Açıq portfel: Hardan daha çox mal gətiririk?

Təbii ki, sıravi oxucu üçün statistik məlumatlar önəm kəsb edir. Nə, nə qədər, harda, nə üçün? Statistika bir çox sualların cavabıdır. 

İqtisadiyyat isə ümumən statistika üzərində qurulduğundan hər kəs öz ailə büdcəsinin dəqiq uçotunu aparmağı xoşlayır.

 

“Ədəbiyyat və incəsənət” portalı sizə ötən gün Azərbaycanın ixrac əməliyyatları barədə məlumat vermiş, bizim ən çox məhsulumuzu alan ölkənin İtaliya olduğunu bildirmişdi. Bugünsə ən çox məhsul aldığımız ölkə, ümimən idxal barədə danışacağıq. 

Baxaq. 2022-ci ildə xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 41 milyard 672,2 milyon dollar, idxalın dəyəri 14 milyard 539,9 milyon dollar təşkil edib, nəticədə 27 milyard 132,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb. Komitədən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İsrail, Yunanıstan, Almaniya, İspaniya, Birləşmiş Krallıq, Çexiya, Xorvatiya, Gürcüstan, Portuqaliya, İndoneziya, Ukrayna, Qazaxıstan, Vyetnam, ABŞ, Türkmənistan, Rumıniya, İran, Tunis və İsveçrə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. 

İndi isə konkret idxalın üzərində dayanaq. Yenədəmi İtaliya öndə gedir? Yox, bu dəfə ənənəvi bilgilərimiz kara gəlir. Ölkəmizə ən çox hardan mal gətirilir? Təbii ki, dərhal hamı 3 ölkənin adını çəkəcək. Rusiya, Türkiyə və Çin. Tamamilə haqlısınız. 

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiyanın, 15,8 faizi Türkiyənin, 14,3 faizi Çinin, 4,6 faizi Almaniyanın, 3,5 faizi Türkmənistanın, 3,4 faizi Qazaxıstanın, hər biri 3,3 faiz olmaqla ABŞ və İranın, 2,3 faizi İtaliyanın, 2 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya, Belarus, Ukrayna və Birləşmiş Krallığın, hər biri 1,5 faiz olmaqla Fransa və Hindistanın, 1,3 faizi Braziliyanın, hər biri 0,9 faiz olmaqla Özbəkistan, Gürcüstan və Finlandiyanın, 0,8 faizi Polşanın, 13,7 faizi isə digər ölkələrin payına düşüb. 

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. 

İdxal olunan malların 61,7 faizini avtomobil, 18,7 faizini dəmir yolu, 10,3 faizini hava, 8,4 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,9 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. 

2021-ci illə müqayisədə 2022-ci ildə mühüm məhsul növlərindən buğda idxalı 12,6 faiz, bitki yağları 9,5 faiz, xam şəkər 6,1 faiz, təzə meyvə 4 faiz, kərə yağı, digər süd yağları və pastaları 23,5 faiz, unlu qənnadı məmulatları 9 faiz, çay 3,2 faiz, quş əti və onun əlavə məhsulları 12,4 faiz, dərman vasitələri 19,6 faiz, polad prokatı 45,3 faiz, sintetik yuyucu vasitələr 7,7 faiz, mebellər 12,7 faiz, polietilen 76,5 faiz, məişət kondisionerləri 35,5 faiz, qara metallardan çubuqlar 4,8 faiz, avtobuslar 56 faiz, polipropilen 12,7 faiz, sement 26,7 faiz artıb, şokolad və şokolad məhsulları idxalı isə 5,2 faiz, kartof 8 faiz, mal əti 15,8 faiz, təzə tərəvəz 31,7 faiz, siqaretlər 70,4 faiz, minik avtomobilləri 19,4 faiz, qara metallardan borular 9,8 faiz, hesablama maşınları, blok və qurğuları 19,4 faiz, yük avtomobilləri 7,7 faiz, rezin şinlər 0,2 faiz, mineral gübrələr 20,5 faiz, paltaryuyan maşınlar 18,8 faiz, qara metallardan künclüklər 12,3 faiz, məişət soyuducuları 39,2 faiz azalıb. 

2022-ci ildə ölkəyə 68 min 684 ədəd minik avtomobili, 5127 ədəd yük avtomobili, 415 ədəd avtobus idxal olunub. 

Bəli, rəqəmlər belədir. İndi hər kəs onları analiz edib qərar verə bilər. Biz dünyaya nə veririk və nə alırıq. 

 

“Ədəbiyyat və insəsənət”

(01.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.