Super User

Super User

Cümə axşamı, 29 Dekabr 2022 19:00

Gedin əlinizə xına qoyun, konsert baş tutmayacaq

Sosial media həqiqətən də günümüzün güzgüsüdür. Bu güzgüdə əyər-əskiklər elə tez görünür ki. Həm də çox aydın görünür. 

 

Təhqirə yol vermirik, olanı deyirik. Cinsini dəyişən, yüzlərlə kosmetik əməliyyatlar etdirən və hətta “Ədəbiyyat və incəsənət” olaraq bir yazıda onu görən uşağın da qorxub ağladığını qeyd etdiyimiz türk sənətçisi Bülənt Ərsoyun dekabrın 31-də Bakıda konsert verəcəyi xəbəri sosial mediada top-tüfənglə qarşılanmışdı. Bu şəxsi pul töküb Bakıya gətirənlər olmayan söyüşlərə məruz qalmışdılar. 

Deyəsən ahlar ünvanını tapdı. Konsert baş tutmayacaq. Təşkilatçılar konsertin təxirə salınması barədə elan veriblər.  Buna səbəb kimi tədbirin keçiriləcəyi məkanın sənədlərinin qaydasında olmamasını söyləyiblər. Konsertin nə zaman baş tutacağının isə hələlik bəlli olmadığını bildiriblər.

Bizsə düşünürük ki, Bülənt Ərsoy şəxsiyyətini görməyə heç kəs bir ətək pul töküb gəlmək istəməyib, səbəb yalnız bu ola bilər. Həqiqətən də sənətçini sevən fanatları isə qoy sevdiklərini YouTube platformaaından və Türkiyənin maqazin proqramlarından izləməkdə davam etsinlər.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Cümə axşamı, 29 Dekabr 2022 18:30

Veronika bu dəfə Bakıda ölməyə qərar verəcək

 

Qarşıdan gələn 2023-cü ildə bakılıları maraqlı bir teatr premyerası gözləyir. Fevralın 19-da Heydər Əliyev Sarayında “Nataliya Başevanın teatr emalatxanası”- Kamera Dram Teatrının “Veronika ölməyə qərar verir” tamaşası nümayiş ediləcək. 

 

Yəqin ki, tamaşanın adı sizə tanış gəldi. Sözüdedən tamaşa braziliyalı yazıçı Paulo Koelyonun eyniadlı romanı əsasında hazırlanıb.

"Veronika ölməyə qərar verir" tamaşası gözəl və ruhlandırıcı, parlaq şəkildə işlənmiş və ironik metaforalardan ibarətdir. Bu, yaşadığımız həyatı bir möcüzə kimi görməyə çağıran və ölümə cavab olaraq yaşamaq yanğısından bəhs edən real bir hekayədir.

Qeyd edək ki, səhnə əsərinin bədii rəhbəri Nataliya Başeva, musiqi tərtibatçısı Boris Qrebenşikovdur.

Bir sözlə, teatrsevərlər zövq alacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

 

Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Gücümüz həmrəyliyimizdədir” adlı Yeni il konserti təşkil olunub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsert Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin dəstəyi ilə reallaşıb.

 

Tədbirin keçirildiyi Akaki adına Aktyorlar Evinin səhnəsi Azərbaycanın və Gürcüstanın Dövlət bayraqları, Azərbaycan xalçaları və digər sənət nümunələri ilə bəzədilmişdi.

Konsert proqramı gürcü müğənnilərinin “Ay Laçın” mahnısı ilə açılıb.

Muzeyin əməkdaşı Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, bu əlamətdar bayramın əhəmiyyətini qeyd edib.

Sonra sevilən gürcü müğənni Dito Kisişvili, aşıq Nargilə Mehdiyeva, Azərbaycanın Əməkdar artistləri Nərgiz Əliyeva və Fəridə Məlikova, azərbaycanlı və gürcü müğənnilər, "Ceyran" və "Melitassy" rəqs ansamblları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsert çərçivəsində 2022-ci ildə Azərbaycan Mədəniyyəti Muzeyinin fəaliyyətini işıqlandıran, eləcə də Azərbaycan –Gürcüstan dostluq əlaqələrinin inkişafında fərqlənən jurnalistlər mükafatlandırılıblar.

Mükafat alan jurnalistlər sırasında AZƏRTAC-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov da var.

Konsert gənc tarzən Ramin Pirməmmədovun Azərbaycan “Qurban olum Azərbaycan” mahnısı ilə başa çatıb.

Konsertdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Bugünkü ədəbi tənqid ədəbi prosesə nüfuz edə bilirmi? Ədəbi tənqidin ədəbiyyatımızın inkişafındakı rolu nədən ibarətdir? Bu və ya digər suallarla “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı İntiqam Yaşarın müarciətinə tanınmış tənqidçi Cavanşir Yusiflinin verdiyi cavabları diqqətinizə çatdırırıq.

 

 

 

Tənqidçiyə verilən ilk sual adətən bu sayaq olur: bugunkü ədəbi tənqidin durumunu necə qiymətləndirirsiniz.

 

Adətən, bu tipli sualları tez-tez verirlər. Ona görə tez-yez verirlər ki, bu, ümumi səciyyəli bir sualdır. On il bundan əvvəlki qəzet və jurnallara nəzər yetirilsə, görərik ki,  bu, tənqidçilərə ən çox verilən sualdı. Mən birbaşa cavab verim ki, ədəbi tənqidin durumu elə ədəbiyyatın öz durumu kimidir. Konkret olaraq onu deyə bilərəm ki, bizdə ədəbi prosesdə ədəbi tənqidin yeri haqqında ən müxtəlif fikirlər, rəylər, mülahizələr var. Amma, aydın məsələdir ki, konkret yaradıcılıqda, praktikada sən gərək, öz mövqeyini təsdiqləyəsən və onunla ədəbi prosesə yeni mesaj verəsən. Məsələn, bir çox insanların fikrincə, ədəbi tənqidçi yazarla müqayisədə ikinci dərəcəli bir fiqurdur. Amma, bir şeyi unutmayaq ki, tənqid söz haqqında sözdür. Tənqidçi yazarla müqayisədə heç də ikinci dərəcəli fiqur deyil. Adətən, bunun əksini deyənlər fikirlərini assosiativ müqayisələrlə əsaslandırırlar ki, filan şey birincidir, filan şey ikincidir. Zorla tənqidi də o sıraya pərçim edirlər. Əslində tənqid necə olmalıdır?  Bu, indi sənin sualından sonra bəlkə məntiqi şəkildə doğacaq bir sualdı. Bizim cəmiyyətdə hələ o yoxdur. Hələ bizim ədəbi prosesdə onun yalnız sönük işarələri var.  Tənqidçi elə olmamalıdır ki,  kiminsə istəyi ilə sifarişli yazı yazsın. Tənqid birinci növbədə seçim deməkdir. Yəni mənim seçimim varsa, mən ayırd eləyə bilirəmsə zövq aləmində yaxşı nədir, pis nədir,  deməli, mənim seçimim var. Yerdə qalanlar bu seçimə uyğun hərəkət eləməlidirlər.  Mənim də birinci vəzifəm həmin bədii mətni əhatəli şəkildə, estetik baxımdan, poetika baxımından təhlil eləməkdi. Əks təqdirdə tənqid tərif yığnağından ibarət olur və  öz adının əleyhinə çıxır. Çox təssüf ki, indi mənim həsədlə dediyim o cəhətlər bizim ədəbi tənqiddə yoxdur. Çünki, bu, həm vicdan məsələsidir, həm də ki, uzun bir prosesin nəticəsində formalaşacaq bir işdir.
Yəni, insanın həvəsi gələr, yüzlərlə nəzəri, praktiki  kitab oxuyar. Amma, müəyyən kriteriyalar var ki, onları kitablar vermir, insanın daxilindən gəlir. İnsan daxilindən gələn səsə qulaq asmağa öyrəşərsə, buna vərdiş edərsə, ondan yazıçı olar, ondan şair olar, ondan tənqidçi olar. O səsi batırmaqla məşğul olarsa, inandırım səni, ondan heç nə çıxmaz.

 

 

Bu gün ədəbi tənqidə axın nəzərə çarpacaq səviyyədə deyil, dramaturgiya və ədəbi tənqidə axın niyə azalıb.
Ümumiyyətlə, mən sənə bir şey deyim. Bizim ədəbiyyat adamları, yazı-pozu ilə məşğul olan adamlar ümumi baxışı nəzərə alsan, görəcəksən ki, sanki, bu cəmiyyətdə gedən proseslərdən bir az kənardadırlar.  Hətta onları bir az kənarda saxlamağa çalışan qüvvələr var. Dramaturgiyadan danışaq, məsələn, teatrlar yaxşı işləyirdi. İndi yaxşı dramaturqlar barmaqla sayılacaq qədər azdı. Yaxşı teatr rejissorlarımız da həmçinin. Həm də səviyyə ortadan aşağıdır. Amma, ədəbi tənqidçilərin sayı əvvəlcədən az olub. Çünki, bu elə bir sənətdir ki, elə teatr sənəti kimi sintezi xoşlayır. Özündə bir çox bacarığı birləşdirməlidir. Yəni, müəyyən formulları, qəlibləri bilmək tənqidçi, dramaturq, rejissor olmağa bəs eləmir. Görürsən, rejissor mizan verir. Bu zaman bayaq dediyim kimi, o öz seçimi ilə, zövqü ilə razılaşır. Burda həmin yaşa qədər əldə etdiyi biliklər də zəmin rolunu oynayır. Bilik insanın daxilində bayaq dediyim o səslə qarşılıqlı münasibətdə olmalıdır. Bunlar olmayandan sonra tənqidçi olmayacaq və rejissor da olmayacaq. Ümumi səciyyəli adamlar olacaq ki, yəni, bunlara eyni zamanda bütün adları vermək olar. Bir sənətin sahibi olmaq üçün orda özünü son damlasına qədər əridə bilməlisən. Əridə bilməlisən ki, səndən yaxşı bir mütəxəssis olsun. Kitablar oxuyandan sonra, mütaliə eləyəndən sonra və dünyanı dərk eləyəndən sonra sən artıq çevrilib başqa bir adam olursan. Göründüyü kimi, bu, mən dedyimdən də ciddi bir prosesdir.

 

 

Ədəbi tənqid ali məktəblərdə tədris olunur, bu fənnin tədrisi  qənaətbəxşdirmi, bəlkə ədəbi tənqiddən qaçmanın səbəblərini elə ali məktəblərdəki ədəbi tənqid dərslərində axtarmaq lazımdı.
Universitetdə sovet dövründən bu yana qədər həmişə filologiya fakültəsində tənqid kursları olurdu. Orda ixtisas seçmə mərhələsi var. Ədəbi tənqid də o ixtisaslardan biridir. İndiyə qədər də orda ən görkəmli alimlər dərs deyirlər. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində də müxtəlif fənnlərdən, o cümlədən, ədəbi tənqiddən mühazirələr oxunurdu. Bunun azlığı, çoxluğu heç nəyə dəlalət eləmir. Tənqidçi iki nəfər, üç nəfər də ola bilər. O iki-üç  nəfər nəhəng işlər görə bilər. Məsələ miqdarda deyil, məsələ prinsipdədir. Həmin prinsiplər bizdə yoxdur.

 

 

Ədəbi tənqid sahəsinə aid dərsliklər qənaətbəxş hesab oluna bilərmi, müstəqillik dövründə ədəbi tənqidə aid yazılan əsərlərlə sovet dövründə yazılanları kəmiyyət və keyfiyyət baxımından necə müqayisə etmək olar.
Biz hər şeyi çox vaxt sovet dövrüylə müqayisə etməyə öyrəşmişik. Əslində bir şeyin normallığını, anormallığını üzə çıxarmaq üçün konkret bir əsəri onun standart halı ilə müqayisə eləyirlər. O standart isə təəssüf ki, hələ də bizdə yoxdur. İndi müxtəlif alimlər ədəbi tənqid, bədii tərcümə və s. ilə əlaqədar dərsliklər yazıb hazırlayırlar. Bunlar da ali məktəblərdə tədris olunur. Mənim müşahidə elədiyim cəhət budur ki, məsələn, adını çəkdiyimiz Yaradıcılıq fakültəsində 30 nəfər vardısa, Allaha çox şükür ki, bunların arasından ildə bir-iki nəfər imza çıxırdı. Bütün dava həmin imzalar üstündəydi. Yəni, sən gəlib bütün bu nəzəri məsələləri gözəl öyrənərsən, amma, səndən yazıçı olmaz. Mən dərs dediyim yerdən Mübariz Örən imzalı gözəl bir nasir yetişib. Onun bir neçə hekayəsi çıxıb. Onun haqqında vaxtında “Kitabçı” jurnalında da yazmışam. Yeri gəlmişkən deyim, bizdə bir pis tendensiya var, tutaq ki, vaxtaşırı olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu oqanlarını kəskin tənqid edirlər. Amma ortada, həmin o qızğın prosesin içərisində “Kitabçı” kimi bir jurnal çıxır. Biz öyrəşmişik ki, xoşumuza gəlməyən nəyisə amansıız şəkildə tənqid edək, amma yaxşı olan şeyi də gözümüzdən yayındıraq. Yəni, yaxşı şeyi görməzliyə vurmaq bizdə xarakterin bir komponentinə çevrilib. Bu isə faciə deməkdir.

Elə təəssürat yaranır ki, bəzən  bugünkü ədəbi tənqid axtarışda deyil, sanki, bir növ, ədəbi tənqidə təsadüflər nəticəsində tuş olan əsərlərdən yazılır.
Bayaq dediyim kimi, insan əgər ədəbi tənqidçidirsə, öz predmetini, onun mənəvi tərəfini yaxşı bilmirsə elə sən dediyin mənzərə hər addımda boylanacaq, hər addımda peyda olacaq. Onu doğru deyirsən, məsələn, ədəbi tənqid hər şeyi əlinin altında axtarır. Yəni, gözüylə, hissiyyat orqanları ilə uzaq məsafələrə baxmağa darıxır, səbri çatmır. Bir növ, müəyyən əsərləri tənqidçinin əlinin altına sürüşdürürlər,  hər yer sürüşkəndi, indi bildiyimiz kimi. Tənqidçi də başlayır ondan yazmağa. Artıq, bu bədii tərcümədə də belədir.  Tərcüməçi əsəri bir dəfə oxumadan, beş dəfə oxumadan oturur tərcümə eləməyə. Tənqidçi də əlinin altına sürüşdürülənə baxa-baxa başlayır mətn haqqında yazmağa. Bəzən heç mətni oxumadan yazanlar var.

 

 

Bu sahədə nələrin edilməsinə zərurət var, əgər, bu gün o addımlar atılmasa sabah Azərbaycan ədəbiyyatı hansı fəsadlarla üzləşə bilər?
Bu sahədə vicdanlı olmağa ehtiyac var. Mənim bir etiqadım, inamım var ki, mən işdən də çıxa bilərəm, çörəksiz, susuz da qala bilərəm. Ruzini bilirik ki, Allah yetirir. Hər kəsin evində bir baca var ki, görürsən, o bacadan ruzin gəldi və sən də onu götürüb ləzzətlə, ah çəkə-çəkə yeyirsən. Dediyim kimi, tənqidin problemləri mənəvi problemlərdi, vicdan problemləridir. İnsanlar bildiklərindən çox bilmədiklərini yazır, tanımadıqları dənizlərdə çimməyi daha çox xoşlayırlar və anlamırlar ki, bir gün həmin dənizdə boğula bilərlər. 

 

 

Son zamanlar gənclərin ədəbi tənqidə axınında müəyyən boşluqlar nəzərə çarpır. \

 

Ədəbi tənqiddə insanlardan tələb etmək olmaz ki, sən ədəbi tənqidə gəl. Özü də axın şəklində. Heç bu lazım da deyil. Yəni, bu elə bir spesifik sənətdir ki, insanın oraya yolu düşməlidir. Bu sahə ədəbiyyat haqqında mükəmməl anlayış tələb edir. Orda şagirdlik yoxdur.  Tənqid say etibarı ilə az adamın olmasını tələb edir.

 

 

Tənqidi bir yazı hazırlayarkən çox zaman tənqidçilər, əsərin keyfiyyətindən, ideya-məzmun xüsusiyyətlərindən daha çox yazıçının çəkisinə və vəzifəsinə üstünlük verirlər. Bir növ, imzanın sözünə yox, sözün imzasına diqqət yetirilər. Ədəbiyyatı bu cür xəstəliklərdən sağaltmaq üçün nə etməliyik.

 

Bu, ümumi bir xəstəlikdir ki, hələ bir neçə il bundan əvvəl bu daha pis şəkildə idi. Zəif əsəri tənqid eləmək çox asan  bir şeydir. Məziyyəti olan əsərlər haqqında tənqidi yazmaq, həm də, gözəl təriflər yazmaq dərin bilik tələb edir. Ona görə sən beş-on dəfə oxumaq istəyirsən bu əsəri. Bezmirsən, çalışırsan ki, onun içərisindən nüvəsini tapasan. Çünki, bədii əsərdə nüvəni tapmaq çox çətindir.

 

 

“Hər bir əsər məhz güclü bir tənqiddən sonra tanınır”-deyə ədəbiyyatda geniş yayılmış bir fikir var. Amma, çox zaman bunun əksini müşahidə etmək olur. Əsər çap olunan kimi tezliklə tanınır və təkrar-təkrar çap olunur. Sadaladığımız yanaşmalardan hansı daha doğrudur.

 

Hər ikisi doğrudur. Məsələn, bizdən fərqli olaraq Avropada artıq ədəbi prosesin inkişafı qanunauyğunluqları müəyyən kommersiya əsasları üzərindədir. Göründüyü kimi, dünyada  elə müəlliflər var, ildə  beş-altı kitabı çıxır və xeyli pullar qazanırlar. Bunların bəzən heç tənqidə də ehtiyacları yoxdur. Həm də o mətnlər özləri orta statistik səviyyədə olur.  Bizdə Mübariz Cəfərli imzalı bir yazıçı var. İyirmi ildir ki fəaliyyət göstərirdi və çox az tanınırdı. Onun birdən-birə üç-beş il ərzində “Bənna”, “Bərpaçı”  və “Bağban”  romanları çıxdı. Bunlar mükəmməl romanlardır. Mən onların haqqında yazdım. Mənə qədər heç kəs yazmırdı. Məndən sonra bunun haqqında yazmağa başladılar. Bunu ona görə misal gətirdim ki, görsünlər, tənqid necə həlledici rol oynaya bilər. Həm müəllifin özünə necə təsir eləyə bilər və müəllif birdən-birə görə bilər ki, heç də o, deyilən kimi itib-batan biri deyil. Gözəl şeyləri yazmaq lazımdır.

 

 

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Cümə axşamı, 29 Dekabr 2022 18:00

Uşaqlardan imtina olunma faizi niyə artır?

 

 

Bəli, çox təəssüf ki, ölkədə valideyin himayəsindən məhrum olan uşaqların sayı sürətlə artır. Bura valideynin itirilməsi, öcladlıqdan məhrumedilmə, boşanma fəsadları kimi faktorlar daxildir. 

Amma yaxşıdır ki, ölkəmizdə uşaqların övladlığa götürülməsi də diqqət mərkəzindədir. Bunun üçün  2019-cu il noyabrın 1-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayrıca bu prosesi idarə edir. 

 

Gəlin rəqəmlərə diqqət edək. 2020-ci ildə uşaq övladlığa götürmə ilə bağlı 157, 2021-ci ildə 378, 2022-ci ildə isə 364 müraciət daxil olub. Həmin dövrdə ümumilikdə 899 müraciət daxil olub. Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə nazirliyə həvalə olunduqdan sonra 355 uşaq valideyn himayəsinə verilib. Onlardan 179-u oğlan, 176-sı qız uşaqlarıdır. Uşaqlardan 207–si bu il övladlığa verilib. 

Görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb. Onlardan 94-ü qız, 146-sı oğlandır. Təkcə bu il ərzində 109 uşaq reinteqrasiya edilib. Bu il noyabrın 1-dən sonra 9-u oğlan, 9-u qız olmaqla 18 uşaq valideyn himayəsindən məhrum olan uşaqlar üçün müəssisəyə yerləşdirilib. Hazırda həmin müəssisələrdə 1563 uşaq var. Övladlığa verilməsi mümkün olmayan uşaqların sayı isə 66 nəfər təşkil edir. 

Ümumiyyətlə, bu il sosial layihələr çərçivəsində 25 rayon və şəhəri əhatə edən sosial reabilitasiya mərkəzlərində 2500 nəfər 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, günərzi qayğı mərkəzlərində isə 1350 şəxsə xidmət göstərilib.

Nə deyə bilərik. Dünyada ən şirin nemət övladdır. Övladdan imtina edən valideyinlərə heç bir şey haqq qazandıra bilməz. 

 

(Qeyd: Rəqəmlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransından götürülmüşdür).

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Cümə axşamı, 29 Dekabr 2022 16:30

Moskvada azərbaycanlı rəssamın sərgisi açılıb

 

Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dastanı” adlı sərgisi açılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, XTNS-nin “Azərbaycan” pavilyonunun rəhbərliyi tərəfindən təşkil edilmiş sərgidə milli koloritli natürmortlar, portretlər və Moskva vilayətinin peyzajları nümayiş etdirilir. 

Pavilyonun direktoru Səadət Qədirova sərginin əhəmiyyəti barədə söhbət açaraq deyib: “Bugünkü sərgi xüsusi əhəmiyyətə malikdir, çünki o, nara həsr edilib. İstedadlı rəssam Əsgər Məmmədovun maraqlı taleyi var. Bildiyimiz kimi, həyatın sınaqları ilə üzləşdiyi insanlar istedadlı olur. Biz “Azərbaycan” pavilyonunda Əsgər Məmmədovun nara həsr edilmiş sərgisini açırıq. Nar bərəkət və sərvət rəmzidir. Mənim fikrimcə, nar dənələrinin bir-birinə bağlılığı biz azərbaycanlıların hamısı üçün birlik rəmzidir”. 

Rəssam Əsgər Məmmədov Qarabağda keçmiş uşaqlıq illərini xatırlayaraq qeyd edib ki, simvolizm baxımından nar azərbaycanlıların həyat tərzini ifadə edir. O deyib: “Buna görə də yaradıcı fəalliyyətimin son illərini nara həsr etmişəm”.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Cümə axşamı, 29 Dekabr 2022 20:00

Baxçasaray - iki ilanın döyüşdüyü yer

 

Aida Eyvazlı ilə Türk ellərinə səyahət davam edir. Bu dəfə yolumuz Baxçasarayadır. Çox şükür ki, bu yurdun adı indiyənədək dəyişdirilməyib və Krımın qədim rus torpağı olduğunu iddia edənlərlə Krımın türk torpağı olduğunu iddia edənlərin çarpışmasında bu ad bir arbitrdir. 

 

Krımın tarixindən danışanda ilk əvvəl,  xan sarayı Baxçasarayı da yada salmaq lazımdır. Çünki Gəray xan sülaləsi öz taxt -tacını  bu sarayda qurub.  Səyahət xatirələrimizi bu tarixlə başlamaq həm də ona görə lazımdır ki, həmin yerlərin türk torpaqları olmasını unutmayaq! Xan sarayı Sahib I Gəray tərəfindən tikilib. Belə rəvayət edirlər ki, Xan bir dəfə ova çıxarkən burada Çuruk su çayının sahilində iki qara ilanın döyüşünü seyr edir. Hər iki ilan - biri o birini məğlub edənə qədər döyüşürlər və qalib gələn ilan taqətdən düşərək halsız şəkildə  yerdə uzanılı qalır. Bir qədər keçəndən sonra o, çayın soyuq sularına baş vuraraq, yenə sap-sağlam quruya çıxır. Sahib I Gəray bunu xoş bir hadisənin başlanğıcı kimi dəyərləndirir.  İki ilanın döyüşdüyü yerdə yeni  Krım xanlığının paytaxtının təməlini qoydurur. Belə hesab edir ki, o, bu çayın sahilində hər zaman qalib olacaq.  

Uzun zaman İstanbulda yaşayan Sahib I Gəray xan burada İstanbul xanlarının sarayından geri qalmayan bir  saray tikdirməyi qərara alır. 1532-ci ildə inşasına başlanan sarayın tikintisi 1551-ci ildə başa çatır. 21 il ərzində Dövlət I Gəray  “Xan türbəsi”ni tikdirir, Qaplan I Gəray isə buraya Qızıl bulağı əlavə etdirir. Krım Gərayın vaxtında isə bu sarayda “Göz yaşı fontanı”  tikilir. 

1736-cı ildə Rusiya ilə başlanan müharibədə Xan sarayı yandırılır, bir neçə il keçəndən sonra  Salamat Gəray tərəfindən yenidən bərpa olunur. Öz vaxtında xan sarayında 150-yə qədər su fontanı olub. Bu fontanların hər biri bir hadisəni, kiminsə doğuluşunu, toyunu, qələbəsini və digər tarixi hadisələri özundə əks etdirib. Baxçasarayda həm də  “Xan məzarlığı” var. Bu məzarlıqda Gəray xanlığı sülaləsinin xanları dəfn olunub. Onların ərəb əlifbası ilə bəzədilmiş baş daşları o tarixdən bir nişanədir.

Bu gün Baxçasaraydakı Xan sarayı həm də turistləri və qonaqları qəbul edən bir guşədir. Burada fəaliyyət göstərən yeməkxanalarda, muzeylərdə krım tatarlarının dadlı və rəngarəng mətbəxinin təamları  ilə, musiqilər və gözəl , həzin ifalarla , krımlı sənətkarların əl işləri ilə tanış ola bilərsiniz.

Məşhur türk səyyahı Övliya Çələbi Baxçasarayı belə təsvir edirdi: “ Möhtəşəm sarayda  4500 otaq var. Evlərin damları kərpiclə örtülüb, daş divarlardan istilik boruları çıxır, dəmirdən olan darvazaları çox gözəldir... Sarayın 4 tərəfində belə darvazalar var.  Dörd tərəfi də cənnət bağları ilə əhatə olunub. Ona görə də bu yeri Baxçasaray adlandırırlar”.

                                         **

Çox əfsuslar olsun ki,  2014-cü ilin mart ayının 14-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin sərəncamı ilə Krımda qondarma referendum keçirildi və yalançı statistik göstəricilərlə guya rusların bu torpaqlarda çoxluq təşkil etdiyi yazıldı. O gündən etibarən krlm tatarları yenə də Krımda hüquqsuz və sahibsiz vətəndaşa çevrildilər.  Rusiyanın Ukrayna ilə  başladığı dağıdıcı müharibənin əsası, elə Krım yenidən Rusların əlinə keçəndən sonra qoyuldu. Bu gün isə Krımda nə təbiətin gözəlliyi gözə görünür, nə də ki, tarixi abidələrin bundan sonra qalacağına kimsə zəmanət verə bilir. Krım yenə əldən gedib.

İnanaq ki, müvəqqəti.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Cümə axşamı, 29 Dekabr 2022 13:50

Bu gün “ASAN xidmət” 10 yaşını qeyd edir

 

Bu gün işlərimizi asanlaşdıran “ASAN xidmət” işçilərinin peşə bayramıdır.

Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.

 

On il əvvəl fəaliyyətə başlayan “ASAN xidmət” ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə səbəb olub. İlkin mərhələdə bu konsepsiya ölkə daxilində vətəndaş-dövlət qurumu münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasını nəzərdə tuturdusa, indi o, ölkə hüdudlarından kənarda da uğurla tətbiq olunur.

Bir məkanda bir neçə məsələnin həll edilməsi, əlavə xərcə düşməmək, vaxt itkisinin minimuma endirilməsi “ASAN xidmət”i fərqləndirən ən başlıca xüsusiyyətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu xidmətin uğur qazanmasının əsas sirlərindən biri milli cəmiyyətin xüsusiyyətlərinin nəzərə alınmasıdır. Burada xüsusi fəaliyyət normaları tətbiq olunur. “ASAN xidmət” dünyada bu qəbildən olan yeganə strukturdur və milli intellektual brenddir.

Bu il “ASAN xidmət” mərkəzləri fəaliyyətini uğurla davam etdirib və xidmət şəbəkəsini genişləndirib. Hazırda ölkəmizdə 24 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı,Tovuz, Ağcabədi, Kürdəmir və Balakəndədir. 

Prezident İlham Əliyevin sərəncamları ilə “ASAN xidmət”in funksiyaları ilbəil genişləndirilir. “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən xidmətlərin təqdim olunduğu “ASAN Kommunal”, eləcə də “ASAN Viza”, “ABAD” mərkəzləri bu sıradandır.

2019-cu ilin may ayında “ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqin əsas məqsədi vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və “ASAN xidmət” mərkəzlərinin idarəedilməsində effektivliyi artırmaqdır.

“ASAN xidmət”in işçi heyətinin əksəriyyəti gənclərdən ibarətdir və fəaliyyət göstərdiyi on il ərzində minlərlə könüllü bu konsepsiyanın ayrılmaz hissəsinə çevrilib. Hazırda 30 mindən çox könüllü “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir. Bu günə kimi könüllülər tərəfindən 3 000-dən çox təlim, 700-dən çox layihə həyata keçirilib və 2700-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Mərkəzlərdə dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox müxtəlif xidmət göstərilir. İndiyədək “ASAN xidmət” mərkəzlərində 50 milyondan çox müraciət qeydə alınıb. 

“ASAN xidmət” işçilərini təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Cümə axşamı, 29 Dekabr 2022 15:30

Türkiyəli aktyor siyahıda 1-ci oldu

Türkiyəli aktyor Can Yaman "IMDb Starmetre"də (kinematoqraf haqqında dünyada mövcud olan ən nəhəng göstəricilər bazası) ilk sırada yer alıb.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, siyahıda ikinci yerdə isə "Sen çal kapımı" serialında birgə rol alan Kərəm Bürsinlə keçmiş sevgilisi aktrisa Hande Erçel qərarlaşıb.

İlk onluqda Demet Özdəmir, Kıvanç Tatlıtuğ, Tuba Büyüküstün, Hazar Ergüçlü, Pınar Dəniz, Hazal Kaya və Ayça Ayşin Turan kimi məşhur aktyorlar da var.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Cümə axşamı, 29 Dekabr 2022 16:00

“Ay sizi xoş gördük, Fantomas məllim”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

MƏMMƏDSADIQ NURİYEV

(1919-1975)

***

Kinorejissor Arif Babayev məni “Uşaqlığın son gecəsi” filminə Davud roluna çəkəndən sonra küçədə-bayırda uşaqlar, cavanlar məni görən kimi “Fantomas” deyirdilər. Buna artıq öyrəşmişdim.

Bir dəfə Bayıl tərəfə getmək üçün MUM (mərkəzi univermaq) tərəfdə avtobusa mindim. Ön qapıdan qalxdığım üçün sürücü məni görəndə sevincək:

– Ay sizi xoş gördük, Fantomas məllim. Nə var nə yox? – deyib, xəbər aldı. Alışqan idim, dilucu təşəkkür etdim:

– Xoş gününü görək. Sağlıqdır, çox sağ ol, – deyib, arxaya çəkildim.

Məni gərən kimi avtobusa pıçhapıç düşdü. Bir qədər basabas idi.  “Azneft” meydanına çatanda yaşlı bir qadın əlini mehribanlıqla çiynimə toxundurub:

– Fantomas, oğlum, yol ver düşüm, – dedi.

Geri çəkilib qadına yol verdim. Sonra özüm də avtobusdan düşüb Bayıla qədər piyada getdim. Özü-özümə fikirləşirdim: “Məncə elə sənətə verilən dəyər budur…”  

 

 

 “Ədəbiyyat və incəsənət”

(29.12.2022)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.