Gəlin ilk növbədə onları təbrik edək! Featured

 

Bu gün Ümumdünya Yazıçı Günüdür

 

Bu səhəri 105 FM radiosunda sevimli xalq şairimiz Ramiz Rövşənin səsini dinləməklə asdıq.

Hamı günahkardır dünyada, amma

Dünyada heç kəsin günahı yoxdur…

 

Bayramlar üç cür olur. Biri ümumi, kütləvi bayramdır. Yeni il, Novruz bayramı, Zəfər  bayramı… Uşaqdan böyüyə hamı bu bayramlara sevinir, onları qeyd edir. Biri korporativ bayramdır. Hansısa sosial təbəqə, peşə təmsil olunur. 8 Mart, Gənclər Günü belə bayramlardandır. Adından da bəllidir, birində qadınlar, digərində gənclər təbrik edilir. Bura üçüncü: özəl bayramları da əlavə etsək (ad günləri, xeyir işləri, hansısa uğurun qeydi, hansısa ildönümləri), mənzərə tam aydın olar. 

Bu gün ikinci qism bayramdır, Ümumdünya Yazıçı Günüdür. Yazıçı deyəndə şairlər də bura aiddir, narahat olmayın. Və “Ədəbiyyat və incəsənət” portalı olaraq bütün yazarları təbrik etməkdən şərəf duyuruq. Ən öncə isə ədəbiyyatımızın flaqmanlarını: Xalq yazıçıları Anarı, Elçini, Kamal Abdullanı, Mövlud Süleymanlını, Çingiz Abdullayevi, Afaq Məsudu, Natiq Rəsulzadəni, xalq şairlərimiz Nəriman Həsənzadəni, Ramiz Rövşəni, Vahid Əzizi, Sabir Rüstəmxanlını, qocaman yazıçımız Vidadi Babanlını, Çingiz Hüseynovu…

 

Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.

 PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə “Yazıçı Günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur. 

Bayramı keçirməkdə məqsəd “Dördüncü hakimiyyət”in – demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.

 Qeyd edək ki, eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də PEN Azərbaycan şəklində yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə 2011- ci ildə yaradılıb və prezidenti postuna yazıçı Çingiz Abdullayev seçilib. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.

Bir daha bayramınız mübarək, əziz yazıçılarımız! 

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.