Azərbaycanda 1,4 milyona yaxın sahibkar var. Amma…

Sosializmdən kapitalizmə keçid ölkəmizdə yeni sosial təbəqə yaratdı. Fəhlə-kəndli-ziyalı-nomenklatura işçiləri hökuməti əvəzinə sahibkar-muzdlu işçi-dövlət qulluqçusu hökuməti quruldu. Növbəti xəbər sahibkarlar barədədir. Bu zümrənin sayı sizcə nə qədərdir? 

 

Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarların sayı 1,4 milyona yaxındır. Və bu rəqəmi biz Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevə istinadən gətiririk. Məmməd Musayev media açıqlamasında onu da qeyd edib ki, bu rəqəm ölkəmizdə biznes qurmaq, özəl sektorda çalışmaq istəyənlərin çox olduğunun göstəricisidir. Biznesin yaradılmasında maliyyə əlçatanlığı mühüm amillərdəndir. Hazırda Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 milyard manat təşkil edir, bu kreditlərin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür. 

Əslində, orta statistik dünya göstəricisinə yaxın bir göstəricidir və təqdirəlayiqdir. 

Məmməd Musayev bir də bunları söyləyib:

-Göründüyü kimi, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə verilən dövlət zəmanəti mexanizmləri, faizlərin subsidiyalaşdırılması sahibkarların maliyyə əlçatanlığı üçün ən yaxşı alətlərdən biridir. Bu alətlər haqqında sahibkarların məlumatlılığını artırmaq, həmçinin mexanizmin gələcəkdə təkmilləşdirilməsinə ehtiyac var”.

Amma gəlin razılaşaq ki, ölkədə bank krediti faizləri çox yüksəkdir. Bu rəqəmlər bir qədər aşağı salınsa, onda kiçik və orta biznes xeyli çiçəklənər.

1,4 milyondan biri olan, yəni sahibkar kimi qeydiyyatdan keçən, VÖEN-i olan bərbər Z. Elyazov portalımızın sorğusuna cavab olaraq bildirir ki, 12 kvadrat metrlik bir yeri icarəyə götürərək salon açıb. Köhnə avadanlıqlar quraraq orada çörək-pulu qazanır. Amma bu avadanlıqları yeniləmək, müasirləşdirmək üçün maliyyə tapa bilmir. Kredit faizi isə hədsiz yüksəkdir. 14 faiz heç bilirsiniz nə deməkdir? Hələ bu minimal göstəricidir. 18, hətta 22 faizdən dəm vuran banklar var. Z.Eyvazov nə etməli olduğunu bilmir.

Gəlin ümid edək ki, hər şey yaxşılığa doğru bir az da dəyişəcək!

Şəkildə: M.Musayev açıqlama verərkən.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.