Bir ömrün 30 illik iztirablarının 30 dəqiqəyə sığışdırılması gerçəkliyi Featured

 

Xəyal Rzanın “Maya” filmi Mədəniyyət və İncəsənət Universitetində təqdim olundu

 

Cəmi bir neçə gün öncə Nizami Kino Mərkəzində premyerası olan, sonra ASAN könüllülərinə təqdim edilən və dərhal səs salan “Maya” sənədli filmi günümüzdə çox aktual olan bir mövzudan bəhs edir: Qarabağ müharibəsindən. Qaçqınlıq, şəhidlik, məhrumiyyət və təhdidlər - bunlarla yanaşı sınmamaq, əyilməmək çabaları… 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın “Maya” filminin qəhrəmanı real həyatdandır, Ağdamdan qaçqın düşən, çox erkən yaşında özündən xeyli böyük bir ərəbə ərə verilən, sonra ailəsi dağılan, oğlu müharibədə şəhid olan bir qadının monoloqudur bu film. 

Filmə sosial sifariş hədsizdir. Elə bu səbəbdən də Mədəniyyət və incəsənət Universitetində filmin növbəti təqdimatı oldu. 

Filmə baxışdan sonra yaradıcı heyət və qonaqlar çıxış etdilər. Görkəmli ssenariçi və rejissor Oktay Mir Qasım, dramaturq Əli Əmirli, publisist Zenfira Məhərrəmli, yazıçı Varis öz təəssüratlarını bölüşdülər. Çıxışları filmin qəhrəmanı - Maya xanım yekunlaşdırdı. 

Qeyd edildi ki, filmin ssenari müəllifi və rejissoru Xəyal Rzanın Birinci və İkinci Qarabağ müharibəsinin təsiri altında qalan Azərbaycan qadınının keşməkeşli həyatından bəhs etməklə cəmiyyətə ötürdüyü mesajlar sınmamaq, əyilməmək, ayaqda durmağı bacarmaqdır. 

Qeyd edək ki, əməkdaşımız filmi izləyən tələbələrdən rəy öyrəndi, təəssürat eyni idi, hamı bəyənmiş, təsirlənmişdi. 

Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

“Bir gün bütün bağlı qapılar açılar. Bunun üçün sadəcə dözməyin, dözüb də mübarizə aparmağın yetərlidir” deyir “Maya” filmi. Və haqqına deyir.

Sonda onu da qeyd edək ki, Xəyal Rza Mədəniyyət və İncəsənət Universitetində ikinci ali təhsilini alır, bu cür ajiotaj yaratmış filmin onun sadəcə kurs işi olmasını nəzərə alsaq, deyə bilərik ki, kinomuza yeni və uğur vəd edən bir rejissor gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.