Super User

Super User

Cümə axşamı, 16 Mart 2023 15:30

Günün fotosu: Paris zibil içindədir

Günün fotosu: Paris zibil içindədir

 

Parisin səkilərində 7 tondan artıq zibil yığılıb qalıb. Səbəb zibildaşıyanların pensiya islahatları əleyhinə tətil etmələridir. 

 

Fotonun hüququ: Lewis Joly/Copyright 2023 The AP. All rights reserved

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Cümə axşamı, 16 Mart 2023 15:00

Rəsm qalereyası: Rafael Əsədov, “Mənzərə”

Rəsm qalereyası: Rafael Əsədov, “Mənzərə”

Cümə axşamı, 16 Mart 2023 14:30

Tofiq Quliyev anıldı

Onun mahnıları dillərdən düşməyib. Bu qədər populyar mahnısı olan ikinci bəstəkar çətin tapılar.  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş “Mahnılarda yaşayan ömür” adlı tədbir təşkil edilib.

 

Məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Nərgiz Kərimova görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında video-slaydlar vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, musiqi məktəblərinin direktorları, eləcə də bəstəkarın qohumu Gülnarə Musabəyova tədbirdə qonaq qismində iştirak edərək, məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifliyə, tədbirin təşkilatçılarına, həmçinin gözəl ifalara görə müəllim və şagirdlərə öz təşəkkürünü bildiriblər, bəstəkarın kitabı hədiyyə olaraq məktəbin direktoruna təqdim edilib.

Bədii hissədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərindən ibarət kamera ansamblı (bədii rəhbər məktəbin müəllimi Nigar Cavadova) çıxış edib, eyni zamanda məktəbin müəllimi Bəturə Əhmədova bədii rəhbəri olduğu şagirdlərdən ibarət qanun ansamblı ilə birlikdə gözəl ifalarla tamaşaçıları sevindiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın hikmət bankomatından növbəti seçmələri təqdim edir

 

*Atılan addımın uğursuzluğu atılacaq addımın uğur təlimidir.

 

*Qürurlu insan məğrur dağa bənzər; sinəsində uyuyan daşlar məkanından qopanda dağdan yuxarı yox, yalnız üzü aşağıya yuvarlanıb, dərələrdə it-bata düşər...

 

*Sınaqlar olmasaydı, sınıqlar çox olardı...

 

*İşıq gələn yerə barmaq tıxayan qaranlığı lənətləməsin...

 

*Qadın gücü ilə deyil, zərifliyi ilə güclüdür.

 

*Hamı BİRƏ bağlıdır, BİRƏ də bərə bağlıdır...

 

*İtirdiklərinin alovunda əriməyən  itirmədiklərinin sevincini yaşaya bilməz...

 

*Əsl peşimanlıq peşimanlığına peşiman olmaqdır...

 

*Kəmfürsətə minnətdar ol ki, hər ...kəmində sənə cəm fürsətin kəmini "bağışlayar"...

 

*Kinindən bar gözləyən ürək əkinə yararsız yer kimidir...

 

*Ən əzablı, üzücü, uzun  yol qəlbən yaxın olmadığınla yaxınlığındır.

 

*Söz bir dəfə deyilir, qalanı təkrardır.

 

*Sənin təkcə dediyini yox, nə deyəcəyini də hiss edən adamın qarşısında susmağın da ona daha aydın və daha tutarlı sözündür.

 

*Sevgisiz adamdan başqa heç kəs bədbəxt deyil...

 

*Qınaq gələn yerə qonaq gəlməz...

 

*Bütün sözlər "hə" və "yox"un ətrafında dolanan peyklərdir.

 

*Sürüşkən yerdən düz yox, sivişib keçməlisən.

 

*Səndən qaçanın qabağına çıxmaq da, arxasınca qaçmaq da absurddur.

 

*Əsəbi deyilən söz 50% hikkənin, 50% də anlaqsızlığın təzahürüdür...

 

*Həyatda insanı heç bir qüvvə xatirələr qədər öz ilkinliyinə qaytara bilməz...

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsi şəhidi, mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş “Qutsal yolçu” kitabının təqdimat mərasimi keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, “NƏFƏS” İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin ailə üzvləri, şəhid anaları, qazilər, aydınlar, ictimaiyyət nümayəndələri, jurnalistlər, ictimai fəal gənclər iştirak edib.

 

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin və qardaş Türkiyədə bu ilin fevralında baş vermiş dəhşətli zəlzələdə həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin aparıcısı MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı qeyd edib ki, gənc şair, yazıçı, publisist Şahanə Müşfiqin müəllifi olduğu “Qutsal yolçu” kitabı şəhidlərimiz haqqında yazılmış kitabların, nəşrlərin növbətisidir. Kitab "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın dəstəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə çap olunub.

“NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva şəhid mayor Emin Süleymanovun həyat yoluna nəzər salıb. O, “NƏFƏS” İB-nin yarandığı gündən şəhid ailələrinin, yaralı qazilərin yanında olduğunu, müxtəlif layihələrlə şəhidlərimizin həyat və döyüş yolunun öyrənilməsinə, təbliğ və tərənnümünə öz töhfələrini verdiyini bildirib.

Çıxışına davam edən Firəngiz Balakişiyeva Vətən uğrunda canını fəda etmiş şəhidlər haqqında bu cür kitabların gün üzü görməsinin çox vacib olduğunu vurğulayıb:

“Şəhidlik zirvəsinə yüksələn insanlar heç bir zaman ölmür, əksinə, şəhadətləri ilə əbədilik qazanır. Ölən bizlərik, şəhidlər isə tarix səhifələrindədir və xalqımızın yaddaşında əbədi olaraq qalır. Bəli, müharibənin bitdiyi ilk vaxtlarda bir araya toplaşıb deyirdik ki, vaxt gələcək hər bir şəhidimiz haqqında kitablar yazılacaq, onların keçdiyi yollardan filmlər çəkiləcək, gənc nəsil də bu kitabları oxuyub, filmlərə baxıb, fəxr edəcək. Düşünürəm ki, indi həmin günlərdən biridir. Bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyir, Vətənimizin başından qara buludların həmişəlik çəkilməsini arzulayıram”.

Təqdimat mərsaiminin dəstəkçisi – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edərək, ürək sözlərini bölüşüb:

“Əziz şəhid anaları, xanımları, bacıları! Dəyərli qazilərimiz, aydınlarımız və vətəndaş cəmiyyətinin qiymətli təmsilçiləri!

Qarşıdan Novruz bayramı gəlir. Ən əziz bayramlarda ən əziz insanlar – ilk növbədə şəhid anaları, şəhid ailələri yada düşür.  Sizin hər birinizi ürəkdən salamlayır, qarşıdan gələn milli bayramımız Novruz münasibəti ilə ən xoş diləklərimi yetirirəm!

Qardaş Türkiyənin “İstiqlal Marşı”nı yazmış görkəmli şair Mehmet Akif Ərsoy “Çanaqqala şəhidlərə” şeirində deyir: “Ey şəhid oğlu şəhid, İstəmə məndən məqbər, Sənə ağuşunu açmış, duruyor Peyğəmbər”. Peyğəmbər əfəndimizin ağuşunu açıb gözlədiyi şəhidlərimizin qarşısında baş əyirik. Başqa bir Türk şairi Mithat Cemal Kuntay isə bir şeirində belə deyirdi: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa Vətəndir”! Vətən kimi oğullar doğan analar, Vətən kimi oğullar yetişdirən atalar, sizin də qarşınızda baş əyirik. Qazilərimizə, müharibə iştirakçılarımıza da bildirmək istəyirəm ki, sizin fədakarlıqlarınızı heç bir zaman unutmayacağıq. Bu gün hamımız şəhid mayor Emin Süleymanovun xatirəsinin işığına toplaşmışıq. Bu, əslində hamımızın bir vəfa borcudur. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Bununla biz gənc nəslə şəhidlik məqamının necə uca olduğunu bir daha göstərmiş oluruq”.

Mədəniyyət Komitəsinin sədri çıxışında şəhid adının ucalığına toxunaraq bildirib ki, şəhidlər müqəddəs amalları, əziz adları ilə əbədi yaşayır.

Sözünə davam edən Komitə sədri kitabın hazırlanmasında, təqdimatında əməyi olan hər kəsə təşəkkür edib, bu cür kitabların daha çox nəşr olunmasının vacibliyini vurğulayıb. – “Sonda şəhid qardaşımıza həsr olunan “Qutsal yolçu” kitabının ərsəyə gəlməsində iştirak edən gənc yazar, jurnalist Şahanə Müşfiqə, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevaya, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara və bu tədbirə təşrif buyurmuş hər kəsə öz təşəkkürümü bildirirəm”!

Şəhid Emin Süleymanovun həyat yoldaşı Məhsəti Süleymanova çıxışında hər kəsə təşəkkürünü bildirib, həyat yoldaşı ilə qürur duyduğunu, bu kitabın başlanğıc olduğunu deyib.

“Şəhid Emin Süleymanov haqqında yazılmış bu kitab şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün etdiyimiz işlərin növbətisidir” deyən kitabın müəllifi Şahanə Müşfiq şəhidlər haqqında yazmağın bir vətəndaşlıq borcu olduğunu vurğulayıb, bu yolda ona dəstək olan hər kəsə təşəkkür edib.

“ZİRVƏ” Şəhid ailələrinə dəstək İB sədri Sevinc Orucova, Şəhid mayorun rəhbərliyi ilə döyüşmüş qazi Musa Əsgərov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, şəhidlər haqqında kitabların müəllifi Manya Səxavətqızı çıxış edib, kitab haqqında, şəhidin həyat və döyüş yolu haqqında danışıb.

Müəllif bildirib ki, “Qutsal yolçu” kitabında şəhidin ailə üzvləri, döyüş yoldaşları, əsgərləri, məktəb müəllimləri, qohumları və dostlarının xatirələri ilə yanaşı, dövri mətbuatda Emin Süleymanov haqqında çıxan yazılar, şeirlər də yer alıb.

Tədbirin bədii hissəsində Əməkdar artist Nuriyyə Hüseynova vətənpərvərlik mövzulu mahnılarla çıxış edib. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin “Əsgər məktubu” sənət layihəsinin rəhbəri Fərahim Sadiq qazilərdən ibarət heyətlə “ Yaralı da, şəhid də var, Ölənimiz yoxdur, ana!” sözləri ilə süslənmiş mahnını ifa edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Cümə axşamı, 16 Mart 2023 09:45

“Ulduz”un fevral-mart sayı işıq üzü görüb

"Ulduz" jurnalının fevral-mart sayı dərc edilib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnalın bu sayında oxucular bir-birindən maraqlı yazılarla tanış ola biləcəklər.

İlk olaraq  oxucular Nemət Mətinin özüylə söhbətini və hekayələrini oxumaq imkanı əldə edəcəklər. "Nəsr" rubrikasında Mübariz Cəfərlinin "Oyanma" və İlhamə Nasirin "Bir kəlmə söz" hekayələri yer alıb. Gənc sənətşünas Gülturanın "Rənglərdə gizlənən dil" yazısı, eləcə də Qulu Ağsəsin müharibə və təbii fəlakətlərin insanlığa yaşatdığı məşəqqətləri özündə ehtiva edən "Savaş- qardaşın başqa adıdı və yaxud in god we trust..." essesi də maraqla qarşılanacaq.

Taleh Mansurun  təqdim etdiyi  "Yazı masası"nın budəfəki qonağı ədəbiyyatşünas alim Rüstəm Kamaldır. "Şeir vaxtı"ında Qəmər Sözayın, Sevinc Qəribin, Cəmil Cəmilbəylinin, Müxəmməd Haqverdinin müxtəlif mövzulu şeirləri, həmçinin Əyyub Türkayın uşaq şeirləri  dərc edilib.

"Ulduz" jurnalı ilə "525-ci qəzet"in ortaq layihəsi kimi professor Məti Osmanoğlunun hazırladığı növbəti "Ustad dərsi"ndə Şarl Sent-Bövün "Klassik kimdir?" sualına cavab axtarılır. Xuraman Hüseynin "Hələ nələr yazmalıyam mən, nələr" sərlöhvəli yazısında Rəşad Məcidin müxtəlif səpkili şeirlərinin geniş təhlili aparılır. Vaqif Yusiflinin "Gənc şairlər, sözüm sizədir" başlıqlı tənqidi yazısında isə gənc yazarlardan Elvin İntiqamoğlunun, Gülay Tahirlinin, Elvin Nurinin, həmçinin Valeh Qocanın "Ulduz"  jurnalının fərqli saylarında işıq üzü görmüş şeirlərinə nəzər salınır, müəlliflərə tövsiyə və məsləhətlər verilir.

Yazıçı Seyran Səxavətin "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir" yazısı televiziya və mətbuatdakı dil problemlərinə həsr edilib. "Ədəbiyyat üzrə Nobel mükafatı laureatları" seriyasından növbəti yazıda İlham Abbasovun təqdimatı ilə Yohannes Yensenin həyat və yaradıcılığına nəzər yetirilir, ədibin aforizimlərindən nümunələrə yer verilir.

"Dərgidə kitab" rubrikasında kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin məşhur "Qarda sənin qan ləkən" hekayəsi təqdim edilib. Qeyd edək ki, hekayəni orijinaldan Məmməd Məmmədli məxsusi olaraq "Ulduz" jurnalı üçün tərcümə edib. Nəhayət, "Dərgidə sərgi" rubrikasını gənc rəssam Ülya Orucovanın rəsmləri və əl işləri bəzəyir.

“Ulduz”u oxuyun, əziz zövqlü oxucular.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Cümə axşamı, 16 Mart 2023 13:00

Dərviş Təbrizlidən “Yağış altda”

“Ədəbiyyat və incəsənət” portalında “Güney ədəbiyyat poeziyasından poetik seçmələr” rubrikasında Dərviş Təbrizli həftəsi davam edir. Bu gün şairin “Yağış altda” qəzəli təqdim olunacaq.

 

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı ışıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.

 

 

YAĞIŞ ALTDA

 

Mən könlümü bir gün sənə satdım yağış altda,

Sandım ki, yatan baxtı oyatdım yağış altda.

 

Ağzımda susan dil səni görcək işə düşdü,

Ağzım dolu bir dəfə söz atdım yağış altda.

 

Güldün mənə, bir kəlmə danışcaq geri döndün,

Saldım üzümə azca yubaltdım yağış altda.

 

Gəzdik təpədən-dırnağa ıslandıq o axşam,

Sən hey sözü kəsdin, mən uzaltdım yağış altda.

 

Addımlarılan təbrizi başdan-başa ölçdük,

Öpdüm səni atdıqca hər addım yağış altda.

 

Addım başı könlüm qəzəl istərdi gözündən,

Bilməm ki, nələr onda yaratdım yağış altda?

 

Düşdü araya ayrılıq, əl-əldən üzüldü,

Səndən ürək axirdə qopartdım yağış altda.

 

Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,

Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.

 

Dərviş, o yalan sevgini bir buxçaya yığdım,

Getdim görüşən yerdə boşaltdım yağış altda.

 

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Düyü, ət, kartof-soğan bahalaşıb, yumurta, günəbaxan və qarğıdalı yağları ucuzlaşıb

 

Bu ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 112,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 faiz təşkil edib.

 

“Ədəbiyyat və incəsənət” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin fevral ayına nisbətən 114,1 faiz olub. 2023-cü ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin fevral ayına nisbətən 117,1 faiz təşkil edib. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin, sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının, naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin, xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin fevral ayına nisbətən 112,2 faiz təşkil edib. Ötən ayda əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma boyaların, tozsoranların, soyuducuların, elektrik çaydanlarının, sintetik yuyuсu vasitələrin, sabunların, diş pastalarının, dezodorantların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, televizorların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2023-cü ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 faiz, əvvəlki ilin fevral ayına nisbətən 111,4 faiz təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma metro nəqliyyatında, şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərində, mənzillərin icarə haqlarında, paltarların və məişət cihazlarının təmiri xidmətlərinin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Cümə axşamı, 16 Mart 2023 12:30

Fizioterapiya haqda bilmədiyiniz məqamlar

Fizioterapiya tibbin müalicə vasitələrindən biridir. Bu müalicə vasitəsi şüalar və insan orqanizminə təbii faktoprların süni yollarla tətbiq edilməsindən asılıdır. Fizioterapevtik müalicə üsullarından qədim dövrlrdən istifadə edilir. Fizioterapiya barədə bilmədiklərinizə aydınlıq gətirmək üçün “Ədəbiyyat və incəsənət” portalı Nərminə Abbasovaya - Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkiminə müraciət edir.

 

 

 

 Fizioterapiya sahəsində aşağıdakı metodlardan istifadə edilir:

 

* hava vannalar

 

* su ilə müalicə

 

* mineral sularla müalicə

 

* süni günəş işığı vasitəsilə müalicə

 

* isti və ya soyuqla müaicə

 

* elektriklə müalicə

 

* elektromaqnitlə müalicə

 

* təzyiqlə müalicə (baroterapiya)

 

* mexaniki təsirlərlə müalicə

 

- massaj

 

- banka qoyma

 

- müalicəvi bədən tərbiyəsi

 

- buğa vermə

 

 

 

Fizioterapiyanın aşağıdakı şöbələri vardır:

 

* lazerlə müalicə

 

* diadinmoterapiya

 

* amplipulsterapiya

 

* transkranial və mikropolyarizasiya

 

* miostimulysiya

 

* müxtəlif nexaniki təsirlərlə qızdırıcı şüalanma

 

* krioperatiya

 

Fizioterapiyanın yuxarıda sadalanan bütün şöbələrinin hərəsinin özünəməxsus müalicə üsulları vardır.

 

Fizioterapiya sahəsində geniş istifadə edilən elektrofarez və fonofarez müalicəsi isə fizioterpiya və farmokolgiya sahaləri arasında qalan müalicə vasitəsidir Belə ki, bu müalicə zamanı dərman preparatları insan orqanizminə elektriklə dəridən ötürülür. Müalicə zamanı dərialtı toxumalara ultrasəs və ya elektriklə dərman preparatlarının ötürülməsi dərman preparatlarının orqanizmin istənilən sahəsinə yerli olaraq tətbiq edilir.

 

Fizioterapiya müaalicəsi biologiya, fizika, kimya, elektro-radiotexnika, biofizika, biokimya və kurort müalicələri ilə bağlı olan bir sahədir.

 

Fizioterpiya müalicəsinin məqsədi hansısa bir xəstəliyin müalicəsini ən yüksək şəkildə əldə etməkdir. Bu zaman müalifə fiziki faktorlarla həyata keçirilməsinə baxmayaraq istifadə olunan dərman preparatlarının normada olmaması müalicənin effektini azaldır. Bu zaman hətta xəstələrdə yanaşı təsirlər də meydana çıxmağa başlayır.

 

Bəzi xəstəliklər vardırki, onları müalicəsi zamanı fizioterapiyadan istifadə eləmək xəstəni cərrahi əməliyyatlardan xilas edir. Uzun müddət fizioterapevtik və reabilitasiya müalicəsi xəstəni cərrah blıçağından xilas edə bilir.

 

Müasir günümüzdə fizioterapiya müalicəsi ən təhlükəsiz müalicə vasitəsi hesab edilir. Fizioterapiya müalcəsi zamanı digər müalicələr kimi hər şey qeyd olunmalı və diqqətdə saxlanılmalıdır:

 

* xəstəliyin adı

 

* xəstəliyin ağırlıq dərəcəsi

 

* xəstəliyin tarixi və xəstənin vəziyyəti

 

* xəstənin yaşı, cinsi

 

* xəstənin fiziki və psixi xüsusiyyətləri

 

* xəstənin yaşayış yeri

 

Ginekologiya, urologiya və zöhrəvi xəstələrə fizioterapevtik müalicə tətbiq edildikdə onlara fərdi yanaşılır. Müalicənin müddəti xəstəliyin başlanma tarixindən və ağırlıq dərəcəsindən asılı olur. Hamilələrə və azyaşlı uşaqlar diqqətlə yanaşma tələb olunur.

 

Fizioterapevtik müalicə xəstənin sağalmasını sürətləndirir və onun nadir hallarda fəsadlar meydana gəlir.

 

Müalicə bədən tərbiyəsi xəstələrin sağalmasına müxtəlif idman hərəkərlərinin tətbiqi ilə fayda verir.

 

Massaj bədənin istənilən nahiyəsinə tətbiq edilməklə sağalmanı sürətləndirir. Müalicə məqsədilə müxtlif massaj növlərindən (vibrasiyalı, vakkumla, dairəvi, döyəcləmə və s.) istifadə edilir.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(16.03.2023)

 

 

Cümə axşamı, 16 Mart 2023 12:15

Kukla Teatrı 150 illiyi major notlarla qeyd etdi

Milli teatrımızın 150 illiyi münasibətilə teatrlarımız sənət hesabatı verməkdədir. Bu dəfə meydan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Anar Məmmədovundur:

 

Teatrımız keçən ilin dekabr ayında Qazaxıstanın Karaqanda şəhərində qastrol səfərində oldu. Orada çox gözəl qarşılandıq. Müvəffəqiyyətlə çıxış edərək diplom və sertifikatlar aldıq. Oradan son dərəcə müsbət təəssüratla qayıtdıq. Hər dəfə qastrol səfərlərimizdə, eləcə də öz ölkəmizdə teatrımızın kollektivinə qarşı olan xoş münasibət, tamaşaçı alqışları bizi daha da yüksək səviyyədə işləməyə, yeni-yeni tamaşalar hazırlamağa ilhamlandırır.

Cari ilin may ayında Azərbaycan Teatrının 150 illiyi münasibətilə biz ucqar rayonlara qastrola gedəcəyik. Bütün may ayı boyunca biz bölgələrə olan səfərlərimizdə orada olan uşaqları maraqlı tamaşalarla sevindirəcəyik. Teatrımızın gələcək planlarında çox maraqlı işlər gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.