“Hardan başlayacağımı özüm də bilmirəm əslində...”

Məmmədova Miranə Gəray qızı 15.07.2002-ci ildə Gədəbəy rayonunun  Nərimankənd kəndində anadan olub. Orta məktəbi orda bitirib. 2019-cu ildə ADPU-ya qəbul olub. Hazırda ADPU riyaziyyat fakültəsinin riyaziyyat və informatika müəllimliyi ixtisasında 4 cü kursda oxuyur. Bədii ədəbiyyata hədsiz maraq duyur. Epistolyar janrda bir roman da yazmağa başlayıb. “Oxucularımızın yaradıcılığı” rubrikasında Miranənin nəsrindən bir parçanı diqqətinizə çatdırırıq.

 

 

Hardan başlayacağımı özüm də bilmirəm əslində... Etdiklərimlə özümə haqq qazandırmağa çalışıram amma. Əlimdəki siqaretim belə mənə gülür bəlkə də. Ondan qalan xatirələr və qızımız Mələk.

Bəli mənim bir qızım var, atasının kim olduğunu bilməyən 6 aylıq qızım. Çöldə qar yağır, pəncərədən küləklə uçuşan qara baxıram. Mələk yenicə yatıb. Bir  həftədir narahatdır, gecə səhərədək ağlayır, deyəsən o da başa düşür, heç nəyin düz getmədiyini.

Fikirlərim yenə qarışıqdı. Kofem soyuyub, siqaretimin külü yerlə birdir. O həyatıma necə daxil oldu, mən onu necə sevdim, necə ona özümü təslim etdim və Mələk, mənim həyatdakı tək şansım necə dünyaya gəldi. Mələk olmasaydı, bəlkə də çoxdan canıma qıymışdım. Əslində, intihar etməyə hazırlaşarkən öyrəndim hamilə olmağımı. Onsuz yaşaya bilməzdim, söz vermişdik bir-birimizə, öləndə də bərabər öləcəkdik, amma ikimiz də sözümüzü tuta bilmədik.

O ilk gün, onu gördüyüm ilk gün, qarşılaşmamız...

 

15 sentyabr.

Mən - Melisa Universitetin son kurs tələbəsiyəm və bir az tənbələm. İlk dərs günü səhər ertə durmuşam, duş alıb başlamışam makiyaj etməyə. Saçlarımı iki  gün əvvəl qısa kəsdirib özümə yeni imic vermişəm. Güzgünün qarşısında zərif bədənimə baxıb ah çəkərək geyinməyə başlayıram. Spotify da “Gökyüzünü tutamam” çalır, sevimli mahnım və tam hazıram. Gözlə məni, son

semesrtın ilk günü. Yenə isti, yenə sıx metro və mən artıq Universitetin qarşısındakı bağda gözlərimdə eynək gedirəm. Ətrafda yenə əl-ələ sevgililər gözə dəyir, bir cütlük qıraqda öpüşür hətta. Aman nə gözəl, mənsə həyatımda bir dəfə belə aşiq olmamışam, birini sevməmişəm, sevgi nədir bilməmişəm. Tərslikdən məni də sevən olmayıb. Əslində haqlıdırlar sevməməkdə, bəzən o qədər deyinirəm ki, özüm-özümə dözə bilmirəm, özümü danlayıram. Ona görə təkəm yəqin ki. Hə, bir də iki yaxın rəfiqəm var:Aysel və Ləman. Aysel daha ağır, qapalı qızdır, Ləman onun əksinə, universitetdə sevgili olmadığı bir mən qalmışam yəqin ki. Amma ikisi də məni anlayır, bir-birimizi anlayırıq.

İçəri daxil oluram və budur, Ləman güzgünün qabağında pomada çəkir. Salam verirəm.

Ləman:

-Salam Melis, necəsən, aaa çox dəyişmisən, bilirsən nələr olub?

O an gözüm qapıdan içəri girən oğlana sataşır, kimdirsə yenidir, əsmər, hündürboy, gözlərində günəş eynəyi və böyük çantası var. Deyəsən müəllimdir, amma ilk dəfədir belə qəribə müəllim görürəm. Yanımdan keçəndə gözləri ilə məni rentgen etdiyini hiss edirəm.

Qalxırıq 4-cü mərtəbəyə, yenə 414-cü otaq və həyatımda heç vaxt lazım olmayacaq bir dərsə başlayırıq. 80 dəqiqəni Ləmanla, Aysellə söhbətləşərək bitiririk. 2-ci dərs başımı masaya qoyub dalğın şəkildə pəncərədən çölə baxıram. Başımın üstündə nəsə kölgə hiss edirəm, başımı qaldıranda girişdəki qəribə müəllimi görürəm, adamı yeyəcək kimi baxır.

Gözlərinin soyuq mavisi üşüsür məni.

-Diqqətinizi bir az da danışdıqlarıma yönəldin.

“Bu nə idi belə, son il və bu ciddiyət. Bu il işimiz var da” deyə düşünürəm.

Amma xoşuma da gəlir, dərs boyu gözlərimi gözlərindən çəkə bilmirəm, bu sərt baxışların altında necə birinin yatdığını bilmək istəyirəm. 80 dəqiqə çox tez bitir və daha bir dərs. Amma üzücü və uzundan uzun.

Axır ki gün bitir, yenə metro səmtə. Yorğun mən, arxamda isəqəribə müəllim metroya tərəf gedirik. Belə geyim tərzi, heç maşını da yoxdur. Nədisə çox maraqlı gəlir mənə. Qatarı gözləyərkənqulaqcıqları cibimdən çıxarıb musiqini işə salıram

və budur, dolu qatar gəlir. Yenə əziləcəyimin narahatçılığı ilə birtəhər içəri daxil oluram, qəribə müəllim gözümə sataşmır, rahatlanıram bir az.

Qatar növbəti stansiyaya yaxınlaşır, əyləclər sıxılır, tutacaq yer tapa bilməyib arxaya doğru meyillənirəm və kimsə belimdən tutub məni yıxılmağa qoymur. Arxaya dönməyə çalışıram, yenə soyuq mavi gözlər, dağınıq saçlar. İçimdə qəribə hiss yaranır, əli hələ də belimdədir. Qamətimi düzəldib ona başımla təşəkkür edirəm, qapıya tərəf sıxlıqda hərəkətə başlayıram və növbəti stansiyada düşürəm. Yolum bəllidir, əvvəl marketdən axşama yemək və siqaret alıram, sonra çıxıram yuxarı.

Yenə fikrim onda qalıb, o soyuq baxışlar niyə bu qədər mənə təsir edir, nə baş verir mənimlə? Siqaretimi yandırıb pənrəcərəmi açıram. Yadıma nənəmlə babama dünəndən zəng etmədiyim düşür, onlar mənim tək varlığımdır axı. Valideynlərimi və bacımı avtomobil qəzası nəticəsində, üç yaşımda itirmişəm, o gündən nənəmlə babam mənə baxıblar, nazımı çəkiblər. Zəng vururam, danışırıq. Şükür, yaxşıdılar.

Zəngdən sora soyuducuda nə tapsam yeyib zəngli saatı qurmadan yatıram. Səhər saat 10-a qalmış yuxudan tər-su içində oyanıram. Qəribə yuxu görmüşəm. Düşünməyə, yuxunu yozmağa vaxt yoxdur, əlimə keçəni geyib, saçımı səliqəyə salıb evdən tələsik çıxıram...

İlk dərsə gecikmişdim artıq 2-ci dərs də yolda idi. Qatarda gedərkən gördüyüm yuxu yadıma düşür, yenə soyuq gözlər, adını bilmədiyim 35 yaşlarında olan əsmər bəy. Yatağımda idik, kinli baxışlarını gözümə zilləyib boynumdan öpürdü.

Yaxşı ki, yuxudan oyandım yoxsa..

Qızlardan dərs keçilən otağın nömrəsini yazıb öyrənəndən sonra pilləkənlərdə sürətlənməyə başlayıram. Qapını döyüb içəri daxil oluram. Bu qədər də olmaz axı, yenə o hələ adını bilmədiyim müəllimin seminarı. İcazə istəyərək Ayselin yanında boş qalan yerdə otururam, Aysel sifətimin qəribə rəng aldığını deyir, xəstə olub olmadığımı və bu həyəcanımın səbəbini soruşur. Əslində, hələ də yuxunun təsirindəyəm, nə Ayselin, nə müəllimin gözlərinə baxa bilmirəm, dəftərdə özüm üçün karandaşla şəkil çəkməyə başlayıram.

Dərs bitdikdən sonra Ləmanı universitetin qabağında şəklini telefonda göstərdiyi yeni sevgilisi gözləyirdi, yanında da sarışın, boyu mən boylarında oğlan, məsələ aydın idi. Onu da mənimlə tanış etmək planı vardı rəfiqəmin. Evə getmək istədim, amma Ləmanın inadı sayəsində onlara qatıldım.

Yaxınlardakı restorana gedirik, dərs çıxışı ora gedirəm ən çox. Sevgilisi Ləmanın qarşısında, yeni oğlan mənim, elə otururuq. Adı Kənanmış, magisrt, 1-ci kurs, amma avaranın birinə bənzəyir, çox sual verir. Artıq sıxılıram, mənasız səmimiyyət, boş sözlər. Ləmandan üzr istəyib restoranı tərk edirəm, fikrim yenə gecəki yuxudadır. Evə necə gəlirəm, özüm də bilmirəm. Bir şey yemədən keçirəm kompyuterin qarşısına, instaqramda yeni müəllimi axtarmağa girişirəm. Bu da o. Adı Fəridmiş, Fərid İmanov.

O qədə rdə çətin olmur onu tapmaq, profil şəklindən tanıyıram. Profilindəki bu günkü kostyumda, masa arxasında şəkli idi, follof atıram. Niyə belə davranıram, özüm də bilmirəm. Axı ondan mənə nə? Bəlkə də evlidir, uşağı da var, məndən 15-17 yaş böyük birisi... Nə isə. Başqa bir follof istəyi gəlir, Kənan bəydən. Profildə cool şəkil, haqqında 1-ci sinifdən oxuduğu yerlər, sonra ingiliscə mənalı cümlə, göstəriş maraqlısı, qəbul edirəm. Etdiyimlə salam yazmağı bir olur.

-Salam, necəsən, tanıdın ? Bu gün niyə elə getdin? Narahat etmirəm?

-Salam, bəli tanıdım, yox narahat etmirsiz, sadəcə bir az halsız idim deyə evə getdim.

-Siz yox sən de, xahiş edirəm. Nəsə lazım olsa burdayam, dərman, həkim, yardım edərəm

Ah bu nə danışır? Rentgenə də apar istəyirsən.

-Yox çox sağ olun, dincələcəm mən, keçər bir azdan, özünüzə yaxşı baxın, təşəkkürlər.

Mesajını oxumadan çıxıram. Soyuducan yeməyə hazır balıq konservi götürüb 4 gündür tamamlaya bilmədiyim portretin yanına gedirəm. Bəli, mənə həvəskar rəssam deyə bilərik. Boş vaxtlarımda şəkil çəkirəm, indi isə sifarişə şəkillər götürüb çəkməyə başlamışam. Ən azından ailəmə yük olmaqdan yaxşıdı belə.

Portretdə ana, ata və qucaqlarında balaca körpə həkk olunur. Mənim də ailəmlə belə şəklim vardı, onda bacım hələ dünyaya gəlməmişdi. Biz üçümüz idik, mən də eynən bu uşaq kimi gülümsəyirdim. Əslində, indi fərqinə varıram, şəkildəki qızcığazı qısqandığıma görə şəkli yubadıram. Amma “pul hər şeydən öndə gəlir, bu gecə bitirməliyəm” deyib işə başlayıram. Vaxt sürətlə ötür.

Gecə saat 2-yə qalıb, artıq yerimə keçib qəribə müəllimin hesabına baxıram, hələ də follof-u qəbul etməyib, yenidən mənə mesaj gəlir.

-Salam, necə oldun? Yatmısan? Narahatam səndən.

-Yox oyağam, bəli bir az yaxşıyam.

Başlayır sual atəşinə tutmağa, ailəmdən, sevgililərimdən, şəxsi həyatımdan. Şəkil çəkməyimi təqdir edib kitab oxumağıma istehzayla baxır, bunun fikrincə mütaliə nəymiş, boşuna vaxt itkisi imiş, mütaliənin yerinə başqa nələrsə öyrənə bilərəm,  onun özünün heç həvəsi yoxmuş kitablara və s.

Sonra özü haqqında danışmağa başlayır. Öz kiçik biznesin qurub, soruşuram nə, demir, üstəlik maşını da var, ailəsi ilə yaşayır. Başımın ağrısı artmağa başlayanda sağollaşıb telefonun zəngli saatını qurub yatıram. Sabah portreti təhvil verib dərsə getməliyəm. Və ən əsası, sabah qəribə müəllimi yenidən görəcəyəm...

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.