Simurq - yenidən həyata gəlmə rəmzidir! Featured

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 7-ci məqalə

 

 

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəmzi Simurq quşudur. Bu gün “Ədəbiyyat və incəsənət” portalı sizə rəmz seçimi barədə söhbət açacaq. 

 

Simurq - Azərbaycan mifologiyasında qədim xeyir və yenidən həyata gəlmə, fədakarlıq rəmzidir. Simurq rəmzi Müqəddəs Səmadan və ya Müqəddəs Dağdan “həyat ağacının” pöhrələrini ilk dəfə Yer kürəsinə gətirən böyük qartalabənzər quş haqqında Avrasiya əsatiri ilə sıx bağlıdır. 

Simurq səkkizguşəli ulduzun mənaca sinonimlərindən biridir. Səkkizguşəli ulduz həm Şərqdə, həm də Qərbdə kainatın yeni, əbədi həyat simvolu qismində qəbul olunmuş, tanrıların lütfü və ölkənin çiçəklənməsinin qədim rəmzidir.

“Simurq”un fəlsəfəsinə görə, “Simurq” beynəlxalq medalına, “Mədəniyyət səfiri” beynəlxalq diplomuna, üzərində “Yüksək mədəniyyət darvazaları” təsviri olan fəxri fərmanlara və təşəkkürnamələrə Azərbaycanın və xarici ölkələrin yüksək mənəvi mədəniyyətin dəyərlərinə və əqli, mənəvi inkişafın xeyri, insanların həyat rifahının və həyat keyfiyyətinin yüksəlişi, mədəniyyətlərin ahəngi, əməkdaşlıq və sülh naminə yaradıcılıq prinsiplərinə sadiq qalan vətəndaşları layiq görülür. Belə insanlar qismində yüksək mədəniyyətli, kulturoloji piramida üzrə müdrikliyə yüksələn və öyrənmə, dərketmə və yaratma pillələrini anlayan layiqli şəxsiyyətlər seçilir.

“Simurq” AMA-nın diplom və təltiflərində əsas şəkillər “su işarələri” formasında təsvir edilib. “İnsan və Ulduz” su işarələri İnsan və Kainatın ayrılmaz ahəngdar birliyini təmsil edir. İnsan ağıl, qəlb və əmək ilə yaradılmış “ikinci, süni təbiət”i özündə təmsil edən ruhi və maddi mədəniyyətin rəmzidir.

Diplom və təltiflərdə daxili çərçivə “Yüksək mədəniyyət darvazaları”nı əks etdirir ki, onların xətləri özündə dünyanın yaradılışı, xeyir, nəciblik, qurtuluş və insan xoşbəxtliyini təcəssüm etdirən Simurq və Buta quşlarının əksinin növbələşməsi şəklində təsvir edilir.

 

Şəkildə: Assosiasiyanın mükafatları

 

Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.