Super User

Super User

Çərşənbə axşamı, 27 Dekabr 2022 15:04

Bakılı oğlan səhnədən gedir

 

Əməkdar artist, məşhur “bakılı oğlan” Bəhram Bağırzadə səhnədən gedir. Bu barədə məşhur aktyor "Space maqazin" verilişinə açıqlamasında bildirib.

 

Bağırzadə deyib: "Dekabrın 14-ü Heydər Əliyev sarayının 50 yaşı tamam oldu. Ora getdim, səhnəni və divarları öpdüm. Söz verdim ki, bundan sonra səhnəyə çıxmayacağam".

Əməkdar artist hələ kino və reklamlara çəkiləcəyini, daha sonra onlarla da vidalaşacağını bildirib. 

Düzü, Bəhramın getməsi komediya səhnəmiz üçün ciddi itki olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Çərşənbə axşamı, 27 Dekabr 2022 15:00

Ən çox oxunan: Şer 76 yaşında ərə gedib

 

76 yaşlı, Şer adı ilə tanınan erməni əsilli məşhur müğənni Şerilin Sarkisyan özündən 40 yaş kiçik sevgilisi, repçi, qaradərili  Aleksandr Edvardsla evləndiyini açıqlayıb.

Erməni müğənninin bu barədə "Twitter" hesabında məlumatına istinadən yazılan xəbərlər medianın ən çox oxunan xəbərləri sırasında ən yüksək yer tutub. 

"Pop ilahəsi" adlandırılan ifaçı çox güman ki, qaşı brilyant olan üzüyünün fotosunu paylaşaraq "Artıq sözə ehtiyac yoxdur, sevimli Aleksandr, mən bunu ona görə paylaşdım ki, pedikürüm çox şəhanədir" sözlərini yazıb. Guya hiyləgər qadın bahalı üzüyü yox, laklı dırnağını göstərirmiş. 

Qeyd edək ki, daha çox pop rok janrında ifa edən Şer həmçinin, "Mask", "The Player", "Faithful" və digər filmlərə çəkilib. 

Və onu da qeyd edək ki, böyük oğlunun 53 yaşı olan Şerin 36 yaşlı gənclə bu izdivacından ailələrində hədsiz narazı qalıblar. 

Erməni ki erməni! 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

 

Məşhur rusiyalı müğənni, prodüsser və bəstəkar Aleksandr Şevçenko 60 yaşında vəfat edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən məlumat yayır. 

 

Agentlik bildirir ki, Şevçenkonun ölümü barədə “Zodçiye” qrupunun rəhbəri Yuri Davıdov sosial şəbəkə hesabında məlumat verib. İlkin məlumata görə, sənətçinin ölümünə tramboz - qan laxtalanması səbəb olub.

Aleksandr Şevçenko öncə müğənni kimi tanınıb, məşhur “Zodçiye” qrupunun keçmiş solisti olub. 1990-cı illərin sonlarında prodüssürliyə başlayan Aleksandr Şevçenko say-seçmə müğənnilərlə, o cümlədən Alsu ilə çalışıb. Keyfiyyətli mahnıların difisit olduğunu iddia edib və özü mahnı bəstələməyə başlaylb. 

Aleksandr Şevçenko bir çox tanınmış mahnıların, o cümlədən Alsunun “Qış yuxusu” (“Zimniy son”), “Hərdən” (“İnoqda”), “Onsuz da” (“Vse ravno”) mahnılarının və hitlərinin əksəriyyətinin müəllifi olub. O, həmçinin Jasmin, Danko, Tatyana Ovsiyenko, Nikolay Trubaç və digər tanınmış ifaçıların da mahnılarının müəllifidir.

 

O gün ki sən mənim yuxuma girdin,

Mən hər şeyi özüm uydurdum. 

Torpağa səmalardan sakitcə qış endi. 

Mən sənə görə

Tənha pəncərəmin pəncərəsindəki

 işığı söndürmədim. 

Heyif ki, hamısı yuxu idi…

 

Bəstəkar Haqq dünyasına qovuşdu. Amma “Qış yuxusu” həmişə qalacaq, dinləniləcək, seviləcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Çərşənbə axşamı, 27 Dekabr 2022 20:00

ICESCO İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib

Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Naİrliyinə istinadən xəbər verir ki, sessiyanı giriş sözü ilə açan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik son dövrlərdə təşkilatın bütün əsas göstəricilər üzrə inkişafda olduğunu, yeni strategiya üzrə fəaliyyətin uğurla icra edildiyini diqqətə çatdırıb. Həyata keçirilmiş, cari və planlaşdırılan layihələr haqda məlumat verilib.

Tədbir çərçivəsində “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb. Fəaliyyət Planını Azərbaycan tərəfdən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, ICESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb. Fəaliyyət Planına əsasən Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla yanaşı, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.

Qeyd edək ki, sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi də iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Çərşənbə axşamı, 27 Dekabr 2022 19:00

Rumıniyada Azərbaycan xalçaları sərgisi açılıb

 

Rumıniyanın Sibiu şəhərində Müasir İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Brukenthal Milli Muzeyi, Rumıniyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı, Rumıniyanın Gözdən Əlillər Cəmiyyətinin Sibiu filialının dəstəyi ilə “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərginin açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Rumıniya ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin tarixindən, bugünkü inkişafından söz açan Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare sərgini neft ölkəsi olaraq tanınan Azərbaycanın zəngin mədəni irsinin təbliği baxımından önəmli hadisə kimi dəyərləndirib.

Brukenthal Milli Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Alexandru Konstantin Kitutsa sərgidə görmə qabiliyyəti məhdud şəxslər üçün toxunmuş xalçaların təqdim edilməsinin, brayl şrifti ilə məlumatlandırıcı mətnlərin olmasının önəmini vurğulayıb.

Açılış mərasiminin davamında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soareyə Brukenthal Milli Muzeyinin yaradıcısı baron Samuel fon Brukenthalın 300 illik yubileyi münasibətilə təsis edilmiş medal və diplom olunub. Brukenthal Milli Muzeyinə isə Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunmuş “Zeyvə” xalçası hədiyyə edilib.

Qeyd edək ki,  Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin 30 illiyi və Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə təşkil olunan sərgidə muzeyin kolleksiyasından seçilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Azərbaycanın müxtəlif bölgələrinə məxsus 15 xovsuz və xovlu xalça nümayiş olunur. Burada Səfəvi dövrünə aid Qarabağın dünyaca məşhur əjdahalı xalçalarının daha sonrakı dövrlərə aid nümunələrindən Qarabağın “Qasımuşağı”, “Malıbəyli”, vərni xalçaları, o cümlədən Şirvanın “Şamaxı” xalçası da təqdim olunur.

Sərgi 31 yanvar 2023-cü il tarixinədək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

 

Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərədindən gələn il yanvarın 23-də saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacağından gedir. Satış nazirlik tərəfindən hazırlanmış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadla xəbər verir. 

 

Elektron portalda mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) təqdim olunur. 

Mənzillər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təmin ediləcək. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Həmin mənzillərdən almaq istəyən şəxslər portala daxil olaraq onlarla tanış ola bilərlər. Mənzillərin satışı başlandığı andan mənzili portalda seçən ilk şəxs mənzili almaq hüququ qazanacaq. 

Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.

Mənzili seçən şəxslə nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.

Mənzillərin portal üzərindən satışı gələn il iyulun 1-dək davam edəcək.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək. 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

 

Nostradamus bir neçə sahə ilə - tibb, astrologiya və kimyagərliklə məşğul olur, həm də gələcəyi bir neçə yüz il əvvəldən gördüyünü iddia edirdi. Bəziləri onun öngörülərinə şübhə ilə yanaşır və uydurma hesab edirdilər. Bununla belə Nostradamusu fırıldaqçı adlandırmaq çətindir - onun proqnozlarının çoxu artıq həyata keçib.

 

Oxucuları Nostradamusun 2023-cü illə bağlı öngürüləri ilə tanış edirik.

1555-ci ildə nəşr olunan məşhur kitabında falçı 2022-ci ildə siyasi liderin qəflətən öləcəyini və bunun da dəyişikliklərə səbəb olacağını yazmışdı. Belə də oldu - sentyabrın 8-də Böyük Britaniya kraliçası II Elizabet vəfat etdi. Onun ölümü bir çox dövlətləri, şübhəsiz ki, hamıdan çox ingilis xalqını dərindən sarsıtdı. Nostradamus həm də süni intellektin inkişafını öncədən xəbər vermişdi, indi alimlər bu sahədə gərgin işləyir. İlon Mask isə insanabənzər robotu təqdim etməyə hazırlaşır.

Nostradamus digər mühüm hadisələri də proqnozlaşdırmışdı: Adolf Hitlerin hakimiyyətə gəlməsi, İkinci Dünya Müharibəsi və Fransız İnqilabı. Ümumilikdə o, altı mindən çox proqnoz verib.

Nostradamusun proqnozlarını şərh etmək çətindir, çünki onlar dördlük şəklində yazılır və bəzən qeyri-müəyyən məna daşıyır. Bununla belə, mütəxəssislər onun proqnozlarından maksimum dəqiq məlumat əldə etmək və gələcəyi şərh etmək üçün əllərindən gələni edirlər. Görəsən, bəşəriyyəti 2023-cü ildə nələr gözləyir?

 

Həddən artıq siyasi gərgin vəziyyəti

Nostradamus 2022-ci ildə siyasi durumun gərgin olacağını, 2023-cü ilin bundan yaxşı olmayacağını iddia edirdi. Kahin yazırdı: "Yeddi aylıq dağıdıcı qarşıdurma və şər nəticəsində insanlar ölürlər". Amma müəllif hansı ölkələr arasında münaqişənin olacağını yazmayıb.

 

Mars arzusunun sonu

Heç kimə sirr deyil ki, İlon Mask insanları Marsa köçürmək ideyası ilə məşğuldur. O, 2029-cu ildə bu planetə astronavt göndərməyə hazırlaşır. Bununla belə, Nostradamus kitabında yazırdı: "Marsın işığı sönəcək". Ola bilsin ki, öngörücü bəşəriyyətin başqa planetdə yaşamaq arzusuna son qoyacağına və ya bunun qeyri-mümkün olduğunu başa düşəcəyinə işarə edib. Lakin istisna deyil ki, bu qeyri-müəyyən xətt başqa məna daşıyır.

Bəzi şərhçilər əksinə, görücünün 2023-cü ildə bəşəriyyətin Marsı müstəmləkəçiliyinə keçirməklə bir sıçrayış olacağını nəzərdə tutduğuna inanırlar.

 

İqsitadi böhran

Pandemiya başlayandan sonra iqtisadi vəziyyət kəskin şəkildə pisləşməyə başladı və bu günə qədər heç bir müsbət dəyişiklik yoxdur. Mütəxəssislər hesab edirlər ki, gələn ilin bundan daha yaxşı olacağına ümid etməyə dəyməz. Nostradamus da insanların qiymət artımı ilə üzləşəcəyi proqnozunu verib.

 

Yeni dünya düzəni

Nostradamus iki böyük dövlət arasında yeni ittifaqın olacağını irəli sürüb, fəqət birliyin müsbət təsirlərinin uzunmüddətli olmayacağını vurğulayıb. Hansı ölkələrdən söhbət getdiyi məlum deyil, ancaq o, bir tərəfin güclü kişi, digərinin isə zəif və ya qadın lider olacağına eyham vurub.

 

Təbii fəlakətlər

Alimlər qlobal istiləşmə ilə bağlı problemləri çözə bilmirlər. Nostradamusun fikrincə, 2023-cü ildə vəziyyət daha da pisləşəcək, bunun nəticəsində insanlar təbii fəlakətlərlə üzləşə bilər. "Quraqlıq və daşqınlar olacaq" - öngörücü bildirib.

Nostradamus səmada alov izindən də danışıb. Bəzi tədqiqatçılar hesab edir ki, o, bununla da Yerə meteoritin düşəcəyini proqnozlaşdırıb. Yalnız ona ümid etmək qalır ki, öngörücü səhv edib və onun bütün qorxu dolu proqnozları baş tutmayacaq.

Yeri gəlmişkən, məşhur astroloq Tamara Qloba 2023-cü ilin necə olacağını artıq açıqlayıb. Və onun bəzi proqnozları Nostradamusun proqnozları ilə üst-üstə düşür. Təəssüf ki, hər iki görücü təbii fəlakətlərdən xəbər verir. Rusiyalı mütəxəssisin fikrincə, gələn il hamı üçün son dərəcə çətin olacaq, çoxlu sayda insan mühacirət edəcək, varlılar bir anda yoxsullaşa bilər, bəziləri isə əksinə, fürsətdən istifadə etsələr, vəziyyətlərini yaxşılaşdıra və yeni imkanlardan yararlana biləcəklər. Amma bütün bu uğursuzluqlar silsiləsi bitəcək, 2024-cü ilin ortalarında hər şey dəyişməyə başlayacaq: iqtisadiyyat, insan psixologiyası. İnsanlar birləşmək istəyəcəklər. 2026-cı ilə qədər işlər daha yaxşı olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

 

(27.12.2022)

 

 

Musiqi həqiqətən də gözəllikdir, gözəl musiqi isə cənnət həzzi hesab edilir. Bakıya indiyədək dünyanın bir çox məşhur ulduzları təşrif buyurublar, amma bu dəfəki təşrifbuyurma ən elitar, ən arzulanan, yüz milyonlarla pərəstişkarı olan bir musiqiçiyə, pianoçuya aiddir. Həm özü bəstələyir, həm ən yaxşı bəstələri ifa edir. 

 

Xüsusən Ennio Marrikone və Nina Rotanın instrumental kompozisiyaları onin ifasında ecazkar səslənir. Söhbət Riçard Klaydermandan gedir. Bu xəbər həqiqətən də bizləri şaşırtdı. 

Dünyaşöhrətli musiqiçi, pianoçu Riçard Klayderman ilk dəfə Bakıya gəlir.

Sənətçi martın 7-də əzəmətli orkestrinin  müşayiəti ilə Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.

Karyerası ərzində 270 qızıl və 70 platin  mükafata sahib musiqiçi klassik və pop musiqini birləşdirərək yeni romantik üslub yaradıb. Bu günə qədər 1200-dən çox musiqi əsəri yazan Klayderman ümumi tirajı 90 milyon olan 100-dən çox kompakt-diskin sahibidir. Vaxtının böyük hissəsini konsertlərdə iştirakla keçirən Riçard Klaydermanın 2006-cı ildə əsərlərinin 70 milyon satışı qeydə alınıb. Onun adı “Dünyanın ən uğurlu pianoçusu” kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bir görün indi Bakıya kim gəlir. 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

 

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib, Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Jurnalistlər Birliyinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, təhsil sahəsinin nümayəndələri, yerli azərbaycanlılar, ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Əvvəl qonaqlar Ulu Öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə gül-çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında azərbaycanlıların həmrəyliyi günü haqqında məlumat verib, qeyd edib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Ulu Öndər Heydər Əliyevin Qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. 

Diplomat vurğulayıb ki, soydaşlarımızın həmrəyliyi və onların azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi layihəsi məhz, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən idi. Samir Abbasov həmrəylik bayramının bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlının bayramı olduğunu qeyd edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yola saldığımız 2022-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu il olduğunu, bir ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana üç dəfə səfər etdiyini, dövlətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, Daşkənddə Mirabad rayonunda Heydər Əliyev xiyabanının açılışı olduğunu qeyd edib. 

O, 2022-ci ildə Azərbaycanın qazandığı nailiyyətlər barədə danışaraq, “Şuşa İli” münasibətilə həyata keçirilən layihələr barədə məlumat verib, hazırda işğaldan azad edilmiş rayonlarda Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti və təmir işlərinə toxunub. Diplomat erməni işğalından azad edilmiş bölgələrdə geniş quruculuq işlərinin reallaşdırıldığını, iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan hava limanlarının açıldığını və hazırda Azərbaycanın Laçın rayonunda üçüncü beynəlxalq hava limanın tikildiyini qeyd edib. 

Özbəkistan Jurnalistlər İttifaqının rəsmisi, tanınmış jurnalist Akbar Maqdiyev ölkələrimiz arasında mədəniyyət və jurnalistika sahələrində əlaqələrin durmadan inkişaf etdiyini bildirib, Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə böyük işlərə imza atdığını, özbək mətbuatı ilə sıx əməkdaşlığın qurulduğunu bildirib. Ötən il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın media təmsilçiləri, Yazıçılar Birliyinin rəhbərliyi və özbək şairlərin mədəniyyət paytaxtımız Şuşaya səfərinin reallaşdırıldığını qeyd edən natiq xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərdən danışıb. 

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığından danışıb, 2023-cü ildə Özbəkistanın Səmərqənd şəhərinin Ümumdünya Turizm Təşkilatı tərəfindən dünyanın turizm paytaxtı, TÜRKSOY təşkilatı tərəfindən isə Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini qeyd edib. 

Sonra müxtəlif nominasiyalar üzrə Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bayram konserti təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Çərşənbə axşamı, 27 Dekabr 2022 16:30

60 illik yubiley, xor, Hacıbabanın təkidi, hind mahnıları

Elman Eldaroğlu yazır

 

Dekabrın 27-sində budəfəki söhbətimin qəhrəmanının 60 yaşı tamam olur. Elə bu münasibətlə də onun ömür yoluna işıq tutmaq, haqqında bildiklərimi sizinlə bölüşmək istəyirəm…

 

On yaşından televiziyanın uşaq verilişlərində iştirak edib. Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Əliağa Ağayev kimi sənətkarlarla ünsiyyətdə olub. Sonradan istedadlı olduğunu görən əməkdar artist Ofelya Məmmədzadə onu musiqili komediya teatrının direktoru Balağa Qasımovun yanına aparıb. Teatrda boş ştat olmadığı üçün, direktor onu xora işə götürüb. Beləcə, dörd il xorda çalışa-çalışa tamaşalarda da müxtəlif rollar alıb. 1989-cu ildə Cahangir Novruzov teatra baş rejissor gələndə onu aktyor truppasına keçirərək, əsas rolları verməyə başlayıb...

 

Deyir ki,- “1990-cı ildə teatrımız durğunluq dövrünü yaşayırdı. Hamımız teatrdan getmək istəyirdik. 1991-ci ildə bizə Qəzənfər Topçiyev adlı bir müdir qoydular. Onun teatra gəlməsi ilə Ofelya Aslan, Ofelya Məmmədzadə, Nəsibə Zeynalova, Məsumə Rzayeva, mən və bir neçə aktyor teatrdan uzaqlaşdıq. Elə bil ki, aktyorları incitməyə, küsdürməyə gəlmişdi. Mən Dövlət Gənclər Teatrına- Hüseynağa Atakişiyevin yanına üz tutdum. Onunla uzun müddət işlədim. 2001-ci ildə ANS telekanalına “Yeriniz məlum”u aparmağa dəvət etdilər. Ora böyük korifeyləri çağırırdım. Maraqlı əhvalatlar, söhbətlər edirdik. Bir gün mənə dedilər ki, Hacıbaba Bağırov gəlmir verilişə. Dedim ki, bu saat zəng edərəm, gələr. Onu yığdım, dedim ki, “Hacıbaba müəllim, necəsiniz, nə var-nə yox? Verilişə baxırsız?”. Dedi ki, bəli, baxıram. Dedim, sizi verilişə dəvət edirəm, dedi ki, bir şərtlə sənin verilişinə gəlirəm ki, sən teatra qayıdasan. Dedim, mənim vaxtım yoxdu, çəkilişdəyəm. Dedi, aktyora teatr lazımdı. Dedim ki, teatrda işləyirəm də. Dedi, “səni o teatrda görmürəm. Sən burda uzun müddət işləmisən, sonra buranı tərk eləmisən”. Dedim ki, “sizə qədər Səyavuş Aslan deyirdi ki, qayıt ata ocağına, mən də ona dedim ki, gəlmirəm”. Amma komandanın yanında biabr olmamaq üçün Hacıbaba müəllimə “yaxşı” dedim. Nə isə, getdim. Qapıdan içəri girəndə masanın üstündən bıçağı götürüb atdı ayağımın altına. Dedi ki, sən də bura gələrsənmiş... 

Gördüm, ərizəm artıq hazırdır. Dedi ki, bir dənə bura qol çək, mən də çəkdim. Qaytdı ki, sevinirəm, sən ata ocağına qayıtdın, sən teatra lazımsan. Özünün oynadığı iki rolu verdi mənə. Yusif Əkbərovun rejissoru olduğu “Bir günlük siğə”, bir də Anarın “Aldın payını, çağır dayını” əsəri əsasında hazırlanmış eyniadlı tamaşalardakı rollarını. İki il onunla işlədim. 2006-cı ildə rəhmətə getdi...”

 

Yəqin ki, bugünkü qəhrəmanımı tanıdınız. Bəli, yaratdığı obrazları, duzlu-məzəli söhbətləri ilə geniş auditoriya qazanmış aktiyor, əməkdar artist Çingiz Əhmədov haqqında danışıram. Çingiz Əli-Əşrəf oğlu 1962-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1983-1991-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1991-2003-cü illərdə Dövlət Gənclər Teatrında işləyib. 2003-cü ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb. Bununla yanaşı bir sıra televiziya verilişlərinin aparıcısı kimi tanınıb. Hal-hazırda Spece Tv-də çalışır. 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Bir neçə ildir ki, Prezident mükafatı alır...

“Belə bir məsəl var:- “Hər bir əsgər general olmağı arzulamalıdır.” Cənab Prezidentin sərəncamı ilə “Əməkdar artist” fəxri adını almışam. Prezident mükafatçısıyam. Cənab Prezidentimizdən çox razıyam. Allah onu və balalarını qorusun! Sağ olsun, var olsun! Mənə elə gəlir ki, artıq “Xalq artisti” məsələsi də yetişib...”- söyləyir.

Hind mahnılarını oxumağı, hind filmlərini seyr etməyi xoşlayır. Dedyinə görə, kumiri də Mitxun Çakrobortididir. Onu hind kino aləminin sonuncu mogikanı sanır. Ondan sonra gələnləri qəbul edə bilmir. Deyir ki,- “Hindistanın Cimisi varsa, Azərbaycanın da Çinası var”...

Bəli, bu gün Çinanın, yox, yox, qüsura batmayım, milyonların sevimlisi- Çingiz Əhmədovun 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.