Azad olunmuş ərazilərdəki mədəniyyət abidələri öz bərpalarını gözləyirlər Featured

 

Baxırsan, bəzən bir fikir min problemin həllinə rəvac verir, yaxud əksinə, min fikir bir problemin çözülməsini təmin edə bilmir. Azad olunmuş ərazilərin bərpası işi bir sağlam fikirdən qaynaqlanan çox vacib bir məsələdir və bu sahədə 44 günlük müharibədən sonra görülən işlər diqqətçəkəndir. 

Bərpa prosesində mədəniyyət abidələrinin taleyi də vacib yer tutur, şübhəsiz, Mədəniyyət Nazirliyinin üzərinə çox ağır və məsul vəzifələr qoyulub. 

Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr sözügedən məsələdə müəyyən aydınlıq yaradıb. 

Dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli çox gərəkiyən bir məsələyə toxunub:

“Ucqar kəndlərdə kitabxanaların və orada 20 min kitab fondunun olduğu deyilir, amma baxırsan ki, heç 2 min kitab yoxdur. Kənddə yaşayan əhalinin həmin kitabları oxuyub-oxumaması sualına cavab tapmaq lazımdır. Rayonlarda, ucqar kəndlərdə 7 minə yaxın mədəniyyət müəssisəsi var. Mədəniyyət müəssisələrində çalışan və büdcədən əmək haqqı alan 30 min işçinin hamısı yerlərdədir. 

Bəlkə bu yükü azaldıb mədəniyyətin zəruri olan sferasına yönəldə bilərik. Mətbuatda da haqlı olaraq qeyd olunur ki, tarixi mədəni abidələrimiz təhlükədədir. Bu gün 6308 tarixi mədəni abidəmizin 4000-ə yaxını məhz nazirliyin nəzarətindədir. Təbii ki, həmin abidələrə mütəmadi şəkildə investisiya ayrılır. Bu gün işğaldan azad olunmuş ərazilərdə 700-800 tarixi mədəniyyət abidəsi qeydiyyata alınıb və proses davam etdirilir. Onların bərpasına da ciddi ehtiyac var”.

Bəli, göründüyü kimi, problem qoyulur, onun həlli yolları da göstərilir. Qalır, təkcə əməl etmək!

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.