Super User

Super User

Hər zaman mədəni tədbirlərlə bizləri sevindirən Yaponiya səfirliyi növbəti tədbirini 15 martda sərgilədi, özü də Beynəlxalq Muğam Mərkəzində. Zalı dolduran səfirliklərin əməkdaşları, XİN əməkdaşları, eləcə də sıravi sənətsevərlər ənənəvi yapon musiqi aləti olan kotonun virtuoz ifaçısı Nobutaka Yoşizavanın konsertindən feyziyab oldular. 

 

CUNİÇİ VADA

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Yapon küləyi” adlı silsilə tədbirlər çərçivəsində keçirilən konsertdən öncə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada iki ölkə arasında olan dostluq münasibətindən danışıb. Səfir qədim köklərə dayanan ənənəvi yapon musiqi aləti koto və ifaçı haqqında məlumat verib və belə tədbirlərin Azərbaycanda yapon mədəniyyətinə olan marağı daha da artıracağına ümidvar olduğunu bildirib. 

Bu il fevral ayından başlayaraq Yaponiya səfirliyinin Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirdiyini vurğulayan səfir bununla ölkəmizin sakinlərinin yapon mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanının yarandığını da qeyd edib.

Bəs bu çalığı aləti barədə nə bilgilər var?

 

KOTO

Koto uzunluğu təxmini 2 metr olan 13 simli qədim yapon musiqi alətidir və qədim zamanlarda yalnız saray musiqi aləti kimi istifadə olunub. Müasir Yaponiyada bir çox musiqi aləti ilə birgə və ya solo şəkildə ifa olunaraq, öz zərif səs tonu ilə qəlbləri oxşayır. 

 

NOBUTAKA YOŞİZAVA

Koto musiqi alətinin gənc ifaçısı, məşhur “Kencun” mükafatı sahibi Nobutaka Yoşizava indiyədək bir sıra ölkələrdə konsert proqramı ilə çıxış edərək, son zamanlar yapon koto musiqisinin fəal təbliğatçısı kimi tanınır. 

Nobutaka Yoşizava yenə də kotoda özünəməxsus ifaları ilə tamaşaçıların qarşısında çıxış etdi. O, klassik koto musiqiləri ilə yanaşı, sonda qonaqlara Azərbaycan muğam musiqisi ilə sintez ifalar təqdim etdi. Bütün ifalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. 

Konsertdən sonra virtuoz ifaçı ona doğru uzanana miktofon və diktofonlara bunları söylədi:

 

MÜSAHİBƏ

-Koto təxminən 1300 il əvvəl Yaponiyada ifa olunmağa başlayan qədim musiqi alətidir. Əvvəllər daha çox saray musiqi aləti kimi istifadə olunsa da, hazırda konsert salonlarında da bu alət ifa olunur. Koto əsasən 13 simli musiqi alətidir və simlərin artırılması da nəzərdə tutulur. Mənim bugünkü konsertdə ifa etdiyim musiqilərin bir çoxu 300 il tarixə malikdir. Bundan əlavə, daha müasir koto musiqiləri də səsləndi. Həmçinin Azərbaycanın ənənəvi muğam ifaçıları ilə birgə bu alətdə sintez ifalar təqdim olundu. 

Mən Azərbaycana ilk dəfədir gəlmişəm və dünən qısa zamanda İçərişəhərdə gəzmək şansı əldə etdim. İçərişəhərdə gəzən zaman tarixi məqamlardan başqa onun ətrafında müasir hündür binaları da gördüm. Alov qüllələri qədim tikililərin fonunda daha gözəl mənzərə yaradır. Xüsusən axşamlar Bakı şəhəri tam fərqli və gözəl təsir bağışlayır. Bu şəhərdə tarixlə müasirliyin vəhdəti insanı valeh edir. İnsanlara gəlincə isə Bakı əhalisi çox səmimi və qonaqpərvərdir.

 

SEVGİ

Sonda Yaponiya haqda xoş sözlər söyləməkdən heç cür özümüzü saxlaya bilmirik. Bu ölkənin ölkəmizdəki səfiri Cuniçi Vada tez-tez təşkil etdiyi mədəniyyət proqramları ilə həqiqətən də azərbaycanlılara Yaponiyanı sevdirə bilib. Ümumiyyətlə, diplomatiyada bu, ən gözəl jestdir və düşünürük ki, ondan öyrənməyə dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Dindar üçün Həcc ziyarətinə getməkdən gözəl nə ola bilər axı? Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib.

Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, birnəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir.

Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək.

Həcc ziyarətinə getmək üçün aşağıda qeyd olunan sənədlər tələb edilir:

1. Xarici pasport;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;

4. Sağlamlıq haqqında arayış.

Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Sənədlərin qəbulu martın 17-dən başlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Gülnar Ümidin şeirləri ilə tanışlıqdır.

 

 

 

ŞEİR VAXTI

 

 

Gülnar ÜMİD

 

 

ÜŞÜYÜRƏM...

 

Yoxluğun ürəyimə damır,

yoxluğunu toplamağa ürəyimi qoymuşam.

Buludların arxasında gizlənmə, buludları arxanda gizlət!

Üşüyürəm....

 

Səhərimin qapısını zaman döyür,

Aynasından tənhalığım boylanır.

Açıq qapılar qorxulu olur, qapıları bağla, gözlərini aç....

Üşüyürəm...

 

Piyada keçidləri gecədə gündüzün ayaq izlərini günahlarından gizlədir,

Gecə günahlarını görməmək üçün səssiz küçələri qucaqlayıram...

Üşüyürəm...

 

Yenə bu gecə küçənin işıqları ağlayır,

Yuxu getmir gözlərinə.

Ay başını yelləyir, üz döndərib gedir üfüqün otağına.

Üşüyürəm...

 

Dəniz küləyin ayaqlarından yapışıb sahilə qaçır,

amma heç zaman çatmır.

Mənsə hər gün ömrün tamaşasına baxıb,

Üşüyürəm...

 

 

BİR YER GÖSTƏR GÖZLƏRİMİ ASMAĞA

 

Mən sevəndə xatırlamırdım səni,

İtirəndən yaddaşımdan çıxmırsan.

Darıxmaq da ürəyimi kiçildib,

Darıxanda ürəyimə sığmırsan.

 

Gecə ayın göy üzündə kölgəsi,

Günəş çıxar, izi itər hər səhər.

Bir yer göstər gözlərimi asmağa,

Özüm qurudaram hər gün birtəhər.

 

Bir az danışaram, dəniz dinləyər,

Bir az da danlayar Xəzri, Giləvar.

Gecə təkliyinə çəkilər süfrəm,

Səndən söhbət açar çayla gilənar.

 

Onda bax çiynimin yükü yorulub,

Bir az dincəlməkçün dizimə çökər.

Baxar, dinləməyə kimsəsi yoxdur,

Ürək dərdlərini içinə tökər.

 

Bir ümid aparar özüylə məni,

Gəzdirər şəhəri səndən bixəbər.

Xəyal qayığında oturar gözüm,

Kirpiklər yuxumun avarın çəkər.

 

 

KÖÇ QƏLBİMƏ

 

Bəsdir kirayə qaldın,

Yır-yığış et, köç qəlbimə.

Hər yanağa çəkilən təbəssüm isti olmur!

Bir gün boyat yeyirsən,

bir gün də ac-yalavac

gözünü qucaqlayıb,

yuxunun küçəsində əl açıb dilənirsən...

Bir qurtum sevgi qalıb ömrümün fincanında,

Adımı unutduğun dodağının çatına saxlamışam onu da.

Ya gəl islat dodağı,

ya da yad qapıların səksəkəsində boğul...

 

 

DARIXIR, YENƏ DARIXIR...

 

Başın heç çiynimdə darıxmamışdı.

İndi köynəyimdə ilişib qalan

bircə o telindi baxır üzümə, lal-dinməz darıxır,

yenə darıxır...

 

Qucağım qoxunu gizlədir səndən,

gündüzlər geyinir, gecə soyunur.

"Sən"imdə gizlicə pıçıldadığın

qulağım darıxır,

yenə darıxır...

 

Ovcuna sıxdığım yanaqlarımı,

baxışın şəkildən güldürür indi.

Gözümü çağırır görüş yerinə,

xəyalım darıxır,

yenə darıxır...

 

Səni də, məni də ötürən qapı

Bizim arxamızca göz atır hər gün.

Hər gələn qapının tıqqıltısına

addımlar darıxır,

yenə darıxır...

 

 

GƏL

 

Ürəyində əvvəl kimlər vardısa,

Çıx dünənin körpüsünə ötür, gəl.

Dayanacam mən də yolun sağında,

Sən gələndə ürəyimi götür gəl.

 

Sevgi qürur sevməz, amma nankoram,

Sevincin gözünə qərib, həm xoram,

Büdrəməkdən yenə yaman qorxuram,

Yıxılanda kürəyimi götür gəl.

 

Yuxumu yastığa gecə nəm sərdim,

Ürəyimdən duaları kəm dərdim,

Baxıb çarpayıma dedi "sən" dərdim:

Üsüyəndə dur əynimi götür gəl.

 

 

GÖZLƏRİMİN DARAĞI...

 

Gözlərimin darağıyla açıram

Yollarının dolaşmış hörüyünü.

Sən düşmüsən yadıma, yelləyirəm

yuxum ilə gecənin yüyrüyünü.

 

Dilim boğur səssizliyin boğazın,

Qalmır daha danışmağa həvəsi.

Darıxanda nəfəsim də tükənir,

Vallah, olmur darıxmağın nəfəsi.

 

Gözlərinlə öpdüyüm pəncərəmi

Külək örtür, öpür yağışlar indi.

Ömürdən fəsillər töküldü bir-bir,

Nə məni, nə səni bağışlar indi.

 

 

YANAĞIM PAY VERİR SƏFİL GÜLÜŞDƏN

 

Ayrılığın səhəriydi bu səhər,

Görünmürdü göy üzündə bir dilək.

Ağacların yarpağına sığınıb

Üşüyürdü yağış altında külək.

 

Bir-biriylə pıçıldaşıb küçələr,

Məni qınayırdı adam içində.

Enişli yolların izinə düşdüm,

İndi doğmaların yadam içində.

 

Gözlərim gecənin qoynundan çıxıb,

Səhərlərin dan yerini sökürdü.

Dabanlarım təngnəfəs, tələsik

Küçələrin yanağından öpürdü.

 

İndi dizlərini qatlayıb arzum,

Əlləriylə su götürür gözündən.

Dilimdən nəm çəkən ümidlərim də

Quruyub, asılmaz daha sözümdən.

 

İşığı göndərmə daha üstümə,

Ürküb qaranlığım qəfil gedişdən.

Süfrəmə hər gələn qonağa indi

Yanağım pay verir səfil gülüşdən.

 

 

***

 

Hər səhər göz qapaqlarımın arasından bir pəncərə açılır yeni günə.

Ötən yollar zəncirləyir ayaqlarımı,

Qapıları bağlamışam keçmişin açarıyla.

Gələcək üçün yeni ünvanımızın  bütün tədarüklərini görmüşəm,

Seçmişəm səni də, məni də...

Bircə qalıb qapıdan "biz" içəri girə.

Qorxma!

Çətinlikdən  keçmək üçün bağlamışam qorxunun gözlərini

"Sən"ə de ki,  məni də götürüb gəlsin...

 

 

***

 

Yaxın gəl!

Gözlərinə baxıb özümü atmaq istəyirəm ürəyinə.

Nəfəsinlə gözlərimi bağla!

Ürəyində can vermək və ölmək

ən gözəl "əlvida"dır...

 

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

 

 

 

 

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert təşkil olunub. Mədəniyyət Nazirliyinin məlumatına görə, gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Respublika və beynəlxalq müsabiqələr laureatları, gənc istedadlar Ləman Əsədova (violin) və Hüseyn Nağıyev (kamança) çıxış ediblər. 

Solistlər dinləyicilərə Lüdviq Van Bethovenin Violin və orkestr üçün re major op.61, həmçinin Hacı Xanməmmədovun kamança və orkestr üçün konsertlərini təqdim ediblər. 

Qeyd edək ki, “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə “Bayram qalası” günləri keçiriləcək. 

 

Bu tədbirlərə ilk olaraq martın 19-da saat 13:00-da Qoşa Qala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. “Bayram qalası” günləri martın 26-da saat 12:00-dan 22:00-dək davam edəcək.

Həmin günlər ərzində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə, həmçinin milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Cümə axşamı, 16 Mart 2023 11:00

İlham Hüseynovun eyvandan atılma təhlükəsi

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən İlham Hüseynovdur.

 

İLHAM HÜSEYNOV

(1967)

 

***

Serial çəkilişlərinin birində möhkəm soyuqlamışdım, bir gün ofisə gələndə ssenari müəllifini eyvanda oturub tək işlədiyini gördüm. Dedim:

– Yaxşı ki, təksən, dur belimi qır, sümüklərim quruyub.  

 Müəllif ayağa qalxanda, nədənsə onu dilxor gördüm. Məndən yapışıb sümüklərimi “qırmağa” başladı.

– Nə olub, niyə dilxorsan? – xəbər aldım.

– Dilxor yox ey, eləyəm ki, özümü az qala eyvandan atmaq istəyirəm.

Halımı pozmadan:

– Problem yoxdur, – dedim, – amma əvvəlcə məni yerə qoy, sonra at. Mənim axşam çəkilişim var, yoxsa Rövşən aləmi qatar bir-birinə.  

Adam məni yerə qoyub üzümə baxdı, ikimiz də o ki var güldük.

 

“Ədəbiyyat və incəsənət”

 (16.03.2023)

 

 

 

Cümə axşamı, 16 Mart 2023 10:45

Arif Buzovnalı ilə görüş keçiriləcək

Martın 25-də tanınmış şair-qəzəlxan Arif Bizovnalı ilə görüş keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalı z

xəbər verir ki, görüşün təşkilatçısı Mərdəkan Mədəniyyət Sarayıdır.

Elə adıçəkilən ünvanda düzənlənəcək görüş saat 15-də başlayacaq.

Qeyd edək ki, Mərdəkan Mədəniyyət Sarayı Sergey Yesenin küçəsi, 2 ünvanında yerləşir.

Əlavə məlumatları bu nömrələrə zəng vurmaqla almaq olar:

+99412 4543325, 4547482.

Giriş sərbəst olacaq. 

 

Arif Buzovnalı

 

"Bəhri təvil"

 

Mənim, ey ruhi-rəvanım, bu qərib

cismdə canım, sənə tək gəldi

gümanım, nola bir yanıma

gəlsən, nola bir halımı bilsən,

nola bir dərdimi bölsən, neçə

müddətdi qalıb tək, çəkirəm hicr

cəfasın, gəzirəm bəndə vəfasın,

budu gerçək ki mənə yoxdu

verən hay, eləyib aləmə rüsvay

məni bu naləvü ahım, nədir, ey

dost, günahım? Sən əzəldən

mənə biganə deyilsən, nə də

əfsanə deyilsən, sənə yad gözlə

nəzər salmamışam mən, səni hər

xoş sözə qurban eləyən

olmamışam mən, sən şəm

görürkən məni pərvanəyə

döndün, məstanə görürkən məni

peymanəyə döndün, sən dərdimi

çəkdin, gecələr göz yaşı tökdün,

səni mən hər dəfə atəşlərə atdım,

səni odlarda yaşatdım, qəmə

batdımsa batırdım səni əvvəl,

səni verdim qabağa çıxdı əgər

qarşıma əngəl, hara dər üstünə

getdimsə, dedim gəl, Həq-Təala

səni verdi mənə azad eləməkçün

məni məndən, məni mənsiz

görüb ayrılma bu biçarə

bədəndən, eləyim son dəfə son

xahişi səndən, keçəcək bir neçə

müddət, görünüb xeyli əlamət,

düşəcək nuri-imamət, necə nur,

nurünəlanur, gəlməmişdən adı

məşhur, elə bir zat, elə bir əhli-

müəllat, elə bir natiqi-Quran, elə

bir sahibi ürfan, elə bir

vaqifüləsrar, sanasan Heydəri-

Kərrar özü qoydu qədəmin

mülki-cahana, adı Mehdi ki

həmin "mim"-ə Məhəmməddi

nişanə, gözə bax Şahi-Şəhidan

üzünün xətti üzündə, bir ədalətli,

ləyaqətli səxavətli hünərmənd ki

kəmalinə, cəmalinə nə kim var

olacaq bənd, çəkərək zalimə

şəmşir, yazacaqdır "zəbər"-ü

"zir", yetəcək vəsli-cəhimə hamı

kafir, yetişərsən o zamanda ona,

ey can, əyərək baş qabağında

onun əlan, yetirərsən ona ərzim

ki edib Arifi-nalan məni qurban

sənə çoxdan, qəbul et töhfəsin,

ey Höccəti-Yəzdan!

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.

 

Beləliklə 11-ci qayda.

Çökən müəssisədən vaxtında çıxmağa çalışın!

«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».

 

Əvvəlki qaydalar bunlar idi:

Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci yarımqayda: heç vaxt pulunuzu itirməyin. İkinci yarımqayda: heç vaxt birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

Qətiyyətli olun!

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

12-ci qayda  “Həmişə hər şeyin perspektivinə diqqət edin” olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

 

Cümə axşamı, 16 Mart 2023 10:15

Bakı Dövlət Sirkinin “DZİVA”sı davam edir

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkində yaz mövsümü martın 3-də “DZİVA” adlı şou proqramla açılıb. Və şounun təşkilatçısı olan Monte Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilov şouya olduqca maraqlı beynəlxalq heyət qatıb. 

 

Proqramda Monte Karlo festivalının iştirakçıları, eləcə də “Cirque du Soleil”in səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edirlər. Parisdə sirk festivalında bürünc medal qazanmış jonqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları – Oleq fon Suvoroff və Andrey Jiqalovun duetləri, tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrilovun şir və pələnglərinin unikal çıxışları proqramın bənzərsiz nömrələrdir.

Hava gimnastları qrupunun qeyri-adi fəndləri, təşkilatçı Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı “Inna&Darya” duet nömrəsi də şouya xüsusi rəng qatır. Bakı Dövlət Sirkinin artisti Günay Nuriyevanın “Kauçuk qız” nömrəsi də xüsusi maraqla qarşılanır.

 

“Ədəbiyyat və incənət” portalı xəbər verir ki, azyaşlı tamaşaçılara ünvanlanan şou hər buraxılışında anşlaq yaradır. Yaz tətilində isə, necə deyərlər, iynə atsan yerə düşməyəcəyi şəksizdir.

Əməkdaşımız balacaların fikrini də alıb. Şübhəsiz, hamısı şoudan razı qalıblar. Uşaqların ekspress sorğusu ayrıca dərc ediləcək. 

Qeyd edək ki, Bakı Dövlət Sirkində yaz proqramı aprel ayının 30-dək həftənin şənbə və bazar günləri tamaşaçıların ixtiyarında olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Cümə axşamı, 16 Mart 2023 10:00

Aysel və Nəfəs: iki bir-birinə zidd davranış

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Könül iki xanım müğənnimizin iki fərqli hadisəyə iki fərqli reaksiyasına münasibət bildirir. Və hamımızı düşünməyə vadar edir. 

 

Son günlər "ON" albomu ilə yenidən gündəmdə olan "Avroviziya" təmsilçimiz Aysel MTV-də yayımlanan "Səhərin səsi" proqramında maraqlı bir açıqlama verdi, 

küçə itlərinə görə 13 min manat kredit götürdüyünü bildirdi. 

“Çoxdan olub. Küçə itlərinə yem almaq üçün 13 min manat kredit götürmüşdüm. 2012-ci ildə itləri küçədən yığıb belə bir şey etmişdim. Yazığımız gələn itləri yığırdıq. Mən və dostlarım indiyədək bu işlə məşğuluq, amma indi itlər daha azdır, çünki çoxunun artıq ailəsi, sığınacağı var. 25-30 iti ödənişlə saxlatdırırdım. Uşaqlıqdan bu mövzuda kövrəyəm. Bağlanmaqdan qorxduğum üçün özüm saxlamıram.  Həm də baxmağa vaxtım yoxdur. Avtomobilimdə isə heyvan yeməyi həmişə var, görəndə düşüb yedirdirəm".

İndi isə keçək müğənni Nəfəsə. O, "Maqazin plyus" verilişində bir müddət əvvəl 250 min manata sahibləndiyi bağ evindən danışaraq qürrələnib. 

"Sponsorunuz kimdir?" sualına Nəfəsin cavabı belə olub:

"İstərdim ki sponsorumun kimliyinin adını çəkim, deyim. Bizim aləmdə sponsor deyəndə çox pis baxırlar. Əgər dırnaqarası "sponsor" deyilirsə, sponsorum yoxdur".

"O bağ evini mənə heç kim almayıb. Özüm almışam. Çox istərdim ki, deyim ki, o bağ evini mənə həyat yoldaşım alıb. İnanın, o qədər buna ehtiyacım var. Mən də bir xanımam, bir bəy tərəfindən qürurlanmaq istəyirəm. Bir bəyi ortalığa çıxarıb, bu da mənim "aşım"dır demək istəyirəm. Amma yoxdur".

Baxın, biri itləri yemləmək üçün kredit götürür, digəri isə nazirlərə məxsus dəbdəbəsi ilə öyünür.

Heç bir şey.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.