Nizami Gəncəvidən, Əlişir Nəvaidən başlayaraq…

 

Daşkənddə Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açıldı

 

Gələcək türk dünyasınındır. Əlaqələr artan xətt üzrə davam etməkdədir. Azərbaycanla Özbəkistan əlaqələri də xüsusən. Budur, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi daha bir gözəl iş ortaya qoydu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan-Özbəkistan Dostluq Muzeyi təşkil etdi və ötən gün Daşkənd şəhərində muzeyin açılış mərasimi oldu. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, tədbir iştirakçıları öncə Mədəniyyət Mərkəzinin önündə ümummilli lider Heydər Əliyevin büstünün qarşısına gül-çiçəklər qoydular. Muzeyin açılış lenti kəsildi, qonaqlar muzeyin müxtəlif bölümləri, eksponatları ilə tanış oldular. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, çoxsaylı tədbirlərlə daim gündəm təşkiı edən Samir Abbasov Dostluq Muzeyi haqqında geniş məlumat verərək xalqlar və dövlətlər arasındakı tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışdı. 

O, Özbəkistanla əlaqələrin daim Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını, dövlət başçılarımızın görüşləri, günü-gündən inkişaf edən əməkdaşlğımızın strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirdi. 

Samir Abbasov daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin uzun illər ərzində hazırladığı Azərbaycan-Özbəkistan Dostluq Muzeyində işlərin bu günlərdə başa çatdığını, muzeydə Azərbaycan və Özbəkistanın tarixi dostluğu, ümumi dəyərlərimiz, dövlət rəmzlərimiz, xəritələr, milli mədəni irsimiz, xalqlarımızın yaxınlığını əks etdirən guşələr və eksponatlar, maketlər, maraqlı nəşrlərin yer aldığını bildirdi. O, ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərin, dostluq və əməkdaşlığın qurulmasında misilsiz xidmətləri olduğunu qeyd edərək, məhz bu səbəbdən muzeyin açılışının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini vurğuladı. 

Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisinin deputatı Gülbahor Səidqəniyeva ulu əcdadlardan miras qalan Azərbaycan və özbək xalqları arasında tarixi dostluğun Nizami Gəncəvi ilə Əlişir Nəvai, Məhəmməd Füzuli kimi tarixi şəxslərin timsalında qədim köklərə sahib olduğunu, ümummilli lider Heydər Əliyev və Özbəkistan lideri Şərəf Rəşidov arasında davam etdiyini, bu gün isə Azərbaycan və Özbəkistan prezidentlərinin uğurlu siyasətləri nəticəsində bu münasibətlərin öz intibah dövrünü yaşadığını söylədi. 

Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Beynəlxalq Münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədr müavini Azamat Toşov dövlətlərimizin çoxmillətli və çoxmədəniyyətli ölkələr olduğunu qeyd edərək, ölkələrimizdə müxtəlif millətlərin qarşılıqlı hörmət, dinc, mehribanlıq və tolerantlıq prinsipi ilə yaşadıqlarını fəxrlə bildirdi. O, mədəni əlaqələrimiz haqqında danışaraq, bu işdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolunu qeyd etdi. 

Azamat Toşov Muzeydə Özbəkistanda tanınmış azərbaycanlıların büstlərinin qoyulmasını, onlara dair xüsusi bölümün yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. 

Daha sonra çıxış edən Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Mətbuat Mərkəzinin rəhbəri Şerzodxan Qudratxoca açılan Dostluq Muzeyinin iki qardaş xalq arasında qədim dövrdən başlayan mədəni-ədəbi əlaqələrin, dostluq münasibətlərinin, çoxsaylı ortaq dəyərlərimizin, adət-ənənələrimizin əyani vəsaitlərlə, unikal eksponatlarla və guşələrlə nümayiş etdirildiyini bildirdilər. Onlar muzeydə iki xalqın ortaq dəyərlərini – dilimizi, dinimizi, adət və ənənələrimizi, habelə qədim dövrlə müasir dövrün eyni məkanda canlandırıldığını qeyd edərək belə bir muzeyin böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin yubileyi münasibətilə açılmasının da hər iki xalq üçün tarixi hadisə olduğunu vurğuladılar. 

Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru Cənnət İsmayılova yüksək muzeyşünaslıq zövqü və yaradıcılıq şövqü ilə qurulmuş bu muzeyin bir model olaraq gələcəkdə yeni muzeylərin yaradılmasında tətbiq edilməsinin çox faydalı olacağını qeyd etdi. O, bu Dostluq Muzeyi vasitəsilə iki xalq, dövlət arasında tarixi dostluğu, qohumluğu, əməkdaşlığı geniş tərənnüm edən unikal bir ocaq yaradıldığını bildirdi və nümayiş etdirilən eksponatların düşünülmüş, məntiqli təşkil edildiyini, ziyarətçiyə təsir edən uğurlu bir təqdimat növünün seçildiyini söylədi. 

İndi də muzey barədə danışaq. Dostluq Muzeyində dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin görüşləri, onların ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq, xalqlarımızın yaxınlığı ilə bağlı fikir və şüarları, 2020-ci ildə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən torpaqlarımızı erməni işğalçılarından azad etməsinə dair fotostendlər yerləşdirilib. 

Muzeyin mərkəzi hissəsində Azərbaycan və özbək xalqlarını birləşdirən dəyərlərə dair Azərbaycan rəssamları tərəfindən çəkilmiş unikal rəsm, habelə xalqlarımızın yaxınlığını göstərən ortaq dəyərimiz olan dilimiz, dinimiz, milli bayramımız olan Novruz, muğam və makom sənəti, aşıq və baxşıçılıq sənəti, hər iki ölkədə keçirilən beynəlxalq musiqi festivallarına dair stendlər, guşələr, maketlər, geyimlər, milli musiqi alətlərimiz və çox sayda eksponatlar sərgilənir.

Muzeyin “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı bölməsində qardaş Özbəkistanın ictimai, mədəni həyatında fəal iştirak etmiş Seyid Rza Əlizadə, şairlər Məqsud Şeyxzadə, İxtiyar Rza, dövlət xadimi Aydın Əzimbəyov, heykəltəraş Eynulla Əliyev, rəssam Yusif Hüseynov, rəssam Yusif Hüseynovun büstləri, onların əsərləri və şəxsi əşyaları təqdim olunur.

Bəli, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi gənc nəsillərə iki xalqın tarixi dostluğunu və əməkdaşlığını nümayiş etdirmək, xalqların yaxınlığını əyan etmək üçün gözəl vasitədir.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.