Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə ədəbiyyatşünaslıqdır, AMEA-nın Şəki Regional Elmi Mərkəzin elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinin “Dörd gərək, dörd gərək, bir dörd gərək” məqaləsidir.

 

 

 

TRİBUNA

 

 

Tural ADIŞİRİN

 

 

DÖRD GƏRƏK, DÖRD GƏRƏK, BİR DÖRD GƏRƏK...

(Sufi və hürufi təlimində hərf və say simvolikası)

 

Fəlsəfi-irfani fikirdə artıq sübut edilmişdir ki, sufi və hürufi təlimində

hərflərin müqəddəsliyi həm də say simvolikası ilə bağlı olmuşdur. Bildiyimiz

kimi, sufizmin nəzəri əsasları İmam Qəzzali və Mənsur Həllacdan sonra XIV

əsrin görkəmli sufi şairi Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz”, hürufizmin

nəzəri sistemi isə Fəzlullah Nəiminin “Cavidannamə” əsərində geniş şəkildə şərh edilmişdir.

Məzmun və mahiyyətindən göründüyü kimi, hürufizm zahirən hərflərin

müqəddəsliyinə inanmaq yolu ilə kainatın dərkinə yönəldilən bir təlimdir. Lakin

hərflərin müqəddəsliyi və say simvolikası məsələsinin başlanğıcını hürufiliklə

bağlamaq səhv mülahizə olardı. Çünki təriqət tarixləri sübut edib ki,

hürufilikdən əvvəl də hərflərin müqəddəsliyi və say simvolikası mövcud

olmuşdur. Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə çox doğru

olaraq qeyd edir ki, hətta yəhudi fəlsəfəsində məşhur olan bir dini-fəlsəfi

cərəyan da qədim yəhudi hərflərinin müqəddəsliyi əsasında qurulmuşdur.            

XII əsrin görkəmli filosof alimi Kafiəddin Ömər Osman oğlunun sufi

görüşlərində sayların müqəddəsliyi əsas götürülmüş, böyük alim həm fəlsəfi

baxımdan, həm də fikirlərini lakonik şəkildə ifadə etmək üçün əsərlərində say

sistemindən istifadə etmişdir. Əsrin görkəmli şairi Əfzələddin Xaqaninin əmisi

olmuş bu dahi şəxsiyyətdən əsərlərində istifadə etdiyi sayların məzmunu

haqqında məlumat almaq istədikdə, böyük alim əsərlərindəki say sistemini

aşağıdakı kimi izah etmişdir: 1. Allahın təkliyi; 2. Bu dünya və axirət dünyası; 3.

Materiyanı və onun üç hissəsi (insan, bitki və heyvan); 4. Həyatın amilləri (od,

su, hava, torpaq); 5. Duyğu üzvləri, yaxud islam xəlifələri; 6. Cəhətləri (sağ, sol,

aşağı, yuxarı, ön və arxa); 7. Həyatın – Yerlə göyün vəhdətini bildirən ünsürləri

(od, su, hava, torpaq + Günəş, Ay və Ulduz); 8 və 9. Yerin və göyün qatları.

Bu fəlsəfi anlam və izah dahi şair Əfzələddin Xaqaninin də

yaradıcılığında özünə yer almış, şair fəlsəfi-sufi görüşlərində rəqəmlərin

simvolikasından istifadə etmişdir.

Ancaq ideya baxımından diqqət edildikdə görməmək mümkün deyil ki, bu

müqəddəslik və simvolik izah insan mənafeyi naminə cəmiyyətə – haqsızlıq və

ədalətsizliyə qarşı bir mübarizə forması kimi özünü göstərmişdir.

Tanrının vahidliyi və sözün insandan əzəlliyi sufi və hürufi təlimin

müqəddəsliyini təmin edir. Çünki məhz Tanrının “Kon” – “Ol!” əmrindən sonra

kainat və onun əşrəfi olan insan və insanın cövhəri olan söz yaranmışdır.

Yuxarıdakı 1 rəqəmi ilə varlığın bütövlüyü ideyası sufi və hürufi şairlərin

şeirlərində aparıcı yer tutmuşdur. Şeyx Mahmud Şəbüstəri varlığın təkliyi və

bütövlüyü ideyasını əks etdirərək yazırdı ki, bəzi islam ruhaniləri Tanrının “Ol!”

əmrindən səhv nəticə çıxararaq o ideyanı irəli sürdülər ki, Tanrı insanları

yaradarkən əvvəl islam, sonra isə digər din daşıyıcılarını xəlq etmişdir. Bu,

əslində, dinləri və xalqları bir-birinə qarşı qoymaqdan başqa bir şey deyildir.

Uzun illər bu qeyri-elmi iddia öz mənfi təsirini göstərmişdir. Elə buna görədir

ki, əsl sufiliyə gedən yola heç də bütün ruhanilər aləmi yolçuluq edə bilməmiş,

yalnız Tanrıya və insana sevgini qəlbində daşıyanlar bu mərtəbəyə ucala

bilmişlər.

Sufi və hürufilikdə 2-lik qəbuledilməz olmuş, ilahi eşqin təcəssümü yalnız

təkdə özünü göstərmişdir. Dahi Nizaminin “Leyli və Məcnun” poemasında

sufiliyin, təklikdə ilahiliyin ən bariz nümunəsi özünü göstərmişdir. Zeyd dostu

Məcnunun Leyli ilə birlikdə şəklini çəkib ona təqdim etdikdə, Məcnun Leylinin

şəklini qaraladıqda, dostunun ondan ötrü çöllərə düşməsi iradı ilə üzləşdikdə

Məcnunun verdiyi: “O, ruhdur, mən qəlib, ruh qəlibdə yerləşər” cavabı həmçinin

vahidliyin, təkliyin müqəddəsliyindən irəli gələn bir məsələdir.

Sufiliyin və hürufiliyin müqəddəsliyi məlumdur ki, 4 rəqəmi ilə bağlıdır.

4 rəqəmi yuxarıda göstərdiyimiz kimi, həm həyatın - od, su, hava, torpaq, həm

də sufilərin və hürufilərin keçdiyi 4 müqəddəs yolla bağlıdır: şəriət, təriqət,

mərifət və həqiqət. Görkəmli hürufi şairi İmadəddin Nəsiminin şeirlərində bütün

varlığın 4 pilləli inkişaf etdiyini göstərən görkəmli Nəsimişünas alim, professor

Y.Babayev yazır:”Şairin “Sığmazam” qəzəli bütövlükdə hərfi müqəddəsliyi

ifadə edən ideya ilə yüklənmişdir:

Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm,

Məndən uludur ayətim, ayəti-şanə sığmazam.

İ.Nəsimidə bütün varlıq 4 pilləli həqiqətdən ibarətdir: 1. Allah; 2. Məna

aləmi; 3. Maddi aləm; 4. İnsan.

Yaradıcılığında 4 rəqəminin müqəddəsliyini ifadə edən şair tuyuğlarından

birində yazır:

Dörd gərək, dörd dörd gərək, bir dörd gərək,

Yeddisi xətt istiva üç dörd gərək,

Seyyidi çoxlar söylər dəhri deyib,

Kəndözün bilənlərə beş dörd gərək”.

Hürufilər hərflərin, rəqəmlərin sirləri ilə kainatın sirlərini izah edirdilər.

Onlar hərflərin sirlərini insan ilə birləşdirir, onların insan üzündə təcəlli etdiyini

söyləyir, bu gözəlliyin daşıyıcısı olan insanın mənəvi kamilliyini təsdiq

edirdilər.

Bildiyimiz kimi, folklorda 7-lik müqəddəs hesab edilən bir rəqəmdir. Bu

rəqəm İmadəddin Nəsiminin şeirlərində ən çox işlək rəqəmlərdəndir. Materiyada

7-lik çoxlu məna çalarlığına malik bir rəqəmdir. İqlimin 7 olması, saç kultunun

insan üzündə 7 təcəllisi, həftənin günlərinin sayının 7-lik üzərində cəm olması,

insanın 7 əzası və s. Bu, çoxmənalılığı səciyyələndirir. Böyük şair Nəsimi

tuyuğlarında və fəlsəfi məzmunlu qəzəllərində bu rəqəmi fəlsəfi baxımdan

müxtəlif mənalardan izah etmişdir. Şairin aşağıdakı tuyuğuna diqqət edək:

Yeddidir, dörd yeddidir, bir yeddidir,

Yüz iyirmi dörd yenə üç yeddidir.

Evi bir, bacası yeddi, babı üç,

Əhli-beyt ilə özü on yedidir.

Şairin aşağıda izah edəcəyimiz kimi dörd yeddidən, yəni həyatın dörd

ünsürünün insanın üzündə 7 saç ünsürünə ( 2 qaş, 4 kirpik, 1 saç)  vurulmaqla

alınan 28 rəqəminə – ərəb hərflərinə işarə etməsi göz qabağındadır. Şair

tuyuğun ikinci misrasında göstərdiyi kimi, “Yüz iyirmi dörd” peyğəmbərin sayı

da yeddidən alınmışdır. Yaxud aşağıdakı:

Kirpiyi qaşınla zülfündür yedi,

Yer yedivü, göy yedi, sən də yedi.

Nə səbəbdən həftənin adı yedi,

Bunda hikmət vardır, Müshət yedi.

Rəqəm oyununu filosof şair aşağıdakı tuyuğunda da məntiqi baxımdan

vermişdir:

Yeddi yerdə otuz ikidir üzün,

İgirmi səkkiz göstərər iki gözün.

Qamətin səksən səkkiz edər bəyan,

Yetmiş iki bildirər nitqi sözün.

28 rəqəminin əmələ gəlməsinin fəlsəfi mənası məlumdur. Bəs şeirin

birinci misrasında verilmiş 32 rəqəmi nəyi ifadə edir və necə alınmışdır?..

Azərbaycan folklorunda saçın müqəddəslik kəsb edərək sınamaların və

digər folklor janrlarının mərkəzində durması artıq maraqlı nümunələrlə sınaqdan

keçirilmişdir. Saçın tapdanmasının günah hesab edilməsi ulu babalarımızdan

bizə qalan mənəvi mirasdır. Çünki ulularımız saça müqəddəs ruh kimi sitayiş

etmişlər. Sufi şairlər də saç kultuna müqəddəslik ünsürü kimi fəlsəfi fikirlərinin

çatdırılması üçün müraciət etmişlər.

Hürufilər cəmal gözəlliyində saçı əsas atribut hesab edərək poetik

mənalandırmışlar. Klassik poetik örnəklərin məzmunundan gördüyümüz kimi,

poeziyada saç – zülf anlamında fiqurlaşdırılmışdır. Yuxarıda qeyd etdiyimiz

kimi, insanın sifətində təcəlli olunan 2 qaş, 4 kirpik və 1 saç həyatın 4 ünsürünə

vurulmaqla 28 ərəb əlifbası alınmış, sufi və hürufi alimlər saçı ikiyə bölərək 8

ünsür almış, 8-in 4 həyat ünsürünə vurulması isə 32 fars əlifbasının hərf

sistemini yaratmışdır. Buna görə də şair saçın ikiyə bölünməsi nəticəsində onun

4 ünsürlə vəhdətini 32 rəqəmi ilə ifadə etmişdir.

İmadəddin Nəsiminin poeziyası ilə diqqətlə tanış olduqda onun rəqəm

simvolikasının zənginliyini görürük. Şair 1 rəqəmi ilə vücudu, küllü, 2 rəqəmi

ilə iki cahanı, maddi və mənəvi aləmi (vaxtilə şairin məşhur beyti olan “Məndə

sığar iki (yaxud ikən) cahan, mən bu cahana sığmazam, Gövhəri-laməkan

mənəm, kövnül-məkanə sığmazam" beyti elmi-ədəbi aləmdə mübahisəyə səbəb olmuş, əksər şair və alimlər şairin rəqəmlər simvolikasını inkar edərək şairin

işlətdiyi iki ifadəsini ”ikən” qoşması kimi qəbul etmişlər), 4 rəqəmi ilə dörd

ünsürü, 6 rəqəmi ilə cəhət və dünyanın 6 gündə yaranmasını, 8 rəqəmi ilə

behişti, 9 rəqəmi ilə fələkləri, 12 rəqəmi ilə bürclərin sayını və 12 imamı, 17

rəqəmi vasitəsilə vaxt, namaz və.s mənalandırmışdır. 5 rəqəminə şair müxtəlif

məzmun prizmalarından yanaşaraq ayrı-ayrı şeirlərində 5 namaz, 5 duyğu üzvü,

5 islamın təməli və 5 müqəddəs kitab – “Zəbur”, “Tövrat”, ”İncil”, “Quran” və

“Cavidannamə” kimi səciyyələndirmişdir.

İmadəddin Nəsiminin poeziyasını fəlsəfi-ürfani baxımdan dərindən təhlil

edən görkəmli ədəbiyyatşünas Yaqub Babayev şairin şeirlərində bir sıra

rəqəmlərin təkcə adi kəmiyyət göstəricisi kimi deyil, dərin ideya simvolik məna

daşıdığını göstərərək yazır: “Bir sıra rəqəmlər var ki, Nəsimi şeirlərində onlar

adi kəmiyyət göstəricisi olmaqdan əlavə, ideya – simvolik məna yükü də

daşıyır”

Görkəmli alimin ifadə etdiyi fikir İmadəddin Nəsiminin aşağıdakı

qəzəlində özünü dolğun şəkildə büruzə vermişdir:

Fatiha ümmül-kitabın göstər ayəsi nədir?

Bistü həşti sivü dü hərfin xülasəsi nədir?

Doqquz ata, doqquz ana,

                        dörd tayadan ver xəbər,

Dü cəharü pəncü şeşin saqü bünyası nədir?

Üç yüz altmış altı mənzil,

                        qırx səkkiz yerdə mizan,

Ey ki yetmiş yeddi hərfin on iki xası nədir?

 

Sidrəvü kövsər nədəndür,

                        nöh fələkin gərdişi,

On iki bürcü kəvakib cayı, məvası nədir?

Yeddi yerdir, yeddi göydür,

                        yeddi dərya, yeddi xətt,

Yeddi müshəf, yeddi ayət yədi – beyzası nədir?

Qəzəlin fəlsəfi məzmun və məna yükü o qədər dərindir ki, tam şəkildə

izah etmək üçün Nəsimişünaslıq şöbəsinə böyük ehtiyac vardır.

Müstəqil ədəbiyyatşünaslığın klassik poeziyanın dərindən araşdırılmağa

meydan verdiyi müstəqillik şəraitində, inanırıq ki, Şərqin dahi sufi və hürufi

şairlərinin poetik irsi hərf müqəddəsliyi və rəqəm simvolikası baxımından geniş

tədqiq edilərək ədəbiyyatşünaslığımızı yeni-yeni mövzularla

zənginləşdirəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(01.03. 2023)

 

 

Xalq yazıçısı Ənvər Məmmədxanlının 110 illiyinə

 

Sovet təhsil sistemimdə dərsliklərsə “Buz heykəl” hekayəsi var idi, nədənsə oxuyanda şagirdləri hədsiz kədərləndirərdi. Nikbin, qayğısız olsalar belə işaqlar bizlaşmış insanın dəhşət saçan hekayətinə biganə qala bilmirdilər. O əsəri Ənvər Məmmədxanlı yazmışdı. “Ədəbiyyat və incəsənət” portalı 110 illiyində bu yazıçını xatırlamağı şərəf işi hesab etdi. 

 

Bəli, Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasının 110-cu ildönümü tamam olur. Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda Sənaye Texnikumunda təhsil alıb. Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib. Eyni zamanda, Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb.

Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, “Azərbaycanfilm” kinostudiyasında rəis, İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olub. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub.

Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Onun II Dünya müharibəsi illərində qələmə aldığı hekayələrdə, ümumən, o dövr publisistikamızda olduğu kimi, zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapıb. Ədibin üslubunda təmkinli hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edib: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulub. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.

Xalq yazıçısı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba, Türkiyə, İspaniyada keçmiş sovet nümayəndə heyəti tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək bayrağı" və "İkinci Dünya müharibəsi" ordenləri, döyüş medalları ilə təltif olunub.

Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino – ssenarilər müəllifi, orijinal tərcüməçi kimi daxil olub.

 

Ötən əsrin 30-cu illərində ədəbiyyata gələn yazıçı, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub.

Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Gələcəyimiz olan uşaqlar hansısa bir sahədə uğur qazanmaqla bizləri hədsiz sevindirirlər. Beynəlxalq uğurlar isə ikiqat sevinc doğurur. 

“Ədəbiyyat və incəsənət” portalı sizə iki belə sevindirici xəbəri çatdırmaq istəyir. 

 

1-ci xəbər:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin “Renessans” xoru böyük yaş qrupu üzrə və müəllimlərdən ibarət “Çinar” xoru Kazan şəhərində keçirilən “ALTIN AVAZ” xor kollektivlərinin və vokal ansambllarının III Beynəlxalq müsabiqəsində uğurla iştirak edib. Belə ki, onlayn keçirilən müsabiqədə hər iki xor kollektivi müxtəlif əsərlər ifa edərək, I və III dərəcəli diplomlara layiq görülüb və laureat adını qazanıb.

“Çinar” xorunun rəhbəri Aytən Cəfərova “Yaradıcı kollektivin ən yaxşı rəhbəri” adlı xüsusi diploma, “Renessans” xorunun rəhbəri Nigar Səmədova “Ən yaxşı müəllim” adlı xüsusi diploma, konsertmeyster Səadət Məmmədova isə “Ən yaxşı konsertmeyster” adlı xüsusi diploma layiq görülüblər.

Hər bir fərqlənəni təbrik edirik!

 

2-ci xəbər:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Almaniyada onlayn keçirilən I International Art Competition Stars of Arts beynəlxalq müsabiqəsində iştirak ediblər. Bu müsabiqədə məktəbin gənc istedadları fortepiano ixtisası üzrə V sinif şagirdi Duyğu Fərruxzadə, VIII sinif şagirdi Nərgiz Rəsulova I dərəcəli diplomla, VII sinif şagirdi Əsmər Hidayətli müşayiət nominasiyasında II dərəcəli diploma layiq görülüblər.

Təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Çərşənbə, 01 Mart 2023 10:00

Qışın ən yaxşı kitabları

Kitab almaq istəyəndə çox vaxt tərəddüd edir, rəfləri bəzəyən bolluqdan seçim edə bilmirik. Təbii, axtardığımız kitabı və sevdiyimiz müəllifi seçmirik deyə çətinliyimiz olmaz. Amma mütaliə eşqinə düşüb yeni kitab almaq həvəsi olanda həmin o yeni kitabı tapa bilmirik. 

“Ədəbiyyat və incəsənət” portalının ekspertləri sizə məsləhət görürlər: reytinqləri izləyin. 

 

Öz Azərbaycanımızda bu sayaq reytinqlər tək-tük olur, amma digər kitabsevər ölkələrdə ən müxtəlif təsisatların öz reytinqləri vaxtaşırı dərc edilir. Lap elə şimal qonşumuzda. Düzdür, onlarda siyasətçilərin başı ışğalçı müharibəyə qarışıb, amma sadə xalq kitab oxumağındadır. 

Rusların ən mötəbər kitab reytinqlərində LitRes platformasının  reytinqi öndə gedir və indi sizə qış mövsümünün Rusiyada ən çox tələb olunan 8 kitabını təqdim edirik:

 

Maks Qlebov, “Sözsüz detektiv” (Kosmik fantastika)

 

Yelena Mixalkova, “Kağız quşun lələkləri” (Detektiv)

 

Talyana Orlova, “Yeddinci dairənin Böyük Knyazı” (Mistika)

 

Aleksandr Baunov, “Rejimin sonu”

(Non-fikşn)

 

Anton Petryakov, “Görünmək deyil, olmaq” (Psixoloji, motivasiya)

 

Entoni, “Əjdahaya yol” (Sehirli)

 

Alina Arkadi, “Çovğun” (Sevgi romanı)

 

Vadim Zeland, “Tafti rahibəsi 2” (Motivasiya)

 

Bu kitablar arasında diqqətimizi çəkən daxili və xarici intibahı özündə təcəssüm etdirən, davranış psixologiyasını bəyan edən, uğursuzluq və həyəcan səbəblərini açan “Görünmək deyil, olmaq” kitabı, üç avtokratiyanın - İspaniyada Franko, Portuqaliyada Salazar və Yunanıstanda “qara polkovniklərin” süqutundan bəhs edən “Rejimin sonu” kitabı, eləcə də sevgi və ehtiras barədə zərif və qarlı əhvalatı nəql edən “Çovğun” kitabı çəkdi. Mütləq oxuyun.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Niyə Eldar Mansurovun mahnıları YouTube platformasında erməni ifaçılar tərəfindən ermənicə səsləndirilir, Cavanşir Quliyev çörəkpulu qazanmaq üçün qürbətə üz tutur, Azərbaycanın milli sərvəti olan Səttar Bəhlulzadə əsərləri Amerika hərraclarında satılır?

“Ədəbiyyat və incəsənət” portalının gətirdiyi bu sitata diqqət edin: “İşğaldan azad edilmiş ərazilərdə mədəni və tarixi abidələrimizin bərpası mühüm məsələlərdəndir. Abidələrimizin qorunması və mühafizəsi təkcə dövlətin vəzifəsi deyil, hər birimizin borcudur.” Sitat mədəniyyət nazirinin birinci müavini Adil Kərimlidəndir. Xatırladaq ki, Adil Kərimli bu sözləri ötən gün “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə dinləmədə deyib. Və nazir vəzifəsini icra edən Adil Kərimli həyəcan təbili vuraraq bildirib ki, mədəniyyət sahəsində çalışan 41 min işçidən 30 mini yerlərdə fəaliyyət göstərir. Bu sahədə çalışanların cəmi 7 faizi ixtisası üzrə çalışır. Bu da təbii olaraq milli təhlükəsizlik məsələlərinə gətirib çıxarır. 

O qeyd edib ki, yerlərdə kitabxanaların vəziyyəti qənaətbəxş deyil, kitab təminatında müəyyən problemlər var. 

Milli musiqi ritmlərindən də danışan Adil Kərimli bildirib ki, xalqımızın yaşayışını, adət-ənənələrini özündə əks etdirən milli rəqslərimizin, musiqimizin təbliğində problemlər vardır.

Demək ki, qarşıda hələ çoxlu görüləcək işlər qalır. Adil Kərimli “mədəniyyət bizim gündəlik həyatımız, davranışımız, ənənələrimiz, kimliyimizdir” deyə mədəniyyətə ona yaraşan bir tərif verib. Qalır ki, bütün cəmiyyət yumruq kimi birləşsin. Belə olarsa, ən azından Eldar Mansurovun mahnıları YouTube platformasında erməni ifaçılar tərəfindən ermənicə səsləndirilməz, Cavanşir Quliyev çörəkpulu qazanmaq üçün qürbətə üz tutmaz, Azərbaycanın milli sərvəti olan Səttar Bəhlulzadə əsərləri Amerika hərraclarında satılmaz.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Bir gənc İşərişəhər divarlarına yazı yazırdı, hamı da laqeydcəsinə yanından keçirdi. “Ədəbiyyat və incəsənət” bu yazı ilə bəyan etmək istəyir ki, vətəndaş laqeydliyinə son qoymaq barədə ciddi çağırışlar var. İndi isə təfərrüatı:

 

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə dinləməsində “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi müzakirə edilib. Dinləmələr zamanı mədəniyyət naziri vəzifəsini icra edən mədəniyyət nazirinin birinci müavini Adil Kərimli mədəniyyət sahəsinə aid yeni prioritetlərin hazırlanması xəbərini verib. 

 

Bəs söhbət hansı prioritetlərdən gedir? Təbii ki, ilk öncə xalqın qeyri-maddi mədəni irsinin qorunmasından. Bu, mədəniyyətimizin əsas prioritet istiqamətlərindəndir. Bu sahənin qanunvericiliklə tənzimlənməsi də təbii ki, çox vacibdir. 

“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir. 

Dövlətin bu istiqamətdə strategiya sənədinin hazırlanmasının vacibliyini qeyd edən nazir müavini bildirib ki, bu istiqamətdə işlər aparılır. Strategiyaya əsasən, yaxınmüddətli, ortamüddətli və uzunmüddətli məqsədlər müəyyən ediləcək. Bu sahədə sistemli, konkret addımlar atılacaq. Mədəniyyət sahəsində fəaliyyətin yeni formaları müəyyənləşdiriləcək. 

Mədəniyyətin geniş sahə olduğunu vurğulayan Adil Kərimli əlavə edib ki, mədəniyyət bizim gündəlik həyatımız, davranışımız, ənənələrimiz, kimliyimizdir. Mədəniyyət sahəsinə aid prioritetlər hazırlanır. Təkrarən bildirək ki, qeyri-maddi mədəni irsin qorunması da bu prioritetlərdəndir.

Nazir müavini vurğulayıb ki, mədəniyyət sahəsində islahatların aparılmasında hər bir vətəndaş fəal iştirak etməlidir.

Bəli, mədəniyyətimiz yeni dönəmə daxil olur. Mədə niyyətlilərin daha mədəniyyətlə işi olmayacaq.

 

Qeyd: qapaq fotosu uçulub dağılmaqda olan tarixi abidələrimiz barədə bir yaddaşdır. 

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Çərşənbə axşamı, 28 Fevral 2023 17:26

Dünya çempionları qalib gəldi, yoxsa məktəblilər?

Şahmat idmandırmı, yoxsa mədəniyyət, ya elm? Bu suallar hey təkrarlanır, amma cavabı tapılmır. 

Keçmişdə bu oyuna şətrənc deyirdilər. Dahi Nizami Gəncəvinin əsərlərindən agah oluruq ki, hələ 12-ci əsrdə Azərbaycanda bu oyun çox populyar olub. Bu gün də dünya şahmatında Azərbaycan şahmatçıları öz sözlərini deməkdədirlər. Bizim Teymur Rəcəbovumuz, Şəhriyar Məmmədyarovumuz var. Elə bu günlərdə 20 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibləri, beynəlxalq qrossmeysterlər Abdulla Qədimbəyli və Gövhər Beydullayeva oldular - iki həmyerlimiz.

Bu gün həm ölkəmizin şahmat ənənəsini davam etdirmək, həm də uşaq və yeniyetmələri ən azı zərərli internet təsirindən qoparmaq vacibdir. 

Azərbaycan Şahmat Federasiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin şahmat dərnəyinin təşkilatçılığı ilə məktəblilərin tanınmış şahmatçılarla görüşünün keçirilməsi xəbəri əlbəttə ki sevindirici oldu. Özü də görüşdə elə-belə şahmatçılar yox, 20 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibləri, beynəlxalq qrossmeysterlər Abdulla Qədimbəyli və Gövhər Beydullayeva iştirak edirdilər. Şahmatçılarla şagirdlər arasında eyni anda seans görüşü təşkil olundu. Əlbəttə vacib deyil, neçə lövhədə neçə nəfər çempionlara müqavimət göstərdi. Vacib olanı odur ki, əqil qalib gəldi. 

Bu təşəbbüsün digər qurumlarda da dəstəklənməsi çox gözəl olardı.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

 

Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələri qanunla tənzimlənir. AzərTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Mədəniyyət komitəsinin fevralın 28-də keçirilən iclasının gündəliyinə daxil edilib. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə dinləməsində “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi müzakirə edilib. 

Bildirilib ki, “Qeyri-maddi mədəni irs haqqında” Qanunun müddəaları Azərbaycan ərazisində Azərbaycan xalqı, ayrı-ayrı sosial qruplar və ya fərdi şəxslər tərəfindən yaradılan, qorunan və nəsildən-nəsilə ötürülən, Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən qeyri-maddi mədəni irs nümunələrinə şamil olunmur. 

Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni irs sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. 

Qanunun pozulmasına görə şəxslər Mülki və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan hallarda məsuliyyət daşıyırlar.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

 

Xəyal Rzanın “Maya” filmi ASAN könüllüləri üçün təqdim edildi

 

Cəmi bir neçə gün öncə Nizami Kino Mərkəzində premyerası olan və dərhal səs salan “Maya” filmi günümüzdə çox aktual olan bir mövzudan bəhs edir: Qarabağ müharibəsindən. Qaçqınlıq, şəhidlik, məhrumiyyət və təhdidlər - bunlarla yanaşı sınmamaq, əyilməmək çabaları… Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın “Maya” filmi barədə təbii ki, hələ çox yazılacaq və çox  deyiləcək.

 

Filmə sosial sifariş hədsizdir. Elə bu səbəbdən də “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Maya” filminin ASAN könüllüləri üçün təqdimatı keçirildi. Filmin ssenari müəllifi və rejissoru Xəyal Rza Birinci və İkinci Qarabağ müharibəsinin təsiri altında qalan Azərbaycan qadınının keşməkeşli həyatından bəhs etməklə cəmiyyətə ötürdüyü mesajlardan bəhs etdi. 

ASAN-ın mətbuat katibi Elnur Niftəliyev filmə baxdıqdan sonra təəssüratlarını bu cür bölüşdü:

-Xalqımızın, vətəndaşlarımızın başına gələn ağrılı-acılı minlərlə həyat hekayəsindən daha biri. Yaşanmış hekayə, daim yaşayacaq bir hekayə… “Maya”! Əziz dostumuz Xəyal Rzanın ssenari müəllifi və rejissoru olduğu ekran əsəri məhz belə adlanır. Biz iki müharibə görən bir qadının hekayəsini dinlədik, izlədik… Düzünü deyəcəyəm… İlk 10-15 dəqiqədə axı bu hekayə niyə çəkilib deyə düşünürdüm…

Amma əzablı, iztirablı qadın taleyinin kulminasiyası hər birimizi kədərə boğdu, sözlər boğazda düyünləndi… Qürur hissləri isə öz yerində. Xəyal Rza, əhsən!

Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

“Bir gün bütün bağlı qapılar açılar. Bunun üçün sadəcə dözməyin, dözüb də mübarizə aparmağın yetərlidir” deyir “Maya” filmi. Və haqqına deyir.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

 

Baxırsan, bəzən bir fikir min problemin həllinə rəvac verir, yaxud əksinə, min fikir bir problemin çözülməsini təmin edə bilmir. Azad olunmuş ərazilərin bərpası işi bir sağlam fikirdən qaynaqlanan çox vacib bir məsələdir və bu sahədə 44 günlük müharibədən sonra görülən işlər diqqətçəkəndir. 

Bərpa prosesində mədəniyyət abidələrinin taleyi də vacib yer tutur, şübhəsiz, Mədəniyyət Nazirliyinin üzərinə çox ağır və məsul vəzifələr qoyulub. 

Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr sözügedən məsələdə müəyyən aydınlıq yaradıb. 

Dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli çox gərəkiyən bir məsələyə toxunub:

“Ucqar kəndlərdə kitabxanaların və orada 20 min kitab fondunun olduğu deyilir, amma baxırsan ki, heç 2 min kitab yoxdur. Kənddə yaşayan əhalinin həmin kitabları oxuyub-oxumaması sualına cavab tapmaq lazımdır. Rayonlarda, ucqar kəndlərdə 7 minə yaxın mədəniyyət müəssisəsi var. Mədəniyyət müəssisələrində çalışan və büdcədən əmək haqqı alan 30 min işçinin hamısı yerlərdədir. 

Bəlkə bu yükü azaldıb mədəniyyətin zəruri olan sferasına yönəldə bilərik. Mətbuatda da haqlı olaraq qeyd olunur ki, tarixi mədəni abidələrimiz təhlükədədir. Bu gün 6308 tarixi mədəni abidəmizin 4000-ə yaxını məhz nazirliyin nəzarətindədir. Təbii ki, həmin abidələrə mütəmadi şəkildə investisiya ayrılır. Bu gün işğaldan azad olunmuş ərazilərdə 700-800 tarixi mədəniyyət abidəsi qeydiyyata alınıb və proses davam etdirilir. Onların bərpasına da ciddi ehtiyac var”.

Bəli, göründüyü kimi, problem qoyulur, onun həlli yolları da göstərilir. Qalır, təkcə əməl etmək!

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.