Türkiyədə baş vermiş dəhşətli zəlzələ bizi dünya malının ötəri olmasına, ölümün qaşla göz arasında qərarlaşmasına inandırdı. Həyət evlərinin qiyməti qalxdı, insanlar çoxmərtəbəli evlərdən həyət evlərinə və bağlara köçdülər. Burada da dağıdıcı zəlzələ olması proqnozları verən dəllallar peyda oldu. Amma zəlzələ bizə teoretik bilgilər verməlidir, bunu almağa necə, cəhd edənlər oldumu? Məsələn, “Ədəbiyyat və incəsənət” portalının bu yazını hazırlayan əməkdaşı olaraq mən öyrəndim ki, zəlzələ zamanı salamat qalmaq üçün qapı arakəsməsində dayanmaq köməyə gəlir. Və yaxud, xırda təkan olanda yaşayış yerini dərhal tərk etmək lazımdır, ardınca böyük təkan ola bilər. Ümumən isə, ayrıca “Zəlzələ zamanı davranış qaydaları” mövcuddur. Söhbətimiz də məhz bu qaydaların təbliği barədədir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən təhsil müəssisələrində “Zəlzələ zamanı davranış qaydaları”na həsr olunmuş maarifləndirmə tədbirlərinə start verilib. Məsələn, ötən gün
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Səmədzadə Bakı şəhəri 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi üçün “Zəlzələ, onun törədə biləcəyi fəsadlar və zəlzələ zamanı davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi daha sonra iştirakçıları maraqlandıran sualları da cavablandırıb.
Qeyd edək ki, RSXM tərəfindən “Zəlzələ zamanı davranış qaydaları”na həsr olunmuş silsilə xarakterli maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.
Amma bu qaydalar mediaya ötürülsə, bizcə daha düzgün olar, yüz minlər maariflənərlər. Kütləvilik daha effektlidir!
Şəkildə: Təqdimatdan kadr.
“Ədəbiyyat və incəsənət”
(02.03.2023)