Varşavada Azərbaycan tarı barədə ustad dərsi təşkil olunub

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Polşanın Frederik Şopen adına Musiqi Universitetində Azərbaycanın Əməkdar artisti Sahib Paşazadənin ustad dərsi keçirilib. Ustad dərsində sözügedən universitetin tələbə və müəllim heyəti iştirak edib.

 

Ölkəmizin Polşadakı səfirliyindən AzərTAC-a bildiriblər ki, S.Paşazadə iştirakçılara Azərbaycanın milli irs nümunələrindən olan tar barədə ətraflı məlumat verib, xüsusilə xalq mahnıları zamanı, muğamların ifasında tarın müşayiətinin vacibliyi barədə danışıb. İfaçı XIX əsrin II yarısında tarın quruluşuna Mirzə Sadıq Əsəd oğlu tərəfindən dəyişikliklər edilməsi, onun simlərinin sayının artırılaraq 5-dən 11-ə çatdırılması, həmçinin tarın tutma qaydasında dəyişikliklər olunaraq onun diz üstündən sinəyə qaldırılması barədə məlumat verib. 

XX əsrdə daha güclü inkişaf mərhələsinə qədəm qoymuş müasir tar ifaçılığına diqqət çəkən S.Paşazadə əsası Ü.Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbində tarın texniki və bədii imkanlarının daha da artmasını qeyd edib. 

Ustad sənətkar tədbir iştirakçılarını, həmçinin UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamları barədə də ətraflı məlumatlandırıb. O muğam janrları, muğam məktəbləri, muğam dəsgahları barədə maraqlı mühazirə ilə çıxış edib.

Ustad dərsi, eyni zamanda, ölkəmizin tanınmış piano ifaçısı Səidə Tağızadənin müşayiəti ilə aparılıb, Azərbaycanın klassik və xalq musiqilərindən parçaların səsləndirilməsi ilə davam etdirilib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.