Bir gənc İşərişəhər divarlarına yazı yazırdı, hamı da laqeydcəsinə yanından keçirdi. “Ədəbiyyat və incəsənət” bu yazı ilə bəyan etmək istəyir ki, vətəndaş laqeydliyinə son qoymaq barədə ciddi çağırışlar var. İndi isə təfərrüatı:
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə dinləməsində “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi müzakirə edilib. Dinləmələr zamanı mədəniyyət naziri vəzifəsini icra edən mədəniyyət nazirinin birinci müavini Adil Kərimli mədəniyyət sahəsinə aid yeni prioritetlərin hazırlanması xəbərini verib.
Bəs söhbət hansı prioritetlərdən gedir? Təbii ki, ilk öncə xalqın qeyri-maddi mədəni irsinin qorunmasından. Bu, mədəniyyətimizin əsas prioritet istiqamətlərindəndir. Bu sahənin qanunvericiliklə tənzimlənməsi də təbii ki, çox vacibdir.
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Dövlətin bu istiqamətdə strategiya sənədinin hazırlanmasının vacibliyini qeyd edən nazir müavini bildirib ki, bu istiqamətdə işlər aparılır. Strategiyaya əsasən, yaxınmüddətli, ortamüddətli və uzunmüddətli məqsədlər müəyyən ediləcək. Bu sahədə sistemli, konkret addımlar atılacaq. Mədəniyyət sahəsində fəaliyyətin yeni formaları müəyyənləşdiriləcək.
Mədəniyyətin geniş sahə olduğunu vurğulayan Adil Kərimli əlavə edib ki, mədəniyyət bizim gündəlik həyatımız, davranışımız, ənənələrimiz, kimliyimizdir. Mədəniyyət sahəsinə aid prioritetlər hazırlanır. Təkrarən bildirək ki, qeyri-maddi mədəni irsin qorunması da bu prioritetlərdəndir.
Nazir müavini vurğulayıb ki, mədəniyyət sahəsində islahatların aparılmasında hər bir vətəndaş fəal iştirak etməlidir.
Bəli, mədəniyyətimiz yeni dönəmə daxil olur. Mədə niyyətlilərin daha mədəniyyətlə işi olmayacaq.
Qeyd: qapaq fotosu uçulub dağılmaqda olan tarixi abidələrimiz barədə bir yaddaşdır.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)