Super User
Sabah “Arşın mal alan”dır
Martın 18-25-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası nümayiş etdiriləcək.
Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə səsləndirilir.
Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev və kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslıdır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)
“Möcüzəli pillələr” yenidən səhnədə
Sabah Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Ağaxan Salmanlının “Möcüzəli pillələr” pyesi əsasında eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşa həm teatr haqqında məlumat verir, həm də səhnənin sirli məqamlarını açır.
Quruluşçu rejissoru Nicat Kazımov olan tamaşada Əməkdar artist Elnur Bəhrəmxan, aktyorlar İlhan Sadıqov, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Müşfiq Əliyev, Yusif Dadaşov, Anar Səfiyev, Xaliq Bəkirov, Aygün Fətullayeva, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Araz Pirimov, İlahə Əmirxanova və Hüseyn Bayramov iştirak edəcəklər. Yarıbədii, yarıpraktik tamaşada izləyicilər özləri də prosesin iştirakçılarına çevrilirlər.
Səhnə əsərinin hazırlanmasında əsas məqsəd tamaşaçını teatr mühiti ilə, tamaşanın qurulması, aktyorları qrim otağından səhnəyə qədər aparılan hazırlıq prosesi ilə tanış etməkdir.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)
Sabah Məşədi İbad görüşə gələcək
Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq nümunələrindən sayılan “O olmasın, bu olsun” musiqili komediyası sabah - martın 18-də Opera və Balet Teatrında nümayiş olunacaq.
Tamaşada rolları Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artist Ramil Qasımov (Sərvər), teatrın solisti Günel Hacıyeva (Gülnaz) və başqaları ifa edəcək.
Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq. Quruluşçu rejissoru Hafiz Quliyev olan tamaşa 2006-cı ildə peşəkar vokalçıların ifasında səhnəyə qoyulub. Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)
Azərbaycanın turizm imkanları Vyanada beynəlxalq turizm yarmarkasında təqdim olunur
Vyanada koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra beynəlxalq tətil yarmarkası - “Ferien-Messe Wien“ yenidən qapılarını səyahətsevərlər üçün açıb.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, sayca 44-cü dəfə keçirilən Avstriyanın ən böyük yarmarkasında Azərbaycan da öz turizm guşəsi ilə təmsil olunur.
Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə qurulmuş guşədə Azərbaycanın turizm potensialını əks etdirən kitablar, CD, buklet və reklam çap məhsulları nümayiş olunur, eləcə də təbliğat xarakterli materiallar ziyarətçilərə təqdim edilir. Azərbaycan Turizm Bürosu və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyət və tarixi ilə yanaşı Qarabağ və Şuşa haqqında materiallar da təqdim edilir. Guşədə quraşdırılmış monitorlarda isə Azərbaycanın səfalı guşələrinə həsr olunmuş videoçarxlar göstərilir. Bu il turizm yarmarkası Novruz bayramı ərəfəsinə təsadüf etdiyinə görə, ziyarətçilərə Novruz atributları, milli şirniyyat və suvenirlər təqdim olunub.
Yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 800-dən çox şirkət iştirak edir. Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, Avstriyanın 9 federal əyaləti də öz turizm imkanlarını nümayiş etdirir. Yarmarkaya hər il orta hesabla 150 min ziyarətçi baş çəkir. Builki yarmarkada Xorvatiya xüsusi tərəfdaş kimi iştirak edir.
Beynəlxalq yarmarka səyahətsevərləri dünyanın müxtəlif ölkələrində tətil imkanlarına dair məlumatlandırmaqla yanaşı, turizm sektorunda çalışan şirkətlər üçün fikir mübadiləsi aparmaq və yeni trendlərlə tanış olmaq imkanı yaradır.
Beynəlxalq yarmarka martın 19-dək davam edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)
Hafiz Baxış - “Bizim dost itirən vaxtımız deyil”
“Ədəbiyyat və incəsənət” portalı “Nostalji: ən sevilən şeirlər” rubrikasında mərhum şair Hafiz Baxışın “Bizim dost itirən vaxtımız deyil” şairini təqdim edir. Sovet dönəmlərində əslən Qərbi Azərbaycandan olan şair Hafiz Baxış çox sevilərdi, onlarca şeirinə mahnı bəstələnmişdi. Bu şeir isə o qədər dəbdə idi ki, əksər toy məclislərində tost sözlərinə çevriımişdi.
Gəlin itirməyək dostları, qardaş!
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il -
Bizim dost itirən vaxtımız deyil!
Bir könül həmdəmi tapana qədər
Can evi illərlə olur dərbədər.
Var-dövlət dünyada gəlib də gedər,
Hər şeyə göz yumub dosta et meyil-
Bizim dost itirən vaxtımız deyil!
Tutmursa xasiyyət, tutmursa ürək,
Havayı duz dadıb, kəsməyək çörək.
Dostun hər cövrünə qatlaşıb gərək,
Olaq yaxşısına, pisinə qayil -
Bizim dost itirən vaxtımız deyil!
Onsuz da qısadır, dönükdür ömür,
Tale biz deyəni həmişə demir.
Ey dost, biz nə daşıq, nə də ki, dəmir,
Əsl dost yolunda ikiqat əyil-
Bizim dost itirən vaxtımız deyil!
Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!
Canını istəsə, dosta qurban de,
Dərdinə çarə qıl, ona dərman de.
Dost sənə "çor" desə, sən ona "can" de,
Düşməni dost edir xoş söz, şirin dil-
Bizim dost itirən vaxtımız deyil!
Hafiz, dar ayaqda dosta ol dayaq,
Dostluğu müqəddəs bir nemət sayaq.
Fitnə-fəsadlara məhəl qoymayaq,
Çəkək nankorların gözlərinə mil -
Bizim dost itirən vaxtımız deyil!
Sonda əziz oxucularımız, sizlərə dost itirməməyi arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)
Xətai Sənət Mərkəzində “Baharın rəngləri” sərgisi açıldı
Baharın nə qədər rəngi var? Yəqin ki sonsuz, deyilmi? Xüsusən rəsm əsərləri bu rəngləri bir-bir üzə çıxarmaqda israrlı olur.
“Heydər Əliyev İli” çərçivəsində baharda təbiətin oyanışını təsvir etmək məqsədilə elan olunmuş “Baharın rəngləri” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin birinci yekun sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək müsabiqə barədə məlumat verib.
Azərbaycan Dövlət Rəsm Qalereyasının nümayəndəsi Elçin Hüseyn, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova, Yeni Azərbaycan Partiyasının üzvü, gənc fəal Sahib Şəmizadə, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Hüseynov və digərləri çıxış edərək müsabiqə və sərgidə nümayiş olunan əsərlərlə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədilə keçirilən tədbirə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərmiş və 800-dən çox uşağın hərəsindən bir əsər sərgilənmək üçün seçilib.
Sonra sərginin açılışı olub. Sərgidə 200-dən çox rəsm əsəri nümayiş olunur. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla, düzgün kompozisiya, rəng seçimi, ideya və kənar müdaxiləsiz əsərlərə üstünlük verilib.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və an az 5 üzvü ilə təmsil olunan yaradıcılıq müəssisələri isə təşəkkürnamələrlə təltif ediliblər.
Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)
“Min rəng verir bahar hər bir çiçəyə…”
Rübabə Muradovanın 90 illiyi münasibəti ilə
Onun mahnıları heç vaxt unudulmayacaq. Cənub həsrətini daim özündə gəzdirən Rübabə Muradova səsindəki nisgili və kədəri əsla gizlədə bilmirdi. Çünki ikiyə bölünmüş Azərbaycanın taleyini özündə daşımışdı. Cənubda doğulub şimalda yaşamışdı. 50 yaşında şimalda da həyatla vidalaşdı.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, martın 22-də görkəmli müğənni, Xalq artisti Rübabə Muradovanın 90 illiyidir.
Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sonra ailə Sovet Azərbaycanına köçüb. Gənc Rübabə Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görüb və Bakıya Filarmoniyada işləməyə dəvət edib. O dönəmdə Rübabə musiqi təhsili də alıb. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil almaqla tezliklə - 1954-cü ildən ta ki ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Tamamilə fərqli və güclü səsə sahib olan bu xanımın istedadı ona Dövlət Opera və Balet Teatrının solisti olduğu illərdə müxtəlif rollar oynamağa imkan verib. "Leyli və Məcnun”da Leyli, "Əsli və Kərəm”də Əsli, "Şah İsmayıl”da Ərəbzəngi, "Aşıq Qərib”də Şahsənəm, "Koroğlu”da Xanəndə qız, "Gəlin qayası”nda Sənəm kimi rollar oynayan Rübabə Muradova xalqın sevgisini qazanıb.
Rübabə Muradova 1983-cü il avqustun 28-də cəmi 50 yaşında dünyasını dəyişib. Ruhu şad olsun!
Onun ən unudulmaz mahnısını bu gün dinləyəkmi?
Ayrı düşdük, aylar ötdü, il oldu,
Eşqim sənsiz bir çağlayan sel oldu.
Bağça saldım, çiçək açdı, gül oldu,
Neyçün səni bəs unuda bilmirəm?
Unuda bilmirəm...
Min rəng verir bahar hər bir çiçəyə,
Ruh gətirir hər qəlbə, hər ürəyə.
Mən çatıram min arzuya, diləyə,
Neyçün səni bəs unuda bilmirəm?
Unuda bilmirəm...
Deyirlər ki, yoxdur sevgi, məhəbbət,
Bir-birinə qız-oğlan edir adət.
Doğrudanda, yoxdur əgər məhəbbət,
Neyçün səni bəs unuda bilmirəm?
Unuda bilmirəm...
Bəli, Rübabə xanımın bu mahnısını heç vaxt unutmayacaq, dönə-dönə dinləyəcəyik. Çünki unutmaq mümkün də deyil.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)
Həsən Bayramovun İrəvan Müəllimlər Seminariyası barədə monoqrafiyası
“Ədəbiyyat və incəsənət” portalı fəlsəfə doktoru Nizami Novruzovun məqaləsini təqdim edir.
Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq. Bu sahədə də tarixçilərimizin qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmin problemi daim diqqət mərkəzində saxlamış, müxtəlif məruzə və çıxışlarında, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinə tarixi kontekstdə yanaşaraq Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağındakı çıxışında diqqət mərkəzinə çəkmişdir: “Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə ermənilərə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilib. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu.”
Bu çağırışların işığında ölkəmizin tarixinə, xalqımızın etnogenezisinə, maddi-mədəniyyət abidələrinə, müxtəlif mərhələlər üzrə inkişafımızın əsas istiqamətlərinə dair tanınmış ziyalılarımızın, elm adamlarının çox ciddi tədqiqatları nəşr olunmuş, bir çox beynəlxalq və regional səviyyələrdə sanballı məruzə və çıxışlar edilmişdir. Ermənistan-Azərbaycan münasibətlərində məlum Qarabağ münaqişəsi bəhanə edilərək yaradılmış süni konfliktlərin zəfərlə başa çatdırılması regionda yeni reallıqlar meydana çıxardı. Bu mənada Qərbi Azərbaycan, İrəvan, Zəngəzur kimi ifadələrə ərazi iddiası mənasında deyil, tarixi-coğrafi gerçəkliklər aspektində yenidən baxmaq zərurəti yaranmışdır. Ona görə də Qərbi Azərbaycan, İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə ifadələri adi leksik mənasından çox milli müstəqillik və dirçəliş uğrunda tarixi mücadilənin simvollarına çevrilmişdir. Bu ifadələrin ehtiva etdiyi böyük məna tutumu gələcək tədqiqatlar, konfranslar, simpoziumlər üçün çox ciddi əhəmiyyət daşıyır. Ermənistanla ikitərəfli münasibətlərdə həlledici yolun astanasında olduğumuz bir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə əlaqədar 29 dekabr 2021-ci il tarixində imzaladığı sərəncam bütün ziyalıların, o cümlədən təhsil tədqiqatçılarının qarşısında da çox ciddi vəzifələr qoyub.
Hörmətli prezidentimiz İlham Əliyevin bu sərəncamına müvafiq pedaqoji elmlər doktoru, professor Həsən Bayramovun “İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyimizin genezisi və prioritetlərin paradiqması” monoqrafiyası bu sahədə aparılan uğurlu tədqiqatlardan biri kimi qiymətləndirilməlidir. Əsərdə “Çarizmin Azərbaycanı işğal etdikdən sonra yeni tarixi-maarifçi transformasiyaya keçid”, “Tarixi-maarifçi proses kontekstində yeni tipli təhsilin ilkin şəbəkələşməsi”, “İrəvan Müəllimlər Seminariyası və onun yaranmasını şərtləndirən maarifçi zəmin”, “İrəvan və Qori müəllimlər seminariyaları: paralel prioritetlər”, “İrəvan Müəllimlər Seminariyasının Ermənistanda azərbaycanlı müəllim kadrlarının hazırlığında rolu” başlıqları altında çox maraqlı araşdırmalar öz əksini tapıb.
İnanıram ki, hörmətli professorumuz Həsən Bayramovun “İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması” monoqrafiyası ciddi tarixi-siyasi və mənəvi-pedaqoji əhəmiyyətli problemə həsr edilmiş əsər kimi həm yeni-yeni araşdırmalara stimul verməklə, həm də indiyədək aparılmış bir çox fundamental araşdırmaları tamamlamaqla gələcək tədqiqatlara da təkan olacaq.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)
Axşam meyvə yeməyin! - Həkimlərdən tövsiyə
Meyvə yüngül və kökəltməyən qida sayılır. Bu səbəbdən bir çox arıqlamağa çalışan qadınlar axşamlar daha kalorili qidaları 1 boşqab meyvə ilə əvəz edir. Lakin bu çox böyük səhvdir və nəinki arıqlamağa kömək etmir, əksinə, artıq kiloların yığılmasına səbəb olur. “Ədəbiyyat və incəsənət”in növbətçisi Könül dietoloqların məlumatlarını ələk-vələk edərək yuxarıdakı qənaətə gəlib.
Məsələ burasındadır ki, təbii şəkərlə zəngin olan meyvələrin istehlakı qanda şəkərin səviyyəsini qaldırır. Orqanizm şəkərin səviyyəsini normaya salmaq üçün insulinin istehlasını artırır. İnsulin piylərin parçalanması prosesini ləngidir və əksinə piylərin yığılmasına səbəb olur. Axşam saatlarında insanın hərəkətliliyi kəskin azalır, insan kalori sərf etmir və yediyimiz 1 boşqab "ziyansız" meyvə orqanizmdə piyə çevrilir.
Bütün bunları nəzərə alaraq mütəxəssislər meyvələri səhər və günorta yeməkləri arasında istehlak etməyi tövsiyə edirlər.
Tərəvəzlər isə həqiqətən arıqlamağa kömək edir. Bu səbəbdən axşam meyvə salatının əvəzinə tərəvəz salatını (yağsız!) yesəniz daha yaxşı olar.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)
Mehriban Xanlarovanın tez-tez üz-gözünü silməsi
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Mehriban Xanlarovadır.
MEHRİBAN XANLAROVA
(1967)
***
Birinci kursda oxuyanda etüd və sadə aktyor bacarığı məşğələləri hazırlayrdıq. Xalq artisti Məlik Dadaşov bizi imtahanqabağı yoxlayırdı.
– Hə, Mehriban, de görüm səhnədə xəstənin tərləməyini necə göstərə bilərsən?
– Tez-tez üz-gözümü silirəm.
– Başqa…
– Mürəbbəli çay içdiyini göstərərəm… sonra dəsmalla üzümü silərəm…
– Yaxşıdır. Başqa?
– Qalın bir şeyə bürünüb, titrəyərəm və tez-tez üz-gözümü silərəm.
– Pis deyil. Başqa?
– Məlik müəllim, olar üz-gözünü silim?
Həyəcandan qan-tər içində idim.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)