Niyə Eldar Mansurovun mahnıları YouTube platformasında erməni ifaçılar tərəfindən ermənicə səsləndirilir, Cavanşir Quliyev çörəkpulu qazanmaq üçün qürbətə üz tutur, Azərbaycanın milli sərvəti olan Səttar Bəhlulzadə əsərləri Amerika hərraclarında satılır?
“Ədəbiyyat və incəsənət” portalının gətirdiyi bu sitata diqqət edin: “İşğaldan azad edilmiş ərazilərdə mədəni və tarixi abidələrimizin bərpası mühüm məsələlərdəndir. Abidələrimizin qorunması və mühafizəsi təkcə dövlətin vəzifəsi deyil, hər birimizin borcudur.” Sitat mədəniyyət nazirinin birinci müavini Adil Kərimlidəndir. Xatırladaq ki, Adil Kərimli bu sözləri ötən gün “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə dinləmədə deyib. Və nazir vəzifəsini icra edən Adil Kərimli həyəcan təbili vuraraq bildirib ki, mədəniyyət sahəsində çalışan 41 min işçidən 30 mini yerlərdə fəaliyyət göstərir. Bu sahədə çalışanların cəmi 7 faizi ixtisası üzrə çalışır. Bu da təbii olaraq milli təhlükəsizlik məsələlərinə gətirib çıxarır.
O qeyd edib ki, yerlərdə kitabxanaların vəziyyəti qənaətbəxş deyil, kitab təminatında müəyyən problemlər var.
Milli musiqi ritmlərindən də danışan Adil Kərimli bildirib ki, xalqımızın yaşayışını, adət-ənənələrini özündə əks etdirən milli rəqslərimizin, musiqimizin təbliğində problemlər vardır.
Demək ki, qarşıda hələ çoxlu görüləcək işlər qalır. Adil Kərimli “mədəniyyət bizim gündəlik həyatımız, davranışımız, ənənələrimiz, kimliyimizdir” deyə mədəniyyətə ona yaraşan bir tərif verib. Qalır ki, bütün cəmiyyət yumruq kimi birləşsin. Belə olarsa, ən azından Eldar Mansurovun mahnıları YouTube platformasında erməni ifaçılar tərəfindən ermənicə səsləndirilməz, Cavanşir Quliyev çörəkpulu qazanmaq üçün qürbətə üz tutmaz, Azərbaycanın milli sərvəti olan Səttar Bəhlulzadə əsərləri Amerika hərraclarında satılmaz.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)