Super User

Super User

Bazar ertəsi, 12 Dekabr 2022 17:00

Gülüş klubunun növbəti buraxılışı

Klubun növbətçisi: Sərtyel

 

Olmuş kədərli əhvalat

Bir oğlan bir qızla tanış olur. Qız özü haqda danışanda necə elitar, necə elmli olduğunu dilə gətirir, hər gün bir yeni kitab alıb gün ərzində oxuyub bitirdiyini də söyləyir. Oğlan buna çox sevinir. Qızın ad günündə ona kitab mağazasına yenicə gəlmiş ən sonuncu dünya bestsellerini alır, həmin gün ayın 28-i olduğundan məhz 28-ci səhifəyə də bir dənə ikiyüzlük hədiyyə kuponu qoyur ki, qız açıb kuponu görəndə ikiqat sevinsin, birlikdə gedib hədiyyəni alsınlar.

Oğlan kitabı qıza hədiyyə edib gün ərzində ondan zəng gözləyir, zəng gəlmir, səhəri gün də zəng gəlmir, heç növbəti günlərdə də.

Bir il keçir, o qız hələ də o kuponu görə bilmir.

 

Real dialoq

Bulvarda bir qadın təzəcə tanış olduğu qadınla dərdləşir:
-Zəmanə nə yaman dəyişib, bir görün indiki cavanlar necə geyinirlər. Xüsusilə qızlar. Bir o qıza baxın- saçları qısa, şalvarı dar, heç bilmirsən ki, qızdır ya oglan…
-O mənim qızımdır.
-Eləmi? Bağışlayın, bilmədim ki, siz onun anasısınız.
-Anasi yox, mən onun atasıyam.

 

Qocanın etirafı

Axırıncı dəfə əlim qız əlinə uşaq vaxtı “bənövşə bəndə düşdü” oynayanda dəyib.

 

Fəlsəfəmaniya

Aristotel eşşəyi tərs minib gedirmiş. Soruşurlar, belə niyə edirsən, niyə tərs minmisən eşşəyi?

Deyir, arxadan gələn təhlükəni görüm deyə.

Soruşurlar, bəs qarşıdan gələn təhlükə?

Deyir, qarşıdan gələni eşşək də görə bilər.

 

Həftənin mıxı

-Xanım, lipuçka ilə epilyasiya ağırdır?

-Baxır hansı zonadan.

-Aran zonasından, Kürdəmirdən.

 

Anons

Günün sitatı: “Heç kəsin yanında heç nə danışmayın. Çünki çatdırılma və quraşdırılma pulsuzdur. “

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

 

 

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mesaj yayımlayıb.

 

Bu barədə AzərTAC informasiya yayıb. TADEF-in idarə heyətinin sədri Ədalət Turanın imzası ilə yayımlanan mesajda deyilir: “Azərbaycan Respublikasının müstəqillik əldə etməsinin və millətlər ailəsində hörmətli yer tutmasının memarı ulu öndər, ümummilli lider Heydər Əliyevin aramızdan ayrılmasından 19 il ötür.

 

Mərhum Prezident Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqına xidmətə həsr edib. O, prezidentliyi dövründə Vətənin bütövlüyü, milli tarix, milli ədəbiyyat və ölkənin parlaq gələcəyi kimi dəyərlər ətrafında xalqın birləşməsinə nail oldu. 

Sağlığında Azərbaycan dövlətinin gələcəyini sarsılmaz təməllər üzərində inşa etdi. Millətin birliyini təmin etdi, əmin-amanlığı, rifahı artırdı. Azərbaycanı regionun və dünyanın ən hörmətli dövlətinə çevirdi. 

Onun övladı və yolunun davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərdən miras qalan bayrağı daha da yüksəklərə qaldırdı. Ən əsası, Ümummilli Liderin Qarabağın düşmən işğalından azad edilməsi vəsiyyətini yerinə yetirərək təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının ürəyinə su səpdi. 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq vəfatının 19-cu ilində ulu öndər Heydər Əliyevi rəhmət və minnətdarlıqla yad edirik. Onun fikirləri yolumuza işıq salmaqda davam edəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib.

Həmin paylaşımda deyilir: “Heydər Əliyev. Daim qəlbimizdədir.”

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

 

 

Türk Dövlətləri Təşkilatı rəsmi tviter hesabında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib.

Həmin paylaşımda deyilir: “Azərbaycanın ulu öndəri Heydər Əliyevi hörmət və ehtiramla anırıq”.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Bazar ertəsi, 12 Dekabr 2022 20:00

Kukla Teatrı balacaları sevindirməkdədir

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu ilin sonunadək daha bir  premyera ilə uşaqların görüşünə gələcək.

 

Dekabrın 10-da “Məlikməmməd” adlı musiqili tamaşa azyaşlı seyrçilərin ixtiyarına verildi. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur.

Teatrın səhnəsində növbəti premyera Səidə Haqverdiyevanın quruluşunda “Üç donuz balası” tamaşası olacaq. 

Hər iki tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Bundan başqa uşaqlar üçün Hans Xristian Andersenin “Qar kraliçası” nağılı əsasında “Qar kraliçasının yeni il sərgüzəştləri” adlı Yeni il şənliyi təşkil olunacaq. Uşaqların sevimlisi Qar qızı onları darıxmağa qoymayacaq.

 

“Ədəbiyyat və incəsənət” (12.12.2022)

Bazar ertəsi, 12 Dekabr 2022 10:20

Müğənni Samir Cabbarov xərçəngə təslim oldu

 

Bir vaxtların populyar “Yeni Ulduz” mahnı müsabiqəsinin iştirakçısı olmuş 31 yaşlı müğənni Samir Cabbarov vəfat edib. Samir Cabbarov dil xərçənginin ağır formasından əziyyət çəkirmiş. Bu barədə ifaçının həyat yoldaşı, müğənni Oksana Smirnova sosial şəbəkə hesabında məlumat yayıb. 

“Günəşim söndü...” - O. Smirnova yazıb.

Qeyd edək ki, müğənni “Yeni Ulduz” televiziya layihəsinin 8-ci mövsümünün iştirakçısı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2 il əvvəl stomatoloq tərəfindən yonulan dişinin sərt ucu onun dilinə sürtünərək dilin kənarlarını zədələmişdi. Öncə Samir buna əhəmiyyət verməmiş, bir müddət sonra onun dilinin kənarında kiçik şiş kimi qabarıq əmələ gəlmişdi. 

Daha sonra limfaları şişən Samirə həkimlər həmin şişin xərçəng olduğunu və limfalara yayıldığını bildirmişdilər. 

Onkologiya Mərkəzində onun dilinin yarısı və limfa düyünləri kəsilmişdi. 

Kimyaterapiyalardan bir neçə ay sonra yenidən çənədə yumru şişlər əmələ gəlmişdi. Xəstəliyinə görə 20 kq arıqlamışdı, artıq mədəyə birləşmiş borucuq ilə qidalanırdı. 

Samirin həyat yoldaşı bir neçə gün öncə belə bir status yazmışdı: “Biz bir neçə dəfə İstanbulda bahalı kimyaterapiyalardan keçmişik. Samirin qardaşı, yaxınları bu 1 ildə bütün müalicələrin xərcini çəkib. Amma daha manatımız belə yoxdur.

Samir yaxşı danışa bilmir, qorxur, heç dostlarının da onu bu halda görməsini istəmir. Heç bir verilişə çıxa bilmir.

Ağıllı dərmanın alınması üçün 15-20 min dollar lazımdır.

Ümidimiz gələn hər yerə üz tutmuşuq.

Samir hələ gəncdir, gözəl səsi var, arzuları, xəyalları vardı. Onu belə görmək içimizi parçalayır".

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

 

Şərqi Avropanın ən böyüyü olan, Rusiyada və bütün MDB məkanında fəaliyyət göstərən kitab servisi -  “LitRes” LitRes.az saytını, habelə Android və İOS platformaları üçün mobil əlavəni Azərbaycan auditoriyası üçün istifadəyə verib. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir.

 

Saytın istifadəçiləri üçün Azərbaycan dilində olan 4000 elektron kitab və 1000 audiokitab əlçatan olacaq. Bundan əlavə, istifadəçilər rusdilli kataloqdan olan əsərləri oxumaq və dinləmək imkanı qazanacaqlar. 

Litres.az servisi ölkədə Azərbaycan dilində kitabların kataloquna görə ən böyük saytdır. 2022-ci ilin sonuna qədər Azərbaycan dilində dərc edilən bütün kontentin 90 faizi bu saytda əlçatan olacaq. 

 

“LitRes” şirkətlər qrupunun baş direktoru Sergey Anuryev bu hadisəni şərh edərək deyib: “Biz planlaşdırırıq ki, “LitRes” Azərbaycanda elektron və audio kitablar bazarının ən iri oyunçusu olacaq, burada çox böyük artım potensialı görürük. Ölkədə rəqəmsal kitablar bazarının həcmi ildə 2-3 milyon dollara çata bilər. Bu, ilk növbədə “LitRes”in Azərbaycan auditoriyasında yayılması, habelə naşirlərin bu kontent formasına marağı, istifadəçilərin elektron və audiokitablara tələbatı sayəsində mümkün olacaq. Bizim vəzifəmiz Azərbaycanda rəqəmsal kitablar bazarını inkişaf etdirmək, lokal müəllifləri, nəşriyyatları və oxucuları dəstəkləməkdir. 

Servisin Rusiya versiyasında əlçatan olan funksiyaların çoxu Azərbaycan versiyasında da reallaşdırılıb. İstifadəçilər, məsələn, xoşladıqları sitatları şəxsi kolleksiyasında saxlamaq imkanı əldə edəcəklər. Bundan əlavə, lokal auditoriya üçün eksklüziv kontent yaradılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Bazar ertəsi, 12 Dekabr 2022 10:00

“Nəsimi barədə həqiqətlər” - 1-ci hissə

prof. Ramazan SİRACOĞLU

 

Professor Ramazan Siracoğlu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Daha sonra Azərbaycan SSR EA-nın (indiki AMEA) Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1986- 1993-cü illərdə Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi işləyib. 1994-2018-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində çalışıb. Hazırda  Karabük Universitetinin professorudur. 

 

Məzhəb və təriqət mənsubları tarix boyu əhalinin iqtisadi-siyasi problemlərindən yararlanıb öz ideyalarını əhali arasında yaymağa çalışmış, tərəfdarlarını məqsədyönlü şəkildə həmin istiqamətə yönləndirmişlər. Bu baxımdan Teymurilər xanədanlığı zamanında təşəkkül tapıb böyük bir sürətlə yayılan hürufilik hərəkatı da istisna deyildir. Hürufilər batini və zahiri bütünlüyə çox diqqət edir, davranışlarında ciddiyyətlərini qoruyur və  xarizmatik görünməyə çalışırdılar. “İnsan bütün varlıqların əşrəfidir” düşüncəsinə sarsılmaz inam bəslədiklərindən mümkün qədər qüsursuz olmağa, forma və məzmun vəhdətindən qopmamağa üstünlük verirdilər. ( Bax:  حسین میرجعفري، تاریخ تحولات سیاسی اجتماعی اقتصادي و فرهنگی ایران در دوره تیموریان و ترکمانان .تهران: انتشارات سمت، 1379 ،ص 207 ـ

Tarixi mənbələr göstərir ki, XIV əsrin 80-ci illərində Bakı şəhəri hürufiliyin geniş yayıldığı məkana çevrilmişdi. Fəzlüllah Nəimini Bakıya gətirən başlıca səbəb də məhz bu amil idi. Nəsimi təxminən 16-17 yaşlarında Bakıda Nəimi ilə tanış olanda Fəzlullah 50-ni haqlamaqdaydı.  Nəiminin şövq ilə şeir söyləməsi, bəlağətli rəvan və təsirli nitqi onu dinləyənləri, o cümlədən gənc Nəsimini heyran eləmişdi. O zamanlar  dost- tanışları bu gənci hələ əsl adıyla— Əli kimi tanıyırdılar. Ona “Seyyid” adını Nəimi əlavə etmiş, gənç Əli də heyranı olduğu ustadın təxəllüsünə uyğun olaraq özünə Nəsimi təxəllüsünü götürmüşdü. ( Bax: راوندی،1378، بخش‏1ج‏8، 627).  Nəiminin sözlərinə görə, ALLAH bütün adları Adəmə öyrətdiyi, onu bütün canlılardan üstün yaratdığı üçün, mələklər və şeytan İnsan qarşısında həmişə acizdir. Nəimi iddia edirdi ki, Bəqərə surəsinin 30-cu ayəsində ALLAH bütün mələklərə “ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً – İnni cailu fi-l ardi xəlifətən— Mən Yer üzərində bir xəlifə yaradacağam” buyurduğu üçün və həmin surənin 31-ci ayəsində-  وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا – Və əlləmə Adəmə-l- əsmaə kulləha- Və Adəmə bütün adları öyrətdi”- bəyan edildiyinə görə,  İnsanın özü ən böyük dəyərdir. 

Nəimi böyük bir ustalıqla gənc Nəsiminin təsəvvürlərində İnsanı ucaltmışdı. Nəimi öz müridlərini inandırmışdı ki, insanın sifətində açıq-aşkar ALLAH sözü yazılıb: burun “əlif” hərfidir, burun pərləri “lam”, gözlər isə “hə”dir.  Onun məntiqinə görə, mələklər sadəcə öyədilənləri bilirlər, İnsan isə həm də özü öyrənib özünü təkmilləşdirmə qabiliyyətindədir. Mələklər də özlərinin məhdud bilik sahibi olduqlarının fərqindədirlər. Nəimi öz iddialarını doğrulamaq üçün yenə də Qurani-kərimə istinad etmişdi: قَالُواْ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا - Qalu lə ilmə ləna illa ma əlləmtəna- Dedilər sənin bizə öytətdiyindən başqa bir biliyimiz yoxdur” (Bəqərə, 32). İnsan özü bir kiçik aləmdir (aləmi- səğir ), insanın üzü ilahi kitabdır, əslində, İnsan “ALLAHın danışan kitabıdır” (کتاب االله ناطق - Kitabullahi natiq ). Hürufilərdən başqa heç kim bu həqiqəti bilmir. Hürufilər səbr və əzmlə bu həqiqəti insanlara izah etməlidir. 

Gənc Nəsimi böyük maraq və heyrətlə Nəimini dinləmişdi:

 

Ərş üstündə mələklərlə hər gecə “yahu” söylərəm

Sufi olanlar “la” deyər, mənsə “illahu” söylərəm.

Mən bayquyam, divanəyəm, yüz şəhərlik viranəyəm

Qıy vuraram  saraylarda,  şah tacında “qu” söylərəm.

Mənim yanımda Qazi kim? Müfti neylər dərgahımda?

Göz olmasan məkanımdan hökmlə “yarğu” söylərəm.

Ey karvan, ey sariban,  gecə oğrusu deyiləm

Pəhləvanam əldə qılınc, sözü “rubəru” söylərəm.

 

Nəiminin söylədiyi fikirlər  Nəsimini bütün günü düşündürmüşdü: Aləm üç mərhələyə bölünür— 1-ci mərhələ nübubuvvət mərhələsidir, Adəmlə başlamış, Həzrəti-Muhəmməd əleyhüssalamla tamamlanmışdır; 2-ci mərhələ imamətdir, Əmir-əl möminin Həzrət Əli ibn Əbu Taliblə başlamış on birinci imam  Həsən Əsgəri ilə tamamlanmışdır; üçüncü mərhələ uluhiyyət mərhələsidir ki, Fəzlullah Nəimi ilə başlayır. Nəimi sözarası əlavə etmişdi ki, Mehdi Sahibi-əz- Zaman elə onun özüdür.

Nəsimi ertəsi gün utancaq bir tərzdə yənicə yazdığı  şeiri Nəimiyə təqdim etmişdi:

 

Dinin günəşi, dünyada imanım əfəndi,

Alimlər ümidi, məhi-tabanım əfəndi.

Könlüm, gözümün nuru, vücudumda həyatım,

Hər dəm damarımda yеriyən qanım əfəndi...

Bağım, İrəmim, rövzə ilə huri-cinanim,

Bülbüllər üçün tazə gülüstanım əfəndi.

Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,

Qiymətli olan lə’li-bədəхşanım əfəndi.

 

Nəimi bu gənc şirvanlı balasının istedadı qarşısında heyrətini gizləyə bilməmişdi: “Ustadına bərəkəllah! Sən yaxın gələcəkdə hürufilərin əmiri olacaqsan”.  Həqiqətən də, çox qısa bir zaman içində Nəsimi öz qabiliyyəti və şəxsiyyəti sayəsində Nəiminin ətrafında olan bütün mürüdlərini, o cümlədən,  Əliyyü’ əla kimi məşhurlaşmış Əbu’l Həsən İsfahanini, Nəiminin ən yaxını sayılan İzəddin Əbdülməcidi, Kamal Haşimi və Mahmud kimi tələbələrini ötüb keçmişdi. 

 

Davamı var

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Bazar ertəsi, 12 Dekabr 2022 08:30

5-6 il qabağı görən şəxsiyyət

Əlibala Məhərrəmzadə yazır

 

 

Təbii ki, hər bir azərbaycanlı kimi mənim də örnək götürəcəyim şəxs Heydər Əliyevdir. Bu böyük şəxsiyyət mənim üçün qlobal idealdır. Müdriklik, dərin düşüncə, analiz qabiliyyəti, düzgün qərar qəbul edə bilmək, iradə və dözümlülük, ən ağır vəziyyətlərdə belə sınmamaq, əyilməmək Heydər Əliyev şəxsiyyətini xarakterizə edən bariz xüsusiyyətlərdir.

Yüksək idarəçilik qabiliyyəti ilə 1982-ci ildə keçmiş SSRİ-nin Politbüro adlı ali idarəçilik orqanına qədər gedib çıxan, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə yüksələn Heydər Əliyevə Kremldə münasibətlər təbii ki, bir qeyri-rusa olan mənfi münasibətlər çərçivəsində idi, velikorus şovinizmi özünü göstərirdi. Bu haqsız hücumlar, basqılar, xüsusən o dövrün ən populyar qəzeti olan «Pravda» da «Əliyevçilik və yeni zaman üçün göz yaşları» başlaqlı yazı-ittihamla öz apogey nöqtəsinə çatmışdı. Tanınmış kinodramaturq Ramiz Fətəliyev demişkən, «Heydər Əliyevi çox vaxt ona görə dərk edə bilmirdilər ki, onun kimi 5-6 il qabağı görməkdən məhrum idilər». Təhdidlər, maneçiliklər nəhayət 1987-ci ildə bu böyük şəxsiyyəti istefa verməyə məcbur etdi. Zəngin təcrübəsi, bilik və bacarığının çiçəklənən dövründə işsiz qalması elə SSRİ-nin dağılması ərəfəsində olduğundan, onun işsizlik dönəmi çox da uzun çəkmədi. Tezliklə ittifaqa daxil olan bütün 15 respublika, o cümlədən də Azərbaycan müstəqillik əldə etdi.

1990-cı ildə Rusiyanın paytaxtı Moskvadan öz doğma vətəninə – müstəqil Azərbaycana dönən Heydər Əliyev Kremldəki haqsız hücumların sanki davamını yaşadı, meşşan düşüncəli keçmiş partiya funksionerlərinin təhdidi və təqibi ilə elə ilk addımdaca Bakının hava limanında rastlaşdı, ölkə parlamentində ona olan basqılar, paytaxtda yaşamasına icazə verilməməsi kimi haqsızlıqlar bu böyük şəxsiyyətə hədsiz dərəcədə təsir etdi, güclü zərbə oldu. Amma bu polad iradəli şəxs «onu sıradan çıxmış hesab edənlərə» tezliklə yerlərini göstərməyi bacardı. Ümumxalq sevgisi sayəsində ilk öncə – 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsinə yüksəlməklə hələ məğlub olmadığını, hələ öz sözünü deyəcəyini bəyan etmiş oldu. Ona qırmızı işıq yandıran respublika rəhbərliyi ölkəni vətəndaş müharibəsi, anarxiya və xaosa sürükləyəndə – 1993-cü ildə isə o, xalqın tələbi ilə bu dəfə ölkə rəhbərliyinə gətirildi.

Müstəqil Azərbaycanın memarı olan bu böyük şəxsiyyət tək öz ölkəsində deyil, dünyanın siyasi arenasında böyük nüfuz qazanmışdı, yüzlərlə mükafatı, fəxri adları var idi. Vəfatından sonra da unudulmadı, adı dünyanın bir çox guşələrində küçələrə, parklara verildi. Bu gün Azərbaycanın bütün şəhər və rayonlarında, Belqradda, İstanbulda, Kiyevdə, Tbilisidə, Qəlyubiyyədə (Misir), Sankt-Peterburqda və daha haralarda Heydər Əliyevin büstü, abidəsi ucalır.

Məncə, uğur qazanmaq istəyən bir insan üçün Heydər Əliyevin həyat yolu ən böyük örnək ola bilər. Şəxsən mən 1976-cı ildə – Heydər Əliyev hələ Azərbaycan SSR-yə rəhbərlik edərkən dünyaya gələn bir şəxs kimi bütün həyatım boyu özümü Heydər Əliyevin şagirdi hesab etmişəm, onun tərcümeyi halını öyrənmiş, məqalə və çıxışlarını mütaliə etmişəm. Doğrudan da bu şəxs böyük bir məktəbdir və onun həyatda uğur qazanmaq istəyən, motivasiya axtaran hər bir kəs üçün nümunə olacaq həyat yolu vardır.

Və mən çox xoşbəxtəm ki, bu böyük şəxsiyyətə olan simpatiyamı təcəssüm etdirə bilmişəm. Belə ki, mənim ssenarim əsasında Ukrayna Milli Televiziyası tərəfindən «Heydər Əliyev: Liderlik dərsi» adlı sənədli film çəkilib (rejissoru Georgi Spasokukotski, redaktoru Möhsün Qədiroğlu) və müvəffəqiyyətlə nümayiş olunub.

Bu filmin ən maraqlı məqamlarından biri keçmiş SSRİ dövründə cidi-cəhdlə gizlədilən bir faktın üzə çıxarılmasıdır. Belə ki, filmdə Çernobıl faciəsi zamanı (1986-cı ildə SSRİ-nin Çernobıl atom-elektrik stansiyasında qəza baş vermiş, ətrafa radioaktiv hissəciklər yayılaraq insanlığa böyük təhlükə yaratmış, 30 kilometrlik zonada həyat məhv olmuşdu) Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyinin «panika yaratmamaq» məzmunlu siyasi iradəsinə qarşı çıxmasından, 800 000  qadının və uşağın təhlükəsiz zonaya köçürülməsinə nail olmasından da bəhs edilir, müsahibə verən Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik Heydər Əliyevi Ukrayna xalqının xilaskarı adlandırır.

Kitabımızın mövzusunun daha yaxşı əhatələnməsi üçün Heydər Əliyev fenomeninə bir neçə əcnəbi insanın xatirələri ilə müxtəlif aspektlərdən nəzər yetirməyiniz, düşünürəm ki, çox faydalı olardı. Gəlin, milliyyətcə  bir rusun, bir amerikanlının və bir ərəbin bu böyük şəxsiyyət barədə olduqca səmimi sözlərinə diqqət edək.

 

                                                           Birinci xatirə

«Böyük dövlətlərdə, xüsusilə də ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə məşhur olmaq o qədər də çətin deyil. Ancaq kiçik ölkələrdə, eyni zamanda da, müstəqilliyini yenicə qazanmış dövlətlərdə rəhbərlik missiyasını yerinə yetirmək çox çətindir. Və belə bir ağır işin öhtəsindən, təbii ki, ən layiqincə gəlmək – ancaq Heydər Əliyev kimi böyük təcrübəsi olan, ağıllı, müdrik siyasətçiyə nəsib ola bilər. Onun həyat və fəaliyyəti təkcə azərbaycanlılar üçün yox, bütün ölkələrin insanları üçün örnəkdir.

Şahidi olduğum bir hadisəni qeyd edim. Dünyanın nüfuzlu xəbər agentliklərindən biri olan İTAR-TASS-da keçmiş Sovetlər birliyindən olan jurnalistlər təcrübə keçərkən söhbət gəlib Heydər Əliyevə çıxdı. MDB-dən və Baltikyanı ölkələrdən olan bir çox jurnalistlər öz azərbaycanlı həmkarlarına həsədlə dedilər ki, əgər bizdə də prezident Heydər Əliyev olsaydı, onda hər mühazirədə, hər seminarda, hər görüşdə biz də öz ölkəmiz haqda əcnəbilərdən çoxlu təriflər, yaxşı sözlər eşidərdik».

Yasen Zasurski (professor, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı)

 

                                               İkinci xatirə

«Bir neçə il əvvəl mənə məlumat verildi ki, Azərbaycan Prezidenti Heydər Əliyev tibbi müayinə üçün bura – Klivləndə gələcək. Və o gəldi. İngiliscə çox danışmırdı, amma mavi gözlərindən hiss edə bilirdim ki, nə deyir. Özünü yaxşı hiss etmədiyi günlər əlimi sıxmağından və sıcaq təbəssümündən özümü xoşbəxt hiss edirdim. Soyadımı tam tələffüz etmirdi və sadəcə «Salam, Houli» - deyirdi. Onun danışığı, təbəssümü, əlimi sıxması heç zaman yaddaşımdan silinməyəcək. Bu xatirələri uzun illər ürəyimdə təsəlli kimi saxlayacağam, nəvələrimə danışacağam.

Mən fəxrlə deyə bilərəm ki, Heydər Əliyevi – tarixin gedişində dönüş yaratmış o böyuk şəxsiyyəti tanıyırdım».

Herri Houlihən (ABŞ-ın Klivlənd Klinikası Təhlükəsizlik Xidmətinin rəisi)

 

                                               Üçüncü xatirə

«Ötən əsrin 70-ci illərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası nümayəndə heyətinin başçısı kimi Suriyaya səfər etmişdi. Suriya televiziyasının işçisi kimi mən cənab Heydər Əliyevlə görüşüb ondan səfərlə bağlı müsahibə götürdüm. Müsahibənin gedişində Heydər Əliyev məndən soruşdu: «Moskvadan nə istərdin? Mən də müsəlmanam, bir şey lazımdırsa, çəkinmədən deyə bilərsən».

Onun belə sadə, səmimi münasibəti məni cəsarətləndirdi və özümün ən vacib problemim üçün ona müraciət etdim. O vaxtlar mən Suriya vətəndaşı olan, ancaq Moskvada yaşayan bir qızla evlənmək istəyirdim. Lakin müvafiq sovet dairələri qıza Moskvadan Suriyaya gəlməyə icazə vermirdilər. Mən bu problemin həlli üçün Heydər Əliyevə müraciət etdim. O isə gülümsəyib dedi: «Mən elə bilirdim, sənin xahişin böyük bir problem barədə olacaqdır. Elə bu? Həll edərik!»

İki həftədən sonra Moskvada viza bölməsindən nişanlıma bildirdilər ki, müvafiq dairələrin onun Suriyaya getməsinə heç bir etirazı yoxdur. Beləcə, biz ailə qura bildik, Heydər Əliyev mənim ailə səadətimin bünövrəsini qoydu.

Mən, həyat yoldaşım və üç övladım ömrümüz uzunu o böyük şəxsiyyətə minnətdar olacaq, onu unutmayacağıq»

Məhəmməd Xeyir Vadi (Suriyanın Çin Xalq Respublikasındakı səfiri)

 

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

 

Bazar ertəsi, 12 Dekabr 2022 09:00

Bakıda Qazaxıstan Kino Günləri yekunlaşıb

 

Xəbər verdiyimiz kimi, Bakıda Qazaxıstan Kino Günləri keçirilir. Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirin ilk günündə Nizami Kino Mərkəzində “Kenje Kiz” cizgi filmi nümayiş olunub. 

 

Rejissoru İvan Ardaşov olan bu cizgi filmində balaca qız böyük qardaşları tərəfindən görməzdən gəlindiyi üçün onların diqqətini çəkmək istəyir. Ancaq səhvən yatmış qədim şeytanı azad edir və yalnız Kenje onu dayandıraraq böyük fəlakətin qarşısını ala bilər.

Rejissor İvan Ardaşov çox həyəcanlı olduğunu söyləyib: “Filmi izləmək məndə qarışıq hisslər yaradır. Çünki böyük ekranda öz işimə baxıram. Zalda çoxlu uşaqların olması məni daha da həyəcanlandırır. Filmin çəkilişi 1 ilə başa gəldi. Amma ideya üzərində 4 ay işlədik. Başqa bir ölkədə öz işini təqdim etmək istənilən halda həyəcanvericidir”. 

Daha sonra Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Jandos Nurmaxambetov ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyinin xüsusi qeyd edildiyini bildirib: “Bu tədbir Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyinə həsr olunub. Bu il artıq yubiley çərçivəsində bir neçə tədbir keçirmişik. Bu cizgi filminin nümayişi də çox xoş və qürurvericidir. Hamıya xoş seyrlər arzu edirəm.”

Qazaxıstan Kino Günləri çərçivəsində növbəti nümayiş olunan film “Alğa” filmi olub. Qeyd edək ki, hər iki film ingilis subtitrləri ilə rus dilində təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.