Tamaşalar Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə təqdim olunub
Sankt-Peterburqun dünya şöhrətli Mariinski Teatrının yeni səhnəsində teatrın Primorski filialının balet truppasının növbəti qış qastrol proqramı çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə “ baletinin tamaşalarının təqdimatı böyük əks-səda yaradıb.
AzərTAC xəbər verir ki, tamaşalar Mariinski teatrının direktoru və bədii rəhbəri, görkəmli dirijor Valeriy Gergiyevin dəvəti ilə təşkil olunub. Fikrət Əmirovun möhtəşəm əsəri ilə bərabər Mariinski teatrının tarixi və yeni səhnələrində P. Çaykovskinin “Şelkunçik” və A.Adanın “Korsar” baletlərinin ifası balet musiqisinin böyük bayramına çevrilib. Bütün tamaşalar Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski teatrının baş baletmeysteri Eldar Əliyevin quruluşunda göstərilib.
Qastrolun ən yaddaqalan hadisələrindən biri kimi qeyd olunan “1001 gecə” baletinin bütün tamaşaları tam anşlaqla keçob və hər ifadan sonra tələbkar Sankt-Peterburq balet həvəskarları tərəfindən yarım saata qədər uzanan alqışlarla qarşılanıb. Tamaşalar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Mariinski Teatrın simfonik orkestri və xoru tərəfindən təqdim olunub. Baletdə baş rolları Sergey Umanets, Liliya Berejnova, Renata Şakirova, Arina Naqase, Viktor Mulıqin, Saki Nisida və Qulyelmo Junio böyük uğurla ifa ediblər.
Qeyd etmək lazımdır ki, baletimizin ifasında milli alətimiz olan tara və zərbə xüsusi yer ayrılıb. Tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Solo soprano bölümünü isə Anastasiya Kikot böyük məharətlə dinləyicilərə təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)