Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, 10 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkəmizin turizm imkanları Körfəz ölkələrində təbliğ edilib.
Dövlət Turizm Agentliyi bildirir ki, fevralın 27-dən martın 2-dək Səudiyyə Ərəbistanının Ər-Riyad, Omanın Muskat, Qətərin Doha, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə həmin ölkələrin ümumilikdə 200-dən çox turizm sənayesi təmsilçisi iştirak edib və onlar Azərbaycanda təklif olunan turizm məhsulları, səyahət paketləri, ölkəyə səyahət şərtləri ilə tanış ediliblər.
Tədbirlər çərçivəsində ölkəmizi təmsil edən turizm sənayesi nümayəndələri ilə ev sahibi ölkələrin sənaye nümayəndələri arasında B2B formatlı görüşlər keçirilib, onların maraq doğuran sualları cavablandırılıb.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş təqdimat tədbiri “FlyNas”, Doha və Dubayda keçirilən tədbirlər isə “FlyDubai” tərəfindən dəstəklənib.
Qeyd edək ki, 2022-ci ildə Səudiyyə Ərəbistanı, Oman, Qətər və BƏƏ-dən Azərbaycana səfər edənlərin sayı 159 min 254 nəfər təşkil edib ki, bu da həmin il üzrə ölkəmizə səfər edən əcnəbilərin 11, 5 faizini təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)