Super User

Super User

 

“Şuşa İli” çərçivəsində İtaliyanın paytaxtı Roma şəhərindəki “Sala Umberto” teatrında “Xarıbülbül” adlı konsert keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, ölkəmizin İtaliyadakı səfirliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi konsertdə İtaliya Parlamentinin deputatları, Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpus təmsilçiləri, ictimai-siyasi xadimlər, aparıcı media qurumları əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov cari ildə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinin qeyd olunduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub.

Səfir Azərbaycan xalqı üçün xüsusi tarixi və mədəni önəmə sahib Şuşa şəhərinin 30 ilə yaxın erməni işğalı nəticəsində dağıdılmış tarixi-mədəni abidələrinin bu gün dövlətimiz tərəfindən yenidən bərpa olunduğunu və bu işdə İtaliya şirkətlərinin də fəaliyyət göstərdiyini qeyd edib.

Sonra Əməkdar artistlər tarzən Sahib Paşazadə, xanəndə İlkin Əhmədov, kamança ustası Xəyyam Məmmədov, gənc xanəndə Kamilə Nəbiyevanın ifasında “Mənim Azərbaycanım”, “Qarabağ”, “Sarı gəlin”, “Şuşanın dağları”, “Reyhan”, “Küçələrə su səpmişəm” kimi bəstəkar mahnıları və muğamlarımız təqdim olunub. Musiqi nömrələri tədbirə xüsusi rəng qatıb, salonda alqışla qarşılanıb.

Tarzən Sahib Paşazadə və pianoçu Səidə Tağızadə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları Fikrət Əmirov, Vasif Adıgözəlov, Həsən Rzayevin, məşhur italyan bəstəkarlar Coakkino Rossini, Antonio Vivaldi, Nino Rotanın əsərlərini səsləndirib, musiqi axşamını rəngləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Ünvan: Sumqayıt, “Kimyaçılar” sarayı. Azərbaycan Nəşriyyatları Assosiasiyası ilin son möhtəşəm sərgisi ilə Sumqayıta gedib. Sumqayıt Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalına sərginin Təşkilat Komitəsindən daxil olan məlumata görə, ötən il birincisi keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanmışdı, ikinci sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq. Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək .

Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, sadəcə uşaqlar üçün nəzərdə tutulmuş "kids zone"da mütəmadi və əyləncəli fəaliyyətlərlə bu sərgi daha möhtəşəm olacaq.

Bir sözlə, sumqayıtlılara ilin son kitab bayramından zövq almaq qalır.

Bu gün saat 14-də sumqayıtlı yazıçı Varislə “Şirvan” təqdimat zonasında oxucuların görüşü təşkil olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Keşmiş mədəniyyət naziri Anar Kərimov vəzifəsinin sonuncu günündə nazirliyin mətbuat orqanları “Mədəniyyət/Culture” jurnalı və “Mədəniyyət” qəzetinin kollektivləri ilə görüş keçirib. Və elə həmin anlarda Prezident onun işdən çıxması barədə Sərəncam imzalayırmış. 

 

Statistiklər üçün: Eks nazirin son görüşündə nələrdən danışılıb? Müasir dövrdə mətbuat və medianın qarşısında mühüm vəzifələrin dayandığını bildirən Anar Kərimov informasiyanın dəqiq və operativ şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.

Nazir ənənəvi çap mətbuatının əhəmiyyətini qeyd edib, mədəniyyət salnaməmizin, müasir mədəni proseslərin gələcək nəsillərə çatdırılmasında onun bir mənbə rolunu oynayacağını deyib. Bildirilib ki, müasir oxucu informasiyanın maksimum qısa və lakonik olmasını istəyir. Buna görə də hər iki nəşr çap variantlarını qoruyub saxlamaqla yanaşı, elektron versiyalarını təkmilləşdirməli və məlumatların çatdırılmasının daha optimal yollarını tapmalıdırlar.

Mədəniyyət Nazirliyində həyata keçirilən islahatlar haqqında söz açan Anar Kərimov bu prosesin ümumi mədəni inkişafa xidmət etdiyini deyib. Bildirib ki, nazirliyin mətbuat orqanları bu islahatların öz məqsədinə çatmasına, eləcə də mədəniyyət sahəsində yeniliklərin vaxtında oxuculara çatdırılmasına çalışmalı, uğurlarla bərabər, problemləri də diqqətdə saxlamalıdırlar.
Hazırda dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mədəni quruculuq barədə danışan nazir bu prosesin hər iki mətbuat orqanında mütəmadi işıqlandırılmasının zəruriliyini vurğulayıb.

Qəzet və jurnalın yayımı, hədəf auditoriyası barədə danışan Anar Kərimov deyib ki, ölkəmizin mədəniyyət ictimaiyyəti ilə yanaşı, elm, təhsil və digər sahələrdə çalışanların, xüsusilə də tələbə və gənclərin bu nəşrlərə əlçatanlığının təmin edilməsi faydalı olar. Nazir bu məqsədlə hər iki nəşrin yayım siyasətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

“Mədəniyyət/Culture” jurnalının baş redaktoru Əməkdar jurnalist Zöhrə Əliyeva, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev nəşrlərin fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat veriblər. Gələcək planlar, yayım işi barədə söz açılıb, təkliflər səsləndirilib.

Vəssalam.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Bu gün yazıçı Elçin Hüseynbəyli ömrünün 61-ci qışına qədəm qoyur

 

 

Elman Eldaroğlu yazır

 

 

Deyilənlərə görə, dünya şöhrətli yazıçı Heminquey gündə mütləq bir səhifə yazırmış. O isə yazmamışdan öncə uzun müddət düşünür və deyir ki,- “mənim üçün birinci cümləni başlamaq çətin olduğundan, keçirəm ikinci cümləyə”...

 

Heç vaxt yaradıcılığında qrafik tutmur, daha doğrusu yazacaqlarını proqramlaşdırmır. Ona mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Bəli, yazıçı sözdən qorxmamalıdır, yəni sözə yuxarıdan aşağı baxmağı bacarmalıdır. Əslində, o, sözlə məzələnir, oxucunu oyuna salmağa çlışır, gözləmədiyi halda onu dolanbac yollarla aparır və odur ki, hekayələrinin çoxu da novellavari qurtarır...

 

“Mən modernist yazıçıyam. Heç kim deyə bilməz ki, mənim ortaya qoyduğum romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu əsərlərin müəllifi yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi…”- söyləyir.

  

Haqqında söhbət açdığım Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabr ayının 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. Bir sözlə, uzun müddət "Ulduz" jurnalı, "Ədəbiyyat qəzeti" kimi nüfuzlu mətbu orqanlarına rəhbərlik edib. Sonradan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri olub. 2021-ci ildən Azərbaycan Yazıçılar Biriyinin katiblərindən biridir. "Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam", "Yenə iki Od arasında", "Gözünə gün düşür", "Ağ və qara", "Vida", "Dənizin nağılları" kitablarının, on bir romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb və 2019-cu ildən Əməkdar incəsənət xadimidir...

 

Deyir ki,- “Çox mütaliə etmişəm. Sartr, Kamyu, Prust, Platonov, Selincer və s.. Xeyli ad çəkə bilərəm, amma Platonov mənim sevdiyim yazıçıdır. Adamların əksəriyyəti heç onların adlarını eşitməyəndə, mən onları oxumuşdum. İnsan ona görə mütaliə etməlidir ki, haradan gəlib, hara getdiyini, nəyin ədəbiyyatda olub-olmadığını bilsin. Buna görə də fərqli nələrisə yaratmağa cəhd etməlisən. Yazıçı fərqli yazan, fərqli düşüncəyə malik olmalıdır. Hadisələrə fərqli rakurslardan yanaşmağı bacarmalıdır. Hamının baxdığı rakursdan baxacaqsansa, bu, bezikdirici olacaq. Fərqli çarpazlardan baxsan, fərqli bir şey edə biləcəksən. Amma etiraf edim ki, bu gün ədəbiyyatımızda maraqlı imzalar var, onlar dayanmamalı, yazmalıdırlar. Təəssüflə deyirəm ki, ədəbiyyat arxa plana keçib. Müsahibələrimdən birində də demişdim ki, dünyada kataklizmlər baş verərsə, ədəbiyyata qayıdış ola bilər. Çünki insanlar humanizm, mərhəmət hislərini itirməyə başlayıblar...”

 

Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: "Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir.”

 

“Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Əslində, mühit və şərait imkan vermədi ki, bizim nəsil yazarların ziyalı potensialı ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anar müəllimgilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır. Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Elçin Hüseynbəylidən bir ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam...”- söyləyir.

 

Kimin dediyini unutmuşam- aqillər ideyaları, ariflər problemləri, adi adamlar isə adamları müzakirə edirlər. Onunla heç vaxt yoldaşlıq, dostluq etməsəm də, bilirəm ki, bu sırada birincilərdəndir...

 

Dekabrın 23-ü haqqında söhbət açdığım nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin növbəti ad günüdür, 61 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

 “Ay gecikən məhəbbətim” mahnısı ilə bir vaxtlar minlərlə gənc pərəstişkarının ruhunu oxşayan müğənni 70 yaşında da həmin mahnını şövqlə oxudu…

 

3 illik fasilədən sonra Xalq artisti, klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri olan Sərxan Sərxan Beynəlxalq Muğam Mərkəzində (BMM) konsert proqramı ilə çıxış edib.

Konsertdən öncə BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov çıxış edərək Sərxan Sərxanı klassik estrada sənətimizin canlı korifeyi adlandırıb və ona yeni uğurlar arzulayıb. 

Gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnıları ilə tamaşaçıların qarşısına çıxıb.

Böyük alqışlarla qarşılanan müğənni tamaşaçıları “Salam, Bakı şəhərim” ifası ilə salamlayıb. Xalq şairləri Nəbi Xəzrinin şeirinə “Nə dedim”, Nəriman Həsənzadənin sözlərinə “Kinoda” və Əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın sözlərinə bəstələdiyi “Ay gecikən məhəbbətim” mahnıları isə zala xüsusi ovqat bəxş edib. Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran Xalq artisti hər bir mahnısı haqqında məlumat verərək həm də öz təəssüratlarını bölüşüb. 

Anşlaqla keçən konsert tamaşaçıların gur alqışları ilə yekunlaşıb. 

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

Cümə, 23 Dekabr 2022 08:38

Bu da Prezidentin sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2022-ci il

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:

 

23 dekabr.

Ümumdünya snoubord günü

Snoubord nədir? Dağlardan qarın üzəri ilə üzüaşağı sürüşmək üçün lövhədir, kirşənin müasir formasıdır. Harda qar yağırsa orda snoubord günü qeyd edilir. Bu gün rəsmi olaraq qış idmanının açılış günü də sayılır. Böyük yarışlar, müsabiqələr, əyləncəli nümayişlər baş tutur. EuroSİMA adlı “lövhə idmanları” üçün ekipirovka istehsal edən şirkət bu günün təqvimə salınmasına nail olduqdan sonra hər ilin 23 dekabrında milyonlarla gəlir əldə edir.

Yeri gəlmişkən, bizim Şahdağ kompleksində də hərdən snoubordçular peyda olurlar, bu təmrini təbliğ edirlər.

 

 

Daxili işıq günü

Nə olar, bu günü biz də keçirək. Günəş işığı var, Ay işığı var, elektrik işığı, lampa işığı, şam işığı var. Bunlar hamısı gözlə görünən, qaranlıqda səni aydınlığa çıxaran işıqlardır. Biri də var daxili işıq, işıqların ən vaciblərindən biri, yalnız insan oğlu insana xas olan bir keyfiyyət. Bu gün pozitiv, mənəvi insan üstünlükləri olan şüurluluq, təəssübkeşlik, ümidləndirmə, insanlıq təbliğ edilir, hamını daxili işığını yandırmağa səsləyirlər.

 

Köklər günü

Hər bir bitki öz kökü üstündə qərarlaşan kimi hər bir insanın da öz nəsil kökü var, bax bu gün insanlardan həmin köklərini xatırlamaq təvəqqe olunur. Bizdən babamızın babasının kim olduğunu soruşsalar, əksəriyyətimiz gözünü döyəcək. Amma insanlar ən azı yeddi dönəmdən nəsil şəcərələrini bilməli, nəsillərindəki adlı-sanlılarla öyünməli, qürur duymalı, onların ad günlərində, vəfat etdikləri günlərdə ruhlarına dua oxutmalı, şam yandırmalıdırlar. Yeri gəlmişkən, Azərbaycanda nəsil şəcərə bilgilərini nəsildən nəsilə ötürmək ənənəsi ən yaxşı naxçıvanlılarda qalıbdır, buna görə də onlara bir alqış düşür.

Bu gün yaponlarda təntənəli bayramdır, Yaponiya imperatorunun doğum günüdür, 1948-ci ildə yapon imperatoru Tenno Tandzebinin doğum günü milli bayram kimi təqvimə düşüb. Deyəsən Meksika da qonşusu ABŞ-ın təsirinə düşüb, bu gün Milli turp gününü qeyd edəcəklər. Amerikalılar özləri isə bu gün Milli sobada bir şey bişirmək günündə yeyib-içəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

 

Cümə axşamı, 22 Dekabr 2022 20:00

İnsan dərisindən olan kitablar da varmış

“Ədəbiyyat və incəsənət” portalının kitablar barədə maraqlı faktları təqdim etməsi ənənəsi davam edir.  LitRes ədəbiyyat dərgisindən bəzi faktları sizlər üçün dilimizə çevirdik.

 

1. “Qulliverin səyahəti " kitabı astronomlardan 100 il əvvəl Ayın və Marsın peyklərinin ölçüsünü və fırlanma sürətini təsvir etmişdir.

 

2. Böyük Britaniyada bütün zamanların ən çox satılan kitabı "Bozun 50 çaları"dır. Qadın yazar olan E. Ceymsin bu romanı, yeri gəlmişkən erotik romandır. (Gəlin daha Avropanın yüksək mənəvi dəyərlərindən danışmayaq).

 

3. Daniel Defonun "Robinzon Kruzo" romanı ilk ingilis romanı sayılır.

 

4. İlk əlyazma şəklində olan “Bibliya” (çap maşınının ixtirasına qədərki dövrdə)  12 il ərzində yazılmışdır və indi 8 milyon dollar dəyərindədir.

 

5. “Quran-i Kərim” yeganə müqəddəs kitabdır ki, orada çoxlu sayda elmi və tarixi faktlar vardır ki, kitab yazılan dövrdə hələ heç kəsə məlum deyildi. 

 

6. "Alisa möcüzələr ölkəsində" kitabı orada danışan heyvanlardan bəhs edilməsi  səbəbindən Çində qadağan edilib. Sən demə bu, Çində kommunistin əxlaq kodeksinə, hakim ideologiyaya ziddir.

 

7. R. R. Tolkin "Üzüklərin hökmdarı" trilogiyasının bütün mətnini kompüterdə ikicə barmaqla yığıb .

 

8. “1001 gecə" nağıllarında sehirli çırağı olan Ələddin əvvəlcə çinli olub, sonradan onun vətəndaşlığını dəyişiblər.

 

9. "Hamlet"in rus dilinə ilk tərcüməsini yazıçı Aleksandr Sumarokov yerinə yetirib və əsəri "Hamlet - Danimarka şahzadəsi" adlandırıb.

 

10. Harvard Universitetinin kitabxanasında 4 qeyri-adi kitab qorunub saxlanılır. Bu hüquqi kitablar insan dərisində yazılıbdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

 

Nə gözəl. İşğaldan azad edilən bölgələrimiz artıq mədəniyyət tədbirlərinə evsahibliyi etməkdədir. Azərbaycan Aşıqlar Birliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evində ustad aşıq, Əməkdar mədəniyyət işçisi Allahverdi Qəmkeşin anadan olmasının 90 illiyinə həsr olunan xatirə gecəsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Aşıqlar Birliyinə istinadən xəbər verir ki, tədbir öncəsi torpaqlarımızın erməni işğalından azad olunması uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya ustad aşıq Allahverdi Qəmkeşin həyat və yaradıcılıq yolundan geniş söhbət açaraq onun Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərini, özünəməxsus, bənzərsiz ifa tərzini vurğulayıb, saz havalarının və dastanlarımızın da bilicisi olduğunu qeyd edib. Allahverdi Qəmkeş ustad aşıq olmaqla yanaşı, həm də istedadlı şair idi və bir neçə şeir kitabı işıq üzü görüb. 

Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, folklorşünas alim Elxan Məmmədli ustad sənətkarla bağlı xatirələrini bölüşüb.

Ustadın keçdiyi ömür yolundan bəhs edən videoçarx tədbir iştirakçıları tərəfindən böyük maraq və yubilyarın ruhuna ehtiram hissi ilə qarşılanıb.

Gecədə müxtəlif aşıq havaları üstündə ustadın öz sözlərini və repertuarından seçmə havalar səsləndirilib. 

Aşığın ailəsi adından oğlu Ramiz Qəmkeş və qızı Zəhra Şirinova tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürlərini bildiriblər.

Tədbirin keçirildiyi Kəlbəcər rayon Mədəniyyət sarayında ustad aşıq Allahverdi Qəmkeşin yaradıcılığından bəhs edən fotosərgi də nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Portalımız şair Yusif Nəğməkarın hikmətli fikirlərini təqdim edir. Şair özü bu sayaq fikirləri ilə öz poeziyasını Qoşa qanad adlandırır. 

*Geri çəkilən irəlidəkiləri daha yaxşı görə bilir...

*Kiməsə "adaş" deyənlər adaş da olur, dadaş da olmaq üçün dondan-dona girirlər...

*Pulun da artığı "artıq" adam kimidir...

*Sözünün arxasında durmamaq hər şeyin arxasından qaçmaqdır...

*Əsarətin əsarəti kimi azadlığın da əsarəti olur...

*İnsana yasaq olanlar daha maraqlı görünər...

*Bir işi beş dostuna tspşırsan, onlardan yalnız birinin əliylə uğurlu nəticə hasil olandan sonra nəticədən halı olan qalan dörd nəfərin hər biri ayrılıqda "mən elədim" deyəcəklər...(Bu da müasir reallıqdır)

*Qadınların "kişiləşməsi" və kişilərin də "qadınlaşması" bəşəriyyətin tərəqqi yox, tənəzzül yoludur...

*Hər qadının axtardığını hər kişi, hər kişinin də axtardığını hər qadın tapa bilməz...

*El-el gəzmək -- əl-əl gəzmək kimi həmqafiyələr bəzən həmmənalar da ola bilir...

*Gizlənənlərin aşkarlığını hiss etdikcə, dostlarıma - gizlənin - deyirəm - sizi görüm və tanıyım.

*Hamıya "can" deyənin mənə "çor" deməsi xoşdur, amma hər yetənə "can" deyənin mənə də "can" deməsi qeyri-səmimi və aldadıcıdır...

*O sözün əzabını çəkəcəksən ki, onu əsəbiləşəndə demisən...

*Hər şeyi "bilən" heç nəyi bilməz...

*oynağanı tərifləyib oynadarlar...

*Hər simə mizrab vurandan könül telini çalan olmaz...

*Ən dəyərli və ən etibarlı qadağa özünə qadağadır.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.