Dünya çempionları qalib gəldi, yoxsa məktəblilər?

Şahmat idmandırmı, yoxsa mədəniyyət, ya elm? Bu suallar hey təkrarlanır, amma cavabı tapılmır. 

Keçmişdə bu oyuna şətrənc deyirdilər. Dahi Nizami Gəncəvinin əsərlərindən agah oluruq ki, hələ 12-ci əsrdə Azərbaycanda bu oyun çox populyar olub. Bu gün də dünya şahmatında Azərbaycan şahmatçıları öz sözlərini deməkdədirlər. Bizim Teymur Rəcəbovumuz, Şəhriyar Məmmədyarovumuz var. Elə bu günlərdə 20 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibləri, beynəlxalq qrossmeysterlər Abdulla Qədimbəyli və Gövhər Beydullayeva oldular - iki həmyerlimiz.

Bu gün həm ölkəmizin şahmat ənənəsini davam etdirmək, həm də uşaq və yeniyetmələri ən azı zərərli internet təsirindən qoparmaq vacibdir. 

Azərbaycan Şahmat Federasiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin şahmat dərnəyinin təşkilatçılığı ilə məktəblilərin tanınmış şahmatçılarla görüşünün keçirilməsi xəbəri əlbəttə ki sevindirici oldu. Özü də görüşdə elə-belə şahmatçılar yox, 20 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibləri, beynəlxalq qrossmeysterlər Abdulla Qədimbəyli və Gövhər Beydullayeva iştirak edirdilər. Şahmatçılarla şagirdlər arasında eyni anda seans görüşü təşkil olundu. Əlbəttə vacib deyil, neçə lövhədə neçə nəfər çempionlara müqavimət göstərdi. Vacib olanı odur ki, əqil qalib gəldi. 

Bu təşəbbüsün digər qurumlarda da dəstəklənməsi çox gözəl olardı.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.