Azərbaycanın tanınmış ifaçıları Brüsseldə konsert proqramı ilə çıxış ediblər

Ölkəmizin mədəniyyətinin xarici ölkələrdə tanıdılması məqsədilə Azərbaycanın Belçika Krallığındakı səfirliyi mədəni diplomatiya fəaliyyəti vasitəsilə müxtəlif tədbirlər keçirməyə davam edir.

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən xəbər verir ki, bu dəfə Brüsselin “Wolubilis” Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” qrupunun və Əməkdar artist Emil Əfrasiyabın “Təəssürat” adlı konserti təşkil edilib. Konsertdə virtuoz musiqiçilərimizin ifasında Azərbaycanın rəqs havaları, xalq və bəstəkar mahnıları, dünya bəstəkarlarının tanınmış əsərləri etno-caz üslubunda ifa olunub.

Açılış nitqi ilə çıxış etmiş səfirliyin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Talehə Həsənli konsertin iştirakçılarını zəngin və müxtəlif Azərbaycan mədəniyyəti, onun əsas istiqamətlərindən biri olan milli musiqimizin bir zamanlar Qobustan daşlarında ifa olunmasından, aşıq havalarına, muğam təsniflərinə, milli klassik musiqi və operalara, müasir estrada və caz janrına qədər keçdiyi yol haqqında bəhs edib.

Konsertdə iştirak etmiş diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın dövlət qurumlarının, mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və digərləri tərəfindən musiqiçilərimizin ifası böyük maraqla və alqışlarla qarşılandı. Yerli KİV-lər Ənvər Sadıqov və Emil Əfrasiyabdan müsahibə aldılar.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.