Super User

Super User

Onlar Vətən müharibəsində məxfi əməliyyatlarla tarix yazdılar, Xəzər Media Mərkəzinin hazırladığı “Qartal Zirvədə” sənədli filmi ilə isə əbədi olaraq Azərbaycan xalqının qəhrəmanlıq yaddaşında qalacaqlar.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, bu fikir Xəzər Media Mərkəzinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Vətən müharibəsindəki şanlı Qələbədəki roluna həsr etdiyi və tamaşaçı auditoriyasının böyük marağına səbəb olan “Qartal Zirvədə” sənədli filmində səsləndirilib.

DTX-nin Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, media qurumlarının rəhbərləri, eləcə də DTX-nin ali zabit heyəti və əməkdaşları iştirak ediblər. 

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov tədbirin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf etdiyini vurğulayıb, “Qartal Zirvədə” sənədli filminin çəkilməsinin əsas məqsədlərindən danışaraq deyib: “Siz filmdə maraqlı məqamlar görəcəksiniz. Hamımız görəcəyik ki, Qələbə 44 gün ərzində deyil, bütün bu illər ərzində qazanılıb. Prezident İlham Əliyev bu müddət ərzində qüdrətli Ordumuzu yaradırdı. Bu qüdrətli Ordu bu gün öz təntənəsini qeyd edir”. 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında DTX-nin şərəfli fəaliyyətindən söz açıb. DTX-nin əməkdaşlarının Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərdiklərini vurğulayan Əli Nağıyev onların yüksək orden və medallarla təltif olunduqlarını diqqətə çatdırıb. Xidmət rəisi “Qartal Zirvədə” sənədli filminin çəkilməsinə görə Xəzər Media Mərkəzinə təşəkkürünü bildirərək qeyd edib: “Böyük iftixarla qeyd edirəm ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında altı Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin əsas məqamları bu film vasitəsilə cəmiyyətə hərtərəfli çatdırılıb və ictimaiyyət əməkdaşlarımızın müharibə dövründə göstərdikləri yüksək əzm və fədakarlıqlarla daha yaxından tanış olub”. 

Çıxışlardan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “Qartal Zirvədə” sənədli filminin ideya müəllifi, Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşovu “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif edib. 

Filmin müəllifi Rüstəm İbadova və rejissoru Aslan Qarayevə hədiyyələr təqdim olunub.

Sonra “Qartal Zirvədə” sənədli filmi nümayiş etdirilib.

Vətən müharibəsində DTX-nin həyata keçirdiyi məxfi əməliyyatların təfərrüatları ilə tamaşaçılar ilk dəfə bu sənədli ekran əsərində tanış olublar. Filmdə qeyd olunan faktlar və maraqlı görüntülər böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

Bir baxın. İndi az qala hamı plastik kartlara keçib. İkiqat ədv, kəşbek qazanmaq da az iş deyil. 

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayının sonunda ötən aya nisbətən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib. 

 

Mərkəzi Bankın yaydığı məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,9 faiz artıb. 

Ödəniş kartlarında artım debet kartları üzrə 20,1 faiz, kredit kartları üzrə 26,6 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1,7 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

 

“Ədəbiyyat və incəsənət”

(26.12. 2022)

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 46 milyard 633,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 35 milyard 45,6 milyon dollar, idxalın dəyəri 11 milyard 587,6 milyon dollar təşkil edib. Nəticədə 23 milyard 458 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artıb. 

Xarici ticarət dövriyyəsinin ən çox olduğu ölkələrin sıralanması belədir:

İtaliya, 

Türkiyə, 

Rusiya, 

Hindistan, 

Çin, 

İsrail, 

Yunanıstan, 

Birləşmiş Krallıq, 

Xorvatiya, 

Almaniya, 

İspaniya, 

Çexiya, 

Portuqaliya, 

Gürcüstan, 

Ukrayna, 

Qazaxıstan, 

ABŞ, 

İndoneziya, 

Vyetnam, 

Rumıniya, 

İsveçrə, 

Tunis, 

İran.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

Bazar ertəsi, 26 Dekabr 2022 13:30

Uğurun zəminini necə yaratmaq olar?

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Bir məşhur müasir dövr rəvayəti yaranıb, deyirlər, bir nəfər imkansız şəxs radiolardakı, televiziyalardakı lotereya üzrə başgicəlləndirici uduş məbləğlərini, astronomik cek-pot reklamlarını o qədər görür, tanış-bilişin bu mövzudakı bazar söhbətlərini o qədər eşidir ki, böyük bir məbləğ udmaq arzusu onun həyatının şah arzusuna çevrilir. O hər gün xəyallar qurur ki, cek-pota sahib olub bütün borclarını qaytaracaq, mənzil, avtomobil alacaq, uşaqlarını oxudacaq, ailəsinə şad-xürrəm, firavan həyat bəxş edəcək. Və hər səhər işıqlaşanda əllərini göyə açıb Tanrıya dua eləyir ki, ay Tanrım, nə olar, mənə cek-potu udmağı nəsib elə.

Beləcə, aylar ötür, illər keçir. Arzusuna qovuşmadığını görən bu şəxs get-gedə aqressivləşir, Tanrıya duasında kəskin tonlardan, iradlardan istifadə edir, şikayətlənir ki, axı sən necə Tanrısan, bircə arzumu yerinə yetirmirsən.

Və bir gün qeybdən ona səs gəlir ki, ay binəva insan, sən böyük məbləğ udmaq istəyirsən, ancaq adi bir həqiqəti başa düşmək istəmirsən ki, lotereyada udmaq istəyən kəs ilk öncə lotereya biletini almalıdır. Bu necə olur ki, sən bileti almırsan, Tanrıdan uduş arzulayırsan, arzun da reallaşmayanda Tanrıya irad bildirirsən?

Bu rəvayət hazırda hədsiz aktualdır. Bu gün insanlar daha çox əziyyətsiz mənsəbə çatmaq istəyirlər. Oxumur, təhsil almırlar, bir sənət öyrənmirlər, bir əziyyətə qatlaşmaq istəmirlər. Bununla belə, rahat, firəvan, tam təminatlı həyat arzulayırlar. Və bu həyata da qovuşmayanda onların içlərində bir narazılıq, bir küskünlük şeytanları oyanır.

Ünsiyyət qurduğum həyatdan narazıların əksəriyyətində bu əziyyətsiz mənsəbə çatma meyillərini görürəm. Baxırsan, gəncdir, iş axtarır. Müraciət edir, köməklik göstərirsən, bir tanışından xahiş edirsən ki, onu işlə təmin etsin. Nəticə isə ürəkaçan olmur. O səni tanışının yanında pis vəziyyətdə qoyur. Verilən tapşırıqlara əməl etmir, görəcəyi işi görmək istəmir, «məni filankəs tapşırıb» bəhanəsinin altında kölgələnmək istəyir.

Bir dəfə bir tanışımın övladı üçün müəssisələrdən birinin müdirindən iş xahiş etmişdim. Onu növbə ustası vəzifəsinə təyin etdilər, mən də missiyamı bitirib gördüyüm növbəti savab işimin nöqtəsini qoydum. Amma deməzsənmiş, cəmi bir həftədən sonra bu şəxs müdirin qəbuluna düşüb şikayət edib ki, bəs ali təhsilliyəm, növbə ustalığı istəmirəm, heç olmasa sex rəisi təyin edin ki, perspektivim olsun, ən yüksək rəhbər vəzifələrə keçə bilim.

Bu nə təfəkkürdür, nə məntiqdir? Sən niyə istehsalı tam öyrənməmiş, təcrübə yığmamış, aşağı mərhələlərdə təkmilləşməmiş dərhal yuxarı mərhələ istəyirsən? Binanın birinci mərtəbəsi tikilmədən 5-ci mərtəbəsini tikməkmi olar?

Ya da böyük arzularla, amallarla yaşadığını iddia edən bir şikayətçi abiturientin qəbul imtahanlarına hazırlaşmaq əvəzinə həmin böyük arzuların, amalların xəyalları ilə, necə deyərlər, «xəyal-plov» yeməklə gün keçirdiyi məlum olur. Kitab üzü açma, müəllim yanına getmə, bilik əxz eləmə, sınaq imtahanlarına qoşulma, sonda da qəbul imtahanlarında az bal toplayıb küskünləş, ruh düşkünlüyü, xəyal qırıqlığı yaşa? Bu necə olur axı?

Düzdür, həmin gənc ailəsinin imkansız olması səbəbindən məktəbdənkənar vaxtda işlədiyini, boş zamanının olmamasını özünə alibi sanır, amma hər halda, gözəl bir məsəlimiz var, könlü balıq istəyən quyruğunu buzlu suya qoyar.

Sən biliklər qazanmaq əziyyətinə qatlaşmadan, yuxusuz gecələr keçirmədən, adi normal həyat rejimini kəskin dəyişmədən, öz çalışqanlığından motivasiya almadan axı necə ali məktəb tələbəsi ola bilərsən?

Və yaxud, bir şikayətçi olan tanış idmançını götürək. Yunan-Roma güləşçisidir. Yoldaşları durmadan məşq edirlər, qida rasionundan, vitamin qəbulundan, çəki tarazlığından tutmuş olimpiya çempionları olmuş ən güclülərin oyunlarını izləmək, məşqçilərin tapşırıqlarına diqqət kəsilmək, mövcud tematik ədəbiyyatı oxumağa qədər özlərini idmana sərf edirlər. O isə çempion olmaq xülyası ilə yaşayaraq sadəcə, beynində qazanacağı trofeylərdən necə istifadə edəcəyini canlandırır. Təbii ki, nəticə acınacaqlı olur, o, uğur qazana bilmir. Öz məsuliyyətsizliyinin  günahını məşqçi diqqətsizliyi və hakimlərin qeyri-obyektivliyinin üzərinə yıxmaqla indi o, nəyəsə nail ola biləcəkmi? Əlbəttə ki, yox!

Həyatın qızıl qanunu: Uğur qazanmaq üçün ilk öncə bu uğurun zəminini yaratmalısan.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

 

 

 

 

 

 

 

Bazar ertəsi, 26 Dekabr 2022 16:00

Həmrəylik Günümüz Kazanda qeyd olunub

Növbəti xəbəri Diasporla İş üzrə Dövlət Komitəsindən almışıq. Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçirilib.

 

“Çulpan” Mədəniyyət Mərkəzində baş tutan tədbir “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı tərəfindən təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Tədbirin təşkilində Azərbaycan gənclərinin 50-dən çox nümayəndəsi iştirak edib. Konsertin fəxri qonaqları arasında Türkiyənin Kazandakı Baş konsulluğunun vitse-konsulu Murat Taşdemir və Tatarıstan Respublikası Prezidentinin daxili siyasət məsələləri üzrə departamentinin milli siyasətin həyata keçirilməsi şöbəsinin baş məsləhətçisi Marina İvanova olub.

Qonaqları salamlayan “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəniyyəti Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev xalqımızı və soydaşlarımızı bayram münasibətilə təbrik edib. Bildirib ki, bayramın əsas ideyası dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, milli-mənəvi dəyərlərə hörmətdir. “Belə tədbirlər soydaşlarımızın öz mədəniyyətini, adət-ənənələrini, tarixini unutmamasına, onlara daha da yaxınlaşmasına kömək edir. Həmrəylik Günü tarixi Vətənimizdən uzaqda olmağımıza baxmayaraq, adət-ənənələrimizi unutmadığımızı, bir yerdə olduğumuzu xatırladan gözəl bayramdır. Bizi bir araya gətirən Tatarıstan Xalqlarının Dostluq Evinə təşəkkür edirik”, - deyə sədr söyləyib.

Tədbirdə çıxış edən Tatarıstan Xalqları Assambleyası direktorunun müavini, Tatarıstan Xalqları Dostluq Evinin direktoru İrek İldusoviç Şaripov azərbaycanlı dostların bayram sevincini birlikdə bölüşməkdən məmnunluğunu bildirib.

Tədbir Azərbaycan mahnılarından, rəqslərindən, şeirlərindən və teatrlaşdırılmış səhnələrdən ibarət böyük konsert proqramının təqdim olunması ilə davam edib.

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini əks etdirən sərgi nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

Biz əzmlə, məsuliyyətlə öz missiyamızı yerinə yetiririksə, bu, Türk dünyasının tək, nəhəng ulduz kimi parlamasına töhfə verdiyimizi göstərir.

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya Media Forumunun “Beynəlxalq təşkilatlar – əməkdaşlıq körpüsü” adlı panel sessiyasındakı çıxışında deyib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə türk əməkdaşlıq təşkilatlarının və digər beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri, ictimai-siyasi xadimlər, alimlər, KİV nümayəndələri iştirak ediblər. 

Fondun prezidenti Orta Asiyaya həsr olunan Media Forumunun önəmindən danışaraq vurğulayıb: “Orta Asiya ata-babalarımızın uyuduğu, ulu əcdadlarımızın ruhunu özündə yaşadan coğrafi məkandır. Yaşı minilliklərlə ölçülən türk tarixinin başlanğıcıdır. Mənəvi abidələrin, şifahi xalq ədəbiyyatının nadir dastanlarının Vətənidir. Vaxtilə mövcud olmuş böyük dövlətlərin mirası, türk elminin, fəlsəfi düşüncəsinin beşiyidir”.

Türk xalqlarının eyni soydan, mədəniyyətdən, dil və dindən gəldiyini vurğulayan Günay Əfəndiyeva müasir dövrdə onlar arasında əlaqələri daha da genişləndirmək üçün əlverişli imkanların mövcudluğuna toxunub: “Hazırda türk xalqları sıx əməkdaşlıq aparmaq üçün böyük potensiala malikdir. Biz mənəvi varlığımızı dərk edərək, ortaq köklərimizə, dəyərlərimizə söykənərək, həmrəy olaraq, gözlənilən nəticələri əldə etməyə qadirik”.

Fondun prezidenti türk xalqlarının inteqrasiya proseslərindən danışaraq, türk dövlət başçılarının bu yöndəki səylərini yüksək qiymətləndirib: “Onların uzaqgörən siyasəti bu gün türk dövlətləri arasındakı münasibətləri yeni və daha üstün mərhələyə yüksəltməklə yanaşı, həm də bölgədə rifaha, sülhə, əmin-amanlığa xidmət etməkdədir. Bu xüsusda türk dövlət başçıları tərəfindən yaradılan türk əməkdaşlıq təşkilatları da prosesin gedişatına öz töhfələrini verməkdədirlər”.

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gənc təşkilat olmasına baxmayaraq, beynəlxalq aləmdə geniş fəaliyyətindən söz açıb: “Fond türk xalqlarının maddi və mənəvi mədəniyyətini öyrənməkdə, qorumaqda və tanıtmaqdadır. Bütün işlərimizdə və layihələrimizdə ortaq hədəfimizə sadiq qalaraq, türk mədəniyyətinin zənginliyini dünya miqyasında yaymağı qarşımıza məqsəd qoymuşuq. Bu ildən beynəlxalq katibliyinin formalaşması ilə təşkilat yeni mərhələyə qədəm qoyub”.

Fondun prezidenti zamanın tələblərinə uyğun olaraq, Türk dünyasının mediadan geniş və səmərəli şəkildə istifadəsinin vacibliyinə toxunub: “Təşkilatın qurucu üzv ölkəsi Azərbaycanın işğaldan azad olunmuş Qarabağ ərazisində məqsədyönlü şəkildə vandalizm aktları törədilmişdir. Qarabağ işğaldan öncə ədəbiyyatı, musiqisi, incəsənəti, yetişdirdiyi görkəmli şəxsiyyətləri, mədəni abidələri ilə məşhur guşələrdən biri idi. Çox təəssüf hissi ilə bildirirəm ki, orada yerləşən memarlıq nümunələri, muzeylər, kitabxanalar, incəsənət məktəbləri, teatrlar ermənilər tərəfindən dəhşətli dağıntılara məruz qalıb, məhv edilib. Biz bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu xüsusda isə medianın rolu və məsuliyyəti çox böyükdür.”

Günay Əfəndiyeva Türk dünyasinin birliyinin daha da möhkəmləndirilməsi istiqamətində türk əməkdaşlıq təşkilatlarının fəaliyyətlərinin əhəmiyyətinə diqqəti çəkib: “Əgər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarının minillik dəyərləri fərqli qitələrdə - Avropada, Asiyada, Latın Amerikasında müxtəlif tədbirlər və layihələrlə tanıdılırsa, bu, türk dövlətlərinin sahib olduqları tarixi və mədəni irsin bütün dünyaya nümayiş olunmasında beynəlxalq təşkilatların oynadığı rolun önəmini sərgiləyir”.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, Təbrizdə yaşayıb yaradan şair Əli Çağla bu dəfə sizləri güneyli şair Ramin Yaşarın yaradıcılığı ilə tanış edir. 

 

Ramin Yaşar

Yaşar təxəllüsü ilə şeirlər yazan Ramin Cəbrayili 1987-ci ildə Təbriz şəhərində doğulmuşdur. O, geologiya fakültəsi üzrə bakalavr dərəcəsinə qədər təhsil etmişdir. 18 yaşından ədəbi dərnəklərdə fəaliyyət edibdir. O, DGTYB-nin üzvüdür.

 

 

SALAM TÜRKÜN BAYRAĞINA

 

Ay-ulduzlu gözlərinlə,

Çağır gələk ocağına.

Körpə-körpə duyğumuzu,

Al günəşin qucağına.

 

İzin ver, dinləyək səni,

Sən ey Savalanın savı.

Söylərinə qonaqlandır,

Sevginə can atan avı.

 

Qıyım sanma canımıza,

Qıy, qoy olanlar ər olsun.

Sınaq-sınaq sına bizi,

Sınaqların sinər olsun.

 

Şuşa-şuşa, Laçın-laçın

Biz qalxmışıq ayağına.

Təbriz-təbriz, Bakı-bakı,

Salam,

Salam türkün bayrağına…

 

 

GÖZLƏRİN

 

Qonaq gəldim, qonağını bir anlıq,

Bəbəyində de saxlasın gözlərin.

Göz-göz olmuş göy qurşaqlı yaramı,

Bağlamayır, de bağlasın gözlərin.

 

Sevgi adlı boyağına boyandım,

Savaşında şəhər-şəhər talandım.

Dağlatmağa dağlarımı dolandım,

Dağlayan yox, de dağlasın gözlərin.

 

Sara deyil, Xan Çobanam seldə mən,

Şeirdə mən, mahnıda mən, dildə mən,

Sınıqmışam vətəndə mən, eldə mən,

İnanmırsan de yoxlasın gözlərin.

 

Olmamağın məni məndə oturdub,

Dərd ordusu bayrağımı yatırdıb,

İnadlığım əzrayılı qudurdub,

Da ölürəm, de ağlasın gözlərin;

Gözlərimi de bağlasın gözlərin.

 

 

UŞAQLAR AYIQ ORDUDUR

 

Can ürəklər, can könüllər,

Sudan duru, aydan arı.

İsti-isti, şirin-şirin,

Qaçın gəlin mənə sarı.

 

Qaçın gəlin ay uşaqlar,

Gəlin vətəndən danışaq.

Qızıl almada dil açıb,

Güllü gülşəndən danışaq.

 

Danışaq, söyləyək Azər,

Babəkin "Baycan" yurdudur.

Ay-ulduzlu gələcəyə,

Uşaqlar ayıq ordudur.

 

 

AZƏRİN İYİRMİ ALTISI

 

Kitablara od vurdular,

Varaq-varaq dilim yandı.

Azərin irmi altısı,

Od, odluğundan utandı.

 

Oda, alova baxmayın,

Utanmaz faşismlər oddan.

Anamın dili külləndi,

Sürgün oldu atam yurddan.

 

Bir soyqırım, bir türk qırım,

Azər qır, baycan qırım,

Azərbaycan yaralanıb,

Qanı axdı şırım-şırım.

 

Qara qorxu asma, kəsmə,

Havamız kəsmə şikəstə.

Dağların ürəyi dağ-dağ,

Vətən düşkün, torpaq xəstə.

 

Salam-salam dar ağacı,

Salam-salam ulu üsyan.

Qar çiçəyim, sındır buzu,

Ya azad ol, ya sən də yan.

 

 

ŞERİM

 

Damcı-damcı, damla-damla,

Gözümə yaş düzər şerim.

Yaranışla tanışdıqca,

Hər ağrıya dözər şerim.

 

Təbiəti naxış-naxış,

Süzgün-süzgün, axış-axış,

Boylandıqca baxış-baxış,

Canı candan üzər şerim.

 

Nə büdrəyib, nə də çaşıb,

Addım-addım dağlar aşıb.

Duyğu-duyğu məndən coşub,

Ürək-ürək gəzər şerim.

 

Zaman-zaman başı duman,

Varlığında var həyəcan,

Sevgilisi Azərbaycan,

Vətən-vətən süzər şerim.

Damcı-damcı, damla-damla,

Gözümə yaş düzər şerim.

 

 

GÜNEY

 

Hər səhər üz tutub üzünə sarı,

Günəş gözlərinə baxaram güney.

Dərdini Təbrizin ərkindən duyub,

Soyuq əllərini sıxaram güney.

 

Ahına qovrulub, oduna yanıb,

Sevginə can atıb, sözünü anıb,

Qutsal torpağını səcdəgah sanıb,

Gülgün ürəyinə axaram güney.

 

Sən yaşam yağışım, yaşayış payım,

Varlıq sırasında ulduzum, ayım,

Ağrından süd əmsə çörəyim, çayım,

Özüm öz evimi yıxaram güney.

 

Elə yad saçların daransın dara,

Şanlı arzuların otursun bara,

Xan Araz bağrımda olmasın yara,

Quzeyi köksümə taxaram güney.

Hər səhər üz tutub üzünə sarı,

Günəş gözlərinə baxaram güney...

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

NƏSİBƏ ZEYNALOVA

(1916-2004)

 

***

 Cavan idim, tanış-bilişin boş-boş sözlərindən, həyat qayğılarından sarsılmışdım. Təzə tamaşadakı rolumu oxumağa belə həvəsim yox idi. Hətta teatrdan uzaqlaşmaq barədə düşünürdüm. Elə sakitcə evdən çıxıb məşqə getdim. Hər an ərizəmi yazıb işdən çıxmağa hazır idim.

 

Məşq başladı. Yenidən teatrın sehrinə düşdüm, ağlıma boş-boş fikirlər gətirdiyim üçün peşman oldum. Bir azdan rolu əzbərləmədiyim üzə çıxacaqdı, odur ki, rejissoru qabaqlamaq istədim:

– Məhərrəm müəllim, siz necə bilirsiz, adamı eləmədiyi işə görə danlamaq olar?

Məhərrəm Haşımov gözlərini döyərək:

– Əlbəttə olmaz. Heç olmaz. Bu, tərbiyəsizlik olar, – dedi.

– Məhərrəm müəllim, onda deyim, siz də bilin. Mən rolumu öyrənməmişəm. Eləmədiyim şeyə görə indi durub məni danlayası deyilsiniz ki, düzdür?

Rejissor da, aktyor dostlarım da xeyli gülüşdülər…

 

 ***

1991-ci ilin yayında məni bir neçə sənət dostumla Sumqayıta konsert proqramına dəvət etmişdilər. Konsertdən əvvəl cavan bir oğlan yaxınlaşıb jurnalist olduğunu və şəhərdəki gənclər qəzeti üçün müsahibə almaq istədiyini bildirdi. Vaxt az olduğundan tez-tələsik cavablar verirdim.

– Kinoda yaratdığınız obrazlar içində ən çox hansını sevirsiniz?

Jurnalist bu sualını verəndə bir anlıq duruxub qaldım. Az yaşım yox idi. 75 yaşımın böyük hissəsini sənətdə keçirmişdim, bütün rollarımı sevirdim, amma o an başa düşdüm ki, nəsə bir istisna olmalıdır. Bir qədər fikirləşdikdən sonra:

– Oğlum, – dedim, – indi başa düşdüm ki, mənim ən çox sevdiyim rol, “Ögey ana” filmindəki Fatmanisə qarıdır.

Oğlan da çaşıb qaldı:

– Mən elə bilirdim Cənnət xalanı söyləyəcəksiz, – sakitcə dedi.

– Əslində, Cənnət xalanı da çox sevirəm, amma Fatmanisə qarı mənim kinoda ilk işimdir. O filmə çəkiləndə 40 yaşım vardı, amma 80 yaşlı qarını oynayırdım. Məncə pis alınmayıb. Elə də yaz, oğlum, Nəsibə Zeynalova kinoda oynadığı rollardan Fatmanisə qarını lap çox bəyənir.

 

  “Ədəbiyyat və incəsənət”

(26.12.2022)

 

 

 

 

 

Bazar ertəsi, 26 Dekabr 2022 11:00

Yola saldığımız həftənin 7 anı

Azərbaycan Prezidenti 61 yaşını ailəsi ilə qeyd etdi.

ABŞ Konqresi 2023-cü il büdcəsindən Ukraynaya 45 milyard dollar pul ayırdı. 

Parisdə kürdlər ayağa qalxaraq itişaşlar törətdilər. 

Amerikanı bürüyən qar çovğunu daha 9 nəfərin həyatını aldı. 

20 nəfərin ölümündə təqsirli bilinən fransız seriya qatili, 78 yaşlı Şarl Sobraj Nepal həbsxanasından çıxarıldı və Parisə yola salındı

Çin xəstəxanaları və morqları COVİD-19 epidemiyasının yeni dalğasına tab gətirə bilmirlər. 

Roma Papası Vatikandakı və Vifleemdəki dini ayinlər zamanı müharibənin kasıbçılığa və xəstəliklərə məruz qoyduğu uşaqlar üçün dua etməyi xahiş etdi.

 

(Fotoxronika: TASS, AP, Euronews, Trend)

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

Bazar ertəsi, 26 Dekabr 2022 07:00

Hədiyyələr günü, The Beatles, ilk paraşüt

 

Günün təqvimini Varis təqdim edir

 

 

 

26 dekabr

 

Hədiyyələr günü

Böyük Britaniyada, onunla bağlı olan Kanada, Avstraliya, Yeni Zelandiya, Samoa və Kiribatidə yaranmış bu sürprizlər bayramı sonradan digər ölkələrdə də yayılıb. Bir təsəvvür edin, hamı hamıya hədiyyə edir, varlı kasıba, gözəl çirkinə, xoşbəxt bədbəxtə, yaxşı pisə... Adətən hədiyyələri doğmalardan, tanışlardan alırıq, burda isə heç tanımadıqlarımız bizi təbrik edir. Günün sonunda o qədər hədiyyə yığırsan ki, lap məsti-xumar olursan.

 

Nıtik günü

Çox qəmli olanların dəstək günü. Nə gözəl bir gündür. Qərb ölkələrində hətta xüsusi fondlar var, bu gün xəstəxanada yatan xəstələri, qocalar evlərindəki kimsəsizləri, evsiz-eşiksiz bomjları, uşaq evlərindəki yetim uşaqları, əzizləri yaxında vəfat etmişləri, həbsxanaya düşmüşləri və digər mənəvi köməyə ehtiyacı olanları yoluxur, onlara ürək-dirək verirlər. Biz azərbaycanlıların indi bu cür dəstəyə çox ehtiyacımız var, biz bu siyahıya kommunal borcları ödəməkdə çətinlik tapıb, bahalanmanı qarşılaya bilməyib, bank kreditlərinin boyunduruğuna düşüb depressiya keçirənləri də əlavə edərdik, onlara dəstək duranlar da tapılıb “Nıtik gününüz mübarək!” deyərdilər.

 

Ən dəhşətli zəlzələ, kazinoların başlanğıcı və Mao

Fransanın Yves Rocher brendi kimə tanış deyil ki? Bu fransız ətri bihuşediciliyi ilə seçilir. 2009-cu ilin bu günündə Yves Rocher korporasiyasının yaradıcısı İv Roşe vəfat edib. 2004-cü ilin bu günündə müasir tarixin ən ölümgətirici zəlzələsi olub, Hind okeanında baş verən 9,3 maqnitudalı zəlzələnin yaratdığı sunami İndoneziyanın, Şri-Lankanın, Hindistanın, Tailandın sahil ərazilərinə basqı edib, hündürlüyü 15 metrə çatan dalqalar 300 min insanı həyatdan alıblar. 1991-ci ilin bu günündə SSRİ Ali Sovetinin Respublikalar Soveti özünün son iclasını keçirərək SSRİ-nin ləğvini bildirən deklarasiyanı qəbul edib. 1963-cü ildə ABŞ-ın Capitol Rekords firması ilk dəfə The Beatles qrupunun valını buraxıb, ABŞ-da yerli musiqiçilərin hegemonluğu dövrü bununla da bitib, amerikalılar bu britaniyalı musiqiçilərə heyran olublar.

Qumar həvəskarları, yaxın oturun, sözüm sizədir. 1946-ci ildə Las-Veqasda “Flaminqo” otelinin açılışı olub, qanqster Baqsi Siqelə məxsus olan bu otel ilk kazinosu ilə tarixə düşüb, beləcə Las-Veqas dünyanın oyun biznesinin mərkəzinə çevrilib. İçinizdə yapon avtomobili sürənlər az deyil, deyilmi? 1931-ci ildə Datsun yük avtomobillərinin istehsalı ilə Toyota avtomobil konserni fəaliyyətə başlayıb.

Əziz alimlər, 1898-ci ildə Pyer və Mariya Küri radioaktiv element olan radiyi kəşf etdiblər.

1893-cü ildə bəşər tarixinin ən qatı diktatorlarından biri – Çin kommunist partiyasının rəhbəri Mao Tse Dun dünyaya gəlib. Ən nəhayət, 1825-ci ildə Peterburqda, Senat meydanında Dekabristlər üsyanı baş verib.

 

Paraşütün sevdası

1783-cü ilin 26 dekabrında fransız Sebastyan Lenorman bükmələnmiş qayışlı brezentlə təyyarəyə qalxıb müəyyən yüksəklikdən yerə atıldı, həmin o brezent havada açılaraq Lenormanı sağ-salamat yerə gətirdi. Bu, “paraşüt” adını almış nəsnənin ilk sınağı idi, beləcə Lenorman yeni bir kəşfə imza atdı.

Paraşüt təhlükəsiz uçuşlar üçün xüsusən vacibdir, təyyarəyə minənlər nasazlıq olanda paraşütlə özlərini xilas edəcəkləri inamı ilə sığortalanırlar. Kaş ki, bizləri həyatdakı bədbəxtçiliklərdən xilas edəcək paraşütlər də olardı, ən ağır, ən sıxıntılı günlərimizdə onlardan yapışıb özümüzü ataydıq xoşbəxtliklərin qoynuna.

 

Varisin “Həftənin təqvimi” yazısından

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.