Bu gün Bakı Musiqi Akademiyasının Opera studiyasında “Primanın irsi” sənədli filminin ilk nümayişi olacaq.
Tədbir Azərbaycanın birinci balerinası Qəmər Almaszadənin anadan olmasının ildönümünə və Azərbaycan Milli Teatrının 100 illiyinə həsr olunub. Ekran əsərinin ssenari müəllifi və rejissoru Samir Səmədovdur.
Sənədli film ilk milli balerina və xoreoqraf Qəmər Almaszadənin yaradıcılığı, onun ən istedadlı yetirmələri, Azərbaycan baletinin əfsanəvi primalarından bəhs edir. Tamaşaçılar ilk dəfə Almaszadənin yetirmələri – təkrarolunmaz balerinaların iştirakı ilə müxtəlif illərə aid unikal kadrları görəcəklər.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)