“Ədəbiyyat və incəsənət” daimi müəllifi, ədəbiyyatşünas Sərvanə Dağtumasın məşhur Argentina yazıçısı Xulio Kortasarın yaradıcılığına rakursunu təqdim edir.
Romandakı hadisələr 1950-ci illərdə cərəyan edir. Qırx yaşlı argentinalı Horasio Oliveyra avarçılıqla məşğuldur, müəyyən bir məşğuliyyəti yoxdur. Dostları ilə (onlar özlərini “İlanlar klubu” adlandırırlar) axşamlarını elmi, fəlsəfi mövzularda mübahisələrlə keçirir. Oliveyra Buenos-Ayresdə yaşayan zəngin qohumlarının göndərdiyi pulun hesabına Parisdə yaşayır. Oliveyra xudbin, eqoist, özünəqapanıq, melanxolik, daşürəkli bir insandır. Dostlarının və yaxınlarının əzabları onu qıcıqlandırır, soyuqqanlılığı ucbatından sevdiyi qadını itirir, tənha qalır, səfillərlə tanış olur. Bu tanışlıq onu polis şöbəsinə, sürgün həyatına kimi aparır. Öz vətəninə sürgün olunan Oliveyra sürgündən qayıtdıqdan sonra intihar hissinə qapılır. Romanın finalı açıq qalır. Oliveyranın taleyini müəyyən etməyi müəllif oxucunun ixtiyarına buraxır.
Əsərdə şüur axını var. Kitabın vərəqlərinin bir qisminin sonu yarımçıq tamamlanır. Digər səhifə yeni sujetə keçir. Bu, müəllifin üslubudur. Biz şüur selini kontrol edə bilmərik. Yazıçı şüur selini qələmə alaraq, onu fiksasiya etməyə çalışır. Görünən həyat yox, təsvir olunan həyat. Olduğu kimi yox, tamamilə qeyri-adi həyat. Bu, sürrealizmdən irəli gəlir. Oliveyra həyatı düzgün qavraya bilmir, həyatda gərək iştirak edəsən, müşahidəçi yox, həyatın bilavasitə iştirakçısı olasan. Oliveyra zəngin obrazdır. Bu cür obraz natamam qalır. Bir var, inkişaf etməyib, bir var inkişaf edib, bir də var inkişaf etməkdədir. Oliveyra inkişaf etməkdə olan obrazdır, insandır.
Oliveyranın adı “zeytun” sözündən gəlir. Bəs bunun kökü hara gedib çıxır? İsa Məsih edam olunan gecə Hefsiman (Zeytun) bağında nahardan sonra yatır. İuda artıq onu satıb. İsa Məsihi həbs edirlər və edam olunur. Edam olunmamışdan qabaq Sonuncu şam yeməyində (“Gizli nahar”da) İsa Məsih qəmgin oturur. Pyotr (adının mənası “daş”) ondan soruşur ki, niyə qəmginsən? O, deyir ki, bugün səhərə qədər 3 dəfə xoruz banlamamış sizin biriniz məni artıq satıb, biriniz də məndən 3 dəfə imtina edəcəksiniz. Pyotr çox təəccüblənir ki, səni kim satar, səndən kim imtina edər?. İuda da İsa Məsihlə yanaşı oturub, başı aşağıdır, 30 sikkəyə onu satıbmiş. İsa Məsihdən 3 dəfə imtina edən də Pyotr olur. O, Pyotra deyir ki, sən Pyotr daşsan (petrologiya-daş haqqında elm). Həmin daş üzərində məbədimi quracam, o məbəddə sən başçı olacaqsan. Sən yerdə nə bağlasan, səmada da o bağlanacaq. İlk Papa 1-ci keşiş Pyotr olur və Romada onun kilsəsi tikilir.
Əsərdə postmodernizmin bir sıra xüsusiyyətləri var:
1.Termin sıxlığı. Məsələn, kleptomaniya. (“oğurluq” xəstəliyi) Ola bilsin, hansısa qəhrəman bu xəstəlikdən əziyyət çəkir.
2.Şəxs adlarının çoxluğu-rəssamlar, yazarlar. Müəllifin müxtəlif adları çəkməkdə məqsədi odur ki, dünya o qədər darlaşıb, o qədər uzaq görünənlər yaxınlaşıb ki, birinə dəysən, o biri əziyyət çəkəcək. Bir tələbə danışır ki, İsa Məsihdən, onun çarmıxa çəkilməsindən, İudanın satqınlığından danışanda qadınlar ağlamağa başlayır. Halbuki, İsa Məsihin iztirabları 2 min il bundan qabaq olub. Qadınların ağlamağının səbəbi o idi ki, 2 min il bundan əvvəl baş verən hadisə bu qadınların da həyatının bir parçası olub. Keçmişlə gələcək bir-birinə zəncirvari bağlıdır. Tələbə də zəncirin əvvəlindən başlayır.
3. Əsərdə bələdçi-cədvəlin verilməsi, labirint. Postmodernizmdə labirint anlayışı var. Labirint “yolu gizlətmək” deməkdir, düz xəttlə versən, səni mütləq gəlib tapacaqlar. Labirinti müəllif ona görə verir ki, gizli-gizli, müəmmalı yaxınlaşma yaradır ki, əsərin gizli mənasını duya bilək. “Xana-xana” oyununun özü labirintdir.Təbaşirlə 1-dən 100-ə kimi çəkirsən, daşı atırsan, birini keçdin, ikisini, üçünü....keçdin, ona kimi keçməlisən. Keçdiyin yolu yenidən qayıtmalısan. Mətni elə oxumaq lazımdır, pillələri keçə-keçə. Oliveyra da o “oyun”u oynayır, amma pillələri sona qədər keçə bilmir.
4. Xaos. Çoxumuz bu xaosun içində özümüzü təbaşir tozunun hissəciyi kimi hiss edirik. Həyatın özü elə bir xaosdan ibarətdir.
5. Pastij. Sitatların verilməsi.
6.Oyun. Həyat bir oyundur, sən də həyatınla “xana-xana” oynayırsan, sən həyatda qarşına çıxan maneələri fəth edirsən, addım-addım fəth edirsən. Biz həyatı yaşayırıq, o oyundakı kimi geri qayıdırıq. Hər bir hadisə dairəvi formadadır. Sən ona cəhd edirsən, keçirsən, yenə addımladığın yerə qayıdırsan. Sonra yenidən ayrı bir məqsəd üçün cəhd edirsən. Sənin həyatında görürsən ki, yenə boşluq var, yenə nəsə çatmır. Sən yeni zirvəni fəth edirsən, yenə də doymursan, daha çox istəyirsən. “Xana-xana” oyunu da elədir. İnsan insan olaraq, əgər nədəsə, dayansa, o artıq durğunluğa gətirib çıxarır. Buna staqnatsiya deyilir.Hansısa zirvəyə çatırsan, çatanda rahatlaşırsan, bundan sonra staqnatsiya başlayır. Staqnatsiyanın olmaması üçün yeni məqsədin olmalıdır. Həyatın monoton keçməməlidir. Əsərin baş qəhrəmanı Oliveyrada isə elə olmur. Oyun elə Oliveyranın həyatı ilə bağlıdır, bu oyun elə Kortasarın sevdiyi oyun idi. O, sevdiyi oyun üzərindən həyatı göstərirdi. Oliveyra keçmişəmi bağlı qalıb, gələcəyəmi? Kortasar oxucuda suallar yaradır, oyunun mahiyyətini insan həyatı üzərindən göstərir, insanın həyat gedişatını “xana-xana” oyunu ilə müqayisə edir. Sən qalib gələndə yolun açılır və irəliləyirsən. Sən onu fəth etməsən, irəliləyə bilməzsən. Seçim sənin ixtiyarına verilib. Həyatda seçim təsadüfidir, əgər biz ənənəvi kitabı əvvəldən axıraq qədər oxuyuruqsa, orada məntiq, ideya, obrazlar sistemini axtarırıqsa, müasir həyat bizə belə bir seçim vermir. Burada hər şey təsadüfidir. Sən əsəri istəsən, əsərin ortasından başlayarsan, istəsən sonundan. Hətta finalı da müəllif sənin ixtiyarına buraxır. Hansı finalla əsərin bitməyini sənin seçiminə buraxır. Oliveyranın intiharı əsərin sonunda qaranlıq qalır. Oliveyra intihar etdimi? Bunu müəllif oxucunun ixtiyarına buraxır. Sən-oxucunu dəvət edir, səni o situasiyaya qoyur ki, özünə sual edəsən: mən olsam intihar edərdimmi?
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)