Gələcəyimiz olan uşaqlar hansısa bir sahədə uğur qazanmaqla bizləri hədsiz sevindirirlər. Beynəlxalq uğurlar isə ikiqat sevinc doğurur.
“Ədəbiyyat və incəsənət” portalı sizə iki belə sevindirici xəbəri çatdırmaq istəyir.
1-ci xəbər:
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin “Renessans” xoru böyük yaş qrupu üzrə və müəllimlərdən ibarət “Çinar” xoru Kazan şəhərində keçirilən “ALTIN AVAZ” xor kollektivlərinin və vokal ansambllarının III Beynəlxalq müsabiqəsində uğurla iştirak edib. Belə ki, onlayn keçirilən müsabiqədə hər iki xor kollektivi müxtəlif əsərlər ifa edərək, I və III dərəcəli diplomlara layiq görülüb və laureat adını qazanıb.
“Çinar” xorunun rəhbəri Aytən Cəfərova “Yaradıcı kollektivin ən yaxşı rəhbəri” adlı xüsusi diploma, “Renessans” xorunun rəhbəri Nigar Səmədova “Ən yaxşı müəllim” adlı xüsusi diploma, konsertmeyster Səadət Məmmədova isə “Ən yaxşı konsertmeyster” adlı xüsusi diploma layiq görülüblər.
Hər bir fərqlənəni təbrik edirik!
2-ci xəbər:
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Almaniyada onlayn keçirilən I International Art Competition Stars of Arts beynəlxalq müsabiqəsində iştirak ediblər. Bu müsabiqədə məktəbin gənc istedadları fortepiano ixtisası üzrə V sinif şagirdi Duyğu Fərruxzadə, VIII sinif şagirdi Nərgiz Rəsulova I dərəcəli diplomla, VII sinif şagirdi Əsmər Hidayətli müşayiət nominasiyasında II dərəcəli diploma layiq görülüblər.
Təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)