 8-də Kattakurqan Şəhər Dram Teatrının səhnəsində daxili baxış keçirilin. Daxili baxışda müəllif və teatrın bədii şura üzvləri iştirak ediblər.
Nizami Gəncəvi dühasını təcəssüm etdirən bu maraqlı səhnə əsərinin özbək tamaşaçıları üçün böyük töhfə olduğunu dilə gətirən mütəxəssislər müəllifə və yaradıcı heyətə minnətdarlıq bildirib, bu uğurlu sənət nümunəsi üçün onları təbrik ediblər.
Tamaşanın premyerasının martın 11-12-də keçiriləcəyi gözlənilir. Səhnə sərinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində də nümayişi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)