Super User

Super User

Təbiəti qorumaq hər kəsin borcudur, bu bir mədəniyyətdir. Amma çox təəssüf ki, bəzən  bu mədəniyyəti gödəniyyətə qurban verənlər də tapılır. 

 

Kriminal xronikada brokonyerlik fəaliyyəti də ara-sıra yer almaqdadır. Ötən gün Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Və araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Hünər Salamov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. 

Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Sabirabad rayon sakinləri Səlvər Mirəliyev, Yaşar Əsədov, Cəlilabad rayon sakinləri Samir Əsgərov və Dadaş Kazımov da saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Ana təbiətə qəsd davam edir. Amma qanun qarşısında cavab vermək reallığı da mövcuddur.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 26 yanvar 2023-cü il tarixində saat 10:00-da Sabirabad şəhər Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95) Sabirabad, Şirvan şəhərlərindən və Saatlı, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

 

Vətəndaşlar 21 yanvar 2023-cü il tarixinə qədər Nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və  “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

 

Dünyaşöhrətli pianoçu, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin 75 illik yubileyi bu dəfə onun doğma ocağında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) təntənəli şəkildə qeyd olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yubilyara təbrik mətni, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunması barədə sərəncamı oxunduqdan sonra təbriklər səslənib.

Xalq artisti, professor Yeganə Axundova, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, prorektor Tahir Fərəcov, Xalq artisti Xuraman Qasımova, Xalq artisti Roza Cəlilova və Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov yubilyarı təbrik ediblər.

Sonra tədbirin musiqi hissəsi başlayıb. 

Akademiyanın Nəfəs və zərb alətləri kafedrasının tələbə orkestri (bədii rəhbər Əməkdar incəsənət xadimi Rüfət Axundzadə), Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestri, Xalq artisti Mənsum İbrahimov, yubilyarın piano sinfinin yetirmələri gözəl musiqi səsləndiriblər. 

Sonra səhnəyə dəvət olunan Yubilyar Azərbaycan Dövlət Akademik Filarmoniyasının müdiri Murad Adıgözəlzadə ilə birgə gözəl bir duet canlandırıblar.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

 

Məhz o dövrdə şair Əlizadə Nuri də ədəbiyyata gəlmişdi...

 

 

Sevilən şairimiz Əlizadə Nurinin bu gün 60 yaşı tamam olur. “Ədəbiyyat və incəsənət” portalı olaraq şairi səmimi qəlbdən təbrik edirik. Şair haqda ən gözəl sözü şair deməzmi? Şair İbrahim İlyaslının bu təbrik yazısını dərc etməklə oxucularımızı da təbrikə qoşuruq. 

 

 

 

Ədəbi camiəni nəsillər üzrə təsnif etmək yeni bir şey deyil. Bunu gərəksiz bilənlər də var. Amma buna alternativ olan bir fikir irəli sürən də yoxdur hələ ki. Görünür, bu təsnifat ədəbi prosesin müəyyən dövrlərini ayrıca öyrənmək ehtiyacından irəli gəlir. Həm də, axı zaman elə bir məfhumdur ki, bütün ədəbi əsərlərə öz möhürünü vurur, öz damğasını basır. Mənimlə eyni ədəbi nəslin, səksənincilər ədəbi nəslinin nümayəndəsi olan dəyərli qələm dostum, tanınmış şairimiz Əlizadə Nurinin 60 illik yubileyi münasibətilə qələmə aldığım bu yazını da elə ordan başlamaq istəyirəm.

Bizim ədəbiyyata gəlmək üzrə olduğumuz 80-ci illərin sonlarını xatırlayıram. Postsovet məkanında "aşkarlıq və yenidənqurma" dalğası ədəbiyyatda anlaşılmaz bir halə yaratmışdı. Yazarlarımız əvvəlcə bu dalğanı alqışlayan müsahibələr verməyə başlamışdı, qismən cəsarətli əsərlər yazılmaqdaydı. Mühit siyasiləşmiş, milliyyətçi düşüncə qabarmış, yazıçı və şairlərimiz inqilabçılara, tərəddüd edənlərə və kommunist olaraq qalanlara bölünmüşdü. Qarşıda millətimizi gözləyən faciələrdən isə hələ xəbərsiz idik.

Ədəbi gənclik qaynar bir qazana düşmüşdü sanki. Bir yandan sovet rejiminin ədəbiyyat adamları, yazarlar üçün yaratdığı münbit şərait əldən çıxır, ədəbi qəzet və jurnallar maliyyə çətinliyi ucbatından fasilələrlə çıxır, kitabların nəşrinə yiyə durulmur, Əkrəm Əylislinin direktoru olduğu "Yazıçı" nəşriyyatı isə gənc şairlərin "papka"larını qoltuğuna verib yola salır, bir yandan da azadlığa təşnə olan ədəbi gənclik inqilabi ruhla yazıb-yaradır, sovet rejiminə öz etiraz səslərini ucaldırdı.

Bu məqamda ustad şairimiz Məmməd İsmayılın rəhbərlik etdiyi "Gənclik" Ədəbi Birliyi, tərtib etdiyi "Yaşıl budaqlar" almanaxı, daha sonra onun baş redaktoru olduğu "Gənclik" jurnalı bizi bu basqıların cəngindən alır, istedadlı gəncliyə yaşıl işıq yandırırdı. Bizim ədəbi nəsil belə qarmaqarışıq bir ictimai-siyasi mühitin övladı idi. 

 

Əlizadə Nuri yaşıdlarımızın içərisində həmən diqqət çəkən imzalardan, istedadı ilə fərqlənənlərdən idi. Poetik tapıntıları, orijinal bənzətmələri, şeirlərinin bədii yükü ilə ustad şairlərimizin də diqqətini çəkmişdi, haqqında ürək dolusu uğurlamalar yazılırdı. Müəyyən çətinliklərlə başa gəlsə də ilk kitabı nəşr olunmuşdu. Kitab ədəbi tənqid və oxucular tərəfindən maraqla qarşılanmışdı. Buna rəğmən Əlizadə ədəbi mühitdə özünəməxsus təmkinlə davranırdı.

Xalq yazıçısı Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondunun Yazıçılar İttifaqının Şüvəlandakı Yaradıcılıq Evində düzənlədiyi tədbirdə ölkənin gənc yazarları, gənc rəssam və heykəltəraşları, gənc rejissor və aktyorları, gənc müğənniləri, bir sözlə, bütün gənc sənətçilər bir araya gətirilmişdi. Üç gün orada yerləşəcək, müxtəlif ədəbi-bədii, musiqili tədbirlərə qatılacaq, ustad dərslərində iştirak edəcək, ilk dəfə təntənəli şəkildə Novruz bayramını qarşılayacaqdıq. Mərhum aktyorumuz Telman Adıgözəlov, gənc şairlər Əlizadə Nuri və mən bir odada qalırdıq. Bu cür ünsiyyət bizim daha yaxından tanış olmağımıza, bir-birimizin yazdıqlarına daha yaxından bələd olmağımıza vəsilə oldu. Tədbirlərdən sonra odalarda bir araya gəlir, ədəbi müzakirələr açır, mübahisələr edirdik. Hər ikimiz hecada yazsaq da ədəbiyyata fərqli baxış bucaqlarımız, fərqli özünüifadə tərzimiz, fərqli nəfəslərimiz var idi. Amma bu fərqlilik bizim dostluğumuza qətiyyən mane olmur, əksinə, bir-birimizi anlamağa çalışırdıq.

Şüvəlandan başlayan dostluğumuz öz axarı ilə bu günə kimi davam edir, bir-birimizi oxuyur və yazdıqlarımıza münasibət bildiririk. İndi əli 60-ın yaxasında olan şair Əlizadə Nuri tanınmış bir ədib olaraq ədəbiyyatdakı ömrünü şərəf və ləyaqətlə yaşayır. Sözə sədaqətlə qulluq edir. 

Mən həmişə düşünmüşəm ki, şairlik təkcə sənət, peşə deyil, həyat tərzidir, fərqli bir ömür yaşamaqdır. Ədibliyi həyat tərzinə çevirənlər ədəbiyyatda qalmaq haqqı qazanır. Əlizadə məhz həmin şairlərdəndir ki, ömrünü şairanə yaşayır və mənsub olduğu ədəbi nəslin öncüllərindən biri olaraq həmişə oxunacaq, seviləcək və təqdir olunacaq.  

Əlizadə Nurinin ən böyük göstəricilərindən biri çağdaş ədəbi prosesə təsir gücünün olmasında, gənc şairlərin onu ustad gözündə görmələrində, ədəbi tənqidin daim diqqətində olmasında və böyük bir oxucu auditoriyasına malik olmasındadır. Bir şairin 60 yaşda bundan artıq qazanacağı bir şey yoxdur, zatən.

Bu yazıda şair dostumun şeirlərini incələmək, onları təhlil etmək fikrindən tamamilə uzağam. Çünki bu işin öz peşəkarları var və əvvəldə də qeyd etdiyim kimi onlar Əlizadənin yaradıcılığını yetərincə incələyib, ədəbi uğurlarını təqdir edən ədəbi-tənqidi məqalələr yazıb, oxucuların ixtiyarına veriblər. Mən onun yaradıcılığına bütöv bir poeziya çələngi kimi baxıram, yazdıqlarını sevərək oxuduğumu, şəxsinə böyük sayqı duyduğumu diqqətə çatdırmaq istəyirəm.

Təbii ki, yazdıqlarımın hamısının arxasında Əlizadənin zəngin poeziyası və şəxsiyyəti dayanır. Onun yaradıcılığı bizim ədəbi nəslimizin və ədəbi əslimizin ən böyük göstəricilərindən biridir.   

Sonda dəyərli dostum, poeziyamıza həmişə üzağlığı, başucalığı gətirən böyük hərflərlə şair Əlizadə Nurini 60 illik yubileyi münasibətilə həm öz adımdan, həm də Azərbaycan Yazıçılar Birliyinin "Poeziya seksiyası" olaraq təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və davamlı yaradıcılıq uğurları diləyirəm!

 

“Ədəbiyyat və İncəsənət”

(28.12.2022)

Bakı Ali Neft Məktəbində “Global Olimpic Center”in təşkilatçılığı ilə ABŞ-nin Kopernik olimpiadasının riyaziyyat üzrə Azərbaycan mərhələsinin qalibləri mükafatlandırılıbar. 800-ə qədər şagird arasında təşkil edilən olimpiadada 386 nəfər qalib adını qazanıb.

 

BANM-də təşkil olunan mükafatlandırma mərasimi Azərbaycan Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə “Global Olimpic Center”in direktoru Xəyal İbrahimzadə tədbiri açıq elan edib. Sonra BANM-in rektoru Eldar Qasımov çıxış edib. Şagirdləri və valideynləri salamlayan rektor onları təbrik edib, uğurlar arzulayıb. Sonra Kopernik olimpiadasının direktor müavini Maria Pedro qonaqları Azərbaycan dilində salamlayaraq, maraqlı diskussiya aparıb. Ölkəmizdə ilk dəfə olan nümayəndə iştirakçılara qlobal turda uğurlar arzulayıb.

Çıxışlardan sonra mükafatlandırma mərasimi başlayıb. İlk olaraq qızıl medal qazananlara rektor Elmar Qasımov medallar təqdim edib. Gümüş və bürünc mükafatları isə qaliblərə dəvət olunmuş digər qonaqlar təqdim ediblər. Ümumilikdə mərasimdə 76 şagird qızıl, 108 şagird gümüş, 202 şagird bürünc medal, 114 nəfər isə həvəsləndirici sertifikat əldə edib.

Daha sonra fizika və astronomiya, təbiət elmləri üzrə qaliblərə mükafatları “Tərəqqi” medallı bioloq Camal Kərimov təqdim edib.

Qeyd edək ki, mükafatlandırılan fiziklər yanvarın 21-də ABŞ-də Rays Universitetində təşkil olunacaq qlobal turda ölkəmizi təmsil edəcəklər. Onlar eyni zamanda NASA-da olacaq, iş prosesi və raketlərlə tanış olacaqlar. Riyaziyyatçılar isə iyulun 10-da ABŞ-də Massaçusets Texnologiya İnstitutu (MIT) və Kolumbiya Universitetində təşkil olunacaq qlobal turda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, riyaziyyat üzrə finala vəsiqə qazananlar arasında dörd şagirdimiz 100 bal toplayaraq dünya reytinqində ən yüksək nəticə ilə final turuna vəsiqə qazanıb. Bunlar Bakı Avropa Liseyinin şagirdi Mehin Banu Məmmədli, “Oxbridge Academy”nin şagirdi Toğrul Məmmədli, 236 nömrəli məktəbin şagirdi Paşam Əlizadə, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Hüsna Məmmədlidir.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Çərşənbə, 28 Dekabr 2022 18:00

Dezdemonanı boğmaq istəyən tələbə

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

MEHDİ MƏMMƏDOV

(1918-1985)

***

Sovet teatrı Stanislavski məktəbi ilə formaşalmışdı. Yaşama sənəti teatrda aktyorların əsas vəzifəsi, rejissorların tələbi idi. Bir dəfə aşağı kurs aktyorluq fakültəsindən bir tələbə məşq otağında tək olduğumu görüb mənə yaxınlaşdı.

– Mehdi müəllim, axı mən oynadığım rolu yaşaya bilmirəm.

 Tələbəyə baxanda, doğrudan da onun həyəcan keçirdiyini gördüm.

– Necə yəni yaşaya bilmirsən? Yəni bunu necə izah edə bilərsən? –xəbər aldım.

– Mehdi müəllim, baxın, biz kurs imtahanı üçün “Otello”dan bir parça hazırlamışıq, Dezdemona ilə Otellonun dəsmal yerini. İndi məlum məsələdir ki, Otello Dezdemonaya qısqanır. Əgər söhbət mənim qısqanmağı yaşamağımdan gedirsə, mən Dezdemonanı boğaram.

Əlimi onun çiyninə qoyub gülümsündüm:

– Əzizim, – dedim, – sən boğmaq yerinə qədər hər şeyi necə lazımdırsa elə də yaşa, ancaq boğmaq yerində, bir az teatral yaşa, gerçəkdən boğma…

İmtahan çox uğurla keçdi, həmin tələbə yüksək qiymət aldı. Amma təəssüf ki, sənətin arxasınca getmədi…

 

  “Ədəbiyyat və incəsənət”

(28.12.2022)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalına Elvin Məmmədov danışır: 

-Adım Elvin Məmmədovdu. 1997-ci ildə Bakı şəhərində dünyaya gəlmişəm. 2004-2013-cü illərdə 299 nömrəli məktəb-liseyini bitirmişəm. 2013-2016-i illərdə Bakı qida sənayə kollecinin turizm fakultəsini qurtarmışam. 2007-ci ilin mart ayının 3-dən etibarən romanlarımı qələmə almağa başlamışam. “Marvel” “DC” və J.R.R Tolkenin “Orta Dünya” böyük kainatları ilə tanış olduqdan sonra böyük kainat yaratmağı qərara aldım. Bu hədəfdə Stel Linin və Jül Verni özümə müəllim sayaraq onların düşüncələri ilə getməyə çalışdım. Romanlarımın əsas dayağı elmi-fantastik janr oldu. Bu janrda romanlar  yazmağa və oxumağa başladım. 15 il ərzində 15 paralel kainat və 58 roman qələmə aldım. Hal-hazırda 15 paralel kainatda baş verən hadisələrdən bəhs edən romanımın üzərində işləyirəm. 2017-ci ildə çap edilən “Sonuncu əsrin hekayələri” hekayələr toplusunda və  2019-cu ildə “İki fəsilin hekayəsi” hekayələr toplasında “Tənhalığın tarixində” romanımın birinci bölümü çap edilib. 2020-ci ilin ortalarına qədər bir saytda romanlarımı hissə-hissə paylaşmışam. Maddi çatışmazlıqlar görə kitab çap etdirə bilməmişəm. Amma 2023-ci ilin ortalarında çap ediləcək kitabımla 15 ildə yaratdığım kainatı addım-addım oxucularla tanış etməyi düşünürəm.

 

(Növbəti buraxılışımızda Elvin Məmmədovun yaradıcılığı ilə sizləri tanış edəcəyik).

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Bakıda IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, uşaqlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhvali-ruhiyyəsi yaradıb, onlara sevinc dolu anlar bəxş edib.

Yenilənmiş həyət Xətai rayonu, 8 Noyabr prospektində, Cavanşir və Xaliq Əzizzadə küçələrində 8 hektar ərazidə 3 min 145 nəfər sakinin yaşadığı çoxmərtəbəli 10 binanı əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü 2 mini futbol stadionu, 2 şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 12 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub. 

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 2 min 650 ədəd müxtəlif cinsli ağac və kollar əkilib, 4 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və havanın çirklənməsini səmərəli şəkildə azalda bilən adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” yaradılıb.

Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

“Qaya” qrupunda bir yəhudi var idi. O, 1979-cu ildə ərizə yazdı və getdi. “Qaya”da bir ifaçı olmayanda digərləri oxuya bilmirdilər. Qrup fəaliyyətini dayandırdı. Amma Heydər Əliyev müşavirədə “Qaya” qrupunu soruşmuşdu və Respublika Sarayında oxumalarını istəmişdi. Mənə zəng etdilər ki, gəl, məşq edək. Beləcə, mən 4-cü oldum və “Qaya” bərpa olundu.”

“Cavanlıqda hər gün olmasa da, toylara gedirdim. Mən normal mahnı oxumaq istəyirəm. Amma toydur axı. O qədər mahnılarım var ki, bilmirəm, hansını oxuyum”.

 

Sitat Baku TV-də yayımlanan “Afaq Hüseynova ilə səmimi söhbət” verilişinin qonağı, Xalq artisti, cazmen Cavan Zeynallıdandır.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Manş“Forbes" dərgisi bu ilin ən çox müzakirə edilən müğənnilərin adlarını açıqlayıb.

“Ədəbiyyat və incəsənət” list.ru-ya istinadən xəbər verir ki, ilk sırada gözlənilmədən mərhum sənətçi Maykl Cekson yer alıb. İlk yeddiliyin sıralaması isə belədir:

 

1. Maykl Cekson.

2. Britni Spirs

3. Beyons

4. Eminem

 

5. Meray Kerri

6. Elvis Presli

7. Castin Biber

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.