Super User
Sumqayıtda muğam bayramı
Novruz tətillərində sumqayıtlı musiqisevərlər diqqətdən kənarda qalmayıblar. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Sumqayıtın Bulvarında qərarlaşan ecazkar Muğam Mərkəzində muğam konserti keçirilib. Tədbirə şəhər ictimaiyyətinin nümayəndələri xüsusi dəvət alıblar.
Milli mədəniyyətimizin sütununu təşkil edən əsas artefaktlardan olan muğamı saatlarca dinləyərsən, yorulmazsan. Bu dəfə də belə olub. Konsertdə Muğam Televiziya müsabiqələrinin iştirakçıları və qalibləri, eləcə də respublika və beynəlxalq müsabiqələrin laureatları maraqlı proqramla çıxış ediblər.
Xanəndələr Aytən Məhərrəmova, Məmməd Nəcəfov, Zabitə Alıyeva, Babək Şuşalı, Yaqut Xəlilzadə, Nisbət Sadrayeva, Xəyal Hüseynov, Rəvan Qaçayev, gənc xanəndələr Ədilə Əliyeva, Sevil Abdullayeva, Yusif Sadıxov, Həsrət Əzizli, tarzənlər Səxavət Məmmədov, İsmayıl Zülfüqarov, qanun ifaçısı Natəvan Həsənova, kamançaçı Fərrux Haşımlı, balabançı Rafael Əsgərov, nağaraçı Vüsal Bayramovun ifasında tamaşaçılar muğam və təsnifləri, instrumental muğam parçalarını, habelə muğam improvizasiyalarını dinləmək imkanı əldə ediblər.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Mədəniyyət Nazirliyindən gözəl təşəbbüs: Paytaxt teatrlarının bölgələrə səfərləri təşkil edilib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlər davam edir. Bu fədbirlərdən biri də paytaxt teatrlarının bögələrə səfərlərinin təşkilidir.
“Ədəbiyyat və incəsənət” portalı Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, regionlarda mədəniyyət həyatının fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsi məqsədi daşıyan bu səfərlər bayram tətillərinin ilk günlərindən başlayıb.
Novruz bayramı günləri paytaxtın səkkiz aparıcı mədəniyyət ocağının kollektivi ölkənin müxtəlif regionlarında maraqlı repertuarla bölgə tamaşaçılarının qarşısına çıxıb. Proqram çərçivəsində ilk qastrol edən kollektiv Azərbaycan Dövlət Yuğ Teatrı öz “Şəbədə” tamaşası ilə Şamaxıya yollanıb. Kollektiv martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində sənətsevərlərin qarşısına çıxıb.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyət martın 22-si Salyan və Lənkərana gedib. Kuklaçılar M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını əvvəlcə Salyan Dövlət Kukla Teatrında nümayiş etdirib. Həmin gün kollektiv Lənkəran şəhərindəki uşaq evi sakinlərinin də könlünü oxşayıb.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Gəncə teatrsevərlərinin qonağı olub. Kollektiv martın 22-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə teatrının səhnəsində nümayiş etdirib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İbrahim Sadıxovun “Molla Nəsrəddinin beş arvadı” əsərinin tamaşası ilə martın 23-də Mingəçevir teatrının səhnəsində çıxış edib.
Şuşa Dövlət Musiqili Dram Teatrı isə “Lənkəran xanının vəziri”ni qusarlı tamaşaçılarla görüşdürüb. Axundzadənin bu məşhur əsərinin tamaşası martın 23-də Qusar Dövlət Ləzgi Dram Teatrında oynanılıb.
Azərbaycan Dövlət Pantomim Teatrı martın 24-də Qəbələ rayon Mədəniyyət Mərkəzində “Pantomim buketi”ni nümayiş etdirib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sumqayıt teatrsevərlərinin görüşünə gedib. Yaradıcı heyət “Dəcəl keçi” nağıl-tamaşasını martın 26-da təqdim edib.
Ən nəhayət bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Məlikməmməd” nağıl-tamaşası ilə Şəkidə teatrsevərlərin qarşısına çıxacaq.
Gözəl təşəbbüsdür. Yalnız alqışlamaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Demə Səməd Vurğun gəldi-gedərdi…
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hər il olduğu kimi bu il də mart ayının 21-i saat 11-də Xalq şairi Səməd Vurğunun anadan olması və Poeziya Günü münasibətilə "Qazax" Xeyriyyə İctimai Birliyi və Səməd Vurğunun Ev Muzeyinin birgə təşkilatçılığı ilə Fəxri Xiyabanda Səməd Vurğunun məzarı ziyarət olundu.
Eyni zamanda 22 martda anadan olmuş Xalq yazıçısı İsmayil Şıxlının, 23 martda anadan olmuş Xalq yazıçısı Mehdi Hüseynin, Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsa Muğannanın, Azərbaycan SSR Xalq Artisti və SSRİ xalq artisti, xoreoqraf, professor, Leyla Vəkilovanın, ictimai-siyasi xadim Mövsüm Poladovun məzarları da ziyarət olundu.
Məzarlara tər gül dəstələri qoyuldu, çıxışlar, xatirələr söyləndi.
Mart ayının 21-i Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan YaIçılar Birliyinin Qazax Zona filialının və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun anadan olmasının 117-ci ili əlaqədar olaraq Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğunun Poeziya Evində anım tədbiri keçirildi.
Novruz bayramı ilə əlaqədar olaraq "Qazax" Xeyriyyə İctimai Birliyinin Bakıda yaşayan üzvləri doğmalarını ziyarət etmək üçün Qazax və Ağstafa rayonlarına getdikləri üçün Yuxarı Salahlı kəndində Səməd Vurğunun Poeziya Evində təşkil olunan anım tədbirində fəal iştirak etdilər.
Əklil və tər qərənfillər "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlanmışdı.
Ruhu şad olsun dahi şairin!
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Bayram gününün 3 pozitiv hadisəsi
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin yazısını təqdim edir
Bayram gününün 3 pozitiv hadisəsi, məncə, bunlardır:
30 ildən sonra Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə geniş konsert proqramı təşkil edilib, aşıq havaları səslənib, kəndirbazlar, pəhləvanlar, eləcə də ölkənin tanınmış incəsənət nümayəndələri çıxış edib. Azərbaycan Dövlət Kukla Teatrının “Oyuq” teatr-studiyasının ifasında “Can Qarabağ” adlı rəngarəng konsert proqramı təqdim olunub.
Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində Novruz bayramı xüsusi coşqu ilə qeyd olunub. Ağalı sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayıblar. Azərbaycan Dövlət Televiziyası vasitəsi ilə canlı yayımlanan konsert proqramı, səslənən milli musiqi və ifa olunan rəqslər böyükdən kiçiyə hər kəsə əsl bayram ab-havası bəxş edib.
Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovun bağ evinə gedərək onunla görüşüb, Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycanın yubiley medalı ilə təltif edib.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Böyük İsmayıl Şıxlının 104 illiyinə
“Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının 104-cü ildönümünə həsr edilmiş yazısını təqdim edir
Son dərəcə dinamik, enerjili, özünə güvənən, müstəqil düşüncəli, azad bir insan idi. Şəxsi keyfiyyətləri o dərəcədə yüksək idi ki, xalq içində bir şəxsiyyət kimi böyük nüfuz qazana bilmişdi. Dostları üçün çox işlər görmüşdü. İnsanlara yardımçı olmağı və onların problemlərini bölüşməyi sevərdi. Göstəriş almaqdan xoşlanmaz, inadcıl, öz sözündən dönməzdi. Yeri gələndə sərt çıxışları ilə auditoriyanı lərzəyə gətirə bilirdi...
1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlmişdi. Kosalar kəndində ibtidai məktəbi bitirib, üç il Qazax pedaqoji məktəbində təhsil almışdı. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işlədikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdi. Oranı bitirərək bir il Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdi. İkinci dünya müharibəsinə qatılmış, sovet ordusu tərkibində ön cəbhələrdə siravi əsgər olmuşdu. Ordudan tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri, Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışmısdı. Daha sonra "Azərbaycan" jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olmuşdu. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdi. 1995-ci il iyulun 26-da vəfat edib...
O, dünyaya gələndə Azərbaycan Demokratik Respublikası cəmi bir il idi ki, qurulmuşdu. Ölkədə güclü ictimai-siyasi proseslər gedirdi. Atası Qəhrəman kişinin halal müəllim süfrəsində gələcək şöhrətindən xəbərsiz böyüyürdü. Və bir gün, on doqquz yaşında ikən ilk "Quşlar" şeiri "Ədəbiyyat" qəzetində dərc olundu. Bu onda böyük həvəs yaratdı. Başı müharibəyə qarışsa da qələbədən bir il sonra "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə mükəmməl ədəbi yaradıcılığa başladı. O vaxtdan son nəfəsinədək özünü ədəbiyyata həsr etdi...
Ömür-gün yoldaşı Ümidə xanım evdar qadın idi. Elçin və Fərrux adında iki yadigarı qalıb. Elçin jurnalist, Fərrux isə rəssamdır...
Başladığı işi sona çatdırmağı xoşlayardı. Möhkəm iradə və fiziki gücə, eyni zamanda idarəetmə qabiliyyətinə sahib idi. Həllini tapmamış problemlərə nifrət edirdi. Davamlı olaraq yenilik arzusunda olması onun ən diqqət çəkən xüsusiyyətlərindən biri olub. Heç zaman özünü məhdudlaşdırmağa çalışmazdı. Ona nəyisə bəyəndirməyə cəhd etmək mənasız olsa da olduqca həssas insan idi...
Ərsəyə gətirdiyi əsərlər çox olub. Amma ona ümumxalq məhəbbəti gətirən əsəri isə “Dəli Kür” oldu. Bəlkə də əsərin baş qəhrəmanı Cahandar ağa obrazı onun daxili dünyasının təzahürü idi. Onun vasitəsi ilə Cahandar ağanı sevdik, qəlbimizdə, yaddaşımızda yuva qurdu. Nə qədər ki, Cahandar ağa yaşayır, haqqında söhbət açdığım xalq yazıçısı İsmayıl Şıxlı da yaşayacaq…
Bəli, Azərbaycan ədəbiyyatının Cahandar ağası- İsmayıl Şıxlı heç zaman unudulmayacaq. Mövludun mübarək, USTAD!
Ruhun şad olsun!…
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 1-ci yer. Fransa
Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.
1-ci yer. Fransa
Mədəniyyət Nazirliyinin və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərimizi özündə ehtiva edən Novruz bayramı Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində qeyd olundu.
Bayram şənliyində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruz bayramının fəlsəfəsi haqqında və bu bayramla bağlı adət-ənənələrimizdən danışdı. Mart ayında Azərbaycanın ən qədim, ən sevimli bayramlarından biri olan Novruzun təntənə ilə qeyd edildiyini deyərək, onun xalqımızın ənənəvi dəyərlərini özündə ehtiva etdiyini vurğuladı.
Qeyd etdi ki, ölkədə Novruz bayramı həmişə yer üzünün, təbiətin dirçəlməsinin, mənəvi saflığın, bərabərliyin təntənəsi olub. Bu gün qədim günəş təqviminə görə yazın və yeni ilin başlanğıcı bayram edilir. Novruzun 3 min ildən artıqdır planetimizin müxtəlif məkanlarında qeyd olunduğunu söyləyən səfir bu bayramın nəsillər, insanlar arasında sülhü, barışığı və həmrəyliyi nümayiş etdirdiyini diqqətə çatdırdı.
Leyla Abdullayeva bildirdi ki, Novruz bayramı bəşəriyyətin mədəni müxtəlifliyini əks etdirir, müxtəlif ölkələrin xalqları və icmaları arasında dostluğa töhfə verir.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayramın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi isə aurıca vurğulandı.
Novruz fəlsəfəsinin əsasında birlik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğunu nəzərə alaraq, müxtəlif ölkələrin Fransada akkreditə olunmuş səfirləri, diplomatları, Parisdəki beynəlxalq təşkilatların, Fransa XİN-nin, eləcə də yerli mədəniyyət nümayəndələri, bu ölkədəki Azərbaycan icmasının üzvləri bayram tədbirində iştirak edirdilər.
Azərbaycanın Novruz adət-ənənəsi əks etdirən xonçalar tədbirə xoş əhvali-ruhiyyə qatdı. Musiqimiz səsləndi, təamlarımız dadıldı.
Hamı sevincliydi, Novruz ayinləri əcnəbiləri əsilcə əyləndirə bildi. Bir xalqın bayramı onun zəngin mədəniyyətinin ən əsas göstəricisi deyilmi?
Əsl reytinq liderliyinə yaraşan şənlik idi.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 2-ci yer. ABŞ
Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.
2-ci yer. ABŞ
Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan və Tacikistanın ABŞ-dakı səfirlikləri və ABŞ-ın “Amerika Xarici Xidmətinin Dünya üzrə Tərəfdaşları” adlı qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə ABŞ Dövlət Departamentində Novruz bayramına həsr edilmiş tədbir təşkil olunmuşdu ki bu tədbir də reytinqimizin ikinci pilləsində qərarlaşdı.
Bu tədbir ABŞ-ın Amerika Universitetinin hüquq elmləri üzrə elmi işçisi, doktorant Şəlalə Vəliyevanın moderatorluğu ilə keçirilitdi.
ABŞ Dövlət Katibinin müavini Vendi Şerman çıxışı zamanı ABŞ Prezidenti Co Bayden və Amerika xalqının adından dünyada Novruz bayramını qeyd edən xalqları təbrik etdi. Baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun yeni imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini söylədi. O, yeni fəslin gəlişi ilə dünyadakı bütün çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə etdi.
ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman Novruz bayramı ilə bağlı təbriklərini çatdıraraq, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsində region ölkələrinin töhfələrini yüksək qiymətləndirdi. O, Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü bildirdi. R.Zimmerman indi hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu vurğuladı.
Çıxışlardan sonra Qazaxıstanın məşhur “Turan” ansamblı tərəfindən təşkilatçı ölkələrin milli musiqi səsləndirildi. Bununla yanaşı, ABŞ-ın “İpək Yolu Rəqs Qrupu” tərəfindən hər ölkəyə məxsus milli rəqslər nümayiş etdirildi.
Tədbirdə ölkəmizin mədəniyyətinin əks olunduğu guşə nümayiş etdirildi və milli mətbəximizin nümunələri iştirakçılara təqdim olundu, hamı tərəfindən bəyənildi. Şəlalə Vəliyeva da moderatorluğu zamanı Azərbaycanın adını daha ucadan, daha şövqlə çəkirdi.
Ümumilikdə Novruz tədbirində ABŞ dövlət rəsmiləri, ABŞ-da akkreditə olunmuş səfirliklərin diplomatları və icma nümayəndələri iştirak edirdilər.
Əsl reytinq ikinciliyinə yaraşan şənlik idi.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 3-cü yer. Macarıstan
Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.
3-cü yer. Macarıstan
Azərbaycanın Macarıstandakı səfirliyi, Macarıstandakı Azərbaycan Evi, Azərbaycan Respublikası Gənclər Fondu, “Silk Way” Tələbə Fondu və “Barsz” Macarıstan-Qazaxıstan Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Gənclərin İnteqrasiya və İnkişaf Assosiasiyasının (AYID) təşkilatçılığı ilə Macarıstanın paytaxtı Budapeşt şəhərində “Yeni gün” adlı Novruz şənliyi keçirildi ki, bu şənlik də reytinqimizin üçüncü pilləsinə ucaldı.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Macarıstan, həmçinin Tatar və Çuvaş icmalarının nümayəndələri maraqlı incəsənət nümunələri ilə çıxış etdilər. Bu ölkələri və icmaları təmsil edən tələbə və gənclər Türk dünyasının qədim ortaq tarixi və zəngin mədəniyyətini təbliğ edirdilər.
Tədbirin açılışında Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış etdi. O, ortaq türk tarixi, mədəniyyəti, adət-ənənələri və dəyərlərinin təbliğində azərbaycanlı gənclərin rolundan söz açdı.
Sonra AYID-in idarə heyəti üzvü Nazim Musabəylinin müəllifi olduğu “Yeni gün” tamaşası nümayiş etdirildi. Novruz bayramının qədim personajlarından sayılan Keçəl, Xan oğlu, Bahar qızı, Od Baba, Yel baba, Yayıq xan və Torpaq Ananın yer aldığı tamaşada gənc soydaşlarımızdan olan Ləman Əlizadə Bahar qızı obrazını canlandırdı.
Tədbirin sonunda Türk dünyası mətbəxinin ləziz təamlarından ibarət süfrə açıldı. Hamı dedi, güldü, şənləndi.
Əsl reytin üçlüyünə yaraşan şənlik oldu.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 4-cü yer. İsveç
Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.
4-cü yer. İsveç
İsveçdə fəaliyyət göstərən SAF İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin paytaxtı Stokholm şəhərində Novruz bayramı münasibətilə yaddaqalan bir şənlik keçirildi.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra çıxış edən SAF Dərnəyinin sədri Sevda Dadaşova qonaqları Novruz bayramı münasibətilə təbrik etdi, bu bayramın xalqımızın həyatındakı yerindən söz açdı. Novruz bayramının özəlliklərini diqqətə çatdıran təşkilat rəhbəri bu bayramın dostluq, birlik rəmzi olması ilə yanaşı, ruzi, bərəkət, yeni dövr və yeni həyatın başlanğıc ənənələrini özündə əks etdirən bir bayram olmasını da bildirdi.
Sonra çıxış edən Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşı Nail Qocayev bu bayramın milli adət-ənənələrimizi qoruyub saxlayan xalqımız üçün rəmzi əhəmiyyətindən danışdı.
Tədbir konsert proqramı ilə davam etdi. Azərbaycandan gələn musiqiçilər Cemale Alan-Berk və Anar Rüstəmov sevilən mahnılarını ifa etdilər. Azərbaycanın milli rəqslərini mahircəsinə ifa edən Saf təşkilatının uşaqlardan ibarət Qarabağ rəqs qrupu isə tamaşaçıların rəğbətini qazandı.
Konsertdə, həmçinin türk musiqiçilər də çıxış etdilər.
Əsl reytinqə düşən şənlik oldu.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)
Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 5-ci yer. Niderland
Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.
5-ci yer. Niderland
Niderland Krallığında fəaliyyət göstərən Benelüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Rotterdam şəhərində keçirilən Novruz bayramı şənliyi reytinqimizin 5-ci pilləsində qərarlaşdı. Bu bayram şənliyində əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman Azərbaycan oğullarının, eləcə də qardaş Türkiyədə dağıdıcı zəlzələdən həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov türk dünyasının birliyini, türk xalqları arasında mədəni irs bağlılığını əks etdirən Novruz bayramının tarixindən, dəyərlərindən və adətlərindən danışdı. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini diqqətə çatdırdı.
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Səbinə Sadıqlı Novruzun birlik, həmrəylik kimi dəyərlərindən söz açaraq, bu ölkədə yaşayan soydaşlarımızın bayramını təbrik etdi.
Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva, Hollanda Azərbaycan - Türk kültür mərkəzinin rəhbəri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresi nəzdində fəaliyyət göstərən Cənubi Azərbaycan üzrə təmsilçi Araz Ataxan da çıxış etdilər, Novruzun özünəməxsusluğundan söz açıb Azərbaycan xalqının əziz bayramını təbrik etdilər.
Bayram şənliyi BAK-ın nəzdində fəaliyyət göstərən Rotterdam həftə sonu “Ana dili məktəbi”nin və “Körpə Fidanlar” musiqili teatr qrupunun təşkil etdiyi musiqili proqramla davam etdi.
Əsl reytinqə düşən şənlik oldu.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)