Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş tədbir keçirildi
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında anşlaq idi. Zövq oxşayan musiqi gecənin qonaqlarını sanki sehirli aləmə aparırdı.
Musiqi zövqləri müxtəlif olur. Amma ən müxtəlif zövqlüləri bir yerə toplayıb onlara “Qayıt” mahnısını dinlətsən hamısı heyran qalar. Sözləri Əli Kərimə, musiqisi Oqtay Kazımiyə aid olan bu musiqi şedevrini xalq artistimiz Flora Kərimova həmişə sevə-sevə ifa edir. Bax Mahnı Teatrındakı bu sehirli gecə Oqtay Kazımiyə aid idi.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş konsert keçirilirdi.
Konsert bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başladı.
Qeyd edildi ki, Oqtay Kazımi musiqi mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən bəstəkarlardandır. Bəstəkar böyük simfonik orkestr üçün "Azərbaycan rapsodiyası" (1962), "Qəhrəmanlıq simfoniyası" (1964), "Bayram uvertürası" (1976), proqramlı simfonik süita "Sumqayıt lövhələri (1977), "Şəhidlər" simfoniyası (1990), "Qarabağ lövhələri" (1992) simfonik süitası və s. əsərlərin müəllifidir. O.Kazımi eyni zamanda "Qılınc və qələm", "Ümid", "Danabaş kəndinin əhvalatı", "Müsyö Jordan və dərviş Məstəli şah", "Şeyx Sənan", "Ədirnə fəthi", "Büllur sarayda" və başqa məşhur tamaşalara musiqilər yazıb.
Və əlbəttə ki, dahi bəstəkarın mahnılarına ayrıca toxunuldu. Mahnı janrının ən görkəmli nümayəndələrindən birinin məşhur mahnıları sadalandı.
Sonra konsert proqramı təqdim olundu, bəstəkarın mahnılarından ibarət konsertdə Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, İlhamə Qasımova, Aytən Məhərrəmova, Ayşən Mehdiyeva, Mətin Rzazadə, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev və “Qaya” Dövlət Ansamblı çıxış etdilər.
İfaçıları Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri (bədii rəhbər – Xalq artisti Salman Qəmbərov) və ansamblı (bədii rəhbər – Mirxalid Salayev) müşayiət edirdi.
Bizə də sonda Allah dahi bəstəkarımıza qəni-qəni rəhmət eləsin demək qalır.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)