Hər kəsdən məsuliyyət və sayıqlıq tələb edilir

Rusiyanın Azərbaycanda gənc qiraətçilər arasında “Canlı klassika” müsabiqəsi keçirməsinə sözönü

 

 

Ukrayna ilə müharibə aparmaqda olan Rusiya MDB ərazilərindəki mədəniyyət mərkəzlərinin fəal olması direktivlərini ortaya qoyub. Ən azı Rusiyanın Azərbaycandakı mədəniyyət mərkəzi bunu deməyə əsas verir. Bu tədbirlər təbii ki, heç bir siyasi məqsəd güdmür, onlarda Ukrayna əleyhinə cüzi bir ştrix yoxdur. Bunları keçirməkdə məqsəd, çox şübhəsiz, təcavüzkar müharibəyə qol qoyan bir ölkənin reputasiyasını qorumaq, onun mədəni köklərini bəyan etmək istəyidir. Yəni baxın, bu dövlət mədənidir, haqq-ədalət aşiqidir.

 

Bu fikirləri “Ədəbiyyat və incəsənət” portalına ekspert Malik Məmmədov söyləyib. O, Rusiya qurumları tərəfindən Azərbaycanda gənc qiraətçilərin “Canlı klassika” müsabiqəsi keçirilməsi xəbərinə məhz bu cür şərh verib. 

İndi isə xəbərin təfsilatı. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi məlum edib ki, sözügedən müsabiqə Rusiya Maarif Nazirliyi, “Rossotrudniçestvo” və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil olunur. Layihənin Azərbaycanda kuratoru Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır. 

Müsabiqəyə qoşulmağı arzu edən, yaşı 10-dan 17-yə qədər olan hər kəs dəvət olunur, iştirak ödənişsizdir. 

Müsabiqə iştirak etmək istəyən şəxslər “youngreaders.ru” saytında qeydiyyatdan keçməli, XVIII-XXI əsrlərin müəlliflərinin yaradıcılığından bir əsər seçib, onu əzbərləməlidirlər. Müsabiqənin bütün mərhələlərində məhz həmin nümunəni ifa etmək lazım olacaq. 

“Canlı klassika” – rusiyalı yazıçıların nəsr əsərlərindən nümunələrin ucadan oxunması üzrə yarışma tədbiridir. Əsasən yeni nəşrlər təqdim ediləcək. 

Və biz əmin olduğumuzu bildiririk ki, təqdim edilən nəsr əsərlərində millətçi çağırışlar olmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.